Yuxarı

İki yüz minlik işi 1430 manatlıq teleqramla həll edən adam - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki yüz minlik işi 1430 manatlıq teleqramla həll edən adam - Foto

Ona eləcə "Məhi" deyirlər. Əsl adı, soyadı isə Məhərrəməli Rzayevdir. Yaşadığı rayonda çox məşhurdu, onu tanımayan az adam olar. El arasında ona Məhi Xalqoğlu deyirlər. Bu haqda qəhrəmanımız söhbət zamanı özü deyəcək.

Məhi indiki Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub. 1977-ci ildə kasıb kəndli balası verdiyi bütün imtahanlardan əla və yaxşı qiymətlər alaraq arzularının ardınca düşür. Lakin bədxahlar gənc tələbə tarixçinin arzusunu gözündə qoyub, onun kövrək qanadlarını qırırlar. İşgüzarlığı, prinsipiallığı diqqəti çəkir. Onu qarovul rəisi qoyurlar. Bu addımı atanlar yanlışlığa yol verdiklərini sonra başa düşəcəkdilər. Gənc tələbə qarovul rəisinin əli ilə çirkli niyyətlərini gerçəkləşdirmək istəyənlər başağrısı olan bu gəncdən qurtulmağın yolunu axtarırlar. Pul, çıxarılıb qara bazara ötürülən mallardan gələn qazancın müəyyən faizi ona təklif olunur. Məhi "yox" deyir. Özünü gələcəyin raykom katibi kimi görən Məhərrəməli Rzayev o dövr respublikaya başçılıq edən Heydər Əliyevin sözləri ilə onları tərksilah edir:

- Respublikada korrupsiyaya qarşı, rüşvətxorluğa qarşı mübarizə gücləndiyi bir vaxtda bu, nə oyundur, oynayırsız? Mən Qarovul rəisi olaraq bir yivin belə qanunsuz olaraq zavoddan kənara çıxarılmasına yol vermərəm.

Elə həmin mübarizənin də qurbanı olur. Saxta sənədlərlə hansısa detalı bayıra çıxarmağa nail olanlar yalançı şahidlər tapıb Məhinin rüşvət alaraq buna rəvac verdiyini "sübut" edə bilirlər. Haqsızlığın qurbanı olan bu günün Məhi Xalqoğlusu 1978-ci ildə Azərbaycan SSR-in Cinayət Məcəlləsinin 170.2 maddəsi ilə təqsirkar bilinir və 10 il müddətinə azadlıqdan məhrum olunur. Cəzasını günə-gün, özü də kişi kimi çəkib gəlib. Heç kəsin qarşısında gözükölgəli olmayıb. Onun dili iti, əli uzundur. Vuran əli də var. Arada araq da içirdi. İndi içkini demək olar atıb. O, çoxlarının aça bilmədiyi qapını açır, cürət edib baxa bilmədikləri qapını döyür.

Əminliklə demək olar ki o, ötən əsrin əvvəllərində yaşasaydı, qaçaqçılıq edər, dağlara, meşələrə çəkilib məzlumun, zəifin haqqını qoruyardı. Necə ki bu gün də o işlə məşğuldur. Sadəcə, dağlara çəkilməyib. Heç "aynalısı", Boz atı da yoxdur. Amma özünün dediyi kimi, boz sifəti var. Elə bu boz sifətlə, cəfakeş və haqsızlıqla barışmayan ürəyi ilə doğulub böyüdüyü Cəlilabadın Sabirabad kəndində özünün sadə kənd evində oturub və haqqı nahaqqa verənlərə başağrısına çevrilib.

