Anton Pavloviç Çexov qadınlara qarşı çox iltifatlı, bəzən qəribə
və haradasa qəddar münasibət bəsləyirdi. O, evlənməkdən həddindən
artıq qorxur, könlü üçün seçdiyi qadınlarla cismani ehtiyaclarını
ödəmək üçün seçdiyi qadınları qarışdırmamağa çalışırdı. O, məhəbbət
arzusunda idi, lakin sevgidən qorxurdu, qeyri-adi bir qadının
yanında olmağa çalışırdı, ancaq ona evlilik təklifi etmək
istəmirdi.
Əbədidən qorxan
"... mənə aya bənzər elə bir həyat yoldaşı verin ki, mavi
kəhkəşanımda hər gün çıxmasın. Səhərdən-səhərədək davam edən
xoşbəxtliyə tab gətirə bilmərəm".
Etiraf edirdi ki, onu hər şeydən çox "əbədi" sözü qorxudur.
Çexov bu "əbədiyyəti" bir - lap sevimli olsa belə – qadınla
təsəvvüründə canlandırmağa çalışırdı və... onun təxəyyülündə bu,
əsl mənada köləliyə bənzəyirdi. Axı Anton Pavloviç əbəs yerə
deməmişidi ki, "bütün ömrüm boyu özümü sıxıb damcılarla qul
çıxarmıxam".
Vurulmuş xanımların siyahısı
Çexov çox maraqlı kişi idi, qadınların diqqəti onun başını
gicəlləndirmirdi. Hündür, qədd-qamətli, gülməli boz gözləri,
xoşagəlimli səsi var idi. Zərif və incə yumor hissinə malik olan
yazıçıya vurulmuş xanımların bütöv bir dəstəsinin siyahısı
məlumdur. Çexovun tədqiqatçıları onları bəzən "antonovkalar"
adlandırırlar: müəllimələr, feldşerlər, yazıçılar, aktrisalar.
Yazıçı onlarla nikah bağlayacağına heç bir ümid verməyərək isterik
hislərinə gülürdü. Bəzən uzunmüddətli münasibətlər də olurdu. Belə
romanlardan biri düz 10 il davam edərək, bu yaşananları gələcək
nəsillərə söyləyəcək bir xeyli epistolyar şahidlər qoyub gedib.
Lidiya Mizinova
1889-cu ildə Çexovların evində 19 yaşlı qız peyda olur, Anton
Pavloviçin bacısının rəfiqəsi Lidiya Mizinova... Onu əzizləyərək
Lika deyə çağırırdılar. Bir neçə aydan sonra Çexov Saxalinə
yollanır. Deyirdilər ki, yazıçı yaradıcılıq böhranı yaşayırdı.
Ancaq vağzalda onu yola salan Likaya bağışladığı şəklin arxasına
yazmışdı: "Əlindən Saxalinə qaçdığım burnumu cırmaqlayan çox
mehriban məxluqa. P.S. Bu yazı boynuma heç bir öhdəçilik qoymur".
Lika artıq Çexova vurulmuşdu və yeddi aylıq səyahəti boyunca ona
məktublar yazır, yolunu gözləyirdi.
Səyahətdən qayıdan Çexov hansısa tamamilə fərqli bir cazibə
qüvvəsinin onu bu kül rəngli gözləri olan qıza doğru çəkdiyini
gizlətmirdi. Onlar insanların əhatəsində olanda gözləri ilə
bir-birilərini axtarırdılar, sanki deməyə çoxlu sözləri var idi.
Parkda ikilikdə gəzəndə isə utanaraq susurdular. Lika Moskvaya
qayıdanda Çexov ona məktublar yazırdı. O, söhbətlərinə nisbətən
məktublarında daha cəsarətli idi.
Yeri gəlmişkən, məktublar həmişə zarafat əhvali-ruhiyyəsində
yazılırdı. Misalçün, Anton Pavloviç Likadan xahiş edirdi öz
pərəstişkarına çatdırsın ki, ......., əgər Likanın yan-yörəsindən
əl çəkməsən, tıxac açanı sən yaramazın Avropa ilə həmqafiyə olan
yerinə sancaram. Məgər bilmirsən ki, Lika mənə məxsusdur və bizim
artıq iki uşağımız var? Aydındır ki, bunlar bir zarafat, lakin aşiq
olmuş qız üçün başgicəlləndirici sözlər idi.
