Divanəlik və istedad
arasındakı bağlılıqdan çox danışılıb. Biz onları təkrarlamaq
istəmirik. Ancaq istedadlı divanələr tamamilə ağıllı bəşərəiyyətə
çox böyük, həm də olduqca pozitiv təsir göstərirlər. Dünya fikri
tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də dahiyanə
yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii
örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də
istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis etmiş,
onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya durduqca beləcə də
davam edəcək.
Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş
etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.
Nikolay Vasilyeviç Qoqol (Yankovski)
(1809-1852), rus yazıçısı, dramaturq, şair, tənqidçi,
publisist.
Diaqnoz
Şizofreniya, vaxtaşırı baş qaldıran psixoz.
Simptomları
Görmə və səs hallüsinasiyaları: süstlük və tam fəaliyyətsizlik
(tormozlanma) dönəmləri (tam hərəkətsizlikdən tutmuş xarici
aləmdəki qıcıqlara qarşı reaksiya qabiliyyətinin itməsinədək) və bu
halla əvəzlənən oyanma tutmaları, depressiyaya düşmə, kəskin
ipoxondriya (xəstələnməkdən qorxma nəticəsində baş verən ruh
düşkünlüyü; ümidsizlik, məyusluq – tərc.), klaustrofobiya. Böyük
yazıçı elə güman edirdi ki, bədənindəki bütün orqanların yeri
qarış-quruş olub, mədəsi isə kəllə mayallaq yerləşdirib.
Xəstəlik tarixi
Şizofreniyanın bu və ya digər təzahür formaları Qoqolu bütün
həyatı boyu müşayiət edib, ancaq ömrünün sonuncu ili xəstəliyi
xeyli kəskinləşmişdi. 26 yanvar 1852-ci ildə yazıçının yaxın
dostunun bacısı Yekaterina Mixaylovna Xomyakova qarın yatalağından
vəfat edir və bu ölüm yazıçıda kəskin ipoxondriya tutmalarının
başlamasına səbəb olur. Qoqol arasıkəsilmədən dualar etməyə
bşlayır, yeməkdən imtina edir, halsızlıq və əzginlikdən
şikayətlənir və inandırır ki, ölümcül xəstəliyə yoluxub. Halbuki
həkimlər yüngül mədə-bağırsaq pozğunluğundan başqa bir xəstəliyi
olmadığını söyləyirdilər. Sonradan məlum oldu ki, yazıçıya sadəcə
diaqnoz qoya bilmirdilər. Fevralın 11-dən 12-nə keçən gecə Qoqol
əlyazmalarını yandırır (səhərisi gün isə bu hərəkətini cin-şeytan
axtarması ilə izah edir), getdikcə vəziyyəti daha da pisləşir. O
qədər də peşəkar şəkildə aparılmayan müalicə (burun deşiyinə zəli
qoymaq, soyuq döşək ağına bükmək və başını buzlu suya salmaq) isə
heç bir nəticə vermir. 21 fevral 1852-ci ildə yazıçının ürəyi
dayanır. Ölümün əsl səbəbləri isə indiyədək aydın deyil. Ancaq çox
güman ki, Qoqol özünü tam olaraq psixi və fiziki cəhətdən ölüm
həddinə çatdırmışdı – istisna deyil ki, müasir psixatriyanın
köməkliyi sayəsində yazıçının xilas etmək mümkün olardı.
Bəşəriyyətə bəxş etdiyi ideyalar
Meşşanlara yarı ikrah, yarı mərhəmətdən doğan qəribə bir
məhəbbət. Təəccüblü dərəcədə dəqiq tapılmış rus tiplərinin bütöv
dəstəsi. Qoqol bu günədək aktual olan bir neçə rol modeli yaradıb
(bu, "Ölü canlar"ın personajlarının simasında daha aydın nəzərə
çarpır).
Qədim Qoqol-Yankovski zadəgan nəslindən olan Nikolay Vasilyeviç
Qoqol 19 mart 1809-cu ildə Malorusiyanın Poltava quberniyasında,
Soroçi qәsәbәsindә anadan olub. Ecazkar ikona Müqəddəs Nikolayın
şərəfinə uşağa Nikolay adı qoyulur. Ailə rəvayətinə görə, o,
Ukraynanın qədim kazak nəslindən idi və getman (keçmişdə Ukraynada
kazak qoşunları başçısı – tərcüməçi), Ostap Qoqolun
varislərindəndir. Qoqolun atası Malorusiyanın xırda
mülkәdarlarından olub xoşxasiyyәt, eyş-işrәt sevәn bir şәxs, anası
isә sadәdil, hər sözə inanan, ibadətlə məşğul olan qadın imiş.
Qoqolun tәbiәt vә xasiyyətində valideynlərinin bu müxtәlif әxlaq vә
әtvarı müşahidә olunardı. Belә ki, Qoqol gah şad vә xürrәm olur,
hər kəsi şirin vә dadlı söhbәtlәri ilә valeh edir, gah da
adamlardan qaçıb, bir bucağa sığınaraq sonsuz qәm vә әlәmә mübtәla
olardı.
Qoqol on üç yaşına kimi atasının mülkündә dinc vә rahat yaşayır,
kәnd әhlinin dolanışığı ilә tanış olur. Burada Qoqol malorusların
eyş-işrәtlәrini, çalıb-oynamaqlarını, gözәl nәğmәlәrini, ənənə vә adәtlәrini, әxlaq vә ədəblərini bilavasitә
müşahidә edirdi. Sonralar bu müşahidələr yazıçının öz əsərlərində
əksini tapır.
Qoqol 13 yaşına çatanda tәlim üçün Nejin gimnaziyasına yazılır.
Burada Qoqol istək vә meylini әdәbiyyata salır, tәlim işlәrinә elə
də şövq vә hәvәs göstәrmirdi. 1828-ci ildә gimnaziyanı qurtarıb qulluq etmәk
şövqünә düşür vә bu məqsədlә Peterburq şәhәrinә yollanır. Amma burada onun
işlәri istədiyi kimi getmir vә ancaq iki ildәn sonra
departamentlәrin birindә özü üçün alçaq bir məmurluq xidmәti
tapır.
Qoqol Peterburqda mәşhur
Jukovski ilә tanış olur vә onun vasitә vә kömәyi ilә kәnardan özünә
bir iş tapıb, maaş sarıdan işini bir az yüngüllәşdirir. 1831-ci
ildә isə Puşkin ilә tanış olur vә bu tanışlığın onun həm həyatına,
həm də yaradıcılığına böyük təsiri olur. Böyük rus ədibi Qoqolun
böyük vә müqtәdir bir әdib olduğunu bildirib bununla onun tәbinә
tab vә qәlәminә qüvvәt verir. Tədqiqatçılar qeyd edir ki: "Puşkin
ilә yaxın olduqdan sonra Qoqola sanki tәzә bir hәyat verilir: tәbi
şahə qalxır. Bu vaxta kimi onun üçün qaranlıqda olan çox sirlәr,
pәrdә arxasında olan çox mәnalar açılıb aydınlığa
çıxır".
Təsadüfi deyil ki, Qoqolun yaradıcılığı bu gün rus ədəbiyyatının
günəşi hesab olunan Aleksandr Sergeyeviç Puşkinlə birlikdə çəkilir,
onun həm rus ədəbiyyatı, həm də dünya ədəbiyyatı tarixində tutduğu
yer yüksək qiymətləndirilir.