Məhinin soyuq havalarda pencəyinin, istilərdə isə köynəyinin döş cibində qələmi olur. Onun silahı bu qələmdir. Divin canı şüşədə olduğu kimi, onun da gücü, qüvvəsi qələmindədir. O, yazır. Yazır və yazdığının arxasında da durur. Söz düşəndə çəkinmədən deyir:

- Yazın və haqqınızı tələb edin. Dəvədən böyük fil var, sizin işlərinizi əyənlər, haqqınızı yeyənlər isə çaqqal-çuqqaldır. Çaqqala güllə atmaq özü acizlikdir. Çaqqalı ayağını yerə möhkəm vurmaqla qorxuzmaq olar. İt kimi qorxaqdırlar, qısnadın, quyruqlarını paçalarının arasına soxacaqlar.

Düşmən basıldı...

Məhi ilə bu günlərdə yaxın bir adamın hüzr məclisində görüşdüm. Hal əhval tutduqdan sonra yazılarımdam xeyli bəhs etdi. Sonra da:

- Sən Allah, incimə, zəng etmişdim ki, material göndərim, dərc edəsiz. Amma düşmən basıldı. Oğuz elinin qisası yerdə qalmadı. Namərd Aruzun özünün adamlarını minnətçi salması işlərin yoluna qoyulması ilə başa çatdı, - deyib yarızarafat üzrxahlıq etdi.

Ərkinə ərklə yanaşdım:

- Nə məsələydi, ay Məhi?

- Bir yazıq adam var. Düzdür, imkanlıdırlar. Amma fağırdılar. Qardaşlığa biznesləri, xeyli pul-paraları var. Basıb əllərindən alırdılar. Gəldilər mənim yanıma, mən də qolumu çırmaladım, girişdim işə...

Bilirdim ki, Məhi bu işə girişibsə, demək, yaxşılığa nə isə edə bilib. Maraqlandım:

Cibdən çıxan 3 kilo "ağ"

- İnşallah, nəticəsi yaxşı olub. Amma yenə də, nə idi qardaşların bəlası?

- Bu qardaşlar Rusiyada işləyib pul-para qazanıb gəliblər Vətənə. Bizdə Mehman adlı "Narkobiznes" vardı ha, sonradan çıxartdılar, bax o necə olursa, qardaşlardan birinin cibindən 3 kilo "ağ" çıxardır. Küçədən toplanan şahidlər yazığın üzünə durur. Bu əfəl də işi böyüməyə qoymur. Mehmanın diktəsi ilə yazır ki, bu "ağ"ın onun "cibinə" düşməsindən xəbəri olmayıb. Amma o faktla da razılaşır ki, mal bundan tapılıb. Beləcə, çöldən-çölə 20.000 manat verib, canını qurtarır. Lakin ifadəsini geri almır. Beləliklə, hər kvartal, bu qardaşları yelinli inək kimi sağırlar. Bir dəfə də bazarda alver edərkən, cibindən 4,5 qram narkotik "tapılır". Getdikləri Kərbəlaya, Həcc yoluna, Məşhədə and içirlər, amma heç bir faydası olmur. Bu dəfə də 20.000 manat verirlər. Bu basqılardan canlarını götürüb Bakıya gedirlər. Amma yağlı tikəni əldən vermək olmazdı. Yenə tapıb, təhdid edib, qorxuzub təşvişdə saxlayırlar. Bax, bu yazıqlar beləcə pul qazanıb gətirib verirlər bu nainsaflara..

Özünü qaldırır göyə, çırpır yerə

Artıq yas məclisində olanların bəzisi Məhiyə diqqət kəsilib. Mollanın danışdığı min illərin o tayından gələn hədislər onlara maraqlı gəlmir...

- Ay Məhi, bəs bunlar heç kəsə şikayət etmir?

- Edirlər. Amma şikayətə qulaq asanlar da deyir, filan qədər ver, görüm nə edirəm.

- Axırı səni tapdılar...

- Bu dəfə isə tamam başqa bir məsələdir. İndi o Mehman deyilən, öz rəisi olan generalla düz demir. Mehmanı "vurmaq" lazım gəlir. Necə etsinlər? İlişməyə bir şey lazımdır axı... Yada düşür ki, bəs filankəs var, Mehmandan şikayət edirdi. Tapırlar bu qardaşlardan birini. Zəif yerləri də ki, məlum. "Naxadu" cibindən 4 qram nəşə çıxır. Yazıq özünü qaldırır göyə, çırpır yerə, deyir, məndə belə şey ola bilməz. Kimə deyirsən, yazıb pozurlar və yumşaq yeri qalır iki qapının arasında. Şərt qoyurlar, əgər sən Mehmanın üzünə dursan ki, səni aldadıb, 3 dəfə səndən 20.000 manatı alıb və deyib ki, generala çatır, onda səni boşlayacağıq. Bu yazıq da deyir ki, mənim nəslimdə üzə duran olmayıb, qatmayın məni bu işə. Razılaşmadığını görüb yenidən 20.000 manat alırlar ki, işi bağlasınlar. 4 aydan sonra yenidən gəlirlər, yazdığı ifadəni göstərib pul tələb edirlər. Bax onda məni tapdılar. Dedilər, sənə 100.000 veririk. Bizi bu bəladan qurtar. Mən də dedim ki, mənə bir qəpiyiniz də lazım deyil. Sadəcə, mən düşürəm işin ardınca, siz məni "podvadit" etməyin. Kişi sözü verdilər. Sonra dedim, hadisəni olduğu kimi danışın, danışdılar. Gördüm bunları kor inək kimi eydirə-eydirə sağıblar e... Çindən, Türkiyədən mal gətirib, biznes qurub, qazanıb verirmişlər bu narkobiznesin əməkdaşlarına.

"Optovoy" oxunan yasin

Məhi ara verir danışıqlarına. Ona salam verib, ərk edib söz atanlara qısa, lakin kəskin cavab verir. Yas mərasimi olduğundan vaxt tapıb mollanın dediklərinə də münasibət bildirir. Uca səslə:

- Bax, o başda oturan qondarma molla var ha, bizim dildə sözü düz tələffüz etmir, ərəbcə necə oxuyacaq? Özünü savadlı adam kimi aparır. Əsas məsələ qalır qıraqda, sidikdən qabaq namaz qılmaq olar, ya yox, adam öləndə dişi qanayırsa o qan murdardır ya caiz? - soruşur. Ya da deyəcək ki, ölünü basdıranda vacibat məsələ filan şeydir. Amma dirinin başına yüz oyun açacaq. Cümə günləri oturur ağacın kölgəsində yasin pulu yığır. Sonra "optovoy" oxuyur yasini.

- Məhi, day olmadı ki, "optovoy" da yasin oxumaq olar?

- Niyə olmur. Bunlar oxuyar, görərsən ki, olar. Demək, kimdən pul alıbsa, onların ölülərinin adını möhkəmdən çəkir və yasini oxuyur. Sonra da qəbiristanlıqda qırğın düşür. Ölülər hamısı cumur o oxunan bir dənə yasin surəsinin üstünə. Hansı tez "uspet" elədi, onundur. O birilərinə çatmır, – yavaş səslə, amma ürəkdən gülür.

Gələcək nəsli tərbiyələndirmək

Fatihə verildiyindən çadırdan çıxırıq və Məhi mövzusunu davam etdirdi:

- Kənddə iki məscidimiz var, camaatdan pul yığıblar. İndi biri evdə olmayıb da, Rusiyada, yaxud daş karxanasında çörək qazanmağa gedib, gec gəlib. Məscid üçün pul verir, götürmürlər. "Sən siyahıya düşməməlisən. Yerlər dolub". Ay başuza dönüm, məscid kino-teatrdı ki, yer dola, ya boş qala? Həmin adamın hüzrü düşür, yas çadırını vermirlər... özlərini də Allahın qulu adlandırırlar. Allah niyə barmağını salıb bunların gözünü çıxarmır, bilmirəm? Amma, qurban olum Allaha, o da bilir nə edir. Gələcək nəsli tərbiyələndirmək üçün əyani vəsait kimi bunları buraxıb kəndin içinə. Day uşaqlarımıza repetiter lazım deyil. Bax, bunların vücuduna, hərəkətinə, tamahına və dərsini al...

