Çox az şəxsiyyət tapılar ki, XX əsrin ən ziddiyyətli
yaradıcılarından olan böyük norveç yazarı Knut Hamsun kimi əsrdən
əsrə addımlasın, idealların və şöhrətin puça çıxması acısını və
özünün haqlı olmasına əminliyin bihuşluğunu yaşasın.
Hamsunun hətta doğum və ölüm tarixləri də qəribədir (1859-1952).
O, yazıçılıq karyerasına hələ Dostoyevski və Tolstoy, İbsen və
Börnson sağ ikən başlayıb, Üçüncü reyxə qəlbən inanıb və onun
süqutunu görüb, aclıq çəkib, pul dənizində üzüb, Nobel mükafatı
alıb, hamı tərəfindən unudulub və Yerin birinci peykinin
buraxılmasına 5 il qalmış həyatdan köçüb.
Dahı bambılı
Knut Hamsun yoxsul kəndli ailəsində doğulub. Anasına kömək etmək
üçün çox erkən yaşlarından işləməyə başlayıb, odur ki, məktəbi
bitirə bilməyib. Bütün ömrü boyu cəmi 252 gün təhsil alıb.
Onun bütün sonrakı həyatı üçün material verən və yazıçı kimi
şəxsiyyətini formalaşdıran həyat təcrübəsini fiziki işlə məşğul
olduğu Amerika və Norveç küçələrində keçirdiyi ac-yalavac sərgərdan
illərdə topladı. XIX əsrin sonu XX əsrin əvvəllərində belə bir
bioqrafiya yaradıcı insan üçün ideal hesab olunurdu. Yubanmış ilk
müvəffəqiyyət (Hamsunun artıq otuza yaxın yaşı var idi) "Aclıq"
romanının nəşri ilə qapısını döyür və elə nəşr olunan kimi də onu
zamanının ən önəmli yazarlarından birinə çevirir. Kitabın
müvəffəqiyyəti, bəlkə də, məzmunla bağlı idi: Hamsun əsərində
Norveç paytaxtında keçirdiyi səfil həyatını, aclıqdan ölmək
dərəcəsinə çatmış insanın psixi durumunu qələmə almışdı.
Hamsun XIX əsrin sonu-XX əsrin əvvəllərində ədəbiyyatda adı
rüsvayçılıqda hallanan məşhurlardandır. O, uzun müddət Norveçdə
müasir ədəbiyyatla köhnəlmiş, məhz, köhnəlmiş ədəbiyyatın fərqinə
dair mühazirələr oxuyur. Qəhrəmanın qəlbinin dərinliklərinə nüfuz
etməyi, psixologizm və ifrat realizmi təbliğ edir. Bəzən ilk
sıralarda oturan, Norveç ədəbiyyatının İbsen, Börnson kimi
klassiklərinə - "Siz artıq getməlisiniz!", - deyə səslənirdi.
Təəccüblüdür ki, bununçün heç kim onun başını yarmırdı (baxmayaraq
ki, tənqidçilərin bəzilərini buna təhrik edirdi). Yazıçılıq sexinin
köhnə yazarları ilə Hamsunun münasibəti nə qədər gərgin olsa da,
həmişə belə hesab edirdi ki, bu qələm "dostları" onu maliyyə
baxımından dəstəklədikləri kimi, əsərlərinə də himayədarlıq
etməlidirlər. Və onlar bunu edirdilər, çünki Hamsunun Norveç və
dünya ədəbiyyatı üçün nə qədər gərəkli olduğunu anlayırdılar.
1920-ci ildə komitənin aşağıdakı xülasəsi altında ədəbiyyat üzrə
Nobel mükafatı alır: "Əsrlər boyunca torpağa bağlılığını və
patriarxal ənənələrə sadiqliyini qoruyub saxlamış norveç
kəndlisinin həyatından bəhs edən monumental "Torpağın bəhəri"
əsərinə görə". O, bütün həyatı boyunca 30-dan artıq roman,
saysız-hesabsız hekayə, məqalə, esse yazıb və bütün bu müddət
ərzində bir dəfə də olsa, müvəffəqiyyətsizlik, bir dənə də olsa,
ortabab kitab olmayıb.
