78 yaşlı şair Əşrəf Veysəlli
ilə çoxdan etmək istədiyim söhbət axır ki, baş tutdu. Ürəyində
torpaq, yurd yeri, dost itkisi gəzdirən ağsaqqal şairlə
söhbətimizin maraqlı olacağı qənaəti onunla hər görüşümdə
yenilənirdi. Lakin şairin günlərini nəvələri, yaradıcılığı və
xatirələri ilə paylaşdığı bir məqamda istəyimi gerçəkləşdirə
bilmirdim. Bu günlərdə Sumqayıt şəhərində keçirilən ədəbi
tədbirlərin birində şairlə üz-üzə oturdum:
- Salam, Əşrəf müəllim, necəsiniz? Özünüzü necə hiss
edirsiniz? Sizin "Xatirə dəftəri"nizi birlikdə vərəqləmək
istəyirəm.
- Allahın 99 gözəl adı var, deyirlər. Onlardan biri də yəqin ki,
Salamdır. İnşallah, Allahın adi ilə başlanan dialoqumuz uğurla
nəticələnər:
Salam bu köhnə dünyaya
təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
qədir bilən şairlərə.
Bir nəfəsə min ah çəkən,
hər sözünü sınaq çəkən,
kədərə şaqqanaq çəkən,
dərdə gülən şairlərə.
Əriyib sözə yığılan,
gözlərinə qan sağılan
hər gün təzədən doğulan,
hər gün ölən şairlərə.
Bu sualın məndə hazır, standart cavabları var. Yarızarafat,
yarıciddi deyilən cavablarla tərəfdaşımda xoş ovqat, xoş
əhval-ruhiyyə yaratmaq istəyirəm. Məsələn, "can-başınız necədir"
sualına, "canım babatdır, başımdan xəbərim yoxdur", "evdə- eşikdə"
sualına "eşik evdən yaxşıdır", "nə var, nə yox" sualına "hər şey
var, bir şey yoxdur, bir şey olsa hər şey olar", "Necəsiniz"
sualına isə "hamı kimi - yəni əhalinin 60-70 %-i kimi" - deyə cavab
verirəm.
Əşrəf müəllimin necə sevildiyini, hörmətinin saxlandığını
dəfələrlə müşahidə etmişəm. Görünür, gənclik illərindən bu vaxta
qədər üst-üstə yığılan səmimi münasibətlərin, qazanılan hörmətin
nəticəsidir, düşüncəsi ilə soruşuram:
- Əşrəf müəllim, fikir vermişəm, Sumqayıt ədəbi
mühitinin əksər şairləri sizi "əmi" deyə çağırır. Əmilik yükü ağır
deyil ki?
Həmin xoş təbəssüm, zərif yumor hissi şairimizin budəfəki
cavabında da diqqətdən yayınmır:
- Sumqayıt ədəbi mühitində örpəkli poeziyamızın nümayəndələri
uzun müddət Ofeliya xanım Babayevanı "matriarx", papaqlı şeirimizin
yaradıcıları isə məni "patriarx" adlandırıblar. İndi bəlkə də
yaşımla, ağsaqqallığımla əlaqədar olaraq mənə "əmi" deyə müraciət
edirlər. Çox sağ olsunlar. Ata-ana, baba-nənə anlayışlarından sonra
əmi-dayı, xala-bibi anlayışları gəlir. Bu, məsuliyyətli işdir, kaş
gənclərimizin əmi istəklərinə nail olub, əmilik missiyasını
layiqincə yerinə yetirə biləydim...
- İllər ötür, yaşınızın üstünə yaş gəlir, amma
şeirləriniz qocalmaq bilmir. Gənclik təravəti, enerjisi
şeirlərinizdən boy verir.
- İnsan yaşa dolduqca Ulu Tanrı ona nə veribsə - göz, qulaq,
təpər, güc, enerji və s. hamısını geri alır. Ona görə də məni
laqeydlikdə, soyuqqanlılıqda suçlamazdan öncə bunları nəzərə
almağınızı xahiş edirəm. Müsahibə götürmək istəyinizi gec
cavablandırdığım üçün üzrxahlıq edirəm...Əgər həqiqətən də siz
deyəndirsə, onda qocalıq dövrünün şeirini hələ yaza bilməmişəm. Bu
barədə düşünməyə dəyər.
