Yuxarı

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatımda çox duyğusal anlar yaşamışdım. Amma bu qədər məni üzən və duyğulandıran, eyni zamanda, rahatladan bir hadisə illər öncə qələm dostum, onun da həyatına mənim kimi qürbət yazılan Aybəniz Vəlixanlı ilə körpələr evindən hazırladığımız reportajdan sonra olmuşdu. Üzərindən 16 il keçəndən sonra eyni hissi yaşadım.

İzmir Azərbaycan Kültür və Dayanışma dərnəyinin qadın qolları rəhbəri Elmira Məmmədovanın İzmirdəki qocalar evlərindən birinə getmək təşəbbüsünü eşidərkən bu qədər də duyğulu anlar yaşayacağımı ağlıma gətirməzdim. O hissləri heç bir qələm yaza bilməz. Əmin olun, bu gün yazdıqlarım o hislərim qarşısında o qədər zəifdir ki...

İAKDD-nin rəhbəri Mülazim Pahsa mənə zəng edib, “qızım, Türkiyə Cumhuriyyəti İzmir Valiliyi Şəhid Asteymen Adəm Dərdsiz adına Hüzur Evi Yaşlı Baxım və Reabilitasiya Mərkəzinə gedəcəyik” deyəndə, “abi, iki gün ardı-ardına işdən icazə ala bilmərəm” demişdim. Sonra Böyük Şəhər Bələdiyyəsi rəhbəri ilə görüşdən çıxarkən dərnək başkan yardımcısı Əşrəf Tuna bəy və Mülazim başkan mənə, “unutma, sabah hüzur evinə gedəcəyik” dedilər. Bir gün öncə getməyəcəyimi söyləsəm də, sonradan sanki bir güc mənə bu ziyarətə “get” dedi.

Getdim, gördüm, yaşadım.

Mənim üçün harda ata-ana varsa, ora müqəddəs bir yerdir. Hələ o ata-ana yaşlanıb əlildir, yardıma möhtacdırsa, bunun müqəddəsliyi birə-beş artır. Yaşlılar evində bunu bir daha anladım.

Yaşlılar evinə saat 10-da çatdıq. Müdir Xudaverdi Öztürk və tabeliyində çalışanlar, eyni zamanda, bu mərkəzə yerləşdirilmiş yaşlı ata və analarımız bizi qapıda qarşıladılar. Təəccüblü gözlərlə üzümüzə baxan hər bir ata ana ilə ayrıca görüşüb Axar.az-ın salamını çatdırdım. Əlil arabasında yam-yaşıl gözləri ilə üzümə baxan adını söyləmək istəməyən, “Mənə ana de, yetər!" deyən bir anamıza Axar.az-ın Azərbaycanda yayımlandığını söyləyərkən, gülümsəyərək, “Azərbaycan bizim qardaş ölkəmizdir” söylədi.

Ardınca isə məni mütəəssir edəcək şeiri bir qədər dəyişməklə pıçıldadı:

“Orada bir el var uzaqda
O el bizim elimizdir
Getməsəm də, görməsəm də
O el qardaş elləridir”...

***

Öyrəndik ki, bu gün övlad sevgisindən məhrum edilib dövlət sevgisinə sığınan bu böyüklərimiz arasında doğum günü olan insanlar da var. Mərkəz onların doğum gününü keçirmək üçün bir neçə sənətçi də dəvət etmişdi. İzləmlərimdən də, oradakı ana-ataların davranışlarından da hiss etdim ki, mərkəz çalışanları bu insanların hər birinə övlad qayğısı ilə yanaşır. İşə bir az gec gələn işçilərin mərkəzi özünə ev seçmiş böyüklərimizin əllərindən öpüb boyunlarına sarıldıqlarını gördüm...

Uzun zaman xəstə anasına baxan, anası tək qalmasın deyə evlənməyən, “mənə Filiz deyə bilərsiniz” deyən bir xanım, “iki ildir burdayam, bir kərə olsun, özümüzə qarşı hörmətsizlik görməmişəm” dedi.

Doğum günü olan analarımızdan biri ilə söhbət zamanı “övladlarım var, adımı-soyadımı deməyim, amma Amasyanın Merzifon qəsəbəsindənəm” dedi. “Övladların üçün darıxırsanmı” sualıma gözləri doldu, başını yırğalayıb “yox” dedi. O an mən də çox duyğulanmışdım. O ananın atılmasına deyil, övladları üçün darıxdığına da deyil, layiq olmadıqları halda o duyarsız övladları qorumaq adına bir ananın yalan danışmasına üzülmüşdüm.

Əyləncə başlamışdı, sənətçilər bu insanlara bir neçə saatlıq da olsa, təsəlli olub, yanlarında olduqlarını göstərməyə çalışırdılar. Eyni zamanda, biz də onlara bu işdə yardım etmək istəyir, hər kəsin dərdi ilə maraqlanırdıq. Bu zaman mərkəzin məhəllə qapısından bir yaşlı ana əlində bir qızılgül əlil arabasında, iflic vəziyyətdə, 70-75 yaşlarında olub-bitənləri anlamadan baxan adama yaxınlaşdı. Çiçəyi ona uzadıb boynuna sarıldı. O an bayaqdan hər şeyi duyarsızcasına izləyən o adamın göz yaşlarını gördüm.

