Telefonuma gələn vaxtsız zənglərdən həmişə qorxmuşam.
Gecədən çox keçmiş və səhər erkən olunan zənglərə cavab verməyə
çəkinirəm. Bu dəfəki zəng də belə oldu. Saata baxdım – gecə üç.
Nömrə tanış deyil. Kim olar?
Sən Şamil İsmayıloviç Vaqapovu tanıyırdın
- Bəli, eşidirəm.
- Bağışlayın, çox gecdir, bilirəm. Amma nəvəm dedi ki, siz hələ
oyaqsız. Ona görə zəng vurdum.
O qədər də gümrah olmayan kişi səsi idi. Hiss olunurdu ki,
vaxtsız zəngə görə özünü narahat edir. Qəfil zəng sahibinə
nəvəsinin və özünün kim olduğu haqda verdiyim sual cavabsız qaldı.
O:
- Nəvəm sizinlə FB dostudur. Mən sizi tanıyıram. Bir müddət bir
idarədə - donanmada işləmişik. Sizdən xahişim var.
Bu lap detektiv filmlərindəki kimi idi. Mənim: - Buyurun, -
deməyimin ardınca tanışlıq verdi. Tanıdım. Və müraciətindəki
rəsmiyyəti kənara qoydu:
- Sən Şamil İsmayıloviç Vaqapovu tanıyırdın da...
- Yox, - dedim.
O, israrla:
- Yox, tanıyırdın. Sən cavan oğlan idin, o isə idarənin
dispetçeri işləyirdi. "Moskva"da otururdu. ("Moskva" istismar
müddəti başa çatmış böyük sərnişin gəmisi idi. İdarənin inzibati
binası çox olmadığı üçün bir çox şöbələr burada yerləşirdi.
Dispetçer xidməti də eləcə).
Yadıma düşdü.
- Hə, tanıyırdım, tatar idi.
Köhnə, 30 ilə yaxın bir müddətdə görmədiyim tanışım dediklərimi
təsdiqlədi:
- Düzdür. Sən onunla mübahisə də etmişdin, söymüşdün onu, səndən
idarə rəhbərliyinə şikayət etmişdi...
Hər şey yadıma düşürdü. Yadıma düşürdü ki, Donanmada çox adam
Vaqapovdan çəkinirdi. Onun KQB-də himayədarının olması haqda
söz-söhbət gəzirdi. Bəzi qocaman dənizçilər isə Şamil İsmayıloviçin
KQB əməkdaşı olduğunu da deyirdilər. O, qatı kommunist idi. Şax
yeriyərdi. Başını isə həmişə yuxarı tutardı. Yaxşı adam təsiri
bağışlamırdı. Onun haqda müxtəlif söz-söhbətlər dolaşırdı.
Bayramlarda sinəsi medalla dolu olan dənizçi kiteli geyinərdi. Adi
günlərdə isə medalların lenti taxılmış qara rəngli kostyum
geyinərdi. İri sifəti, qıyıq gözləri vardı. Hər kəsə yuxarıdan
aşağı baxırdı.
Mikayıl Müşfiqi son görənlərdən
Bütün bunları yadıma salıb vaxtsız "qonağ"ıma dedim:
- Hə, yadıma düşdü, xatırlayıram onu. Bəs telefonumu
kimdən öyrəndiniz?
- Telefonunu 5 gündür əldə etmişəm. Nəvəm sənin dostlarından
öyrənib. Həm də idarədən də öyrənmək olardı.
- Bilmək istəyirəm, bu vaxtı sizi nə narahat edir?
Vaqapovu niyə xatırladınız?
- Şamil İsmayıloviç partiyanın sədaqətli əsgəri olsa da,
millətimizin düşməni idi. Ondan yaz. Araşdır onu. Mikayıl Müşfiqi
son görənlərdən olub... Onda o cavan oğlan imiş, təzə işə
götürülübmüş.
- Bunu sizə özü danışmışdı?
- Yox, eşitmişdim. Kapitanlardan birinə danışıbmış...
- Siz mənə yardımçı olmalısız.
- Mən bildiyimi deyərəm. Nömrəm telefonuna düşüb, lazım olsa
zəng elə...
Sağollaşdıq.
Yadıma gənclik illərində Xəzər Dəniz Neft Donanmasında işlədiyim
vaxtlar düşdü. Şamil Vaqapov "Moskva" gəmisində oturardı. Növbədə
olmayan vaxtlarda da burada olardı. Mənim ondan xoşum gəlmirdi.
Buna səbəb gəmi kapitanlarının onunla mehriban dolanması və bu
mehribançılığın arxasında bir qorxunun hiss olunması idi...
Qəfil zəngin səhəri yaddaşımın köməkliyi ilə köhnə dənizçilərin
yaddaşını vərəqlədim. Onu tanıyanların bəzisində köhnənin xofunu
hiss etdim. Bəzilərinin bilgisi isə Şamil İsmayılov Vaqapovun
Azərbaycan Kommunist Partiyasının Birinci katibi olmuş Mircəfər
Bağırovun mühafizə dəstəsində olmasına, onu daima izləməsinə və
bəzi "vətən xainlərinin" danışıqlara aparılarkən onlara verdiyi
işgəncələrə qədər çatdı.