Hərdən Çexov Mizinovaya sözün əsl mənasında çox soyuq təsir
bağışlayırdı: qaşqabaqlı olur, onun çılğın məktublarına cavab
vermir, görüşərkən quru səslə danışırdı. Bütün bunlardan sonra isə
belə bir məktub yazır: "Lika, sizin daxilinizdə böyük bir timsah
var və əslində mən Sizin dişlədiyiniz qəlbimə deyil, sağlam
düşüncəyə qulaq asmaqda çox yaxşı iş görürəm. Məndən uzaq, uzaq
dayanın! Ya da, yox, Lika, nə olursa olsun, qoyun Sizin ətrinizdən
başım gicəllənsin və artıq boğazıma keçirdiyiniz kəməndi tarım
çəkməkdə mənə kömək edin".
Çox nahaq yerə Lika Mizinova Çexovdan evlilik təklifi
gözləyirdi. O, kəməndi böyük sevinclə dartmağa hazır idi, ancaq
yazıçı buna imkan vermirdi. Və nəhayət, qız özü də başa düşdü ki,
Anton Pavloviç onunla sadəcə oynamaqdan zövq alır və bundan artığı
haqda heç düşünmür də. Onda xanım qız yazıçıda qısqanclıq hislərini
oyatmaq qərarına gəlir və Çexovu atıb onun rəssam dostu Levitanın
yanına "qaçır".
Əxlaqsız rəssam
O vaxtlar Levitan ərli qadın – polis həkiminin arvadı Sofya
Petrovna Kuvşinnikova ilə aləmə səs salmış bir roman yaşayırdı.
Kuvşinnikov sakit, xeyirxah, yumşaq qəlbli bir insan idi və qırx
iki yaşlı arvadının gənc rəssamla bütün Moskvanı başına götürmüş
münasibətlərinə göz yumurdu.
İndi məhəbbət üçbucağına bir də Lika qoşulur. O, Volqaya,
Kuvşinnikov və Levitanın yanına hazırlaşır. Levitan da hər şeyi
Çexovun "ovcuna qoyurdu": "Sənə havadan tutmuş yer üzündəki ən
sonuncu cücüyədək (İlahi, sən özün keç günahımdan!)" hər şeyin
onunla, onunla – ilahə Lika ilə dolduğu əsrarəngiz guşədən yazıram!
O, hələ burada deyil, ancaq gələcək, çünki o, sən sarışını deyil,
mən qarabuğdayını sevir". Anton küsüb-incidiyini büruzə verməməyə
çalışırdı. Ancaq çox tezliklə "Sever" jurnalında "Qərarsız qız"
hekayəsi çıxır. Qəhrəman zahirən Likaya bənzəyirdi, taleyi isə
Sofya Petrovnanın həyatı ilə eyni idi. Onu başdan çıxaran əxlaqsız
rəssam gülünc şəkildə təsvir olunsa da, Levitanı çox asanlıqla
tanımaq olurdu.
"Bu, həcvdir!" – Levitan hiddətlənmişdi. Kuvşinnikova
hönkürürdü. Hətta onun heç vaxt heç bir şeyə qarışmayan əri də
narazı idi: tanışları arxalarınca baxıb gülürdülər. Çexov isə hələ
bir özünü bilməməzliyə vuraraq təmizə çıxmağa çalışırdı: "Təsəvvür
edə bilirsinizmi, mənim bir tanışım, 42 yaşlı xanım "Qərarsız
qız"ın iyirmi yaşlı qəhrəmanının timsalında özünü görüb. Əsas dəlil
– xanımın əri həkimdir, özü isə rəssamla yaşayır". Kuvşinnikovlar
Anton Pavloviçlə münasibətlərini kəsirlər, Levitan isə hiyləgər
dostunu duelə çağırmaq istəyirdi. Bircə Lika xoşbəxt idi: deməli,
Çexov ona qarşı laqeyd deyildi və o, Likanı Levitana vermək
istəmir! Çexov özü də anlayırdı ki, bir qərara gəlməlidir.