Kəndli faşizmi
Hamsunun qəhrəmanları ehtiraslıdır, amma bu ehtirasın qara
tərəfləri də var. Onların xarakterində hansısa bir sadəlövhlük,
təbii ədəbsizlik var. Müharibəni qeyri-təbii bir şey hesab edən
yazıçı yazılarında oxucularını pasifizmdən çəkindirirdi. Hamsunun
fikrincə, həyati tələbatlar naminə törədilən müharibələr həyatın
özünün bir hissəsidir. Bu mövqedə yazıçının həmişə fəxrlə öyündüyü
kəndli qanı özünü göstərir. Ev heyvanlarının – mal-qaranın "qətli"
kəndli üçün zəruridir. Canlı məxluqa bu cür münasibəti yalnız heç
vaxt kənddə yaşamayan şəhər adamı qəddarlıq adlandıra bilər. Hamsun
yeni dünyanın Qərb sivilizasiyası küləyinin gətirdiyi
lüzumsuzluqlardan təmizlənəcəyini güman edərək proqresi təkzib
edirdi. O, əmin idi ki, qurtuluş yalnız amansız həqiqətdədir,
komfortlu yalanda deyil.
Hamsun çevrilib arxasına belə baxmadan İngiltərə, Amerika və
bütün Köhnə dünyanı lənətləyirdi. O, deyirdi ki, tezliklə yeni
zaman gəlməlidir və onu bu üfunətli dünyaya gənc Almaniya
gətirəcək. XX əsrin əvvəllərində Hamsinin "yeniliyə" can atmasını
anlamaq olardı. Humanizm dövrü XIX əsrlə birlikdə getdi və Tolstoy,
Çexov və Dostoyevski kimi yazıçıların bəxtləri gətirib ki, inqilaba
və dünya müharibəsinədək yaşaya bilmədilər. Ayağının altında
torpağı hiss etmək üçün XX əsrin birinci yarısında dünyada baş
verənlərə bəraət qazandıra biləcək yeni fəlsəfə lazım idi və buna
Nitşenin fövqəlinsan ideyası qədər uyğun gələni yox idi.
Sən demə, bu ideyanı istənilən totalitar rejimə tətbiq etmək
olarmış, hətta özünün mahiyyətinə zidd olsa belə… Məsələn, Qorki
inanırdı ki, yeni insanı SSRİ doğuracaq, Hamsun isə öz növbəsində
hesab edirid ki, yeni insanları Hitlerlə Gebbels yaradacaq.
Ancaq Hamsunun Almaniyaya bağlılığının köklərini Nitşe
ideyalarında axtarmaq çox bəsit olardı, çünki milli-sosializm
ideyaları yəhudilərin tarixdə öz xalqlarının roluna dair
baxışlarından nə qədər uzaq idisə, Hamsunun nitşeçi ideyaları da
milli-sosializmdən bir o qədər uzaq idi. Hamsunun niyə məhz
Almaniyanı seçdiyi sualına tam əminliklə cavab verə bilmək
müştəbehliyin son həddi olardı. Hamsun və Almaniya arasındakı
münasibətlərə dair suallara nə qədər çox cavab verirsənsə, o qədər
də yeniləri doğur.
Hamsun öz ideyalarında səmimi idi və Almaniyanın rəhbərliyi ilə
Norveçin işıqlı gələcəyinə tam ciddiyyətilə inanırdı, Kvinslinqin
başçılığı ilə törədilən qanlı işğalları isə anlaşılmazlıq hesab
edirdi. Hamsunun Hitlerlə yeganə görüşünün əsas mövzusu da məhz bu
idi və məhz yazıçının bu məsələdə israrı füreri qeyzləndirmişdi.
Bundan sonra onun Reyxə olan inamı sarsılmışdımı, anlamaq çox
çətindir. İlk vaxtlar o, faşizm ideyalarından ilham alırdı, ancaq
1938-ci ildən müharibənin lap sonunadək bir cümlə də olsa yaza
bilmədi.
