Bu dəfə
tanınmış jurnalist Kəbutər Haqverdinin sevgi etiraflarını dinləyəsi
olduq. Bu günlərdə yaşadığı Türkiyədən Bakıya tətilə gələn xanım
yazarla çoxdan vədələşdiyimiz söhbətin ardına düşdük. Bacısı
Çiçəyin işlədiyi gözəllik salonunun səliqəli və sərin otaqlarından
birində üz-üzə oturmuşuq. İllər öncənin Kəbutəridir. Dəyişiklik o
qədər də nəzərə çarpmır…
İlk sevgi məktubu və ördək balası...
- Adına çox az təsadüf olunur… nadir addır, - söhbətə
ayaq veririk.
- Adımı nənəm qoyub - anamın anası. Pişəvəri hərəkatında bütün
doğmalarını, partiya yoldaşı olan gəlinləri farslar qətl edəndə o
da balalarının əlindən tutub Arazı keçib, Bakıya pənah gətirib.
Anam bizə yaşadıqları çadır şəhərciyindən, Mircəfər Bağırovdan
söhbət açanda elə bilirdik nağıl danışır. O birilərinin bilmirəm,
mənim adımı nənəm bir də o torpaqlara qayıda bilməyəcəyini başa
düşəndən sonra özünə təsəlli üçün qoyub. Farscada göyərçin anlamına
gəlir.
- Nənən balalarının əlindən tutub Arazı keçəndə heç də
uzağa getməyib…
- Hə, elədir. Biləsuvar rayonunun bir hissəsi İran İslam
Respublakasının sərhədlərinin arxasındadır. Burada Ağayrı kəndində
doğuldum. Yulğun və yovşandan başqa bitki bitməyən, suyu içilməyən
bozqır-duzlu çöllük, mənim üçün cənnət guşəsi.
Kəbutərlə vədələşdiyimiz
mövzuya keçidimizi gənc müxbirimiz Nihad Cəbrayılın sualı bir qədər
ləngidir:
- Niyə Ağayrı?
- Kəndimiz əslində qışlaq olub. Obamız qışlağa gələndə
ağsaqqalaradan biri vəfat edir və vəsiyyət edir ki, onu uzaqdan
görünən ağ əyrinin yanında dəfn etsinlər. Sonra Gülüstan müqaviləsi
ilə Azərbaycan İran və Rusiya arasında bölünür və mən az qala 100
il sonra Rusiyanın payına düşən hissədə doğuluram.
7 illik
həbsxana...
Uşaqlıq vaxtlarından, anasının onlara güclü nəzarətindən, kənd
yerinin adət-ənənəsindən irəli gələn qadağaların bolluğundan,
atasının zəhmli baxışlarından söz açır. Qəhrəmanımızın Bakıya
təhsil dalıyca gəlişi və ona olunan sevgi etirafları söhbətimizin
əsas mövzusuna çevrilir:
- Gənc idin, kənd mühitindən böyük bir şəhərin –
canavarın qarşısına düşdün. Oğrun baxışlar, ürək çırpıntısı və
sonra da evlilik həyatı. Seçimin sənə hansı uğurları
gətirdi?
- Evlilik həyatı mənə 7 illik həbsxana yaşatdı. İşgəncə, basqı,
əzab. Axır ki, qaçdım. Qızım doğuldu və 3 gün sonra evdən
getdim.
- Həyat yoldaşın öz kəndçiniz idi? Bilmirdinmi sənin
"saqqızını oğurlayan" kimdir?
- Yox, Aşıq Ələsgərin yerlisi idi.
- Ağayrıda heç sevən olmadımı səni?
- Anamın anası, nənəm Bakıda yaşayırdı deyə, mən 8-ci sinfə
qədər onun yanında böyümüşdüm. Odur ki, kənd arasına çıxmaq,
ünsiyyət qurmaq kimi komplekslərim vardı.
- Heç sənə eşq elan edən, sevgi məktubu yazan olmadımı o
kənddə?
- Atam çox zəhmli kişi olduğundan anam uşaqlıqdan bizim
hərəkətlərimizi onun qorxusu ilə tənzimləyirdi: bir oğlana
baxsanız, atanız ətinizi şişə çəkər, biri məktub yazar - başınızı
kəsər.
– Bu yaşa qədər heç sevgi məktubu
almadınmı?
- İlk və son aldığım sevgi məktubunu hələ də saxlayıram. Artıq
evli deyildim. Ayrılmışdım, bir şox qəzetlərdə çalışandan sonra
nəhayət "Yeni Azərbaycan" qəzetindən dəvət almışdım. Ümumi otaqda
12 nəfər otururduq və hamısından yaşlısı mən idim. Təbii ki, arada
məsafə, hörmət, filan. Bir gün günorta yeməyindən qayıtdım, baxdım
ki, masanın üstündə blaknotum açıq halda durur. Ən son səhifəsində
iri qırmızı hərflərlə yazılıb: Sevgi məktubu. Təəccüblə oxumağa
başladım. Demə, kimsə mənə zarafat edibmiş. Mənsə ilk dəfə ünvanıma
yazılmış bu məktuba necə qapılmışamsa bütün otağın diqqətlə məni
izlədiyini hiss etməmişəm. Təsəvvür edin ki, məktub bitənə qədər
mən artıq fikrimdə bu sehirli sözlərin müəllifi ilə görüşmüş,
ürəyim böyük bir sevgi ilə döyünməyə başlamışdı. Ən son sətirdə
"mən sənə elə aşiq olmuşam ki, div qurbağaya aşiq olan kimi"
sözlərini oxuyanda içimi çəkib ağlamağa başladım. İndi əyləncəli
gəlir mənə, amma o zaman az qala işdən çıxmaq istəyirdim.
Utandığımdan uşaqların üzünə baxa bilmirdim və hələ də bilmirəm ki,
o məktubu kim yazıb, məqsədi nə idi. Amma o məktub mənə insanların
hisslərinə hörmətlə yanaşmağı öyrətdi.
- İki uşaq və ayrıldın. Həm də 7 ildən
sonra.
- Əslində 3 il idi ayrılmışdıq. Sadəcə, bir evdə yaşayırdıq və
kimsəyə hiss elətdirmirdik ki, ayrılmışıq. Qızım doğulan günü bu
birlik də bitdi.
- Qızının atası...
- Aramızda bir cizgi vardı və nə o, həmin cızgını keçir, nə də
mən şərait yaradırdım. Üstəlik, evimiz onun qohumlarının ailə
yataqxanası rolunu oynayırdı. Qadınların və kişilərin otaqları,
salon, mətbəx. Kim nə tapdı yeyirdi, əsgər kazarması kimi. Bir gün
sırf təsadüfdən mən otağımın qapısını qıfıllmağı unutmuşam, bu da
elliklə getdikləri qohum toyundan tək qayıdıb. Aramızdakı anlaşmanı
pozması bardağı daşıran son damla oldu. Bir il sonra ayrılarkən 6
yaşlı oğlumla bərabər içimi gəmirən nifrət və qucağımda 3 günlük
qızım da vardı.
- Probleminiz nə idi?
- Davamlı xəyanət edirdi.
– Azərbaycanlı Don Juan?
- Onunla evlənəndən sonra Don Juan mənə sədaqət mücəssəməsi kimi
görünürməyə başlamışdı.
Cəhənnəmdə də onunla birlikdə olmaq
istəyirəm
- Bununla belə, 7 il bir
yerdə yaşadız…
- Ona nifrət etsəm də, yəqin ki, sevirmişəm. Amma bütün zəif
qadınlar kimi əlimdə bəhanəm vardı - oğlum atasız böyüməsin.
Ayrılmaq qərarımı verəndə də adi qadın fəndindən istiadə etdim:
uşaqlarım belə atanın yanında tərbiyə ala bilməz.
- İndi necə?
- Dünyasını dəyişsə də, unuda bilmirəm onu. Cəhənnəmdə də onunla
birlikdə olmaq istəyirəm, qaynadığı qır qazanının altına odun
qoymaq üçün...
- Qadınlar adətən kişilərin xəyanətini əvəzsiz
qoymurlar.
- Mən bir az puritan əqidəliyəm. İfrat sədaqətli və xəyanəti
bağışlamayan. İndiki yaşla düşünəndə özümə də təəccüblü gəlir, amma
qırılmasaydıq, yəqin ki, mən də ona xəyanət edəcəkdim. Çünki bu
addım əslində qadının sevdiyi şəxsə nifrət etməsi, ona gedən
bağları qırmaq üçün lazımdır.
Eşşəyin yediyi
çiçək
- Ayrılıqlar insanı dəyişir, deyirlər. Özün dəyişməyini
hiss edirsən? Yaxud dəyişməyə özünü vadar etdin?
- Özüm ayrılsam da, yaşadıqlarımı həzm edə bilmirdim. Özümə
inamım sarsılmışdı, cəmiyyətdən ayrı düşdüyümdən zaman sanki
üstümdən axıb getmişdi. Kimsəsiz, arzuları məhv olmuş, aşağılanmış,
sosial problemlərlə baş başa yazıq bir qadın... Aylarla
dodaqlarımda bu misralar dolaşırdım:
Səni gözəl bir qız dərəcəkdi,
Səni bir eşşək yedi...
Hayıf səndən, ay çiçək!
Arzu və xəyallarım ördək balası kimi doğulub
böyüyürlər
- İndi necə - nəsə dəyişdi?
- İndi arzu və xəyallarım ördək balası kimi doğulub böyüyürlər.
Suya düşsələr, üzməyi də bacarsınlar deyə.
- Gənc idin, təkrar ailə qurmaq
istəmirdinmi?
- Belə axmaq bir fikrə düşmüşdüm. Mənə elə gəlir ki, ayrılan
qadınlarda yenidən ailə qurmaq, sadəcə. özünə inamı qaytarmaq, ən
azı özü-özünə kiməsə lazım olduğunu, sevildiyini isbatlamağa
çalışmaq kimi mənasız cəhdlərdir. Qarşılaşdığım adamla eyni taleni
yaşamışdıq. Mən niyəsə inanmışdım ki, bu ağrını yaşayan bir insan
artıq kiməsə xəyanət etməz. Qıya bilməz ən pis halda. Ürəyi gəlməz
ki, sevdiyi qadına o ağrını yaşatsın. Az-az görüşürdük. Mən qəzetdə
işləyir, pul əvəzində kitablar yazırdım. O da böyük bir kompleksə
rəhbərlik edir və xəstə övladı ilə məşğul olurdu. Xaricdə müalicə,
kreslosu uğrunda verdiyi mücadilə və sair. Amma hər gün telefonla
danışır, bir birimizi məlumatlandırır, gələcək perespektivlərimizi
müzakirə və mübahisələr edirdik. Bir gün zəng etmədi. Ertəsi gün
mən zəng elədim və başa düşdüm ki "işim vardı" bəhanəsi məni
sakitləşdirmək üçündür.
Mən xəyanətin rəngini
görürəm
- Yanıla bilərdin…
- Məhz xəyanəti hiss etməkdə yanılmıram. Mən onun rəngini
görürəm.
- Sonra?
- Ertəsi gün də eyni qaydada keçdi. Yatağımda oturub gözləyirəm.
Gözüm telefon aparatında, dan yeri sökülür ve gecənin əsən yelləri
onun başqa qadınla pıçıltısını gətirir mənə. Üçüncü gün gecə saat
3-ə qədər davam gətirə bildim. Qalxıb geyindim, evin açarını
götürüb küçəyə çıxdım. Bakının o biri ucu. Ətraf yiyəsiz. İndi heç
vaxt cəsarət etmərəm. Qapını öz açarımla açıb evə girdim və
gözlədiyim mənzərə ilə qarşılaşdım. İçki, musiqi və digər
aksesuarlar. Açarı yuxarı qaldırdım, masanın üstünə qoyub qapıdan
çıxdım və taksiyə yüyürdüm. Kürəyimi isti basmışdı. Bir ay her gecə
parçanı buzlu suda isladıb kürəyimə qoyurdular.
- Sonra heç axtarmadımı səni?
- Yox. Məncə də, doğrusu bu idi. Xəyanəti bir dəfə bağışlasan,
təkrar yaşayacaqsan. Xəyanət düşüncənin, niyyətin əvvəlcədən
planlaşdırıdığı bir aktdır. Bağışlasan, təkrarı gələcək. Həyatın
mənə öyrətdiyi budur.
Kişilər alicənab
olmurlar
- Qarşılaşmadınız da?
- Bir il sonra rəfiqəmlə çay evində oturmuşduq. Bir nəfər
yaxınlaşdı. Rəfiqəmin ailə dostu imiş. Söhbət zamanı məlum oldu ki,
eyni nazirliyin işçisidirlər. O da başqa bir pansionatın
rəhbəridir. Dilimi tuta bilmədim və onu soruşdum. Cavabında nəsə
dedi. Başa düşdüm ki, nəsə pis hadisə baş verib, amma nə? Təkrar
soruşmağa utandım. Evə qayıdanda rəfiqəm anlatdı ki o, ölüb.
Xərçəng imiş.
- Bəlkə xəyanət dediyiniz sizi özündən uzaqlaşdırmaq
üçün imiş?
- Kişilər alicənab olmurlar. Həm də bu mövzuda heç olmurlar.
Xəyanətə heç bir don geyindirmək mümkün deyil.
- Amma evlənmisiniz.
- Bu, artıq hesablanmış bir evlilikdir. Adamla uzun zaman idi
bir-birimizi tanıyırdıq. İlk tanışlığımız zatən onun evlənmək
niyyəti ilə olmuşdu. "Yox" demişdim. Amma elə bir vaxt gəldi ki,
səhhətimdə yaranmış problemlərlə bağlı İstanbula gedəsi oldum. Daha
yaxından tanıdım. Bakıya qayıdandan sonra çox düşündüm. Necə deyim,
çanaq o yazığın başında çatladı, bu qədər yaxşı insan olmağının
nəticəsi olaraq mən ona evlilik təklifi etdim.
Xarici vətəndaşla nikah
boğaza salınmış çatıdır
- Heç peşman olduğun vaxtlar olmadımı?
- O qədər… Xarici vətəndaşla nikaha girmək boğazına salınmış
çatının başqasının əlinə verilməsidir. O adam da fürsətçi və feodal
təfəkkürlüdürsə, anan ağlayacaq. Həm də mənim kimi feminist və
özbaşına birinin. Çox acılar çəkdim və çox da peşman olmuşdum.
Üstəlik, sevə bilmirdim yaşadığım şəhəri - İstanbulu. Nə qədər eyni
görünsə də, başqa mədəniyyətdir.
- Yad ölkədə təkbaşına...
- Təkbaşına deyildim. Dostlarım, Azərbaycan mətbuatının iki
gözəl yazarı Esmira Şükürova və Əntiqə Qonaq ən kritik durumumda
arxama, dayağıma çevrildilər. Səhhətim normallaşdı, uşaqlar böyüdü.
Peşimanşılıq keçdi. Bu yaxınlarda dünyasını dəyişmiş bir aktrisanın
müsahibəsini oxudum. Deyirdi ki, qorxuram, öləndən sonra desinlər
ki, onun tabutunu pəncərədən çıxartdılar. Onda başa düşdüm ki,
doğru olanı etmişəm.
- Feminist ruhunsa hələ də ram edilməyib.
- O ruh oğluma məğlub oldu. Evimizin şəriksiz hökm verəninə.
Mənim qərarlarımı təsdiqləyən indi oğlumdur. Məni qəlibə salmağı
heç bir kişi bacarmamışdı. O, bacardı. Bu, böyük və xəyanət qorxusu
olmayan sevginin nəticəsidir.
Öz külündən dogulan Anka
quşu
- İndiki evliliyini də
deyəsən gözəl sonluq gözləmir…
- Yaş və ya təcrübə insana o qədər çox şey öyrədir ki. Həyatın
hər acısını daddım, dəfələrlə alovuna büründüm və külüm qalana
qədər yandım. Amma məhv olmadım. İçimdəki həyat eşqi öz külümdən
doğurdu məni. Eynən Anka quşu kimi... Öpülməyən dodaqlar, sevgi
gileyi və əxlaqsız qadın...
- İki evlilik arasındakı bir dayanacağı nəzərə almasaq,
15 il tək yaşamısan. Sevgisiz həyat rəngsiz deyildi?
- Yalqızlığın ömrü sevgi ilə uzanır. Birinə dəli kimi aşiq
olursan və gələcək haqqında planların unudulur.
Məqsəd Nur və daha bir kişi
- Eşitmişəm, hiss etmişəm,
deyəsən axı sənin də aşiq olduğun kişilər vardı…
- Bir sürü. Amma ikisi qalıb yadımda. Yazıçı Məqsəd Nur və daha
bir nəfər.
- Görüşürdünüzmü?
- Məqsəd Nur o zaman Moskvada yaşayırdı. Sosial şəbəkələrin
hansındasa rastlaşdıq və məlum oldu ki, canlı olaraq görüşməsək də,
bir-birimizi tanıyır və oxuyuruq. Xeyli keçdi və bir gün görüş
gününü və saatını bildirən mesaj aldım. O, Moskvadan gələnə qədər
mən tam 2 ayı Bakının bütün geyim mağazalarını bir-birinə vurdum. 2
ay sonra güzgüyə baxanda özümü tanımadım. Görüşmək olardı. Amma
yenə ürəyim çırpınırdı. Görüşdük və ta 2 il-filan sürdü bu
görüşlər. Hər görüşdən öncə də geyim dükanlarına səyahət, digər
prodsedurlar. Aksesuar, çanta, ayaqqabı arayışları. Və günlər
keçdikcə münasibətlərimiz normal qaydaya düşdü. 2-3 aydan bir iş
sonu görüşür, sakit bir restoranda şam edir, deyib gülür,
ayrılırdıq.
- Ən çox hansı mövzuda söhbət edirdiniz?
- O zamanlar Məqsəd Bakıya köçmüşdü və layka cinsli Qaralı adlı
bir köpəyi vardı. Ən çox Qaralıdan danışardıq. Çox-çox sonralar,
artıq yanında özümü rahat hiss etdiyim vaxtların birində işdən
sonra yenə görüşdük və şam eləmək üçün oturduq. Salon bom-boşdu,
şüşə divarların o üzündə şəhər qaynayır. Bunun da ilham pəriləri
qanadlanıb nədi, mənə qadın-kişi münasibətlərindən danışmağa
başlayıb. Ay nə bilim bir kişi bir qadın tərəfindən sevilsə necə
xoşbəxt olar, ay nə bilim, kişi belə davranar, belə… filan. Mən
ağzım heyrətdən bir qarış açıq tamaşa edirəm, bu da mənə Cırtdanın
nağılını danışır. Axırda əsəbləşdim: - Məqsəd, - dedim, - xəbərin
varmı ki, mən il yarım-filan öncə sənə dəli kimi aşiq olmuşdum?
Bu dəfə ağzı açıq qalmaq növbəmizi dəyişirik. Sonra bərabərcə
necə bir qəhqəhə parlatdırıqsa qarsonlar hamısı nə baş verdiyini
öyrənmək üçün qaçıb gəldi.
- İndi də davam edirmi münasibətiniz?
- Əlbəttə. Məqsəd Nur mənim həyatımda şox önəmli bir adamdır.
Məncə, bütün insanların bu tip ən azı bir dostu olur. Eynən günəş
kimi. Ona toxunmağı, tutmağı, özününküləşdirməyi ağlının ucundan
belə keçirtmirsən, amma o var və illərlə görüşməsən, səsini
eşitməsən də, dünyanın harasında olsan da, istisini hiss
edirsən.
- Dəyişər üzümün rəngini,
qovurar yandırar dərimi.
İsidə bilməz sümüklərimi,
əritməz ürəyimin buzunu,
gözlərimin donu açılsın deyə...
Sən eynən günəş kimi... - Sənin şeirindir. Ona
yazmısan?
-Yox, o şeiri başqasına yazmışdım. O adamın obrazları 5-6 şeir,
5-6 hekayədən ibarət yaradıcılığımın əsas cizgisidir.
Xəyallarımı hekayələrimə
köçürürdüm
- Kim idi bu xoşbəxt "başqa" ki, bədii yaradıcılığına
qədər gələ bildi?
- Adı məndə qalsın. Sadəcə, adını söyləmək haqqım yoxdur.
- O adam da səni sevirdi?
- Biz qadınlar istəyəndə özümüzü məharətlə aldadırıq və kişilərə
yalançı deyirik. Məncə, o, yalan danışmırdı. Az-az görüşürdük. Və
bu görüşlərin ona necə təhlükə yaratdığını bildiyim üçün heç vaxt
görüş təklifi etmirdim. Zəng edirdim və səsimdən gözləmə limitimin
bitdiyini hiss edirdi. Ən tünlük küçələrdən birində görüşürdük.
- Münasibətləriniz hansı müstəvidə idi?