Çexov boyun əyməyə gedir
Və budur neçə illik inam və şübhələrdən sonra Anton Pavloviç
Moskvaya, Likanın yanına "boyun əyməyə" gedir. Amma yenə də
qətiyyəti çatmır. Çexov dəhşətli elçilik anını mümkün qədər
uzada-uzada iki qadının – şairə Tatyana Şepkina-Kupernikə və
aktrisa Lidiya Yavorskaya - onu şəhvani əyləncələr burulğanında
ovundurmasına imkan verir. Bir-biriləri ilə o qədər də kəskin
fərqlənməyən bu iki afət məşhur ədibin sevgilisi olmağa can
atırdılar. Hamı Çexovun zəif damarını bilirdi, məzlum, alçaldılmış
və təhqir edilmiş Likanın isə etiraz etməyə heç haqqı da yox idi.
O, kim idi ki? Arvadı deyil, nişanlısı deyil, heç sevgilisi də
deyil. Lika Çexova dürüst və emosional bir məktub yazır: "İnsana
bilə-bilə belə əzab vermək nəyə lazımdır? Doğrudanmı bu sizə ləzzət
verir? Ən qızğın arzum düşdüyüm bu dəhşətli durumdan müalicə
olunmaqdır, ancaq bu çox çətindir. Yalvarıram, məni yanınıza
çağırmayın, mənimlə görüşməyin". Çexov ona zarafatla cavab verir:
"Siz lüğətdən "eqoizm" sözünü çıxarmısınız və hər məktubda məni ona
qonaq edirsiniz. Bu sözlə itinizi adlandırın".
"Cismani" romanlar
Çexov heç utanmadan (kimdən utanacaqdı ki) ötəri "cismani"
romanlar yaşayır, Likanı isə daimi, lakin platonik sevgili, əbədi
nişanlı mövqeyində saxlayırdı. Hələ aradabir ona istehza ilə
başqasıyla evlənə biləcəyini deyərək qızı hiddətləndirirdi. Bəzən
də Likaya olan məhəbbəti yenidən ehtirasla alovlanırdı. Ancaq elə
həmin andaca soyuyur və onu qoyub harayasa, misalçün, Avropaya
gedir, ona heç məktub da yazmır, doğmalarına yazdığı məktublarda
isə onun haqqında heç xəbər də almırdı.
Nəhayət, Lika ümidsizlik və sıxıntıdan Çexovun ən dəyərsiz
dostlarından birinin, hamının təlxək kimi oynatdığı İqnatiya
Potapenkonun ağuşuna atılır. Bütün bunlarla bərabər o, həm də evli
idi. Həmin vaxtlar Lika Çexova yazırdı: "Mən ömrümü puç edirəm,
gəlin, onu tezliklə məhv etməkdə mənə kömək edin, çünki nə qədər
tez olsa, o qədər yaxşıdır. Nə vaxtsa demişdiniz ki, əxlaqsız
qadınları sevirsiniz, - deməli, mənimlə də darıxmazsınız. Mən məhv
oluram, günbəgün məhv oluram". Tezliklə Potapenko Likanı xaricə
aparır, sən demə, sonradan aydın olduğu kimi, orada onun ikinci
arvadı da var imiş! Bu ikiarvadlı bədbəxt Likanı İsveçrədə
tək-tənha buraxır. Doğulmuş uşaq tezliklə ölür, qızın bütün qəlbi
alt-üst olur. Hətta Çexovun köhnə oyunu yeniləmək cəhdi də ona
təsir etmir. Halbuki bu dəfə Anton Pavloviç bir qədər də uzağa
gedərək "onların gələcək səadət" anının tarixini də müəyyənləşdirir
– düz bir ildən sonra. Lika bu təklifi o, soyuq qarşılayır. Ona
görə də Çexov elə səhərisi gün məktub yazıb təyin edilmiş tarixi
iki il, ən yaxşısı isə üç il geriyə atmağı xahiş edəndə çox az
kədərlənir. Görünür, Lika Mizinova Çexovu daha sevmirdi. İnsan
qəlbinin mahir bilicisi olan Anton Pavloviç Çexov yazıq qadına düz
10 il işgəncə verir. Ancaq tale ona elə bir nikah hazırlamışdı ki,
yazıçı sevimli insanın laqeydliyindən əzab çəkməyin və iztirab
içində yaşamanın nə olduğunu öyrəndi.
