"Səfillər" layihəsində
Yaşadığım yerə yaxın olduğu üçün görüşəcəyim adamlarla
çox vaxt "Əhmədli" metro-stansiyasının ətrafını vədələşirəm. Bu
dəfə də çoxdan görmədiyim tanışımla qısa bir görüşə gəlmişəm. Gəlib
çıxmaq bilmir. Sonradan məlum olur ki, daha vacib işi olduğuna görə
görüşü başqa vaxta təyin etməliyik.
Razılaşırıq. Gözlərim qeyri ixtiyari burada dilənən qoca qadını
axtarır. O qadını həmişə müşahidə edirəm. Buradadır. Üzü gülür...
Elə bir sevinc içindədir ki... mən də gülümsəyirəm. Haradansa xoş
xəbər gəlib, elə bil, bu qadına. İllərlə görmədiyi, səsini
eşitmədiyi adamının xəbərini almış kimidir bu qoca dilənçi. Ətrafa
baxır, hər kəslə bu sevinci bölmək istəyir, sanki.
Onun bu ovqatı müqəddəs Ramazan bayramının ilk günündə mənə də
hopur. Fikrim dağılır, eynim açılır. Bayramın gətirdiyi xoş əhval
ruhiyyə mənim də üzümə çilənir. Nə yaxşı bu insanın üzündə sevinc
hissləri gördüm.
Dilənçi qadın daima oturduğu yerdə əyləşib – "Əhmədli"
metro-stansiyasından "Bakı" kinoteatrına qalxan səkinin qələbəlik
olan yerində. Kürəyini marketlərdən birinin şüşə divarına söykəyib.
Qarşısındakı plastik qabın içində xeyli qəpik və manatlıqlar var.
Ətrafa baxaraq gülümsəyir, manatlıqları dəstələyib yığır. Çirkli
donun içinə, qoynuna aparır. Qəpiklər isə qabın içinə atıldıqca səs
edir. Bu dəfə qəpik atanlar da azdır. Əksəriyyət kağız əskinazları
qarıya uzadır. Qarının sığala çəkərək dəstələdiyi kağız pulların
içərisində 10 və 5 manatlıqlar da nəzərə çarpır.
Görəsən bilirmi ki, bu gün fitrə çıxarılan gündür və ətrafda
yaşayan insanlar fitrəni məhz əlsiz-ayaqsız, dilənçi, səfil,
dolanışığı zəif olanlara verirlər? Fərqinə də varmır deyəsən. Ona
pul verənlərə təşəkkürünü də bildirmək yadından çıxıb sanki.
Əvvəllər hər atılan qəpiyə "sağ ol, Allah əvəzini versin", - deyən
qadın, indi arada, özü də cəm şəklində təşəkkür edir:
- Allah cibinizə bərəkət versin, balalarınızı saxlasın!
Sonra da yenidən topladığı pulları çinləməklə məşğuldur.
"Yaxınlaşımmı?" - fikirləşirəm. Bu qadının görkəmindən yağan
miskinliyin fonunda üzündəki təbəssüm yetərincə boldur. İlahi,
insanı belə günə salıb sevindirməyin də varmış, sənə şükür!
Sallaqqarın
Qadına yaxınlaşan hündürboy, sallaqqarın kişi nəzərimi cəlb
edir. Onun arxayın yerişi olsa da, gözaltı ətrafa fikir verir.
Arxayınçılığının arxasında bir narahatlıq da var.
"Görüm bu boyda vücudun sədəqəsi nə olacaq, sonra
yaxınlaşıb qadınla söhbət edərəm", – fikrimdən
keçirirəm.
Əlimdə iki ədəd 20 qəpiklik də tutmuşam.
Sallaqqarının təxminən 40-45 yaşı olar. O, qadının qarşısında
dayanır. Bir metrlik məsafədən gah dəmir pulların cingilti saldığı
qaba, gah da qadının bayaqdan pulları qoyduğu qoynuna baxır.
