"Bu nə ətdir,
hamısı sümükdür?!" –
bu söz bütün kişilərə tanışdır. Çünki evə ət alıb gətirərkən bir az
sümüklü olanda xanımlar deyinməyə başlayır. Günahı isə qəssabda
görürlər.
Əslində, bəzən qəssabdan günah görmək doğrudur da. Hər əlinə
balta alan adamdan qəssab olmaz. Çünki bunu bacarmaq üçün xüsusi
səriştə gərəkdir. Peşəkar qəssab baltanı tutmağı, kəsdiyi heyvanın
yaşını, ətinin yağlı olduğunu, doğranmasını, dadını və çəkisini ilk
baxışdan müəyyən etməlidir. O, təkcə baş kəsməklə kifayətlənməli
deyil! Kəsəcəyi heyvanı incitməli deyil, onun çabalamasına
toxunmamalı, hətta soyulmasına da xüsusi diqqət etməlidir. Heyvanın
əzalarını yaxşı tanımağı, cəmdəyi doğrayarkən onu səliqəli tikələrə
bölməyi bacarmalıdır. Qəssab həmişə sanitar-gigiyenik qaydalara
əməl etməli, baltasını və bıçağını itiləməli, qolu isə güclü
olmalıdır. O, həm də satıcıdır....
52 yaşlı qəssab Mehman kişi ilə də söhbətimizdə də elə bu
məsələlər ətrafında başladıq. Kök, yanaqları qırmızı, saçları
pıtraq, üst-başı ət qırıntıları, paltarları nimdaş... Ətrafına
baxırsan, təmizlikdən göz qamaşır, ancaq üst-başından ət tökülür.
Özünə baxmasa da, hiss olunur ki, dükanın içində sanitar-gigiyenik
qaydalara əməl edir. Ət taxtasını və baltasını təmiz, soyuducunun
üzərindən asdığı ətlərə tənzif dolayıb, bıçağı öz qabına
keçirdib...
On beş ildir qəssablıqla məşğulam
- Neçə ildir qəssablıqla
məşğulsunuz?
- Artıq on beş ildir. Alti ildir ki, burda qəssablıq edirəm.
Ancaq qəssablıqdan öncə müxtəlif yerlərdə də işləmişəm.
- Bundan öncə hansı peşədəydiniz?
- Əvvəllər çilingər, fəhlə, maşın ustası işləmişəm. Sonra gördüm
ki, yox e, fəhləliklə ailə saxlamaq olmur. Keçdim qəssablığa. Özüm
də cansız adamam, fəhləlik edə bilmirdim, bir daş qaldırırdım,
ikincisinə taqətim olmurdu. Yaşımdan-başımdan utanırdım. Elə atam
tərəf də hamısı qəssablıqla məşğul olublar, onların peşəsi olub.
Qanımda var idi, mən də davam etdim (deyir və bığaltı gülür).
Bir müştəri yaxınlaşaraq ətin qiymətini
soruşur:
- Ət neçəyədir?
Mehman kişi cavab verir:
- Qoyun əti 10 manat, mal əti 8.
Müştəri "aaa, nə bahadır?" - deyib gedir. Elə bil ki, ətin
qiymətini təzə öyrənir.
Mehman kişi gülümsünərək deyir:
- Cavan oğlandır, nə deyim buna?! Hər gün gəlir ətin qiymətini
soruşur, gedir. Belə adamlar o qədərdir ki... Özümə söz vermişəm
bir gün ona ət pay verəcəyəm ki, burdan əl çəksin, bir də
gəlməsin.
Hiss olunur ki, əsəbiləşib...
- Deyəsən, belə zəhlətökən müştəriləriniz çox
olub?
- Hə, qızım, o qədər insanlarla üzləşirəm ki, özüm də bezirəm.
Bəzən də özüm-özümə deyirəm ki, vallah, fəhləlik etmək bu peşədən
yaxşıdır.
Söhbəti dəyişir:
- Elə müştəri olub ki, gecəynən gəlib 30 kilo ət tapşırıb,
and-aman edib ki, yasımız düşüb, sabaha mənə ət saxla, gəlib
götürəcəyəm. Səhərdən axşama kimi 30 kilo saxlamışam, satmamışam
ki, gəlib götürər. Gözləmişəm, amma gəlməyib. Eh, belə müştərilər
də olub (nəfəsini dərindən dərib, ah çəkir).