Yeni tamaşa
Çexov Olqa Leonardovna Knipper ilə MBT-də (Moskva Bədii Teatrı)
tanış olur. O, "Çayka" əsərində oynayırdı. Aktrisanın 29, Çexovun
isə 37 yaşı var idi. Knipper MBT-nin direktorlarından biri
Nemiroviç-Dançenkonun, Andreyevna isə digər direktorun, Sabba
Morozovun sevgilisi idi. Əgər baş rol Knipperə təqdim olunardısa,
Savva Timofeyeviç teatrı pulla cərimələyirdi. Stanislavski
münsiflər məhkəməsində çıxış etməyə çalışır və Nemiroviçə yazırdı:
"Andreyeva yaxşı aktrisadır. Knipper isə son dərəcə lazımlıdır".
Tezliklə iş o yerə çatdı ki, həmdirektorlar bir-birilərinə heç
salam da vermirdilər. Rəqiblər isə özlərini elə göstərirdilər ki,
guya rəfiqədirlər. Bir dəfə zarafatla püşk də atmışdılar: məşhur
yazıçılardan kim onların hansının payına düşəcək? Andreyeva
Qorkinin (bir neçə ildən sonra Mariya Fyodorovna həqiqətən də
Qorkinin sevgilisi olur), Knipper isə Çexovun adı yazılmış kağızı
götürür. Həmin vaxt Knipper Çexovu heç tanımırdı da. Ancaq hər şey
gerçək oldu!
Anton Pavloviç əvvəllər Lika Mizinova ilə oynadığı oyunu Olqa
ilə də davam etdirmək fikrindəydi. Onu Melixova, sonra isə Yaltaya
(xəstəliyi şiddətləndiyindən Çexov ora köçmüşdü) yanına dəvət edir.
Eynilə Lika ilə olduğu kimi ikilikdə gəzir, zarafat edir, yeni
tanışına yarımsevgi məktubları yazırdı. Və əvvəlki kimi məhəbbətlə
cismani tələbatları qarışdırmamağa üstünlük verir, Olqanı özündən
mümkün qədər kənarda, yalnız və yalnız platonuk sevgili
mərtəbəsində saxlayırdı. Ancaq belə zarafatlar Knipperlə keçərli
deyildi.
Müasirləri Olqa Leonardovnanın hiyləgər və tutduğunu buraxmayan
bir qadın olduğunu qeyd edirlər. O, Likadan böyük və təcrübəli idi,
məhəbbət onun ağlını başından almırdı, həm də böyük
yazıçı-dramaturqun arvadı olmaq statusu onun teatrdakı mövqeyini
xeyli dəyişərdi. Deyirlər ki, sevgilisi Nemiroviç də Knipperin
taleyinin yoluna qoyulması, yəni Çexovla evlənməsi üçün çox
çalışırdı, onlara teatra bağlı bir dramaturq lazım idi.
Qürubun astanasında
Çexovun evində Olqa lap başdan özünü gələcək sahibə kimi
aparırdı: bacısı və anası ilə birlikdə naharın, qonaqların
yerləşdirilməsinin qayğısına qalırdı. Çexov onun əlindən Avropanı
tənha gəzməyə çıxanda narazılıq və incikliyini büruzə verməkdən
utanmırdı. Lika üçünsə bu, ağlasığmaz ədəbsizlik demək idi. Olqa
Çexova yazırdı: "Bir halda ki, mənim yanımda olmalısan, nə üçün
getmisən?" Ən əsası isə odur ki, o, romantik tanışlıqlarından iki
il sonra yarı yalanlar, yarı doğrularla onun sevgilisi, sonra isə
arvadı olmağı bacardı. Olqa Leonardovna yazıçını qətiyyətsizlikdə
qınayırdı, Çexov isə, görünür, artıq "əbədi" sözündən qorxmurdu. O,
ölümcül xəstə idi və bilirdi ki, ömrünə az qalıb.
Həm də Olqa teatrı tərk edib Yaltaya onun yanına yığılmaq
fikrində deyildi. Çox güman ki, o, Çexovun bir zamanlar arzusunda
olduğu kimi arvad olacağına – ay tək onun səmasında hər gün
doğmayacağına söz vermişdi.