Sonradan öyrəndim ki, ər-arvaddırlar. Yaxınlaşıb tanış oldum. Qadının adı Ayşəndir. Azərbaycandan olduğumuzu bilincə, üzündə bir çiçək açdı. Mənə dedi ki, qızım, həyat yoldaşım 38 il mənə durmadan hər gün bir qızılgül gətirərdi:

- 8 ildir ki, mən ona hər gün bir qızılgül gətirirəm. Bəzən hər şeyi unudur. Amma nə məsələdirsə, hər qızılgülü gətirəndə duyğulanır... – udqundu, göz yaşlarını görməyim deyə üzünü döndərdi. Mən də yanında durub onu çox üzmək istəmədim. Onsuz da duracaq halda deyildim.

***

Kimlə danışdımsa, hər kəsin bir dərdi vardı. Hər biri haqqında bir kitab yazmaq olardı. Hamısının bir zamanlar evi, işi, pulu, övladlarının yanında keçən sözü vardı. Hər kəs evində xanım, hər kəs evinin və nəslinin böyüyü idi. Yatsalar, ağıllarına belə gəlməzdi ki, gecələrini gündüzlərinə qatıb, yaxşı yaşamaları üçün hər çətinliyə dözən, uğrunda ölməyə belə razı olduqları övladları bir gün onlara nəinki sevgini, eyni zamanda, zəhmətləri ilə aldıqları evlərindəki kiçik bir küncü çox görəcəklər.

Gözəl və buruq bir gün idi. Ona görə gözəl və buruq gün idi ki, bir neçə saatlıq da olsa, həyatdan küsmüş heç bir şeyə ümidi qalmamış insanlarımıza sarıla bilmişdik. Onlar xoşbəxt olsun deyə, qol götürüb oynamışdıq; onlar gülümsəsin deyə, mikrofonda olmayan səsimizlə mahnı oxumuşduq.

Ayrılıq saatı gəlmişdi. Yenə hər kəslə ayrı-ayrı görüşüb, əllərindən öpməyi özümə borc bildim. Hər birinə gözəl bir söz deyib, könüllərini almaq istədim. Axı, onlar ana-ata idi; axı onlar buna layiq idilər...

Sıra yenə “mənim mavişim” dediyim o dəniz gözlü bəm-bəyaz saçlı anaya gəldi. Əlini öpüb sarıldım. Qulağına “məndən nə istəyirsən, təkrar yenə gələcəm, gətirim” dedim.

Qulağıma kimsə duymasın deyə, sakitcə pılıldadı:

- Mənə bərk sarıl, qızım, buna ehtiyacım var...

Sözün bitdiyi yerdəydim. Dünyam uçmuş, altında qalmışdım. Nə edəcəyimi bilmirdim. Sadəcə, ona bərk-bərk sarılmışdım. Zamanın durmasını istəyirdim. Bu vaxt içəridən işçilərdən biri bizi müdirin otağında qəhvə içməyə dəvət etdi. Və əlavə etdi ki, yaşlılarımızı istirahət üçün otaqlarına götürmək məcburiyyətindəyik.

Türkiyədəki ən sevmədiyim adətdir əl öpmək. Mənə görə, bu, türk mədəniyyəti deyil, ərəb adətidir. Amma mən o gün bütün yaşlılarımızın əlini öpdüm.

Ayrılarkən dəniz gözlü ananın əllərini bir fərqli öpdüm. Çünkü bu dünyada öpüləcək tək əl varsa, o da ana əlləridir...

***

Həyatımda unutamayacağım bir gün də belə arxada qaldı. Sonumuzun nə olacağını bilmirəm. Bəlkə bir gün mən də o qapıdan girəcəm?! Doğmalarımın sevgisindən məhrum olub dövlət sevgisinə sığınacam?! Bəlkə də yaşlanmadan bu dünyadan köçəcəm...

Amma tək bildiyim bir şey var: dövləti olan millətlər xoşbəxtdir. Bir daha anladım ki, niyə keçmişdə atalarımız oğlu olanda onu Vətənə, dövlətə qurban olaraq görürmüş; nədən atalarımız oğlu şəhid olanda “Vətən sağ olsun!” deyirmiş. Çünkü oğulların, qızların, sevdiklərimizin sahib çıxmadığı bizlərə dövlətin sahib çıxacağını bilirmişlər.

Odur ki, bir daha deyirəm - yaxşısı ilə, pisi ilə, varlısı ilə, kasıbı ilə, ağıllısı ilə, dəlisi ilə, cahili ilə, aydını ilə hər təbəqəsinə sahib çıxan Dövlət Ata sağ olsun!

Türkiyə, İzmir.

Tarix
2017.11.18 / 23:59
Müəllif
Nigar Ögeday
Şərhlər
Digər xəbərlər

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək - Paşinyan

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla