Onunla 10 saylı Cəza Çəkmə Müəssisəsinin Tibb
Məntəqəsindəki tanışlıq az qala dostluq həddinə qədər gəldi. O,
Afrikadan idi. Nigeriyalı bu zənci Azərbaycan dilini az qala bəzi
azərbaycanlılardan yaxşı bilirdi. Dilimizi "içəridə"
öyrənmişdi.
Üç ildən çox idi ki, burada məhbəs həyatı yaşayan bu Qarabala
(öz adı Samsundu, onu dustaqlar belə çağırırdı) pul qaçaqmalçılığı
ilə günahkar bilinərək həbs edilmişdi. Ondan həbsinin səbəblərini
soruşanda bu hadisəni mənə olduğu kimi danışmışdı. Bu haqda bir az
sonra.
Alə, bəsdür, yaxçı görüm
Samsun 10 saylı Cəza evində ada kimi idi. Uzaqdan qaralır,
nəzərə çarpırdı. Əllərinin içi, çölə qatlanmış iri dodaqları,
ayağının altı sifəti ilə müqayisədə bir qədər ağ idi. Yay aylarında
dəri göyərmiş kimi görünürdü. Həm də bacardıqca hamının hörmətini
saxlayırdı. Onunla heç kəsin işi yox idi. Yazımın budəfəki
qəhrəmanı da tibb məntəqəsində "kirayənişin" idi. İnsanlara
qaynayıb qarışmışdı. Həbsxana jarqonlarından bacardıqca çox
istifadə edirdi. Bir balaca söz-söhbət olsa: "İstəyirsən, böyük
qardaşları "kurs" edək, gəlib "panyatka" versinlər", yaxud Bakı
ləhcəsi ilə, "Alə, bəsdür, yaxçı görüm..." – deyirdi. Təsbeh
fırlatmağı da ki yerində olan Samsuna elə gəlirdi ki, bu şivə ilə
danışmaq, dilimizi təmiz bilməsi deməkdir.
Özünə baxmağı sevirdi
Samsun hər gün səhər tezdən idman edirdi. Qaçır, turnikdə
dartınır və girlərlə əzələlərini formada saxlayırdı. Dişlərini
fırça ilə ancaq səhərlər yuyardı. Tibb məntəqəsinin həyətindəki
həmişəyaşıl ağacın nazik yaşıl budağını kəsər, qabığını soyub gün
ərzində həmin budaqla dişlərini sürtərdi. Bu sanki onun hobbisi
idi. Özünə baxırdı, kifayət qədər səliqəli və bahalı paltarlar
geyinərdi. Ət yeməzdi.
Səhər toplantısından sonra adətən çimər və mütaliə ilə məşğul
olardı. Yaxşı şahmat oynayardı, ona görə də gününün yarısı bizim
otaqda keçərdi. Yumor hissi güclü idi. Zarafatlaşmağı
xoşlayardı.
O, nazir oğlu idi
Türmənin işçiləri də ona ürək qızdırır, rejim qaydalarını
"pozmasına" görə ondan çəkinmədən pul alırdılar. Adətən xarici
vətəndaşlardan pul almağa risk etməyənlər Samsun hər görüşdən
çıxdıqdan sonra çəkinmədən ondan "şirinlik" qoparırdılar. Onun
yanına gələnlər əsasən "Bakı" futbol komandasında oynayan
nigeriyalı futbolçular idi. Pul sarıdan korluğu yox idi. Atası
legioner olan futbolçulara oğlunu ziyarət etməsini xahiş
edibmiş.
Samsun deyirdi ki, atası Nigeriyanın Tikinti naziridir. Bundan
başqa onların almaz istehsal edən fabrikləri də var. Mən ona
inanmadğımı dedikdə, "bu sənin seçimindir, inanmaya bilərsən", -
demişdi.
Qocaldın, Samsun, qocaldın...
Bir dəfə "Ulduz" jurnalında şeirlərim dərc olunmuşdu. Jurnaldan
iki nüsxə mənə gətirmişdilər. Samsun jurnalda şəklimə baxıb:
- Gərək səni tutmayaydılar, - dedi.
- Niyə? – soruşdum.
- Bilmirəm, amma səni tutmaya bilərdilər...
Sonra da məndən jurnalı oxumaq üçün ona verməyimi istədi:
- Götürüm bunu, oxuyum, qorxma, sənin şəklin olan vərəq
cırılmaz...
- Götür, oxu, amma niyə axı jurnalı cırmalısan? Mənim
şəklim olan vərəqi də saxlayasan?
- Mən onu cırmaram, amma "Bazarkom" (Taleh adlı dustaq, oxucumuz
onun haqqında ötən yazılarda oxuyub) əlinə keçəni cırıb atır, -
dedi.
Bir-neçə gündən sonra Samsun bizim otağımıza gəlib əzbərdən
"Qocaldın, Faiq, qocaldın" şeirimi dedi. Sonuncu bənddə mənim adımı
öz adı ilə əvəzlədi: "Qocaldın Samsun, qocaldın". Sözləri fərqli
şəkildə tələffüz etməsi otaq yoldaşlarımı xeyli güldürdü.
Mamaşa görüşə gəlib, gedək
O, Rusiyada, Sankt–Peterburqda təhsil almışdı. Dediyinə görə,
Nigeriyanın bu şəhərdəki hansısa böyük bir şirkətində məsul
vəzifədə çalışırmış. Rus qızına evli idi. Bir oğlu vardı. Mən orada
olanda iki dəfə qayınanası onun görüşünə gəlmişdi. Hər dəfə görüşə
gedəndə Aqillə məni də dəvət edirdi:
- Mamaşa görüşə gəlib, gedək. Yoxsa "çuşkalar" mənə, mamaşaya
söz atırlar.
Getmişdik. Yaraşıqlı və cavan qayınanasını görüb zarafata
demişdim ki, Samsun, məmnuniyyətlə sənin qayınatan olaram.
"Qayınata" sözünün nə olduğunu öyrənib, dedi ki, buna mən qərar
vermirəm. O, zarafatımı ciddi başa düşmüşdü. Bir dəfə də soruşdum
ki, niyə sənin yoldaşın görüşünə gəlmir, dedi ki, o məndən
inciyib:
- Mənim dostumu gördükdən sonra, həm də biləndə ki, birlikdə
Bakıya gəlib hündürmərtəbəli evlər tikəcəyik, razı olmadı. Mənə
getmə, o adama inanma, - dedi.
Elə Samsunun həbsinə də səbəb xanımının sözünə qulaq asmamağı,
Bakıya gəlməsi olmuşdu.
Qara rəngli dollarlar
Hadisə isə belə olumuşdu: demək, Samsunun bir azərbaycanlı
tanışı ona deyir ki, Bakıda yaxşı iş qurmaq olar. Yer alıb, bina
tikməklə az bir müddətdə paytaxtın tikinti sektorunda önəmli yer
tutmaq mümkündür.
Söhbət mənə maraqlı gəlmişdi.
- Qarabala, bəs sən başqasından soruşmuşdun ki, bu,
mümkündür, ya yox? Heç Azərbaycanla əlaqən olmuşdu?
- Yox. Mən ona inanırdım. Pis oğlan deyildi. Mən dostumla Bakıya
gəldim. Özümlə 100.000 dollar götürmüşdüm. Oteldə mənə yer aldı.
Şəhəri gəzdik. Axşam gəldim otelə. Dedi, sabah görüşərik. Səhər
tezdən qapını döydülər. Açdım. Polislər idi. Məni həbs etdilər.
Guya pul qaçaqmalçılığı ilə məşğulam. Amma sənədləşmədə məndən cəmi
15.600 dollar pulun aşkarlanması göstərildi. Qalan pullardan
xəbərim yoxdur. Məhkəmədə də dedim ki, bəs mənim qalan pullarım
haradadır, fikir vermədilər.
- Samsun, axı səni televizorda göstəriblər. Sən bir
çamadan qara rəngli kağızla gəlibsən Bakıya. Guya səndə hansısa
kimyəvi maddə də olub. Bu kağızın üstünə tökdükdə rəng çəkilir və
dollarlar görünür. Buna görə də həbs olunubsan.
Bunu mənə rejimin rəis müavini mayor Rauf danışmışdı.
Samsun bunu da etiraf etdi:
- Hə, olub elə bir şey, onu da dostumun təklifi ilə etmişdik. O,
satacaqdı həmin kağızları.
Üzü qara adam
Samsun haqlı olaraq həbs olunduğunu başa düşürdü. Onu yandıran o
idi ki, özü ilə gətirdiyi pulun 84.400 dollarının yoxa çıxmasını
heç kəsə sübut edə bilməyib. Həm də onunla Bakıya gələn "dostunun"
məhkəmədə Samsunla təsadüfən qatarda tanış olduğunu və guya yaxşı
vətəndaş kimi onun çirkin niyyətini başa düşdükdən sonra
hüquq-mühafizə orqanlarına müraciət etdiyini deməsi idi.
- İstərdim, onu görəm, deyəm ki, mən yox, üzüqara adam
sənsən.
Cəza evində Aqillə mənə məxsus olan mobil telefon da vardı.
Axşamlar evlə, dostlarımızla danışardıq. Cəza müəssisəsində telefon
saxlamaq qanuna ziddir. Gizlin tutduğumuz bu iş ən etibarlı adamlar
bilirdi. Bunlardan biri də, Samsun idi. Bir dəfə biz evimizlə
danışdıqdan sonra Samsun Nigeriyaya zəng vurmaq istədiyini dedi.
Konturumuz az idi. Rəhmim gəldi. Dostum Rafiq Manaflıya (VHP Ali
Məclisinin sədri) zəng edib kontur istədim. Heç 10 dəqiqə keçmədi
ki, iki ədəd 10 manatlıq sim kartın şifrələrini mesajla göndərdi.
Samsun doğmaları ilə sərbəst danışa bilərdi. Amma heç kontura
ehtiyac da qalmadı. Samsunun ailəsi biləndə ki, həbsxanadan
danışılır, telefonu söndürüb özləri zəng etdilər. Söhbət 5
dəqiqədən çox çəkdi. O, növbə ilə ailə üzvləri ilə danışır və bizi
məlumatlandırıdı. "Danışam anamdır, atamdır" və sair. Axrıncı
danışdığı bacısı idi. Telefonu qulağından ayırıb:
Bacına salam de
- Bu mənim bacımdır, bilirsən, necə qəşəngdir?
Mən zarafat etdim:
- Yəqin kömür kimi qaradır, zil qara. Sizdə tamam
qaralara gözəl deyirlər də yəqin.
Samsun:
- Yox, onun indi 19 yaşı var, gimnastdır. Mən axırıncı dəfə
görəndə isə 15 yaşı vardı. Bacım qəşəngdir.
- Onda bacına mədən salam de...
Samsun bacısına salamımı çatdırdıqdan sonra:
- Bacıma sonra nə deyim, - soruşdu.
Dedim ki, qoy gəlsin Bakıya - səninlə görüşə, nazir qızıdır,
pula qızırqanmasın.
Samsun hələ də telefon qulağında mənimlə danışır və dediklərimi
bacısına tərcümə edirdi. Bacısı da məni Afrikaya dəvət etdi. Və
qardaşına dedi ki, gələndə ona nar aparım.
Samsun "azadlıqda"
Mən azadlığa çıxdıqdan təxminən 3 ay sonra Samsun cəza növünün
dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdi. Onun Cəza evində
özünü nümunəvi aparması, islah olunması və verilən cəzanın yarıdan
çoxunu çəkməsi həm də - ən başlıcası - onun "Qarabala" olması və
azadlığa gedən yol üçün pul xərcləməyi bacarması məhkəmənin
diqqətindən yayınmamışdı. Onun müraciətinə müsbət cavab
verilmişdi.
Samsun məhkəmənin hökmü ilə Nardarandakı məntəqə tipli cəza
evinə göndərildi. Əslində, orada dustaqlar qalmırdı. Azadlığa bir
addım qalmış dustaqlar Cəza Müəssisəsinin rəhbəri ilə ayda bir dəfə
müəyyən olunmuş yerdə "görüşürdülər". Hər şeyin yaxşı olduğu və
danışılan aylığı verdikdən sonra ayrılırdılar.
Samsun "Yeni Xəbər"in müxbiri kimi
Samsun əvvəlcə Nərimanov rayonunda, Çapayev küçəsində iki otaqlı
ev kirayələmişdi. Ayda 600 dollar ödəyirdi. Sonradan isə "dostluq"
kino-teatrının yanında 1000 dollara daha rahat və gözəl ev
kirayələdi. Tez-tez görüşürdük. Mən yenidən "Yeni Xəbər" qəzetinin
baş redaktoru idim. O, məndən cəza evinə təqdim etmək üçün arayış
istədi. Axı məntəqə tipli cəza evində cəza çəkənlərin işləmək
hüququ var. Mən ona arayışı bir şərtlə verə biləcəyimi dedim.
Ərizəsini alıb, işə qəbul etdim.
Bir dəfə mənə naməlum nömrədən zəng gəldi. Polislər onu barda
tutmuşdular. O isə qəzetin vəsiqəsini göstərib, redaktorun
tapşırığı ilə bura gəldiyini demişdi. Polislər dəqiqləşdirmək üçün
mənə zəng etdilər.
- Sizin bu adda işçiniz var?
- Bəli, - dedim.
Sabah redaksiyaya gələn Samsun polislərə 15 manat verdiyini
dedi:
- Dedim, alə, gedin pivə için...
Naxələf Samsun
O, gözləmədiyim halda yox oldu. Görünmədi. Telefonuna zəng
çatmadı. Samsun naxələf çıxdı. Cəza müddətini növbəti amnistiya ilə
bitirib Sankt-Peterburqa getmişdi. Mənimlə sağollaşmamışdı da. İki
aydan sonra mənə zəng vurdu, "Aqilə salam de", - dedi. Sonra da
əlavə etdi ki, anam və bacım gəlib, burdadırlar. İstəsən gəl, səni
tanış edim. Razılaşmadım: "Qoy o, Bakıya gəlsin".
Güldü:
- Bakıya gələn kimi adamı tuturlar. Ona görə gəlmək
istəmirlər.
Yoldaşını soruşdum:
- Necədir?
- Yoldaşım ərə gedib. Uşağımı mamaşa saxlayırdı. İndi onunla
yaşayıram. Keçmiş yoldaşım mənim qızım sayılır.
- Demək, oğlun da anasının qardaşıdı?..
- Hə, belə demək olar...
Onunla xeyli söhbət etdik. Məni Nigeriyaya dəvət etdi.
- Yox, dedim, gələrəm, sən də məni tutdurarsan. - Bu dəfə də
zarafatımı ciddi qəbul etdi:
- Alə, biz kişiyük e...
Azərbaycan dilini yaxşı öyrənmişdi. Sərbəst danışırdı. Qəzetin
vəsiqəsini isə yadigar saxlayacağını dedi.