Çoxları onun Hitlerə olan münasibətini yazıçının "mənfur"
xarakteri ilə bağlayırdılar: o, daima cəmiyyətin əksinə gedirdi.
Müharibənin sonunda məlum olanda ki Hitler intihar edib (?) Hamsun
ona nekroloq yazır və burada Füreri "xalqın hüquqlarının
müdafiəçisi" adlandırır. Yaxınlarının hamısı yalvarır ki, bu addımı
atmasın, çünki aydın idi ki, bir neçə gündən sonra Norveçdə
Kvinslinq rejiminə son qoyulacaq. Sonralar o, hərəkətinin motivini
oğluna belə izah edir: "Sırf cəngavərlikdən, oğlum, sırf
cəngavərlikdən".
Siz necə də həlim insansınız, mister
Molotov!
Müharibədən sonra Hamsun məhkəmədə yalan danışır, faşistlərin
cinayətindən xəbərsiz olduğunu, evinin ikinci mərtəbəsindəki iş
otağına qapıldığını deyir. Almanların "ölüm düşərgləri"ndə çəkilmiş
kadrları ona göstərsələr də, yazıçı öz əqidəsindən imtina etmir,
özünü günahkar bilmir. O bu məhkəməni istəyirdi, hökumət isə ondan
fərqli olaraq işi "ləngitmək" və yalandan, nəticəsi "qocalıqdan
ağlını itirmək" diaqnozu olan psixi ekspertizaya vermək fikrində
idi.
Taleyin istehzasıdır ki, Hamsunun məhkəmə işinin gedişi Moskvada
həll olunur. Hökmün oxunmasından bir gün əvvəl Norveçdə yeni
koalisiya hökuməti yarandı və bu hökumətin hər bir nümayəndəsi
1944-cü ilin dekabrında Moskvada nə deyildiyini ovuclarının içi
kimi bilirdilər. Sürgündə olan Norveç nazirləri Trüqve Li və Terye
Vold Molotovla görüşürlər. Molotov tələb edirdi ki, faşist rejimini
dəstəkləyən bütün hərbi cinayətkarlar çox ciddi şəkildə mühakimə
olunmalıdırlar. Ancaq söhbət Knut Hamsundan gedəndə Molotovun sərt
üzünün ifadəsi dəyişir. Sonralar Li bu görüşü belə xatırlayır:
"Vold Molotova xəbər verəndə ki Hamsuna Norveçdə nasist kimi
baxırlar və mühakimə etmək niyyətindədirlər, Molotov uzun müddət
dinmədi. O, açıqca narahat olmuşdu. Sonra bildirdi ki, Hamsunun
həyatını xilas etmək lazımdır. "Viktoiya" və "Pan" kimi əsərləri
yaradan böyük sənətkardır və onu adi bir nasist kimi mühakimə etmək
olmaz. Böyük yazıçı öz dövürün rahatca başa vurmalıdır". Bu məqamda
ədliyyə naziri söhbətə müdaxilə edir və özünün məşhur kəlamını
işlədir: "You are too soft, mr. Molotov!" (Siz çox həlim adamsınız,
cənab Moltov!)
Hamsunun məhkəmədə söylədiyi nitqi onun yaradıcılığına laqeyd
olmayanları tamamilə çaş-baş saldı. Bu nitq, onun həm də çox
məharətlə oynadığı sonuncu rolu oldu. Hamsun növbəti dəfə sürüşkən
balıq kimi balıqçının əlindən sivrilib çıxdı və bulanıq axında
gözdən itdi. O, Norveçi sevdiyindən, bütün fəaliyyətinin yalnız
onun xeyrinə yönləndiyindən uzun-uzadı danışdı, etiraf edirdi ki,
müharibə barədə heç nə eşitməyib, elə güman edir ki, cəzaya layiq
olacaq bir iş görməyib. Digər tərəfdən də öz baxışlarından imtina
etmirdi və bir dəfə də olsa, faşizmdən əziyyət çəkən
həmvətənlərindən üzr istəmədi.
