"Adım Necatidir. Soyadım Çağlar. Necati Çağlar. Burada
mənə "türk abi" deyirlər. Mən sizin adamlardan, ən çox da Masallı
camaatından çox razıyam..."
Bu sözləri deyən Masallının Qəriblər kəndindən olan xanımla ailə
həyatı qurmuş türkiyəli kafe-çayxana sahibidir.
Qəriblərin qərib sakini
O, Viləş çayının yorğun-yorğun axan suyunun topuqdan bir qədər
yuxarı olan hissəsində stollar düzüb. Müştərilər ayaqlarını
qayaların arasından axıb gələn sərin suya salaraq sifarişlərini
verir, həzin musiqiyə qulaq asa-asa istirahət edirlər. Necati bu 10
stolluq kafe-çayxananın həm müdiri, həm də xidmətçisidir. Mehriban
və dərdli adama oxşayır. Müştərilərinin sayından isə
şikayətlənmir:
- Sağ olsunlar. Gəlirlər, ayaqlarını suya salıb dincəlirlər.
Müştərilərim daimi olanlardır. Məni tanıyırlar, "Qəriblərin qərib
sakini" deyirlər. Kobud deyillər. Özü də burada hamı ailəsi ilə
istirahət edir, şəfa tapmağa gəlir. Onlar çay içib, qutab yeməkdən
çox, ayaqlarını suya salmaq üçün bura gəlirlər...
Sərin ayran
qonaqlığı
Necati ilə söhbətim təsadüfən alındı. Qayalıqda oturub çaya
baxırdım. Çayın dibindəki ağ-qara xırda çaylaq daşları dumduru
suyun içində elə gözəl görünür ki, elə bil, kim isə bu daşları
əlləri ilə gətirib çaya düzüb. Bir yandan da tanış olmayan səs məni
fikrimdən ayırdı:
- Abi, yorğun görünürsən, al, bu ayranı iç, nanəlidir,
sərindir.
Səsə dönürəm. Bəstəboy, cavan adamdı. Əlində iki bardaq ayran
tutub, yanımda oturur. Bardağı qabağıma qoyur. Özü də içir.
Təşəkkür edirəm və sərin ayrandan dadıram.
- Abi, sən niyə belə fikirlisən? Axşam burada sən hər kəslə
mehriban idin axı. Danışırdın, gülürdün... Fikir vermişdim sənə.
Hələ sənə paxıllığım da tutmuşdu.
Bakıdakı türklər parası çox olanlardı
- Nə əcəb işini burada qurubsan, türklər paytaxtda
məskunlaşır, axı...
- Abi, Bakıdakılar parası çox olanlardı. Mənim kimi kasıblar elə
dağların arasında gün keçirə bilər...
- Çoxdan buradasan?
- 2007-ci ildən.
Qayğılı olması həmən hiss olunur. O, burada xoş gün keçirənə
bənzəmir. Baxmayaraq ki, müştəriləri az deyil. Onu hansı rüzgar
buralara gətirib çıxarıb?
- Mən Sivasdanam. Sarıyar köyündən. Köyümüz ilçəmizdə ən böyük
köydü. Elə buralara oxşayır - dağlar, bulaqlar; amma belə sular və
adamlarımız yoxdur. Sizin adamlar daha yaxşıdır. Qonaqsevərdilər...
düzdür, mən daha qonaq deyiləm. Sizin tərəflərin adamıyam.
- Xoşbəxtsən?
- Şükür, abi, şükür. Yaşayıram. Arvad da almışam. Yerim də var
qalmağa...
Və ardınca "Bu, xoşbəxtlikdirmi?" – mızıldanır. Dərhal anladım
ki, sual mənə ünvanlanmayıb, öz-özündən soruşur. Siqaret
yandırdı.
Danışır, amma hiss edirəm ki, içində bir nisgil var. Bu anlarda
mən onun üçün bu nisgili paylaşmaqda ürək qızdıra biləcəyi yeganə
adamam.
Səhər saatlarıdır. Müştəriləri günün dağların arxasında
gizləndiyi vaxt təşrif buyuracaqlar.
Atamdan 15 yaş kiçiyəm
- Necə oldu gəldin buralara? Deyirsən, ailəliyəm. Neçə
uşağın var?
- Dörd uşağım, iki nəvəm var. Qızımı ərə vermişəm. Oğlanlarım
isə anamın yanında olur.
- Yaşın azdır axı...
- Atamdan 15 yaş balacayam. Atamın 14 yaşı olanda evləndiriblər.
15 yaşda ata olub. Mən də tez evlənmişdim. 38 yaşım var, qızımınsa
17. İki nəvənin babasıyam. Böyük oğlum 19 yaşdadı. Sivasda
işləyir.
- Yaxşı, sənin ailən ola-ola niyə gəlib burda
evləndin?
- Arvadım öldü. Mən də ailə qurmaq istəyirdim. Axırı gəldim
bura. Evləndim. Yaşayıram da.
İnsanların arasına çıxıb insanlıqdan çıxdı
- Niyə axı, o boyda Türkiyədə qız yox idi gəldin bura?
Bu necə oldu axı?
- Arvadım ürək çatışmazlığından öldü. Mən onu çox istəyirdim.
Pis arvad olmadı mənə. Sonra subay qaldım. Evlənmək üçün para da
gərəkdir. Həm də əmim oğlunun da arvadı ölmüşdü, Sivasdan qız aldı.
Nankor çıxdı. Onun uşaqlarına baxmadı. Biz onu elə yerdən
gətirmişdik ki, tövlə oradan yaxşı idi. Gəldi qudurdu. Libası
dəyişdi, özü dəyişdi. Televizorda filmlərə baxdı, köydə okul gördü,
insanların arasına çıxdı, sonra da insanlıqdan çıxdı. Bizim qızlar
nankordu. Ona görə də orada evlənmədim.
- Bəs Azərbaycanda evlənmək hardan gəldi
ağlına?
- Maşınım vardı. Adam daşıyardım. Bir dəfə sərnişinlərimin
danışığı mənə xoş gəldi. Soruşdum kimsiz? Dedilər, Azərbaycandan
gəlmişik. Qadınlar idi. Hamısı da orada ailə qurub, çoluq-çocuq
sahibi olublar. Xoşuma gəldilər. Dedim, mən də subayam, əgər
əqrəbanız varsa, deyin, evlənim. Qızılavar və Qazılağac kəndindən
idi çoxu. Orada yaşayan, ərə gedən Azərbaycan qadınları çoxdur.
Biri ərə gəlib, ardınca da o birilərini gətirib. Mal-heyvana
baxırlar, sahədə işləyirlər. İşlək və ailə qədri biləndilər.
- Beləliklə, maşında qərar verdin ki,
evlənəsən.
- Abi, onlar mənə dedilər, get o kəndə, qohum qızlar var, birini
bəyən, al. Oğlanlar Rusiyaya gedir, qızlar qalır boşuna. Mənim
maşınım elə də paraya getməzdi. Qızımı tələsik uzaq qohuma ərə
verdim, gəldim bura. Başlıq parası aldım qızım üçün, həm toyunu
etdim, həm də bura gəlmək üçün tədarük gördüm.
Xoşbəxt ola bilmirəm, abi
- Və...
- Və gəldim Qızılavara. Həmin evdə deyilən qız gözəl idi, amma
namaz qılmırdı, açıq geyinirdi, özünü sərbəst aparırdı. Bəyənmədim.
Xeyli qızlar vardı, hamısı gözəl olsa da, açıq-saçıq geyinərdilər.
Hamısı dar şalvar geyinirdi mənə göstərilənlər. Axırda gəldim
çıxdım Qəriblər kəndinə. İndiki yoldaşımı gördüm, evləndim. O da 3
ayın gəlini olmuşdu. Əri Rusiyaya gedib qayıtmamışdı.
- Xoşbəxt ol, Necati...
- Xoşbəxt ola bilmirəm, abi. Orda uşaqlarım var. Arvadımla
burada olmağım onları da, məni də üzür. Para göndərirəm. Amma zaman
keçdikcə ürəyim burada qalmaq istəmir. Orada isə yaşamaq çətindir.
Bax, buranı 5000 manat xərc çəkib yaratmışam. 3-4 ay işlək olur.
Mövsüm qurtarır və mən gedirəm Bakıda tikintidə işləməyə. Qazancım
pis deyil. Yoldaşımla qayınanam qril-ləvəngi, təndir çörəyi,
peraşki, qutab da bişirir. Hər gün ən azından 300 manat qazanc
olur. Amma artıq burada darıxıram. Hər il gedirəm Sivasa. Yoldaşım
da gedir mənimlə...
Necati yoldaşını göstərir:
- Adı Mahruh idi. Məhkəmənin hökmü ilə adını dəyişib Sevinc
qoydum. 5 dəfədir uşağa qalır, uşaq tələf olur. Bir uşağı olsaydı
yenə... sevinərdi...
Necati qəriblik çəkir. Qərib adam olan bu adam Qəriblər kəndinə
sığınıb. Dediklərindən bunu başa düşdüm ki, təsadüfən onun
sərnişinləri olmuş qadınlar onu aldadıb: "Get, orada səni
evləndirəcəklər, ev-eşik sahibi edəcəklər, yeyib yatacaqsan, pul
özbaşına gələcək..."