Yaxın tanışım Rafiqlə yayın istisinin acığını sərin pivə ilə
çıxdığımız bir vaxt, onun zarafatla dediyi sözləri ciddi olaraq
qəbul etdim. O, növbəti yazımı oxuyubmuş və qəhrəmanımın taleyi
onun çox maraqlandırıbmış. Elə ona görə də:
- Sənə bir qadın haqda danışsam yazarsan? – soruşdu. Cavabımı
gözləmədən də o qadının kimliyi haqda danışmağa başladı: - Yaşı
80-ni keçib. Bir qızı var, ərdədir. Yeznəsi yola vermir.
Qohumlarına sığınır, özü də tez-tez qaldığı yeri dəyişir.
Bədbəxtdir.
O qadını haradan tanıdığını soruşdum.
- Qızı qayınanamla sinif yoldaşı olub, sonra da "Lenkombinat"da
bir yerdə işləyiblər, – dedi.
Bir pivə qonaqlığına...
Sonra da qar pivədən bir-iki qurtum alıb əlavə etdi:
- Onun heç qohum-əqrəbası da yoxdur. "Detdom"da böyüyüb.
Müharibədən sonra aclıq zamanı Bakıya gətiriblər. İki bacı imişlər.
Yaşları müxtəlif olduğuna görə uşaqları ayrı-ayrı uşaq evlərinə
qoyublar. Bacılar bir-birindən ayrı düşüb. Xumar arvad sonralar
sərnişin qatarında bələdçi işləyib. İş yoldaşına da ərə gedib. Amma
əri onu atıb. Sonralar da uzun müddət eyni qatarda bələdçi
olublar... - Ona diqqətlə qulaq asdığımı görüb əlavə etdi: - Bir
pivə qonaqlığı səndən, tanış edim, yaz.
Razılaşdım. Amma Rafiq sonradan verdiyi sözün üstündən qaçmaq
istədi. Mənim təhrikimdən sonra: - Danışaram, - dedi.
Heç həftə keçməmişdi, mənə zəng vurdu:
- Səni Səməd Vurğun bağında gözləyəcək. Get, demişəm ki, veteran
kimi onun haqda yazı yazacaqsan...
Müdiriyyət məni çox istəyirdi
Səməd Vurğun bağında Dəmir Yolu İdarəsinin qarşısında oturmuşuq.
Onun idarədə nə isə işi varmış...
Xumar xala üzü qırışlarla dolu bir qadındır. Yaşının çox
olmasına baxmayaraq, oturaq həyat tərzi keçirmir. Bir qız övladı
var. Qızı da çoxdan nənə olub, yaşı 60-ı keçib. Özünün isə
oktyabrda 83 yaşı olacaq. Söhbətcil qadındır:
- Mən çox yaxşı işçi olmuşam. "Qramotam", "Zərbəçi əməy"im var.
Evimdə kağız-kuğuzdan ayaq qoymağa yer yox idi. Müdiriyyət də məni
çox istəyirdi.
Qəzetlərdə şəkillərinin olması, pionerlərlə görüşə getməsi,
vaxtı ilə "perodovik" kimi şəklinin şərəf lövhəsindən asılması və
sairdən danışmağa başladı. Məni isə onun həyatının acı tərəfləri
maraqlandırırdı:
- Ay Xumar xala, bunlar məlum. De görüm, nə vaxt bu
bələdçi olmaq istəyin yarandı. Mindin qatarlara, gəzdin bütün
ittifaqı?
- Buradan arayış alacaqdım. Aldım. Rafiqə zəng edib dedim
gəlsin, nəvələrimə, yəni Rafiqin uşaqlarına hədiyyə almışam,
aparsın. O da gəldi. Sonra da dedi ki, bəs bir müxbir tanışım var,
xahiş etmişəm səndən yazsın. Dedim, gəlsin, yazsın.
- Rafiq qohumundur?
- Rafiqin qayınanası mənə qızım kimidir... qanacaqlı uşaqdır.
Nəvələrimdən görmədiyim yaxşılıqları görmüşəm ondan...
Dəmiryolçuların geyimi xoşuma gəldi
- Necə oldu bələdçi işlədin?
- Mən "detdom"da, sonra da internatda böyüdüm. Bizi məktəbi
qurtaranda sənət məktəblərinə göndərərdilər. Hər məktəbin
nümayəndəsi gələrdi, uşaqlarla danışıqlar aparardı. Mənim xoşuma
dəmiryolçuların geyimi gəldi, könüllü yazıldım. Oğlanlar maşinist
oldu, qızlar "provodnik". Bir də gözümü açanda gördüm ki, ömrümü də
qatarlarda daşımışam o başa- bu başa...
- Yəqin sevirdin bu sənəti?
- O vaxtlar bütün sənətlər sevilirdi. Hər sənət haqda radioda,
klublarda keçirilən yığıncaqlarda danışardılar. Sənətin pisi olmaz
deyərdilər. Mən isə özüm gəldim... kim vardı ki, atam-anam sovet
hökuməti idi. İnternat məktəbində oxuduq, sonra da sənət dalıyca
gəldik. Yataqxanada yer verdilər. Yaxşı maaş aldım.
Anam ərinin
əmisi oğluna ərə getdi
- Harada idi ata-anan?
- Atamı gorbagor Hitler öldürdü. Anam ərinin əmisi oğluna ərə
getdi. İki bacı idik. Kəndin Şura hökuməti vardı, "ispolkom"u
vardı, bizi gətirib verdilər "detdom"a.
- Görmədin ananı?
- Yox, görmədim. Tel açıq olanda keçiblər o taya, İrana. Bizi
veriblər nənəmgilə. Nənəm də hökumətə deyib.
Xumar arvad danışır. Qırışlı sifətinə fikir verirəm. Amma heç
analı günlərinin xiffətini çəkənə oxşamır.
- Heç anandan sarı darıxmadın?
- Darıxırdım. Bacımı daha çox istəyirdim görəm. Görə
bilmədim.
53 il bu xarabada işləmişəm
Dodaqları
titrəyir, əli əsir. Gözümün içinə xeyli baxır və:
- Sən məni Ələtə gedən avtobusa mindirərsən?
- Xumar xala, səni ora öz maşınımda apararam. Narahat
olma. Dur gedək, söhbətimizi yolda edərik.
Maşınların park olan yerində nəzarətçi bizə yaxınlaşır. Xumar
xala təqaüdçü vəsiqəsini çıxarır:
- Ay uşaq, mən 53 il bu xarabada işləmişəm. İdarəmizin qabağdır.
Nə əlini açıbsan Yevlax qaraçısı kimi?..
Bu sözləri deyib qurtarana qədər mənim nəzarətçinin ovcuna
atdığım 20 qəpiklik artıq onun cibindəki qəpiklərin arasında özünə
yer etmişdi.
Ərim məni
qatarda qaçırtdı
- Xumar xala, sənin ərin də deyəsən iş yoldaşın olub
axı..
- Hə. Ağalı idi adı...
- Amma ağzın yanıqlı ondan, ürəklə danışmadın. Necə oldu
ailə qurdun, elçilərin qarşısına kim çıxdı...
- Məni elçi ilə, toyla almadı ki... qaçırtdı.
- Gəlini ya toyla aparalar, ya da qaçırdarlar...
evi-zadı vardı da. Sonra heç toy çaldırmadı?
- Yox e. Yox. O məni qatarda qaçırtdı. Demək, bizim qatar Tümenə
gedirdi. O da başqa vaqonda bələdçi idi. Sonradan bildim ailəsi
var. Davakar, pul qazanan idi. Yalamadan Rostova qədər vaqonlara
xuliqan-muliqan doluşardı. Həmin vaxtlar da kişi bələdçilərdən biri
həmişə gələrdi qadınlar olan vaqona. Həm bizi qoruyurdular, həm də
yaxşı pul qırırdılar. Bu başı batmış da gəlirdi mənim vaqonuma. Mən
yaraşıqlı idim də. Döşüm-başım ağız sulandırırdı. Elə deyirdi
evlənək. Xoşum da gəlirdi. Deyirdim, kənddə qohumlarım olmalıdır,
tap onlara de. Deyirdi yox. Bax, qalırdı belə. Arada əl-zad atırdı,
acılayırdım.
Yol məni
çəkib aparır
- Axır saqqızını oğurladı...
- Mənim heç saqqızım vardı ki, oğurlana? Hey kitab-zad
oxuyurdum. Rusca, Azərbaycanca... yol idi də gedib-gəlirdik...
Maşının güzgüsündən ona fikir verirəm. Düz qabağa baxır.
Gözlərini də qırpmır.
- Gözlərin yol çəkir, deyəsən.
- Mənim gözlərim yol çəkmir, bala, yol məni çəkib aparır. Bitmir
ki, qurtarmır ki, elə yollarda oldum. Hər şeyimi də yollarda
itirdim. Qızlığımı da, qürurumu da, qızımı da... hər şeyimi...
Çayıma "qlafilin" atıb, yuxuladıb...
- Heç sənin həyatında xoş gün olmadı?
- Ağalı məni və Zina adlı erməni bələdçini apardı öz vaqonuna.