Kəbutərin gözləri mənə baxsa da, hiss edirdim ki,
ismi pünhan olanı görür. Və məndə bir inam yarandı ki, onun dediyi
"bir sürü kişinin" içində yalnız bu adam onun həqiqi sevgisindən
pay görə bilib. Elə sualıma cavabı şeirlə verməsi də bunu
deyirdi:
- Can verən yarpaqlarla öpər qədəmlərimi,
Göz yaşlarımı kimsə görməsin deyə
Yağışlarına qoşulub doyunca ağladığım payız
dəli küləklərilə asılar saçlarımdan
Bir yol basıb bağrına öpməz dodaqlarımdan...
... Sən eynən payız kimi... - Bayaq sən xatırlatdığın
şeirdəndəndir. Ona yazmışdım və adı da "Giley" idi. Amma nə mənim
onu təhlükəyə sürükləmək haqqım vardı, nə də o başına karyerasına
son qoyacaq təhlükə almazdı. Mən qurduğum xəyallarımı hekayələrimə
köçürürdüm. Amma o hekayələr çox da xoş qarşılanmırdı. Məsələn,
məni tanıyan, hörmətlə yanaşan, dost deyə bildiyim bir yazar belə
hekayələrin birinin nəşrindən sonra mənə zəng edib, "sən ədəbiyyata
əxlaqsız qadın obrazı gətirirsən, - dedi, - bir az diqqətli ol".
Halbu ki, mən orda ən qutsal bildiyim duyğularımı qələmə almışdım.
Başqa bir rəfiqəm zəng edib pıçıltı ilə "bu, filankəsdirmi" - deyə,
müdirimin adını soruşurdu. Amma mən elə indi də özümü yazıram.
Kəbutəri xəyallarını əsir edən o insandan ayırmaq istədim,
yaradıcılığı ilə bağlı sual verdim:
- İstanbulda nəşr olunan "Cənnətdən sürgün" romanını
məhəbbət romanı adlandırmaq olarmı?
- Reamrkın "Zəfər tağı" əsəri ən gözəl məhəbbət və müharibə
ronamlarındandır. İnsan sevgisi və yaşantıları ilə zamanın, tarixin
bir parçasıdır. Yazıçı bunu unuda bilməz.
- Oradakı "Ahmet" kimdir? Romandakı qəhrəmanın - Bakıdan
İstanbula köçən bir qız uşağı ilə əri tərəfindən aldadılan qadının
başına gələnlər maraqlı olar oxucular üçün.
- Əslində, mövzu Xocalı idi. Amma elə bir variant tapmaq
istəyirdim ki, oxucu yorulmasın. Çünki bütün qətliamlarda eyni
hadisələr yaşanır. Və artıq türk oxucusu kifayət qədər yekrəng
romanla tanışdı. Qətliamdan sonra ordan sağ qurtulanların acısını
qələmə almaq istədim. Və hiss etdim ki, işimdəki o yetim, sahibsiz
sevdanın rəsmini də çəkməyə çalışıram. Heç vaxt qiymətini almayan
boynu bükük sevgimin. Onda ağlıma ilk gələn Əhməd adlı Axısxa türkü
oldu. O oğlanın haqqında ilk dəfə 10 il əvvəl Seymur Verdizadənin
reportajında oxumuşdum. Ermənilər işğal günü öz xəncəri ilə onun
başını kəsmışdılər. Seymura zəng vurmuşdum, onun qohumlarını tapmaq
istəmişdim. Öyrəndiyim o olmuşdu ki, evliymiş, 2 yaşında bir qızı
olub. Sevmişdim bu qəhrəman oğlanı. Sonra Xocalı ilə bağlı
projelərdə ordan sağ quratara bilənlərlə görüşəndə onun
qəhrəmanlığı və şəhadəti haqqında elə danışırdılar ki, mən bir
şəkli belə qalmayan bu qəhrəmanın obarızını içimə köçürürdüm.
"Cənnətdən sürgün" romanını yazarkən o qara sevdamı, talesiz
sevgimi geyindirdim o qəhrəmana. Və o romanı onun və Laçının
müdafiəsində yaralanıb əsir düşən Əhmədin aqibətini yaşayan nakam
qardaşımın xatirəsinə bağışladım.
Kəbutərlə söhbətimi burada saxladım… O, artıq başqa
sevdasından danışırdı. Və bu söhbət o qədər dogma idi ki,
fikirləşdim, dəyərli oxucu xanım yazarımızın əsərlərini tapıb
oxumaqla bu sevdanın qutsallığını daha yaxından duya
bilər…