Hər gün doğmayan ay ilə nikah
Onlar Moskvadakı kiçik kilsələrdən birində evlənirlər. Yalnız
mərasim üçün vacib şəxləri dəvət edirlər: gəlin tərəfdən qardaşı və
dayısı, bəy tərəfdən isə hansısa təsadüfi iki tələbə. Vərəmli
xəstələrin qımızla (at südündən hazırlanan içki – tərc.) müalicə
aldığı Kamada keçirdiklləri bal ayından sonra Olqa Moskvaya
yollanır. Orada isə artıq Knipper-Çexov familiyası ilə axır ki,
Andreyevaya qalib gəlir, MBT-nin aparıcı aktrisası olur. Çexov isə
Yaltada anası və bacısı ilə birlikdə yaşayır, onların yorulmaq
bilməyən, fədaakar qayğısı ilə əhatə ounur. Əlbəttə, arvadı ona baş
çəkirdi, lakin teatrdan başı açılanda, məşqlər imkan verəndə. Teatr
isə Stanislavski və Nemiroviç-Dançenkonun göstərişi ilə ildə
təxminən 2-3 dəfə icazə verirdi. Çexov özü Moskvaya, arvadının
yanına getməli olurdu.
Taleyin qisası
Olqanın mənzili üçüncü mərtəbədə idi və dik pillələrlə hər dəfə
qalxmaq Çexovun ən azı yarım saatını, son gücünü və sağlamlığını
alırdı: ürəyi çırpınır, boğazından fitəbənzər səs çıxırdı.
Tanış-bilişlər təəccüblənirdilər: mənzili dəyişmək olmazdımı? Olqa
isə hər dəfə cavab verirdi ki, bura mənə rahatdır.
Çexov yenidən Yaltaya qayıdır və oradan yazır: "Mənə elə gəlir
ki, mən heç olmasa gecənin yarısınacan burnumu sənin çiyninə
söykəyib yatsam yüngülləşərəm, kefim açılar. Mən sənsiz istədiyim
kimi ola bilmirəm. Əziz Olqa, nədən mən səninlə deyiləm?"
Görünür, xəstəlik və zəiflik onu əvvəllər çox böyük dəyər
verdiyi tənhalıq və sərbəstliyə başqa cür yanaşmağa vadar etmişdi.
İndi istəyirdi ki, arvadı hər gün yanında olsun. Arvadı isə heç də
buna can atmırdı. Olqa etiraf edirdi: "Sənin qarşında günahkaram.
Məndən sənə nə arvad? Bir halda ki səhnədəyəm, tək qalmalı və heç
kimi incitməməliyəm". Elə buradaca mövzunu dəyişir və Çexovu MBT
üçün yazdığı növbəti pyesi – "Albalı bağı" pyesini tamamlamağa
tələsdirirdi. Bəli, Çexov sevimli arvadı üçün yazdığı pyesi
tamamladı, yarım ildən sonra isə Almaniyada vəfat etdi. Xəstəliyi
kəskinləşəndə, demək olar ki, son anda, heç bir ümid yeri
qalmadıqda yazıçını oraya, vərəm üzrə ən yaxşı mütəxəssislərin
yanına göndərmişdilər. Çexovun dəfnində bütün Moskva iştirak
edirdi. İnsan axını o qədər çox idi ki, anası ilə bacısı cənazəyə
çətinliklə yaxınlaşa bildilər. Mizinovaya isə heç bu da qismət
olmadı.
O vaxt Lika MBT-nin rejissoru Aleksandr Saninlə evli idi. Onun
toyu, demək olar ki, Çexovun toyu ilə eyni vaxtda olmuşdu. Ancaq bu
evlilik, görünür, Likanı da xoşbəxt etməmişdi. Deyirlər ki, o,
içkiyə qurşanmışdı.
Ərinin ölümündən sonra özünü tez ələ alan Olqa Knipper-Çexova
isə ondan sonra 55 il xoşbəxt yaşadı: uzun illər uğurla səhnədə
oynadı, təbii ki, buna səbəb təkcə gözəl istedadı deyil, həm də dul
Çexova statusu idi. O, uzunmüddətli sevgi macəraları yaşasa da, bir
daha ərə getmir.
"Kişi və qadın bir-birilərini sevdilər, evləndilər və
bədbəxt oldular..."
Deyirlər ki, Çexovun "Məhəbbət haqqında" romanı belə başlamalı
idi. Bu sözləri çox vaxt Çexov və Knipperin nikahından danışanda da
misal çəkirlər.
A.P.Çexovun rəsmi varisi yoxdur – ancaq o, hər halda özündən
sonra bir övlad qoyub. Yazıçı Olqa Leonardovna ilə macəra yaşadığı
zamanlarda ilk şəxsi teatrın direktoru Fyodor Korşun qızı Nina
1900-cu ildə Çexovdan bir qız dünyaya gətirir və o da atası kimi
həkim olur.