Əslində isə Əşrəf müəllimin yaradıcılığındakı ağsaqqallıq
gənclik illərinin şeirlərində də qabarıq görünür.
Daim gənclərlə əhatələndiyini yadına salıram:
- Həm də gənc ədəbi nəslin bütün tədbirləri sizsiz
keçmir, onları şeirinizlə, yoxsa ağsaqqal olmağınızla özünüzə tərəf
çəkmisiniz?
- İmkanım olsaydı, bacarsaydım və səhhətimdəki problemlər aman
versəydi, bütün ədəbi-bədii tədbirlərdə yaxından iştirak edərdim...
Təəssüf ki, yaşın o vədəsi deyil. İllər öz işini görür...Əgər gənc
nəsil mən tərəfə meyl edirsə, bunu qocalara hörmət və az-çox
yazı-pozularıma diqqətlə əlaqələndirmək olar.
- Əşrəf müəllim, bir qədər ötənlərə nəzər salaq. Nələri
xatırlayırsınız? Nələrin yanından ötüb keçmisiniz, əl uzadıb
götürməmisiniz?
- Xatirələrim çoxdur... 60-70-ci illərin ədəbi-bədii mühiti
haqqında saatlarla danışa bilərəm. O dövrün yaradıcı insanları ilə
bağlı sinəm söz-söhbətlə doludur. Kiçik bir xatirə danışım:
Günlərin bir günü AYB-nin binası qarşısında xalq yaradıcılığına,
ozan sənətinə dərindən bələd olan sevimli xalq şairi Hüseyn Ariflə
görüşdük. Deyim ki, dəfələrlə onun Sumqayıtdakı görüşlərinin
aparıcısı olmuşam. Hal-əhval tutduqdan sonra: "Ay Əşrəf, bu
Azərbaycan xalqının 80 %-i rüşvətxordur", - dedi. Ayrılmaq
istəyirdim ki, tutub saxladı: "O 20 %-i bilirsən niyə rüşvətxor
deyil? Onlara rüşvət verən yoxdur".
Söhbətin bu məqamında nələrin təəssüfə səbəb olacağını
soruşuram:
- Ümumiyyətlə, həyatda qazandığınızla itirdiyinizin
arasında nə qədər fərq var?
- Çox şeylərin - var-dövlətin, şöhrətin elə rüşvətin də yanından
saymazyana ötüb keçmişəm... Çox şey itirmişəm. Qazandıqlarım
itirdiklərimin yanında heç nədir: Vətən, valideyn, dost itkilərinin
hamısını görmüşəm. Vətən itkisi ən betəriymiş...
- Gənclik illərinizdən gənclik şəhəri Sumqayıtla bağlı
olmusunuz. Sizcə, Sumqayıt yenə gənclik şəhəridir?
- Demək olar ki, mənim bütün həyatım Sumqayıtla bağlıdır.
Şəhərimizin sürətli inkişafı, günü-gündən gözəlləşməsi onu gənclik
taxtından düşməyə qoymur.
Şairin doğulub boya-başa çatdığı Qarabağ mahalı, Füzuli
rayonunun Veysəlli kəndi düşmən tapdağındadır. Vətəndaş mövqeyini
qoyduğu o qədər şeirlər yazıb ki...
- Qarabağ, Veysəlli torpağı şeirlərinizə daha çox
gözünüzün önündə boy verib keçir, yoxsa ürəyinizdən yol
alır?