Növbəti stansiyaya qədər 2 saata qədər vaxt vardı. Dedi, gedək
yemək yeməyə. Getdik. Kupedə əlavə də 4 işçimiz vardı. Qatar rəisi
və başqa bələdçilər. İki-üç nəfər ayaq üstə idi. Oturmağa yer yox
idi. Yedik, kişilər araq içdi, biz yox. Ağalı orda dedi ki, bəs
Xumarı qaçırmışam, ailə quracağıq. Zarafat bildim. Hamı güldü,
təbrik etdi. Mən də qoşuldum sevinənlərə. Sonra nə oldu, bilmədim.
Yuxudan ayılanda artıq günorta idi. Baxdım ki, çılpağam və... Oğraş
mənim çayıma qlafilin atıb, yuxuladıb, özünə arvad eləmişdi.
Hay-küy salmaq istədim. Onun bələdçi yoldaşı dedi ki, sən artıq
bizim gəlinimizsən. O sənin ərindir. İki həftəyə yaxın çəkdi Bakıya
dönməyimiz. Vaqondan düşəndə onun qadını idim... Mənim xoş günüm
ola bilərdi heç?..
Qızımı yoldan çıxarıb
- Ana oldun...
- Kaş olmayaydım. Qızım heç baxmır mənə. Kürəkənim də evimdən
qovur. Hökumət mənə tək ana olduğum üçün ev verdi. Qızım da özüm
kimi uşaq evində böyüdü. Daima yollarda idim, onu internata qoydum,
dərzilik oxutdum. Bir gün səfərdən evə gəldim, gördüm evdə cavan
kişi var. Qızımdan 10 yaş böyük olardı. Yoldan çıxarıb evlənib
onunla. Nə edim, qaldım belə. Toylarını elədim. Sonra kürəkənə
maşın da aldım. Artıq yaşım 40-ı keçmişdi. Qızım da 18 yaşında ana
oldu. Pulum var idi, idarə ilə danışdım. Biləcəridən 3 otaqlı ev
aldım. Ailəmiz böyümüşdü. Nəvələrim də var. Amma nənəlik edə
bilmirəm. Kürəkənim məndən 11 yaş kiçikdir.
Xumar xalanın dərdini çözməyə adam lazım imiş, sən demə.
Yeznəsindən, nəvələrindən gileyləndi:
- Təkcə qız nəvəmin yoldaşı var, həkimdir. Talış balasıdır. Mənə
oğulun nə olduğunu o başa saldı. Xətrimi çox istəyir. Tez-tez qonaq
aparır. Orda da utanıram. Adamla belə mehriban danışmazlar
axı...
Dedi sən
başqa adamla yatıbsan...
- Xumar xala, bəs Ağalı ilə niyə ayrıldın?
- Daş olsun onun başına, özünü yaxşı pullu reyslərə saldırardı.
Məni də aparardı həmin qatarlarda bələdçi kimi. Bir-iki dəfə
başqa–başqa qatarlarda getdik. O məndən şübhələndi. Dedi, sən başqa
adamla yatıbsan...
- Şübhələnməyə haqqı vardı?
- Mən cavan və gözəl idim. Özümə baxırdım. Mənə elə onun
dostları, qatar rəisi, başqa nəzarətçilər, milislər girişirdi. Əl
vermirdim. O vaxtlar yollar qorxulu olurdu. Cibgirlər, adam
öldürənlər, cinayətkarlar qatarlarda daha çox olurdu. Hər dəfə bir
hadisə olurdu... kişilərimizə güvənirdik. Onların da başları pula
qarışırdı. Kim kimi harada bacarırdı orada da incidirdi. Mən Ağalı
məndən ayrılana qədər heç kəsə sən düşündüyün salamı vermədim.
- Amma sonra yəqin ki, salam-əleyklər
artdı...
- Cavan idim. Qızımı oxudurdum. Yaxşı reyslərə düşmək üçün
kiminləsə dil tapmalı idim. Bir də, mənim ömrüm yollarda keçdi.
Məni kim görüb bəyənəcəkdi ki...
Artıq Ələtə çatmışıq. Gedəcəyi evin yerini soruşuram:
- Hara gedək? Kimdir bu adam?
- Qızımın iş yoldaşı olub, mənə xala deyir. Qonaq çağırıb.
Dedim, gedib bir-iki gün qalım. Yazıq o da dul qadındır. Uşaqları
Rusiyada olur...
Ayrılanda Xumar xala:
- Bəs sən məndən yazı yazacaqdın, heç nə soruşmadın axı, necə
işləmişəm, neçə qramotam var...