Keçmiş
Qarabağ döyüşçüsündən ilginc açıqlamalar
Halay Əyyub oğlu Bəndəliyev 1970-ci ildə Laçın rayonunun
Qarakeçdi kəndində doğulub. 1988-1990-cı illərdə hərbi xidmətdə
olub. 1991-1997-ci illərdə Gəncə Dövlət Kənd Təsərrüfatı
Akademiyasının qiyabi şöbəsində ali təhsil alıb. 1991-ci ildə Laçın
rayon Polis Şöbəsində serijant kimi fəaliyyətə başlayıb.
Rütbələri:
1991-ci ildə serjant;
1994-cü ildə kiçik leytenant;
1995-ci ildə leytenant;
1997-ci ildə baş leytenant;
2000-ci ildə kapitan;
2009-cu ildə mayor.
Vəzifələri:
1994-cü ildə tağım komandiri, daha sonra daxili əmrlə bölük
komandirinin əvəzedicisi;
1997-cü ildə sahə müvəkkili;
2005-ci ildə xidmət üzrə baş inspektor;
2009-cu ildə məsul növbətçi;
2014-cü ildə yenidən xidmət üzrə baş inspektor.
Hal-hazırda həmin vəzifədə çalışır. Rütbəsi polis mayorudur.
Müharibə veteranıdır.
Halay Bəndəliyevin Qarabağ müharibəsi haqda
söylədiklərini təqdim edirik:
Mən polis vəzifəsində işləməyə başladığım vaxtlarda Milli Ordu
yenicə formalaşırdı, döyüşən əsas qüvvə polis idi, cəbhə boyu bütün
postlarda polislər dayanırdı. 1991-ci ilin axırlarında Milli Ordu
yarandı. Postlarda polislərlə bərabər əsgərlər də dayanmağa
başladı. 1992-ci ildə Şuşanın işğalından qabaq Şuşanın müəyyən
istiqamətlərində döyüşlərdə olduq. Biz altı nəfər polisi Köhnəkənd
istiqamətində Balakirs adlanan yerə göndərdilər. O istiqamətdə
ermənilər iki mülki şəxsi əsir aparmışdılar. Gedib gördük ki,
ordumuzun bir bölməsi postu yiyəsiz qoyub, ermənilərsə gəlib həmin
postu tutublar. Biz altı nəfər üç istiqamətə qarşı döyüşəsi olduq.
Ölüm təhlükəsi ilə üz-üzə qalmışdıq. Düşməni susdura biləcək, ən
azından, qarşılıq verə biləcək silah-sursatımız, demək olar ki, yox
idi. Güllələr sel kimi üstümüzə yağırdı. Ölümündən sonra Milli
Qərəman fəxri adını almış İsrafil Məmmədov zirehli texnika ilə
(BTR-lə) köməyimizə gəldi. Qızğın atışmalardan sonra ermənilər
mövqelərindən geri çəkilməyə məcbur oldular. Atışmada iki erməni
əsgərini öldürdük. Atışmalar dayananda artıq gecə düşmüşdü. Sabah
gedib postu tutanda axtardığımız həmin mülki şəxslərin birinin
meyitini tapdıq. Ermənilər birini girov götürüb, digərini
öldürmüşdülər. Kənd camaatı gəlib meyiti götürdü. Biz həmin
mövqeləri tutduq. Laçın batalyonunun bir bölüyü digər istiqamətdən
gəldi, postları onlara təhvil verib qayıtdıq Laçına.
Girov götürülən şəxsdən isə uzun illər xəbər çıxmadı. Təxminən
2-3 il bundan öncə onunla Xızı rayonunda təsadüf nəticəsində
rastlaşdıq. Danışırdı ki, erməni əsgərləri ona olmazın işgəncələr
verirlərmiş. Sonra bir erməni əsiri ilə onu dəyişmişdilər.
Təxribatlar başladı
18 polis nəfərini OMON-un (Xüsusi Təyinatlı Polis Dəstəsi)
tərkibinə verdilər. Onlarla birlikdə döyüşəsi olduq. Rövşən Cavadov
bizi - 18 nəfər Laçın polisini və 18 nəfər OMON döyüşçüsünü Şuşanın
Şırrankənd istiqamətinə göndərdi. Bizə bir 3 difer KAMAZ maşını
vermişdilər. Gedib həmin kənddə postlarımızı qurduq. Kənddə 2 qoca
arvad, 1 qoca kişi və 6 nəfərdən ibarət özünümüdafiə dəstəsi
qalmışdı. Maşınımızı verdik ki, qocaları kənddən çıxarıb
aparsınlar. 6 nəfər bizim yanımızda qaldı. Bir neçə gündən sonra
ermənilər zirehli texnika ilə bir neçə yerdən üstümüzə hücum
çəkdilər. Biz 36 nəfər və bizə sonradan qoşulmuş 6 nəfər mühasirədə
qaldıq. İriçaplı silahlarımız olamdığı üçün mövqelərimizi tərk
etməli olduq. Biz dağlarla gəlib Laçının kəndlərinə çatanda artıq
kəndlərin böyük əksəriyyəti erməni əsgərləri tərəfindən
boşaldılmışdı. Hətta bizim çıxacağımız Turşsu yolu da ermənilərin
əlinə keçmişdi. Xoşbəxtlikdən itki vermədən gəldik Laçına. Sonra
bizi apardılar Xocabertlə (erməni kəndi) üzbəüz Suarası, Fərəcan
kəndləri istiqamətində döyüşməyə. Bu ərəfədə təxribatlar başladı.
Bir neçə dəfə şayiə yaydılar ki, erməni Laçını alıb, çıxın. Biz də
çıxdıq. Sonra qayıtmaq əmri verdilər. Biz qayıdanda ermənilər bizim
postları tutmuşdular. Döyüşüb çətinliklə qaytara bildik. Bu hal bir
neçə dəfə təkrarlandı. Axırda çıxası olduq Laçından.
Rəsmi işğal günündən (18 may) bir il sonraya qədər
kəndlərin çoxunu geri almışdıq
Kəlbəcər tərəfdən Laçının kəndlərinin azad olunması uğrunda
döyüşlərə başladıq. Bir neçə ay ərzində təxminən 70-80 kəndi azad
elədik. Vaqif Cabbarovun dəstəsi, Qubadlı Əlyarın dəstəsi aşağı
tərəflərdən kəndləri azad eləyə-eləyə gəlirdilər. Laçının tamamilə
geri qaytarılmasına sayılı saatlar, günlər qalmış, orduya geri
çəkilmək əmri verildi. Ordu mövqeləri tərk etdikdən sonra, biz
polislər mühasirədə qaldıq. Laçının işğalından bir il sonraya qədər
kəndlərinin əksəriyyəti bizdə idi. Mövqelərimiz Laçının Hoçaz,
Alxaslı, Pircahan kəndləri, ordu qüvvələrimiz Tğik kəndi
tərəflərdəydi. 1993-cü ilin aprelində bizim qüvvələr Laçından
çıxası oldu. Ordunun səhlənkarlığı nəticəsində Kəlbəcər də işğal
olundu. Sonra Xanlar (indiki Göygöl) rayonun Çay kəndinə gəlib,
Murov istiqamətində postlara çıxdıq. Orada tez-tez atışmalar
olurdu.
1993-cü ilin payız aylarında bizi apardılar Daşkəsənin
Qaraqollar kəndinə. Orda qərargahımızı qurduq. Daşkəsənin
Alaxançallı kəndindən Kəlbəcərin Lev kəndi və İtkeçməz deyilən
istiqamətində səyyari postlarda olduq.
Bir gündə 7 şəhid 17 yaralı
Bir müddətdən sonra Füzulidə döyüşlər başladı. 1993-cü ilin
axırlarında bizi Füzuli istiqamətinə gətirdilər. Füzuli rayonunun
Balabəhmənli kəndində qərargah qurduq. Orda ermənilərlə
qarşı-qarşıya idik. Qızğın döyüşlərə başladıq. Bir günə 7
şəhidimiz, 16-17 yaralımız oldu. Daxili İşlər Nazirliyinin
tabeliyində olan Laçın, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarının
polis qüvvələri arazqırağı kəndlərin böyük əksəriyyətini,
Cəbrayılın iki kəndini azad elədilər. Digər istiqamətlərdə ordu
qüvvələri xeyli torpağı geri ala bildi. Laçın polisi 1994-cü ilin
mayına – atəşkəs rejiminə qədər 43 şəhid verdi. Bundan əlavə
70-80-dən çox yaralımız, əlilimiz oldu. Olduğu bütün mövqelərdə
Laçın polisi böyük şücaət və qəhrəmanlıq göstərdi.
ABŞ-ın 907-ci düzəlişi
Mən hadisələrin içində olan bir hərbçi kimi deyirəm, bu
müharibəni başlayan da, atəşkəsə gətirib çıxaran da, vaxtı uzadan
da Rusiya oldu. Biz Rusiya kimi böyük imperiyanın qarşısında nə
silahla, nə də heç bir vasitə ilə dayana bilərdik.
Bunun ardınca ABŞ Azərbaycana qarşı 907-ci maddəni tətbiq elədi.
Bu maddəyə əsasən Amerika tərəfindən Azərbaycana heç bir yardım
edilə bilməzdi. Bu, əslində Ermənistana tətbiq olunmalı idi.
H.Əliyev hakimiyyətə gələndə həmin 907-ci maddədə müəyyən
düzəlişlərə, qaçqın və məcburi köçkünlərə yardım edilməsinə,
Azərbaycana qarşı qoyulan ikili standartların, hardasa, aradan
qaldırılmasına, atəşkəs rejiminin (1994) tətbiq edilməsinə nail
oldu; Horadiz su anbarını ermənilərdən azad elədi – neçə-neçə
rayonumuzun camaatı bu suvarma sistemi ilə əkin-biçin eləyə bildi.
Atəşkəs rejimi bu gün üçün lazım idi ki, özümüzə gələk, hərbi
qüvvəmizi artıraq. İndi ermənilərə hər cür cavab verməyə gücümüz
var.
Neçə illərdir danışıqlar gedir, yəqin ki, nə vaxtsa bir
nəticəyə gələcəklər. Əsas odur ki, şərtlər tərəfləri razı sala
bilsin.
Heç bir halda ermənilərin bizimlə münaqişəsi bitməyəcək, hər
fürsətdə ayağımızın altını qazıyacaqlar. Erməni elə bir məxluqdur
ki, dost kimi bağrına bas, qəfil bıçağı köksünə sancsın...
Müharibə başlasa, şəxsən mən bir köhnə veteran kimi döyüşə
getməyə hazıram.
Foto: Elşad Abbasov