Aleksey Maksimoviçin bir qanuni arvadı,
çoxlu sayda macərası və uzun illər yazıçı ilə birlikdə yaşamış,
tarixçilərin "Qorkinin zövcələri" titulu ilə mükafatlandırdığı daha
üç qadını olub.

Olqa Yulyevna
Kaminskaya
Birinci qadın – zərif Olqa Yulyevna Kaminskaya. Qorkinin
həyatında qara zolaq - yazıçı özünü güllələyir, lakin xoşbəxtlikdən
uğursuz alınır. Həkim depressiyaya qarşı qadınla münasibət qurmağı
məsləhət görür və Qorki belə bir qadını tapır. Kaminskaya
Alekseydən azı on il böyük idi, ailəli, təcrübəli, həm də inqilabçı
idi: Kropotkinin özü ilə tanış idi. Qorkinin ağlı başından
çıxmışdı. "Mənimlə qalın! Mənimlə yaşayın… Ah, yox, hər şey
cəhənnəmə olsun!" Qadın – "yox" deyir, ərini ata bilməz, çünki qızı
gimnaziyada oxuyur, sevgilisi isə lütün biridir.
Ayrılırlar, lakin bir müddətdən sonra rastlaşanda Qorki Olqanı
görüb, sözün əsl mənasında hislərini cilovlaya bilmir və huşunu
itirir. Qadın artıq müqavimət göstərə bilmir və onlar
bir-birilərinə qısqanclıq, qalmaqallar və dava-dalaşlarla əziyyət
verərək Nijni Novqorodda birlikdə yaşayırlar. Lakin çox keçmir ki,
Qorki Samaraya getməyi qərara alır, ona "Samara qəzeti"ndə işləməyi
təklif etmişdilər. Sevgilisinə heç məktub da yazmır. Atılmış və
təhqir olunmuş Olqa özünü zəhərləmək istəyir, lakin alınmır.
İnqilab nəğməkarı Samarada vurulur, həm də iki qadına birdən –
hüquqşünasın həyat yoldaşı Zinaida Karlovna Smirnovaya və "Samara
qəzeti"nin korrektorru Yekaterina Pavlovna Voljinaya.

Yekaterina Pavlovna Voljina (Peşkova)
Elə yazıçının qanuni həyat yoldaşı da Yekaterina Pavlovna
olacaq, onunçün dünyaya iki övlad – oğlu Maksimi və qızı Katyanı -
dünyaya gətirəçək, onun bütün xəyanətlərinə dözəcək və bütün ömrü
boyu onun ən sadiq və vəfalı dostu olaraq qalacaq. "Həmişə onunla
görüşəndə daha çox təəccüblənirdim: o, bu qədər uzun və ağır həyat
yaşayaraq, hər cür insanla üz-üzə gələrək ən ahıl yaşlarınadək
qəlbinin və təfəkkürünün saflığını, insana belə bir inamı, sevgi
ilə dolu ürəyini necə qoruyub saxlaya bilmişdi – ağqvradiyaçı
Kolçakın sonuncu məhəbbəti Anna Timiryeva onun haqqında belə
yazırdı (onu Stalinin cəza düşərgəsindən məhz Yekaterina Pavlovna
xilas etmişdi). – Bununla bərabər, zərrə qədər də olsa,
sentimentalizmi və riyakarlığı yox idi. İnsanlara, xüsusilə
qadınlara qarşı çox səbrli idi. Bir dəfə söhbət arasında Qorkidən
soruşanda ki, "Necə ola bilər ki, gəncliyinizdə heç kimi
bəyənməmisiniz, ya kimsə sizi bəyənməyib, nazınızı çəkməyib", onda
demək olar ki, incik bir cavab aldı: "Mənim vaxtım yox idi, bütün
günü dərs deməklə məğul idim".
Qorki Yekaterina Voljina ilə evləndikdən səkkiz il sora
A.P.Çexov onu MBT-nin aktrisası Mariya Andreyeva ilə tanış edir. O,
əsrarəngiz gözəlliyə malik, füsunkar, cazibədar, eyni zamanda da
təhsilli və istedadlı qadın idi.
Mariya
Andreyeva
Mariya Andreyeva ailəli idi, lakin nə həyat yoldaşı, böyük
dövlət məmuru Andrey Jelyabujski, nə də iki uşağı aktrisanın
ehtiraslı xarakterinin qarşısını ala bildi. Əri Mariya Fyodrovnadan
təxminən 20 yaş böyük idi və artıq çoxdan idi ki, arvadının aşiqanə
macəralarına barmaqarası baxırdı. O aralarda Andreyevna bütün
Rusiyada tanınan məşhur milyoner Savva Morozova ilə eşq macərası
yaşayırdı. Onların münasibətləri bütün Moskvanın gözü qarşısında
cərəyan edirdi. Morozov Andreyevaya pərəstiş edir, onun bütün
kaprizlərini sevinclə qarşılayır, teatra böyük miqdarda pullar
xərcləyir, onu güllərə və qiymətli hədiyyələrə qərq edirdi. Çoxları
aktrisanı qınayırdı, o cümlədən Stanislavski də özünün kəskin
məktubunda yazırdı: "Savva Timofeyeviçin Sizə münasibəti
müstəsnadır. Bu, uğuruna həyat, ömür qurban veriləsi bir
münasibətdir. Heç bilirsinizmi, müqəddəs bir şeyi necə təhqir
edirsiniz? Hamının, kənar şəxslərin qarşısında açıq-aşkarca onunla
qürrələnirsiniz ki, Sizi əzab çəkə-çəkə qısqanan Zinaida
Qriqoryevna (Morozovun həyat yoldaşı) ərinin üzərində təsirinizi
axtarır. Siz aktyor şöhrətpərəstliyi naminə sağa-sola danışırsınız
ki, Savva Timofeyeviç Sizin təkidinizlə kiminsə xilası naminə bütün
kapitalını sərf edir". Ancaq ictimaiyyətin fikri Mariya
Fyodorovnanın heç eyninə də deyildi. Onun Morozovla arvadının qohum
olmasına işarə edən ifadəsi hamıya məlumdur: "Evli adamla məhəbbət
yaşamaq o qədər də günah deyil, nəinki qohuma ərə getmək".
Qorkiyə rast gələn Mariya Fyodorovna heç fikirləşmədən Savva
Morozovu atır. Onu da qeyd edək ki, Savva Timofeyeviç və Aleksey
Maksimoviç yaxın dost idilər və Qorkinin Mariya Fyodorovna
barəsində heç bir planı-zadı yox idi. Şayiələr gəzirdi ki,
milyonerin intihar etməsinin səbəbi məhz Andreyeva ilə ayrılması
idi. Aktrisa proletar yazıçısı ilə 1903-cü ildən yollarını
birləşdirir. Daha fərqli iki insan təsəvvür etmək çətin olsa da,
onların həyatı təəccüb doğuracaq qədər harmonik keçirdi. Səhnədə
ehtiraslı və şövqlü olan Andreyeva adi həyatda təmkin və
soyuqqanlılığını qoruyub saxlayırdı. Aleksey Maksimoviç isə,
əksinə, hədsiz emosionallığı, həssaslığı ilə seçilirdi, onun
ağlağanlığı haqqında əfsanələr dolaşırdı.
Qeyd etmək lazımdır ki, Mariya Fyodorovna çox tezliklə koketka
və kübar çəmiyyətinin dişi aslanından sadiq rəfiqə və həmkara
çevrildi. O, bir katibə və ədəbi agent kimi Qorkinin bütün işlərini
aparır, səyahətlər, naşirlərlə danışıqlar zamanı onu müşayiət edir,
ədəbi tərcümə ilə məşğul olur, Kapridə həmişə qonaqlı-qaralı olan
evin təsərrüfat işlərini yoluna qoyurdu. Ancaq böyük yazıçı hələ də
evli idi və heç də boşanmaq niyyətində deyildi. Qorki ilə Andreyeva
Amerikada uzunmüddətli səfərdə olarkən onların manasibətinə dair
şaiyələr Amerika mətbuatına sızanda ikiarvadlı və ikiərli kimi
damğalanan cütlər İitaliyaya getməyə məcbur oldular.
Mariya Fyodorovna Andreyeva inqilabi fəaliyyətlə qızğın məşğul
olur, inqilabçılar üçün ianə toplayırdı. İanə verənlərin
siyahısında, əlbəttə ki, birinci yerdə Savva Morozova gəlirdi.
(Qeyd edək ki, Morozovun intihar etməsi deyil, qətli haqqında bir
neçə versiya mövcuddur. Biri budur ki, o, inqilabçılara çox böyük
yardım etdiyi üçün qaragüruhçular tərəfindən öldürülüb, digəri isə
odur ki, o, bolşevik Krasin tərəfindən öldürülüb. Deyilənlərə görə,
Krasin bilirdi ki, Savva Timofeyeviç öz həyatını Andreyevanın
xeyrinə böyük məbləğdə sığorta etdirmişdi. İnqilabın bu pula
ehtiyacı var idi, milyoner isə 1905-ci il hadisələrindən və
Andreyeva onu tərk edəndən sonra o qədər də səxavətli deyildi,
qohumları da onun sərvətini dağıtmasının qarşısını almaq üçün
əllərindən gələni edirdilər).
Oktyabr inqilabı ərəfəsində Qorki və Andreyeva Rusiyaya
qayıdırlar. Mariya Fyodorovna teatrı tamamilə atır və özünü
bütünlüklə partiya işinə və inqilabi fəaliyyətə həsr edir. O, çox
zirək və işindən möhkəm yapışan bir qadın idi. Lenin onu "yoldaş
Fenomen" adlandırırdı. Gözəllik və cazibədarlığı onun üzünə bütün
qapıları açırdı, hamı ona rəğbət bəsləyirdi. Rəsmi versiyaya görə,
Andreyeva partiya işi və inqilabi fəaliyyətlə məşğul olduqdan sonra
Qorkini tamamilə unudur. Ancaq bundan tamamilə fərqlənən başqa bir
versiya həqiqətə daha çox uyğundur. Qorki öz dostu, naşir Tixonovun
arvadı Varvaraya uyur. 1910-cu ildə Varvara dünyaya bir qız gətirir
və ona baxan hər kəsin uşağın atasının Qorki olmasına heç bir
şübhəsi qalmır. Andreyeva Qorkinin gənc italiyalı qızlarla
saysız-hesabsız xəyanətlərini bağışlasa da, bu dəfə qəlbən
yaralanır. Tezliklə bu idilliya başa çatır.
Qorkinin həyatında başqa qadın peyda olur. Andreyeva qocaldıqdan
sonra deyirdi ki, Qorkidən ayrıldığına peşmandır, qadın kimi
davranıb, halbuki Qorki sadəcə kişi deyildi, böyük yazıçı idi.
Deyirlər ki, Bulqakovun "Master və Marqarita" əsərinin
qəhrəmanlarının prototipləri məhz Qorki və Andreyevnadır.
Mariya
Zakrevskaya
Ancaq Mariya Fyodorovna istəsə də, istəməsə də onların romanı
bitmişdi. Əgər Mariya getməsəydi, Qorki onu atacaqdı, çünki
yazıçının ürəyi artıq gənc, özündən 24 il sonra dünyaya gəlmiş
Mariya İqnatyevna Zakrevskayaya məxsus idi. Onlar görüşənədək qadın
iki dəfə ərdə olmuşdu – qraf Benkendorf və Budberqlə ailə qurmuşdu
- iki uşağı var idi. Qorki və Zakrevskayanı tanış edən Korney
Çukovski Mariya İqnatyevanı yazıçıya katibə kimi tövsiyə etmişdi.
Çukovski onların ilk görüşünü belə təsvir edir: "Təəccüblü deyil
ki, Qorki ona bircə kəlmə belə deməsə də, hər şeyi onunçün
söyləyirdi. Çox itifəhmli idi, həvəslə danışırdı, balda rəqs edən
gimnaziya tələbəsinə bənzəyirdi". O vaxt Aleksey Maksimoviçin 52
yaşı var idi. Bu qadın haqqında isə ən ağlasığmaz şayiələr gəzirdi,
onu həm ingilis kəşfiyyatı, həm KQB ilə əlaqələndirir, "rus
miledisi" adlandırırdılar. Qorki əməlli-başlı bənd olur və çox
tezliklə ürəyini və qəlbini ona açır. Zakrevskaya yazıçıya ərə
getməsə də, onun evinə köçür.
Mariya İqnatyevna Maksim Qorki ilə birgə yaşayışda həyatının
mənasını tapdı. O, yazıçının əsərlərinin Qərbdə nəşri ilə məşğul
olur, Qorkinin böyük dəyər verdiyi Qərb ədibləri ilə yazışmalar
aparırdı. Ancaq onların münasibətləri rəvan deyildi. Çünki hər
ikisi böyük həyat təcrübbəsi keçmiş, öz baxışları və mühakimələri
olan insanlar kimi rastlaşmışdılar.. Bununla belə, Aleksey
Maksimoviç həyatının sonunadək, bir an belə olsa seçimindən
şübhələnməyərək Mariya İqnatyevna ilə düz 16 il birgə yaşadı.
1920-ci ildə ingilis fantast-yazıçısı Gerbert Uells Rusiyaya
gəlir. O vaxtlar mehmanxanada layiqli otaq tapmaq müşkül məsələ
idi. Odur ki, Gerbert Uellsi Qorkinin evində yerləşdirirlər. Mariya
İqnatyevna da qonağın tərcüməçisi olur. İngilis yazıçısının vətənə
dönmə ərəfəsində ilginc bir hadisə baş verir: Aleksey Maksimoviç
Gerbert Uellsi Mariya Zakrevskayanın yatağında tutur. Mariya
Qorkinin könlünü almağı bacarır və yazıçı xəyanəti bağışlayır. Onun
vəfatından sonra 45 yaşlı Mariya Zakrevskaya İngiltərəyə köçür və
Gerbert Uellsin evində məskunlaşır. Uells bir neçə dəfə ona
evlənmək təklifi etsə də, Mariya yaşının o yaş olmadığını
bildirərək boyun qaçırır. Zakrevskaya bolşeviklərdən Qorkinin
xarici nəşrlərinə olan hüquqları alır. Elə Uellsdən də ona kifayət
qədər varidat qalır.
Maksim Qorkinin dəfnində həyatındakı hər üç qadın iştirak
edirdi: qanuni həyat yoldaşı Yekaterina Peşkova, Mariya Andreyeva
və Mariya Zakrevskaya. Müasirləri xatırlayır ki, onların hər üçü nə
iləsə bir-birilərinə bənzəyirdilər: qədd-qamətli, cazibədar, yüksək
ruhlu...