Sonra da əlini yelləyib davam edir:

- Allah neynəsin e... girinc qalıb, özü yaradıb axı, yaratdığına barmaq silkələmir, binəva fağırın isə daş olub başına...

1430 manatlıq teleqram

Söhbəti əvvəlki mövzunun üstünə gətirirəm:

- Məhi, sən nə etdin axı, narkobiznesin adamları bunlardan əl çəkdi?

Məhi mollaları tənqid etməkdən hələ əl çəkmir:

- Kəndin o biri başının məscidini dəmirçi Ramazanın dədəsinin həyətində tikiblər. Allah xeyirlərini versin, nə niyyətlə tikiblər. Amma Ramazanın nəvəsinin hüzrü düşüb, çadırı vermirlər ki, sən pul qoymamısan. O biri məscid çadırı verəndə gördülər biabır olurlar, göndərdilər, – deyir, sonra üzünü mənə tutur, - getdim Biləsuvara. O adamı da götürdüm. Düz 1430 manatlıq teleqram vurdum. Azərbaycanda elə bir məmur qalmadı ki, ona zərərçəkmişin adından yazmayam. Özü də hadisənin məğzini açmadım. Yazdım ki, filankəslər mənə haqsızlıq edir. Tökülüb gəldilər. Əvvəlcə rayondan, sonra Bakıdan. Xox gəlmək istədilər, "xox"larından da teleqram vurdum, mötəbər bildikləri adamların adından hədə-qorxu gəldilər, həmin adamdan da yazdım. Dedim, a kişi, mənə hədə-qorxu gəlməyin. Bu adamda əgər narkotik tutulubsa, niyə 5 ildir azadlıqdadır? Yox əgər tutulmayıbsa, niyə narahat edirsiz? İndi hər şey yaxşıdır. Mənə bilirsən, nə ad veriblər?

İlhamənin verdiyi qondarma ad

- Yox, bilmirəm.

- İlhamənin verdiyi qondarma adlardan deyil e, mənim adım. Mənə xalq verib bu adı. Məhi Xalqoğlu! Mənə Xalqın oğlu adı verilib, bu, bəsimdir.

- Bəs sənin o boyda zəhmətinin müqabilində qonorar verdilər?

- Gətirdilər. Allaha and olsun, bir selafon paketə bükülü pul idi. Götür, dedilər. Dedim, ayıb olsun. Mənə qəpiyiniz də lazım deyil. Sadəcə, onların işi ilə bağlı beş-altı dəfə zəng vurmuşdum. 5 manatlıq kontur aldırdım. Mən pul götürsəm, olardım onların tayı. Həyətim, torpağım var, əkib becərirəm. İş yerim var, maaş alıram. Balalarım ali təhsillidir. Nəyimə lazımdır adıma ləkə gəlsin? Mən o qardaşlara dedim, dedim ki, bu mənim səhhətimin müalicəsidir. Kiminsə haqqını müdafiə edə bilirəmsə, demək müalicə olunuram, sağalıram...

Sonra üzünü mollalar tərəfə tutdu:

- Bunlar məni az qalırdı öldürə. Məsciddə aşura vaxtı pul yığılmışdı. O pulları apardım, yetim var, şikəst var, onlara payladım. Dedilər niyə verirsən, bəs biz Quran oxuyub, namaz qılırıq, bizə çatmalıdır. Mən məscidə pul vermirəm, verməyəcəm də, aparıb yetim-yesirə verəcəyəm...

Tarix
2014.08.09 / 18:04
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla