Viləşçayın qıvrıla-qıvrıla axan qayalıq hissəsində,
dəmirağacının xırda, amma sıx yarpaqlarının kölgəsində oturub tum
satan qadının hərəkətləri məndə ona qarşı maraq
oyadır.
Yaşı o qədər də çox olmaz, təxminən 50-55. Yelçəyinin altından
sivişib çıxan saçları ağarıb. Sanki əlini pörtüblər, qırmızıya
çalan quru dəri yanmış kimi görünür. Arada söyüşlə danışır. Bu çay
boyu "səpələnmiş" kafelərin ona ərk edən, tanıyan, əldə-ayaqda
qaçan "bic-vələdüzzinaları" ilə olur. Bura istirahətə gələn gənclər
meşəyə gəzməyə gedərkən ondan tum alır, əvəzində, "Allah əvəzini
versin" alqışını eşidirlər.
Qadının geyimi səliqəlidir. Ağzı isə boş dayanmır, gah
qaynadılmış qarğıdalının dənələrini ovuclayıb yeyir, gah da
öz-özünə nə isə danışırmış kimi çənəsi tərpənir.
Yaxınlaşıram. Salam verirəm. Özümü kölgəyə, kürəyimi ağacın
gövdəsinə verib suların sivirib hamarlaşdırdığı daşın üstündə
otururam.
Bunlar olmasa
- Adamlar yorulmaq bilmir, aşağı-yuxarı hərəkət edirlər,
- bu sözləri qadını söhbətə çəkmək üçün deyirəm. Cəhdim ilk andan
alınır.
Qadın:
- Burada niyə yorulsunlar ki? Gəliblər yorğunluqları çıxsın.
Allah bərəkət versin bu adamlara, bunlar olmasa acından
ölərik...
- Mən pis məna da demirəm ki, eləcə daşlıq-qayalıqdır.
Yixilarlar, qol qıçları sınar..
Qadın qarşısında dəsmala bükülmüş qazandan qaynadılmış bir
qarğıdalı götürüb mənə uzadır:
- 50 qəpikdir. Al ye, gözlərinə işıq gəlsin. Peyğəmbərbuğdasıdı.
Yıxılıb qıçları sınmırsa, buna da şükür eləmək lazımdır. Ölmürlər
ki... Doxturlar da dolanmalıdır, ya yox? O da onların yeməyi
üçündür...
Molla "kopoolu"...
Qadın söhbətcildir. Onunla söhbətin alınacağına inanıram.
- Gərək elə həkim qolu-qıçı sınandan
dolansın?
Qadını gülmək tutur. Uğunub gedir. Deyəsən əhli-kefdir –
fikirləşirəm.
- Ay adam, mən hələ mollaları demədim. Molla kopoolu da
dolanmalıdır da, gərək ölü düşə, bunlar da gedib cücə-plov yeyələr,
- gülüşünə fasilə verib deyir bunları. Mollaların da ruzisini
verdikdən sonra oturduğu yerdən azca qalxır, altındakı döşəkcəni
rahatlayıb, yenidən oturur. Qulaqlarındakı qədim lola sırğalar səs
salır. Sırğaların ağırlığında qulaqların deşikləri genəlib.
- Bura bərəkətli yerdi. Burda ac qalanın başına Viləşin daşı
düşsün. Gərək təpərin ola. Sən də istirahətə gələnsən?
- Hə, amma çox qala bilməyəcəm. Qayıdacam
şəhərə.
- Vannaya giribsən? Heç xəstəyə oxşamırsan, maşallah sifətin
turp kimidir.
Qadının bu qədər sərbəstliyi xətrimə də dəyir. Amma söhbəti
yarımçıq saxlamıram:
- Mən yazı-pozu adamıyam, istəyirəm səninlə bir balaca
söhbət edəm. Razısan?
- Mənim nəyimdən yazırsan. Get buranın böyüklərindən yaz, bu da
sənin ruzun olsun. Əliaçıq allah adamıdı.
- Yox, mən onlardan yox, səndən yazmaq istəyirəm.
Kimsən, nəçisən, adın nədi və sairə...