Yaşı ötmüş, çirkin-pasağın içində olan qadın hələ də ona verilən
sədəqənin sevincinə bürünüb. Və birdən onun sifətindəki sevinc
"kilidləndi", donub qaldı. Qadının çöhrəsindəki təbəssüm necə boy
verirdisə, eləcə də geri çəkildi. İndi qadının sifətinin qırışmış
dərisinin içərilərinə tərəf çəkilən sevincin əriməsinin, yox
olmasına diqqət verirəm. Nə oldu buna? Qadının dodaqları qapandı,
insanlara etdiyi minnətdarlıq sözləri də dişsiz ağzına tərəf əyilib
içəri girən dodaqlarının arasında "qurudu". Baxışlarını tuturam.
Qadının qorxaq baxışları qarşısında dayanan sallaqqarın kişinin
ayaqqabılarına və bir qədər yuxarı, kişinin dizlərinə qədər
qalxır... Bu baxışlar daha yuxarı qalxmaqdan qorxur, çəkinir
sanki... Bu qadın həmin ayaqqabıların sahibini tanıyır və ondan
ehtiyat edir...
Uğursuz cəhd
Qadın yavaşca başını yuxarı qaldırdı. Kişiyə fikir verdi. Kişi
ona nə isə dedi. Arada ianə verənlər var. Bu baxışlar onları
görmür. Qadın qorxur. Çəkinərək ətrafa baxır və qarşısındakı qabı
sallaqqarına göstərir. Kişinin üzündə kinayəli təbəssüm dolaşır.
Onların söhbətini eşidə bilmirəm. Qadın yenə də qorxaq siması ilə
geri çəkilir. Oturduğu yerdən dala dartılır. Kürəyi qalın şüşə
divara söykəndiyindən bu cəhd uğursuzdur. Əlini qoynuna aparır.
Dəstələnmiş xeyli pulu sallaqqarına verir. Sallaqqarın pulları
eləcə alıb şalvarının cibinə qoyur və əlini yenə də irəli uzadır.
Qadın bu dəfə əlini nimdaş corabının boğazına aparır. Oradan da bir
com pul çıxarıb kişiyə verir. Kişinin sifətinin təbəssümü böyüyür.
Qadına ehmalca barmaq silkələyir, yolun qarşı tərəfinə keçib
maşınına əyləşir. Qadının onu aldatmaq cəhdi uğursuz olur.
Kişinin ardınca gedirəm. Bu adamı izləmək keçir könlümdən...
Nəvaziş
Sallaqqarın idarə etdiyi "Opel" markalı maşını "Xalqlar
dostluğu"nun yaxınlığında, "Babək" prospektinə enən yerdə dayanır.
Düşür və metro istiqamətində gedir. Mən də onun ardınca maşınımdan
enərək gedirəm. Kişi metronun çıxacağında avtobusların dayandığı
yerdə dayanır. Az keçmir, 13-14 yaşlı üstü-başı cırıq, qolu
dirsəkdən yuxarı bağlı bir oğlan uşağı ona yaxınlaşır. Sallaqqarın
uşağın saçını tumarlayır. Oğlan uşağı əlini şalvarının arxa cibinə
salıb təxminən 30 manata yaxın pulu ona verir. Üzünə baxıb
gülümsəyir. Sallaqqarın uşağın arxasına ərklə yumşaq şillə vurur,
yəni, get işinlə məşğul ol. Oğlan sarıqlı qolunu boynundan asılan
güllü yaylığın içinə salır. Yazıq görkəm alıb özünü adamların
qələbəliyinə verir.
Bu minvalla iki uşaq da Sallaqqarının sığalından məmnunluq
duyur.
O mənim atamdır
Kişi kimə isə zəng edir. Yaxın gəlirəm. Danışığından məlum olur
ki o, kiminləsə mütləq görüşməlidir. Amma telefonda danışdığı
adamın dediyi yerə gəlmək üçün o, mütləq evə dəyməlidir:
- And olsun bu əziz günə, belə gələ bilmərəm. Mütləq evə
dəyməliyəm...
Və tələsik maşınını saxladığı yerə tərəf gedir. Onu söhbətə
tutmaq imkanım olmur.
Qolu sarıqlı oğlanın yanına qayıdıram. Yanıma çağırıb, adını
soruşuram.
