Axar.az bu gündən "Cəbhə xətti" layihəsinə start verir.
Bu layihəmizdə tanınmış, tanınmamış Qarabağ müharibəsi
veteranlarını danışdıracaq, onların döyüş yoluyla oxucularımızı
tanış edəcəyik.
Layihəmizin ilk qonağı Ümid Partiyasının sədri, millət vəkili
İqbal Ağazadə Axar.az-ın suallarını cavablandırır, öz döyüş
yolundan danışır.
- İqbal
bəy, bilirik ki, Qarabağ döyüşlərində iştirak etmisiz. O yol
haradan başladı?
- İlk dəfə döyüşə 1989-cu ilin sonlarına yaxın getməyi
düşünürdük. Həmin vaxt Universitet tələbələri ilə toplandıq, lakin
qanlı 20 Yanvar hadisələri baş verdi və bu proses bizim həmin vaxt
cəbhəyə getməyimizi əngəllədi. Bundan sonra 1991-ci ilin sonlarında
cəbhə bölgəsində baş verən hadisələr bizim yenidən toparlanmağımıza
və Universitetdə könüllülər dəstəsinin yaranmasına gətirib çıxardı.
Rəhmətlik Rövşən Əliyevlə mən könüllü dəstələr yaratdıq. Rövşən
Əliyev bir başqa könüllülərin komandiri idi, döyüşlərdə şəhid oldu,
ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Digər bir dəstənin də rəhbəri mən idim. Döyüş bölgəsinə getmək
üçün Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən bizə Nasosnıda
3 aylıq təlim-məşq toplantısına qatılmağı tövsiyə etdilər. Lakin
bizim uşaqlar etiraz edərək təlim-məşq keçmədən birbaşa cəbhə
bölgəsinə getmək istəyini bildirdilər. Batalyon komandiri rəhmətlik
Elçin Əliyev bizə yer ayıracağını dedi. Biz əvvəlcə Tərtər
rayonunda peşə məktəbində yerləşdik, sonra Universitet könüllüləri
olaraq bizim döyüş yolumuz başladı.
- Son dövrlər cəbhə bölgəsində atəşkəsin pozulması
intensiv hal alıb. Sizcə, insanların müharibəyə o vaxtki münasibəti
və ruh yüksəkliyi ilə bugünkü vəziyyət arasında fərq
varmı?
- Bununla bağlı mənim düşüncəm bir qədər fərqlidir. Mən ruh
yüksəkliyi ilə vətən müharibəsi aparmağın tərəfdarı deyiləm. Mənim
ruhum bu gün yaxşıdır deyə vətəni qoruyuram, sabah pis olacaq deyə
qorumayacam, anlayışı ola bilməz, bu, doğru yanaşma deyil. Elə ola
bilər ki, ölkədə depressiv vəziyyət yaranar və müvəqqəti
məğlubiyyət yaşanar, hansı ki müharibə dövründə bu mümkündür, onda
belə çıxır ki, mənim ruhum olmayacaq və biz heç birimiz
döyüşməyəcəyik? Və yaxud da bir məmur özbaşınalığı ucbatından
insanların müharibəyə münasibəti dəyişə bilər. Bu cür yanaşma
düzgün deyil. Konstitusiya hər bir vətəndaşa səhv etmirəmsə, 77
maddə ilə hüquq verir, 11 maddə ilə də üzərinə vəzifə qoyur. Bu
vəzifələri yerinə yetirmək hər bir Azərbaycan vətəndaşının
borcudur. Ruhun olsa da, olmasa da, xoşun gəlsə də, gəlməsə də,
qəbul etsən də, etməsən də, əgər sən bu vətəndə yaşayırsan və sənə
verilən hüquqlardan istifadə edirsənsə, o zaman konstitusiya ilə
üzərinə düşən vəzifəni də yerinə yetirməlisən. Burda da birinci
sırada vətənin müdafiəsində iştirak dayanır. Müharibə zamanı döyüş
ruhunun yüksəldilməsi isə bir başqa məsələdir ki, bu da orduda olan
siyasi rəhbərliyin, dövlətin başında dayanan şəxslərin işidir.
Əslində, arzu etməzdim ki, müharibə olsun, çünki müharibə həm də
itkilərə səbəb olur. Amma olacağı təqdirdə vətəni qorumaq hər bir
kəsin borcudur.
- Keçmiş döyüşçü yoldaşlarınızla
görüşürsüz?
- Əksəriyyəti tələbə yoldaşlarımdır, çoxuyla da mütəmadi
görüşürük. Döyüş yolumuzla bağlı bəzən sosial şəbəkələrdə
həqarətlərə də rast gəlirik. Hətta döyüşmədiyimiz barədə də
yazırlar, amma biz bunun üstündən gülümsəyərək keçirik. Bu gün
döyüş bölgələrindən çox şəklimiz yoxdur. Çünki birincisi, o dövrdə
şəkil çəkmək üçün texniki imkanlar yox idi. Nadir hallarda kimdəsə
fotoaparat olardı. İkincisi də, gələcəkdə kimlərəsə göstərmək üçün
şəkil çəkdirmək heç ağlımızın ucundan da keçməzdi. O vaxt biz
döyüşə gedəndə ilk dəfə şəklimizi çəkməyə Universitetdə fotoqraf
işləyən Tahir Cəfərov gəlmişdi, mənim onda çox şəkillərim var. O
bizim döyüş yolumuzu yaxşı xatırlayır.
- Keçmiş döyüşçü və hazırki millət vəkili kimi cəbhə
bölgələrinə səfərlər edirsizmi?
- Cəbhə bölgələrinə səfərlərin, açığı, bir sıra problemləri var.
Mən Azərbaycan iqtidarından fərqli düşünürəm, mən müxalifətdəyəm və
mənim yanaşmalarım başqadır deyə, bəzən səngərlərə getmək
məsələsində bizə qısqanc münasibət bəsləyirlər. Biz yazılı qaydada
müraciət etməliyik, xüsusi icazə almalıyıq ki, bu da uzun prosedur
tələb edir və bu prosedurları da keçdikdən sonra, müəyyən məsafədən
o tərəfə keçməyə icazə vermirlər.
Cəbhə bölgəsi bizim üçün həssas bölgə olduğuna görə, çalışırıq
ki, bu məsələlərdə dərinə gedib problem yaratmayaq. Belə hallar
şəhid ailələrini ziyarətdə və şəhidlərin dəfn mərasimində iştirakda
da baş verir. Təəssüf edirəm ki, Azərbaycanda fərqli fikir adamları
ilə münasibətdə bu qədər problem yaranır. Bu problemlər olmasın
deyə, bəzən bu addımları atmaqdan çəkinirik. Amma bu o demək deyil
ki, biz şəhidlərimizi sevmirik, ora getmək istəmirik. O yerlərə heç
kəs getməyəndə, çox az adam gedəndə o yerlərdə olmuşuq. İndi necə
ola bilər ki, bizim belə istəyimiz olmasın? Ölkə vətəndaşlarının
hər bir qismi mənim üçün əzizdir. Mən vətənimi dağına, daşına görə
deyil, insanlara görə sevirəm. O insanlar ki, məndən fərqli düşünə
bilər, məni sevməyə bilər. Amma o insan mənim vətəndaşımdır,
mənimlə bir ölkədə yaşayır, mənimlə bir dəyərləri paylaşır və bu
səbəbdən də vətənimi və hətta məni sevməyən insanları da
sevirəm.
Belə bir hədis var, bir gün Həzrəti Əlinin yanına gəlib deyirlər
ki, filankəs sizi təhqir edib. O da yanındakı adamlardan bəzilərini
götürüb gedir həmin adamın yanına ki, səndən üzr istəməyə gəlmişəm.
Həmin şəxs üzrün səbəbini soruşur, Əli əleyhissəlam isə bu qədər
müddət ərzində özünü həmin şəxsə tanıda bilmədiyi üçün üzr
istədiyini bildirir.
Bəzən özümüzdə günah olur, özümüzü insanlara tanıda bilmirik.
Buna görə də məni istəməyənlərin heç birinə qəzəb, nifrət hissim
olmur.
- Keçmiş əsgər yoldaşlarınızdan həlak olanların məzarını
ziyarət edirsiz?
- Yox, bəzən buna zamanımız olmur. Çünki onların hər biri fərqli
rayonlardandır. Ona görə də ictimaiyyəti aldadıb deyə bilmərəm ki,
mütəmadi olaraq ziyarətə gedirəm. Amma olur ki, həmin rayonlara
yolum düşəndə onların məzarını ziyarət etməyə çalışıram.
- İqbal bəy, hərbidən sonra siyasətə gəlişiniz necə baş
verdi?
- Mən siyasətə hərbidən sonra gəlmədim, uzun müddət tələbəlik
həyatı, müəllimlik dönəmi yaşadım, siyasətə isə 1999-cu ildə
gəldim. Əslində əvvəllər tələbəlik dövründə, hərəkat dövründə,
gənclər təşkilatına sədrlik edərkən də siyasətin içində idim. Həmin
siyasi təşkilatın üzvü olan çoxlu vəzifəli şəxslər var ki, onların
çoxu o dönəmdə mənim müavinlərim olub. Adlarını çəkib problem
yaratmaq istəmirəm. Amma sonra elə oldu ki, siyasətdən bir qədər
uzaq düşdük və bir də 1999-cu ildə Qarabağ Uğrunda Ümumrespublika
hərəkatı ilə birlikdə qayıtdıq siyasətə. Daha sonra partiya, millət
vəkilliyi həyatı başladı. Amma qeyd edim ki, Azərbaycanda siyasətlə
məşğul olmaq o qədər də asan deyil. Çünki siyasi dəyərlər olduqca
aşınmış bir durumdadır. İnsanların siyasi münasibətləri şəxsi
münasibətlərdən də çox-çox irəli gedib və bu da problemlər yaradır.
Əslində heç kəs siyasi münasibətlərini şəxsi münasibətlər sisteminə
daşımamalıdır. İnsanların siyasi mövqeləri üst-üstə düşməyə bilər,
amma onlar dost ola bilərlər. Belə hallar dünyanın hər yerində
mövcuddur. Çox təəssüf ki, bizdə belə deyil, siyasi cəhətdən
mənimlə bir yerdəsənsə dostsan, ayrıldınsa düşmənsən.
- Atəşkəsin intensiv şəkildə pozulması yenidən
müharibənin başlanmasını reallaşdıra bilərmi?
- Nə beynəlxalq şərtlər, nə region şərtləri, nə də Azərbaycan və
Ermənistanın marağı müharibənin başlanmasını diktə edir. Ona görə
də əminliklə deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasında
müharibə başlamayacaq.
- Siyasətin içindən ədəbiyyat, incəsənət necə
görünür?
- Mən ədəbiyyatı sevirəm, istər Azərbaycan, istərsə də dünya,
fərq etməz, bacardığım qədər ədəbiyyat oxumuşam. Son oxuduğum isə
siyasi mövzuda "Gözəl insan modeli" kitabıdır. Mən mütəmadi olaraq
mütaliə edirəm, hətta dünən səfərdə idim, yol gedərkən də həmin
kitabı oxuyurdum. Mənimçün ədəbiyyatın yenisi, köhnəsi yoxdur,
ədəbiyyat zövqdür. Əgər xoşuma gəlirsə, yeni və köhnə olmasından
asılı olmayaraq oxuyuram.
- Ən son hansı tamaşanı izləmisiz?
- Ramiz Fətəliyevin quruluş verdiyi bir tamaşanı izləmişəm. Baş
rollarda Fuad Poladovla Rafiq Əliyev oynayırdı. Həmin tamaşadan çox
böyük zövq almışam. Çox təəssüf ki, Fuad Poladovun oynadığı Ağa
Məhəmməd Şah Qacar tamaşasına gedə bilmədim. Fuad müəllimin özü ilə
danışmışdım, amma zamanım olmadı getməyə. Fuad müəllimin "Hamlet",
Fəxrəddin Manafov, Fuad Poladov və Mehriban Zəkinin ifasında Rüstəm
İbrahimbəyovun "Şirə bənzər" tamaşasına da baxmışam.
- İqbal bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir,
partiyanızda bununla bağlı hazırlıq işləri gedir?
- Hesab edirəm ki, bu bələdiyyə seçkilərində hakim Yeni
Azərbaycan Partiyasından sonra ən çox namizəd verən bizim partiya
olacaq. Biz buna ciddi şəkildə hazırlaşırıq. Hədəflərimiz budur ki,
50 faiz subyektlərdə nümayəndələrimiz olsun və dairələrə 5 min
namizədimiz təqdim olunsun. Həm efir vaxtı ala bilək, həm də
üzvlərimiz yaxşı səs qazana bilsin. Təbii ki, çox şey hakimiyyətin
yanaşmasından asılı olacaq. Keçən seçkilərdə 3147 nəfər namizəd
irəli sürmüşdük, bunlardan təxminən 500 nəfərini qeydə aldılar.
Əgər bu dəfə də eyni hallar təkrar olunsa, insanların seçki kimi
vacib bir prosedurda iştiraka marağı xeyli azalacaq.