Şairin öldürülməsində də iştirak edib
O günləri yada salanlar onu da dedilər ki, Vaqapov şair Mikayıl
Müşfiqin dindilməsində də iştirak edib. Eşitdiklərinə görə, şairə
işgəncə də verib...
Vaxtı ilə XDND-nin gəmi kapitanının siyasi məsələlər üzrə
birinci köməkçisi işləmiş, indi isə donanmada sahə rəisi
vəzifəsində çalışan Cəsarət İbrahimovla görüşdüm. Cəsarət bəy
Vaqapovu yaxşı tanıdığını, lakin yaş fərqlərinin çox olmasını
nəzərə alaraq onunla elə də münasibət qurmadığını dedi:
- Şamil İsmayıloviç idarənin dispetçeri işləyirdi. O, aktiv bir
işçi və kommunist kimi çoxlarına nümunə göstərilsə də, mənim onunla
heç bir yaxın münasibətim olmayıb. Bildiyim ancaq o idi ki, bu
adamın çox zəngin təcrübəyə malik keçmişi olub. Gənclik illərində
çekist olub. 1930-cu illərin sonlarından isə Mircəfər Bağırovun
mühafizə dəstəsində olub. Onu müşayiət edib. Deyilənlərə inansaq,
Vaqapov heç də yaxşı insan olmayıb. İnsanların əziyyət çəkməsində,
incidilməsində xüsusi xidməti olub...
- Onun Müşfiqlə bağlı hər hansı bağlılığının olduğunu
eşitməmişdiz?
- Söz-söhbət gəzirdi ki, şair Mikayıl Müşfiqin öldürülməsində də
iştirak edib. Amma bu, inandırıcı gəlmirdi.
- Niyə?
- Bilmirəm. O, Bağırovun mühafizə dəstəsində xidmət edib. Ölüm
hökmünü icra edənlər isə başqa adamlar olub...
Təqaüddə olan gəmi kapitanı Kərəm Məmmədovun Vaqapovla bağlı
bilgilərinin daha çox olacağını deyən Cəsarət bəy:
- Özünü dağa-daşa salma, Kərəmin bilmədikləri olmayan hadisələr
olar ancaq. O, Vaqapovu yaxşı tanıyırdı və dəfələrlə onunla
ağızlaşıb da...
O bizim milləti heç sevmirdi
Kərəm Məmmədovun Sulutəpədəki evinə getdim. Qocaman kapitanla
ötənləri yada saldıqdan sonra:
- Vaqapov yadına düşürmü? – deyə soruşdum.
- Ayə, o hancarı yaddan çıxar, - deyib, - sual verməkdən də
qalmadı. – Neynirsən onu, elə yaxşı kapitanlarımız, qəhrəman
övladlarımız olub, onlardan niyə yazmırsan?
Kərəm müəllimlə razılaşdıq ki, onun xatirə dəftərini yaxın
günlərdə vərəqləyərik, indi isə KQB əməkdaşı olduğu deyilən
Vaqapovla maraqlanıram.
Gəlişimdən qabaq hazırladığı samovar çayını stəkanlara süzdükdən
sonra Vaqapovla bağlı bildiklərini dedi:
- Əvvəlcədən deyim ki, o adamda çoxlu sirr vardı və o sirləri
özü ilə apardı o dünyaya. İndiki ağlımız olsa idi, onu
danışdırardıq. Bildiyim odur ki, o bizim milləti heç sevmirdi.
Bacardıqca pislik etmək istəyirdi. Ermənilər, ruslar və başqa
millətlərlə daha mehriban idi. Biz gənc kapitanları isə heç
sevməzdi. Onun düşüncəsinə görə azərbaycanlılar gəmilərdə kapitan
ola bilməzdi.
Bağırovn Qazaxda dostu varmış
- Bəs deyirlər onunla aran yaxşı olub, bir yerdə çox
olmusuz.
- Mən onun yanında olurdum. Kapitan idim, bəzən özüm qalxardım
dispetçer otağına. Amma aram yaxşı olmayıb. Hətta ağızlaşdığımız
vaxtlar da olub. Amma sənə deyim ki o, danışmağa meylli adam idi.
Mənə də çox şeylər danışıb. Məsələn, deyirdi ki, Bağırovun
mühafizədə ən çox güvəndiyi adam mən və Qazax millətindən olan bir
adam idi. Onu yaşadığı evdən, indiki İncəsənət muzeyindən MK-ya
qədər izləyərdik. Daima piyada gedərdi işə. Yaxınlaşmazdıq.
Gedəcəyi rayonlara xəbərsiz gedərdi. Qabaqcadan mən gedərdim, onun
təhlükəsizliyi ilə bağlı işlər görərdim. Gəncədə, Şəmkirdə, Tovuzda
olanda heç vaxt orada gecələməzdi. Qazaxda bir dostu vardı və
həmişə onun evində qalardı. Bir dəfə mən Qazaxa getdim. Səhər
tezdən çatdım ora. Axşama Bağırov gələcəkdi. Gördüm ki, həmin evin
ətrafı milislərlə doludur. Milis rəisi haradansa eşidibmiş ki,
Bağırov gələcək. O, təmtəraqlı qarşılanmanı sevməzmiş. Qovdum
milisləri ordan. Ev sahibi ilə söhbət etdim, özüm ətrafa nəzarət
etdim. Axşamüstü gəldi. İki dost oturdular həyətdə. Orada gecələdi,
səhər Bakıya qayıtdı.
Kolxoz sədrinin inəkləri
Bir dəfə də hansısa rayona gedirmişlər. Bilmirəm Ucar, ya Göyçay
olub. Kürdəmir də ola bilərmiş Bağırov "M-1"-də, Vaqpov və həmin
qazax millətindən olan digər mühafizəçi isə "Pobeda" maşınında
imiş. 1948-49-cu illərmiş. Pambıq sahəsinin yanından keçəndə görüb
ki, 3-4 heyvan pambıqlıqda otlayır. Maşını saxlatdırır və bir qədər
aralıda dayanan adamı çağırır:
- Bu inəklər kimindir?
- Kolxoz sədrinin.
Sonrada əlavə olaraq öyrənir ki, sədrin malları həmişə pambıq
sahəsində olur. Bu adam da qoruqçu imiş. Dedi ki, sədr, anbardar,
hesabdar kolxozu dağıdır. Bağırov da ona deyir ki, sabah axşamüstü
geri qayıdanda kəndə gələcəm. Sədrə de, camaatı toplasın
meydana.
Səhəri gəldik. Sədr də orada idi. Rayon rəhbərliyi də. Bağırov
dünənki qoruqçunu çağırdı. Qoruqçuya dünən dediklərini təkrar
dedirtdi.
Qoruqçu dünən olan söhbəti danışır. Əlavə edir:
- Sədrə dedim ki, belə bir adam belə bir maşında mənə dedi,
sədrə de, camaatı yığsın. Mənə yalvardı, yaxardı, iki inək, taxıl
göndərdi ki, sözünü geri götür, de ki, sədrin malları deyil. Bu
adam Bağırov ola bilər. Mən də dedim ki, mən o kişiyə yalan
demərəm.
Vaqapov deyir ki, həmin qoruqçu kolxoz sədri təyin edildi. Sədri
isə bizim "Pobeda"da Bakıya apardıq. Yazıq sədr yolda iki dəfə
şalvarına qaçırdı. Sonrakı taleyindən xəbəri olmayıb, amma həmin
kolxoz qabaqcıl kolxoz kimi tanınıb.
Kərəm müəllim Şamil Vaqapovun başqa bir xatirəsini danışır:
- Bir dəfə Bağırovu gözləyirmişlər ki, evdən çıxanda onu işə
qədər mühafizə etsinlər. Elə bu vaxt bir "Qaz-21" evə yaxın yerdə
dayanır. Tələsik qaçdıq ki, maşını götürsün. Xanəndə Qulu Əsgərov
imiş. Dedi ki, maşın xarab olub, başım da çıxmır. Elə bu vaxt
Bağırov evdən çıxdı və biz tez maşından aralandıq. O, Qulu Əsgərova
yaxınlaşıb salamlaşır, sonra soruşur ki, niyə burda dayanmısan.
Qulu Əsgərov deyir ki, bağışlayın, maşın xarab olub. Deyir,
tələsmə, düzəlt maşınını və gedir.
Mikayıl Müşfiqin saxlanması
- Bəs, Kərəm müəllim, deyirlər ki, Vaqapov Mikayıl
Müşfiqə işgəncə verirmiş.
- Hə, bu söhbət ağızlarda dolaşırdı. Bir dəfə ondan soruşdum.
Dedi ki, çox vətən xainlərinin danışdırılmasının şahidi olub.
Mikayıl Müşfiqin saxlanmasında, danışdırılmasında iştirak etməyib,
o zaman o çox gənc imiş. Lakin müşahidə edib, görüb. Amma o çox
əzazil adam olub. Onun bir oğlu vardı. Şikəst idi. 40 yaşı olardı o
zaman, hələ evdən çölə çıxmamışdı. Bir dəfə o oğlundan bəhs edəndə
dedi ki, məni bəzi anaların qarğışı tutub. Onlar mənə Allah balana
göstərsin, deyib qarğış edərdilər...
Kərəm müəllim deyir ki, meydan hadisələri başlayana qədər o,
idarədə idi. Birdən yoxa çıxdı. DTK-nın adamı idi. Özünü idarənin
rəisi Donetskidən də üstün tuturdu. O, millətin qəzəbindən qorxdu.
Amma onu danışdırmaq lazım imiş, onda çox sirr vardı...