Norveç qəzetlərindən biri şairin məhkəmədəki nitqinə belə
reaksiya vermişdi: "Bax budur, Hamsunun məhkəməsi necə təəssürat
oyadır? Qoca və kor nəhəng meşə ilə gizlincə addımlayır, özünə
məlum olan bircə yolla gedir, onun ağır addımlarına ayağına dolaşab
kiçik kollar mane olur. Bəlkə də o, müharibə vaxtı bizə bu
ağlasığmaz ziyanı vurarkən məhz belə davranıb? Mənim cavabım –
birmənalıdır "bəli". Yazıçının təsirli müdafiə nitqi, sanki onun
özünə qarşı dəlil-sübutdur. Amma zənnnimcə, bu nitq mənim
dediklərimi təsdiq edir. Onun bütün sözləri, ifadələri, pauzaları -
qəzetdə çıxan məqalələri və nasistlərin öz təbliğat-çıxışlarında
tez-tez işlətdikləri aforizmləri qədər dramatik gücə malik idi.
Doğrusunu desəm, bütün bunlardan nə nəticə çıxardım: Hamsun, bu kor
nəhəng müharibə vaxtı meşənin cəngəlliklərindən beləcə ötüb keçib
gedib və biz onu bacarıqsız hesab edə, mənən günahladıra
bilmərik".
Yaranmış vəziyyət Hamsunun özü üçün faciə, ədəbiyyat tarixi üçün
isə gözlədiyimizdən xeyli yaxşı sonuclanmış drama idi. Məhkəmə
Hamsunu düşmənə yardım etməkdə günahkar bildi, ancaq cəza təəccüblü
dərəcədə yumşaq idi: yazıçı 425 min Norveç kronu (dolların o
zamankı kursu ilə 80 min dollara yaxın) məbləğində cərimə ödəməli
idi. Beləliklə, o, azadlıqda qaldı, ancaq eyni zamanda da
var-yoxdan çıxdı.
Ot basmış cığırlarda
Şüurlu ömrünün son illərində Hamsunun bütün səyləri psixatriya
xəstəxanasında yazmağa başladığı və artıq qoca yaşlarında evində
tamamladığı son kitabının nəşrinə yönəlmişdi. Hamsuna baş
çəkənlərin hamısı deyirdi ki, o, yoxsul, taxtabitilərlə dolu qoca
iyi verən mənzilində xoşbəxt idi. O, yenə də yaza bilirdi və
əlindəki bütün imkanlarından istifadə edirdi ki, kitabı ölümündən
əvvəl nəşr etdirə bilsin, lakin naşir inad edirdi ki, bu, yalnız,
yazıçı o dünyaya təşrif aparandan sonra mümkün ola bilər. Hamsun
bütün əmlak və olan-qalan nüfuzunu "qumara qoyaraq" həyatının bu
son döyüşünü uddu. "Ot basmış cığırlarda" kitab ı onun
sağlığında çıxdı və uğur qazandı. Onun nəşrindən sonra hamı anladı
ki, Hamsunun ağılsızlığından söhbət belə gedə bilməz.
Hamsunun şəxsiyyəti ənənəvi çərçivələrə sığmır. "Blokada
kitabı"nda acından ölən insanların gündəlikləri arasında SSRİ
Elmlər Akademiyası arxivinin direktoru Georgi Alekseyeviç Knyazevin
qeydləri var: "... Qəzetlərdə dəhşətl xəbərlər ötüşməkdədir. Knut
Hamsun, gözəl Norveç yazıçısı nasistlərlə əməkdaşllıq edirmiş".
Görürsünüzmü, nifrətin izi belə yoxdur. Sadəcə, "dəhşətli
xəbərdir".
Hələ də rejissorların çoxu onun pyeslərini ekranlaşdırmaqdan
imtina edirlər, bəzən onun şəxsiyyətini siyasətçi və yazıçı deyə
iki qismə bölməyi təklif edənlər də var və s. Ancaq özünün dediyi
kimi, "uzaq şimal yazıçısına" olan maraq ölümündən yarım əsr sonra
da sönmək bilmir.