Qadını salmağın yolunu yaxşı bilirdim. Əslində, mən artıq onunla
söhbətə başlamışdım. Amma özünün bilməsi də vacib şərt idi. Axır
ki, razılaşır:
- Köşəm yox, köşəyim yox. Ərim yox, balalarım yox. Nə olacaq ki,
kimdən çəkinim ki... yaz da...
İstirahətə gələn arvad xeylaqlarını...
Və başlayır hekayətini danışmağa:
- Adım Qızbacıdı. Dağın o üzündəki kənddənəm. Havalar isti
olduğu üçün elə burda da qalıram. Yer götürmüşəm. Yaxşı yerdir.
İstirahətə gələn arvad xeylaqlarını öz yerimdə yerləşdirirəm.
Deyirəm ki, mənim qonaqlarımdı. Müalicə, vanna pullarını ora
ödəyirlər. Qalmaq pullarını isə mən alıram. Allaha şükür, 5-10
manat da oradan qalır. Tək qadınam. Kəfənniyimi, o dünyalığımı
hazırlamışam.
İki dəfə ərə getmişəm
- Deyirsən təksən, maşallah cavanlığında çoxunun bağrını
partladana oxşayırsan, nə əcəb ərə getməyibsən?
- Niyə getməmişəm, düz iki dəfə ərdə olmuşam. Bəxtim gətirmədi.
Uşağım olmadı. Sonra da başıma müsibətlər gəldi.
- Hər iki ərin səni boşadı?
- Yox birindən qaçıb canımı qurtardım. Türkmənə ərə getmişdim.
Daş başına olmuş iy verirdi. Ayda bir dəfə güclə çimizdirirdim. Elə
hey üstümə qışqırırdı: "Niyə doğmursan, mən uşaq istəyirəm". Başqa
arvadından uşaqları vardı. Mənə deyirdi ki, durmuşa gəlibsən,
doğmayıbsan".
- Ərinin adı Durmuş idi?
Qazbacının gülüşü daşlara çırpılır. Ürəkdən gülür:
- Yox e. Başı batmışlar ərə getməyə "durmuşa getmək" deyirlər, -
yenə də gülür. – Dedim, daş düşsün sənin durmuşunun başına.
Bilsəydim, heç gəlməzdim.
Məni satdı
- Bəs yaxşı, niyə Türkmənistana ərə getdin?
Hə, bax bu sualdan sonra Qızbacının sifəti dəyişdi, gözləri
çayın qarşı tərəfindəki qayalığa, meşəliyə dikildi. Baxışları ilə
sıx ağacların arxasında qalmış gənclik illərini axtarırdı sanki.
Bayaqkı şux, zarafatcıl adamdan əsər-əlamət yox idi...
- Məni bir bacısı q... aldatdı, satdı keçisaqqal türkmənə.
Apardı, ömrümü-günümü qara elədi.
- Necə satdı?
- Bayram adı bir kəndçimiz vardı. Türkmənistanda yaşayırdı.
Pambıq zavodunda işləyirdi. Kəndə gəlirdi. Yaxşı pullu adam idi.
Kənddən çox adamı aparıb işə düzəltmişdi. Hörmətli adam idi. Vaxtı
keçmiş qızları da aparardı. Ev-eşik yiyəsi edərdi. Mən cavan idim,
gözəl idim. Kəndə məni istəyənlər də vardı. Nənəm qəbrinə p..
olmuşa bir az parçadan-zaddan pay vermişdi. Demişdi ki, nəvəni
almaq istəyirəm Nənəm anama, anam da mənə dedi. Razılaşdım. Cavan
və pullu adam idi, ağ "Jiqulisi" vardı. Kənddə toylarda pulu yarpaq
kimi səpələyirdi. Razılaşdım.
Gəmidə yanıma girdi
Amma bu dedi toyu orda edəcəm. Məni qaçırtdı. Gəmidə girdi
yanıma. Dedi, arvadım olacaqsan. Əvvəlcə razı olmadım. Sonra dedi
ki, nədən çəkinirsən, ki?.. İndi, ya sabah. Nə isə, mən gəmidən
düşəndə artıq onun arvadı idim. Krasnovodskdan Nebitdağa gəldik.
