Bu il 22-24 iyun tarixlərində Heydər Əliyev adına
Sarayında "Həmişə gənc" şüarı altında "Youth vision" beynəlxalq
mahnı müsabiqəsi keçiriləcək.
Report-un
xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər
və İdman Nazirliyinin mətbuat katibi Səmaya Məmmədova keçirdiyi
brifinqdə deyib.
Onun sözlərinə görə, müsabiqənin həyata keçirilməsi təşəbbüsü
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur:
"Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir.
Müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Müsabiqədə
iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan
keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat
komitəsinə təqdim edirlər".
Nazirlik rəsmisi qeyd edib ki, təşkilat komitəsi tərəfindən
seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu
göndərilib: "Müsabiqədə iştirakçı münsif onları müşayiət edən şəxs
qismində 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Müsabiqədə
Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya,
Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya,
Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya,
Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc
ifaçı və münsifləri iştirak edəcək".
S.Məmmədova bildirib ki, 21 iyun 2013-cü il tarixində Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə nazirliyin Heydər
Əliyev adına Sarayında keçirdiyi "Univiziya" tələbələrin birinci
beynəlxalq mahnı yarışması reallaşıb: "Həmin yarışma ali təhsil
müəssisələrində təhsil alan tələbələr arasında baş tutub. Bu ildən
müsabiqənin əhatə dairəsi genişləndirilərək gəncləri də bura cəlb
edib və "Youth vision" adlandırılıb.
Müsabiqədə 14-35 yaş arası gənclər iştirak edə bilər. Müsabiqədə
ilk dəfə səslənən və ya tanınmış mahnılar ifa edilə bilər".
Müsabiqədə hər ölkəni öz münsifi təmsil edəcək. Nazirlik sözçüsü
deyib ki, ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna
olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə müvafiq olaraq
1,2,3,4,5,6,7,8,10 və 12 bal verə biləcək: "Ən yüksək bal toplayan
iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul
mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir".
Onun sözlərinə görə, müsabiqənin keçirilməsinə 150 min manat
xərclənməsi nəzərdə tutulub: "Bura iştirakçıların və münsif
üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin
təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər,
roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak
edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin
tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı
da nəzərdə tutulur".