- Qəssabsınız, bu 15 il ərzində neçə baş
kəsmisiniz?
Gülür və fikrə gedir...
- Mən yalnız mal başı kəsmişəm. Ancaq o başların da sayı-hesabı
yoxdur. Düzü yadımda qalmayıb. Yaşlı kişiyəm dünən yediyimi
soruşsan, deyəcəyəm ki, bilmirəm. Sən də kəsdiyim başı soruşursan
(zarafatından da geri qalmır).
- Yəqin ki, kəsdiyiniz başların haradan gəldiyini
bilərsiniz. Yoxsa onu da bilmirsiniz?
- Hə-ə, bu, başqa məsələ, bunu soruş deyim də. Düzü, Bakı
kəndlərindən də heyvan almışam, o da ki, əlim dara düşəndə.
Rayondan mal gözləmişəm alınmayıb məcbur qalmışam kəndlərdən
sorağlaşım. Belə də həmişə malı rayonlardan gətizdirirəm.
Yenə bir müştəri yaxınlaşır, amma bu real alıcıya oxşayır.
Müştəri döş əti istəyir:
- Xanımı yola salın, sonra mümkünsə mənə beş
kilo döş və bel əti çəkin.
Mehman kişi də müştəriyə fikir vermədən əti çəkib, pulunu alır.
Və sualımı gözləyir....
- Dişi malla erkək malın fərqi
nədir?
- Məndən yaşda balaca olmağına baxmayaraq, az bilmirsən a.
Deyəsən, sizlərdə də qəssab var, yoxsa bu sualı hər adam düşünüb
verə bilməz. Deməli, fərqi bişməyində və dadındadır. Dişi ət
ləzzətli olur həmişə, əsasən də döş hissəsi (əti əlində
göstərir).
- Bir ara at-eşşək ətinin satışı əksər ət
dükanlarına yayılmışdı. Satdığınız ətlər baytarlıq tərəfindən
yoxlanılır?
- Bəli, yoxlanılır. Mən özümü sığortalayıb yoxlatdırıram, çünki
hansısa müştəri ilə mübahisəm yaranarsa, əlimdə kağız olmasa, ona
sübut edə bilmərəm. İndiki zamanda o qədər qanüzlü insanlar var ki,
lətifəsi sizdən uzaq. Həm satdığım ətdən evdə ailə-uşağa da
aparıram.
- Siz müştərilərdən şikayət etdiyiniz kimi, onlar da
qəssablardan, yəni sizlərdən şikayət edirlər. Bəs bunun səbəbi
nədir?
Baltanı əlinə götürüb ət doğramağa başlayır... Bir neçə
dəqiqə cavab vermir sonra danışmağa başlayır:
- Qızım, bizim adımız çıxıb.
Müştərilər həm ucuz, həm də sümüksüz ət istəyirlər. Atalar o vaxt
elə düz deyib: "Ucuz ətin şorbası olmaz". Dəfələrlə olub ki,
müştəri ət istəyib, öz gözünün qabağında çəkib vermişəm, bir az o
tərəfə gedib, ucuz ət görən kimi qaytarıb gətirib ki, istəmirəm. Nə
edim, bu baltanın altına onun başın qoyum? Məcburam ki, səbr edərək
bir parça çörəyimi qazanım (baltanı əlində göstərir).
- Mehman kişi, altı ildir burda qəssablıq etdiyinizi
söylədiniz. Heç nisyə ət satmısınız?
- Nisyə ət satmaqla havayı ət verməyin fərqi yoxdur. Müştəri
nisyə ət istəyəndə gəlib elə danışır ki, yazığın gəlir nisyə
verirsən, bir də o müştəriyə nisyə ət verdiyin günü xatırlayırsan.
Baxın, bu dəftər üç ilin nisyə dəftəridir. Amma nə xeyri, heç
birisi gətirib pulu vermir. Bu dəftərdə 5 min manatlıq borc var. Bu
dəftəri qəssablıq peşəsindən xatirə saxlamışam, onsuz da borcu olan
gətirib verməyəcək. Ancaq bunu da deyim ki, neçə illər tanıdığım
müştəriyə nisyə ət satıram.
Dəftəri əlində əzizləyib elə qoruyur ki, heç baxmağa da vermir.
Borcu olanların təsəllisini dəftərə baxmaqla alır. Ona qəssablıq
peşəsindən qalan iti baltası və borc dəftəri olacaq...