Bir türkmən dostu vardı. Bir həftə qaldıq onlarda. Deyirdi Marvi
şəhərinə gedib toyumuzu orda edərik. Bir həftə ər-arvad kimi
yaşadıq. Arada həyətdə oturanda qoca arvadlar gəlib mənə baxır,
öz-aralarında nəsə danışıb gedirdilər. Həftəsonu gəldik Çiləkən
şəhərinə. Orda bir qoca kişi vardı. Onun evində qaldıq. Onu hamı
tanıyırdı. Gəlib görüşürdülər. Çəkinmədən məni də çağırırdı yad
kişilərin yanına. Axırda məni bir qadına qoşdu. Get, bunlarda qal,
gələcəm ardınca, işim var, - dedi. O gedən getdi.
- Bəs sən nə etdin?
- Heç nə, orda məni başa saldılar ki, səni almışıq. Arvadın
qardaşı vardı. Ona alıblar. Dedim ki, bəs mən Bayramın arvadıyam. O
mənimlə olub. Evlənəcəyik. Dedilər yox, o səni bizə gəlin gətirib.
Burada qızlara başlıq çox istədiklərinə görə, sən demə, Bayram
qızları gətirib türkmənlərə satırmış. Məni bir kəndə apardılar.
Ərim o kənddə yaşayırdı. Yaşıllıq deyilən şey gözə dəymirdi. Kənddə
10-15 ağac ancaq olardı.
Qız olsaydım baha satacaqdı
- Bəs sən qız deyildin axı...
- Hə, qız olsaydım 1000 qat baha alacaqmışlar. Qaldım orada. Toy
elədilər. Gecə ərim girdi yanıma... Püff, yadıma düşəndə ödüm
ağzıma gəlir...
- Çox eybəcər idi?
- Yox, əslində yaraşıqlı idi. Sadəcə, iy verirdi. Hələ bu
çimmişdi ha...
Çoxlu qoyunları vardı. Ərimin türkmən arvadı çöldə balaları ilə
qalardı. Kişim vaxt tapıb gələrdi yanıma. İri ləyəndə
çimizdirərdim. Təmizə güclə çıxardardım. Nə isə, beləcə 5 il zülm
çəkdim.
Bayram məni yenə qaçırtdı
- Bayramı heç görmədin?
- Niyə? Gördüm. Bir dəfə gəldi mən yaşadığım kəndə. Yalvardım,
məni qurtar burdan, dedim. Ürəyinə insaf gəldi. Qaçırdıb, gətirdi.
Krasnovodskdan gəmi ilə Bakıya yola saldı. Dedi, camaatın
qızlarının bəxti gətirdi, sənə çox pul istəyirdim. Sən gözəl idin.
Bəyənirdilər, amma o qədər də çox pul vermirdilər şəhərlərdə.
Axırda o çobana satdım.
- Peşman idi?
- Heç peşmançılıq-zad görmürdüm onda. Onun peşəsi, sənəti bu
imiş də...
- İndi haradadır?
- Burada, kənddə olur. Ailəsi, uşaqları var. Bu gözü ilə görmüş
hətta xalası qızını, başqa qohumlarını da aparıb satıbmış orda.
İndi onların ailələri orada olur. Yaşayırlar. Uşaqları-zadı var.
Mənimki gətirmədi...
Bayramın qardaşına ərə getdim...
- Bəs ikinci dəfə kimə ərə getdin?
- Bayramın dul qardaşına. Məndən böyük idi. Onunla ailə qurdum
ki, Bayram məni dədəsinin evində, qardaşının arvadı kimi görüb
utansın. Başa düşsün ki, qardaşı arvadı ilə yatıb.
- Utandımı?
- Yox, kəndə gələn günün səhəri məni evdən qovdular, bizə belə
gəzəyən qadın lazım deyil, - dedilər...
- Bəs sonra?
- Sonrası da bax budur. Burdayam. Ata-ana ölüb. Bacı-qardaş
yoxdur. Təkəm...