- Qarabağ! Bizim yaralı yerimizdir. İnsan öz yaralı yerini çox
istəyən kimi, biz də Qarabağımızı çox sevirik və onsuz çətin
yaşayırıq... Bədii publisistikanın son dərəcə iddiasız və dəyərli
nümayəndələrdən biri olan Feyzi Mustafayev demişkən, "Hər gün
ürəyimdə QRAD partlayır.." Bu da bir taledir...Vaxt var idi Təbriz
deməkdən dilimiz parçalanardı. İndi Təbrizə yollar açılıb, Qarabağa
isə yollar bağlanıb. Biri olanda o biri olmur:
Biz öz müstəqilliyimizi böyük itkilər hesabına qazanmışıq. Onu
da deyim ki, aprel döyüşlərindən sonra Qarabağ ümidlərimiz daha da
artıb. Bu hadisələr zamanı hamımız Qarabağlı olmuşduq. Vətənimizin
hansı bölgəsi təhlükə ilə üzləşsə, biz həmin bölgədən olmalıyıq.
Yoxsa vətənsiz qalarıq.
- Gənclik illərinizdə özünüzü şair olaraq gördüyünüz
yerə çatmısınızmı? - mövzunu bir qədər dəyişmək, şairi o ağrılardan
üzü bəri çəkmək istəyirəm.
- Açığını deyim ki, gənclik illərində özümü şair olaraq gördüyüm
yerə çata bilməmişəm. Əslində, buna can atmamışam da. İddiasız
yaşamışam. Bu işdə özümdən başqa kimsəni günahlandırmağa haqqım
yoxdur. Yazılarım haqqında S.Rüstəm, R.Rza, B.Nəbiyev, B.Vahabzadə,
İ.Əfəndiyev, Ə.Ələkbərzadə, O.Sarıvəlli, M.Hüseyn, M.Araz, Ə.Kərim,
S.Tahir, X.Rza və başqa söz nəhəngləri müsbət fikir söyləyiblər.
Xalq şairi S.Rüstəm mənim "Bir gecəlik ayrılıq" lirik poemamın
təqdimatından yazırdı ki, "Azərbaycanda bütün mətbuat orqanlarının
qapıları bu istedadlı gəncin - Əşrəf Şəfiyevin üzünə açıq
olmalıdır". Mən bunların heç birindən istifadə etməmişəm.
Məni yarı yolda atan çox olub,
Çox zaman yolnan da yollaşmamışam.
Çox olub qolumdan tutan, çox olub,
Heç kəsin qolundan sallaşmamışam.
- Əşrəf müəllim, həyatda nəyə nail ola
bilmədiniz?
- Çox şeyə nail ola bilmədim. Buna da min şükür. Nazim Hikmət
demişkən, "Ayrılıqdan it kimi gəbərsəm də, insan kimi yaşadım".
- Daha çox hansı xatirələrə, kimlərlə keçirdiyiniz
günlərə dönmək istərdiniz?
- Qarabağlılı ,Veysəllili, Feyzi Mustafayevli, Əli Kərimli,
Məmməd Arazlı, Vaqif İbrahimli... günlərimə dönmək istərdim...
- Xatirələrinizin ən həssas məqamını yada sala
bilərsiniz?
- Kövrək xatirələrim çoxdur, birini deyim: Yaxın dostum Feyzi
Mustafayev xəstəxanada yatırdı, son günlərini yaşayırdı... Bir gün
onun yanında kimsə dedi ki, ömrünün hər saatını min ABŞ dollarına
satın alan xəstələr var... Feyzi acizanə şəkildə üzümə baxdı və
"Qardaş, biz az da yaşamaq istəyirəm..." - dedi. Ömrümdə ilk dəfə
idi ki, dostumun xahişi qarşısında aciz qalırdım. Onu evinə
apardıq, bayıra çıxdım, ağlaya-ağlaya iş yerimə getdim. Təzəcə
çatmışdım ki, zəng oldu: "Feyzi keçindi, gəl".
- Bu günün ədəbi mühiti sizi qane edirmi?
- Bəli, mübahisəli və ziddiyyətli məqamları nəzərə almasaq, "hə"
demək olar.
- Yormadım ki sizi?
- Qətiyyən yox! Mən maraqlı, istedadlı və duyğusal insanlarla,
mənəvi zənginliyi ilə çoxlarımıza örnək ola biləcək gənclərimizlə
söhbət etməkdən yorulmuram.