- Adım nəyinə gərəkdir, neynirsən mənim
adımı?
Sonra da yazıq görkəminə bir az da məzlumluq verir:
- Anama dərman pulu yığıram.
Cibində "Vest" siqareti görünür. İşarə edib, deyirəm:
- Siqaretə pul verincə, dərmana saxlayadın
da...
Sözümün ardına qulaq asmaq istəmir. Aralanmaq istəyəndə "yaralı"
qolundan tuturam. Bir anın içində qışqırığı aləmi götürür:
- Ay dədə, öldüm, sınıq qolumu sıxdın, indi qanayacaq...
Bir anda ona qahmar çıxanlar tapılır. Məni qınayırlar:
- Saç-saqqalından utanmır, yetimi incidir.
Bu yetimin qolunun sınıq olmadığını, indicə diləndiyi pulu bir
nəfərə verdiyini desəm də, mənə fikir verən olmur.
- Bu uşaq və başqaları bir şəbəkənin üzvləridir. Bunları
küçəyə salıb diləndirirlər, - deməyim özümə qalır.
Uşaq isə uzaqdan:
- Yalançının... O mənim atamdır. Anama dərman alması üçün ona
pul verdim, - deyir. Qolunun sınıqlığı yadından çıxıb, əlinin
arxası ilə üzünün çirkli tərini silir.
O, pis adam deyil
Metronun yanına qayıdıram. Qadının oturduğu yerə yaxınlaşıram.
Əvvəlki yerində oturub. Qarşısında yemək var. Pomidor çığırtması
yeyir. Adamlar yenə də onun qarşısındakı plastik qaba pul atır.
Artıq verilən pullar fitrə pulu deyil. Güman ki, fitrəsini
çıxaranlar artıq tükənib. Bu dəfə isə qaba ancaq qəpiklər daxil
olur. Qarının sifətində donuq, lakin bir qədər rahat ifadə var.
Görünür, yediyi yeməyin mədəsinə verdiyi rahatlıq onu toxtadır.
Yeməyini yeyir, torbasından balaca termos çıxarıb özünə çay süzür.
Yaxınlaşıb salam verirəm:
- Necəsən, ay xala, nuş olsun.
- Sağ ol, ay oğul.
- Bayaq o kişi kim idi qanını elə qaraltdı, pullarını
əlindən alıb apardı. Əsəbiləşdim yaman. Əziz gündə, camaat sənə
fitrə verir, o isə əlindən alır.
Qadın yazıq görkəm alıb sifətimə baxır. Çay stəkanını
dodaqlarından ayırıb:
- O, pis adam deyil... mənə çox kömək edib. Qoca arvadam,
pensiya kartımı da itirmişdim. O, təzəsini aldı.
- Adı nədir o yaxşı adamın? Bir nəfər adam var,
pensiyaya çıxa bilmir, kömək edərdi.
- Adı Abuzərdi. Lap əvvəl milisyədə işləyib. Ona görə dostları
çoxdur. Tapşırıb, bizə dəymirlər.
- Bizə deyəndə, siz neçə nəfərsiz ki... burda təksən
axı.
- Başqa adamlar da var. Onların arxasında durur. Çoxdur,
dədəsiz-nənəsiz yetimlər. Əllərini çörəyə çatdırır. Sonra da
adlarını "uçilişə" yazdırır, dərsə də gedənlər olur. "Dokument"
alırlar, adam olurlar, əsgər də olurlar.
- Axı, gördüm, sən ondan pul gizlədirdin, o tapdı,
çıxartdı. Siz onun üçün işləyirsiz?
- Yox, özümüzçün işləyirik. Ona da pul veririk. Axşam gəlib
maşınında aparacaq bizi. Səhər tezdən də gətirib ya bura, ya da
başqa yerə qoyacaq.
Qadınla söhbətimiz çox da uzun çəkmədi. Başa düşdüyüm o oldu ki,
bu adam kimsəsiz olduğuna, övladları tərəfindən atıldığına görə
belə işbazların himayəsi altında dilənçilik edir. Acınacaqlı
idi...