"Türmə əhvəlatları" layihəsində
Nemesdən sonra CÇM-də Beyləqan rayonundan olan Samir
qiyam qaldırmaq istədi. Soyuq qış günüydü. Tibb məntəqəsindəki
otaqların birində domino oynayırdıq. Nəzarətçilərdən bir nəfər
gəlib Seyidə dedi:
- Sizin əhldə Samir var ha, klubun banına çıxıb, özümnü
öldürəcəyini deyir. İşçiləri hədələyir. 5-10 nəfər özü kimini də
yoldan çıxarıb. Ağsaqqalsan, get, onu başa sal, düşsün aşağı.
Oyunu yarımçıq qoyub ayağa qalxdıq. Seyid özünü el-oba ağsaqqalı
kimi ağır apardı:
- Bu uşaqlardan gözümü yayındıran kimi, bir p...
qaynadırlar...
Haqlar yarıya qədər azaldılsın
Klubun ətrafı dustaqlarla dolu idi. Tamaşaya baxırmış kimi
aşağıdan yuxarı baxırdılar. Samirə haqq qazandıran da, bu işdə onu
suçlu bilənlər də vardı.
Öyrəndim ki, Samirin də tələbi dustaqlara olan kobud və qanundan
kənar təzyiqlərə son qoyulmasıdır. O, tələb edirdi ki, cəza növünün
dəyişdirilməsi üçün məhkəməyə müraciət edərkən alınan haqlar heç
olmasa yarıya qədər azaldılsın.
Mahir adlı dustaq mənə dedi ki, Samir heç də düzgün etmir. Onun
kalan borcu var və bu borcdan yaxa qurtarmaq üçün bu addımı atıb.
Bu, inandırıcı deyildi. Çünki borc bütün hallarda ödənməlidir və bu
hər kəsə aiddir. Amma Samiri bilmək olmazdı...
Yaxşı bəs kimdir bu Samir? Açığı deyim ki o, yaddaşımda daha çox
qalan dustaqlardandır və onunla bağlı heç də xoş xatirələrim
yoxdur. Baxmayaraq ki, mənə və mənim "xlebnik"lərimə qarşı bu
adamda heç vaxt hörmətsizlik görməmişəm. Sadəcə, Beyləqan əhlindən
olan, haqqında əvvəlki yazılarımda bəhs etdiyim Seyidə - Nizami
Əliyevə qarşı bir neçə dəfə fırıldaq işlətdiyinin şahidi olmuşdum,
bu da mənə xoş təsir bağışlamamışdı. Seyidin imkanlı adam
olmağından istifadə edib ondan pul qopardardı, guya bu pul əhldən
kimi isə bataqlıqdan çıxarmaq üçün gərəkdir.
Seyidlə zarafatlarımı, səmimi münasibətlərimi görüncə isə
münasibətlərə xələl gətirməyən söhbətlər etsə də, bəzən "neputyovı"
sözlər danışardı.
2000 dolları narkotikaya və qumara qoyub
O, narkotik maddələrə meyilli idi. Buna görə də bir neçə dəfə
cəzalanmışdı da. Əhllərindən olanlar deyirdi ki, o iki dəfə anasını
aldadıbmış. Guya "üçdə bir"ə çıxmaq üçün evdən hər dəfə 2000 dollar
gətizdirib, burada narkotikaya və qumara qoyurmuş. Və anasına
deyirmiş ki, pulu verdiyi zabiti işdən çıxarıblar, yaxud başqa
bəhanə uydururmış.
Bu dəfə də ona anasından pul gətirilibmiş. O isə pulu borclarına
verib. Hələ yenə də qalıbmış.
Samiri əhllərindən də istəməyənlər çox idi. Barmaqlarının arası,
əlinin üstü döymə olan bu adam istənilən söhbətə müdaxilə edə,
mövzunu özü istədiyi istiqamətə yönəldə bilirdi. O, iynə
vurmasından çox rahat danışardı. Dünyanın 5 günlük olduğunu, hər
şeyi unutmaq, yaşamaq üçün arada bu da lazımdır, - deyərdi.
Onunla ilk tanışlığım heç yadımdan çıxmaz. Tibb məntəqəsinin
həyətində günəbaxan əkmişdim. Hər gün Aqillə günəbaxanlara qulluq
edir, sulayırdıq. Özümüzün istifadəmiz üçün 5 cərgə də soğan
basdırıb becərirdik. Bir dəfə Samir saymazyana günəbaxanlardan bir
çanaq qopardı və soğanın göy-tər yapaqlarını dərdi. Hirsləndim:
- Sən niyə belə edirsən, günəbaxanlar hələ çiyid
formasındadı, içləri dolmayıb, soğana görə isə, sahibindən icazə
al. Sənin üçün becərilmir ki.
- Şair, dünya beş günlükdür, ye, iç, kef elə, - çoxdanın tanışı
kimi özünü apardı, yaxın gəldi, - guya bu sizə lazımdır ki,
basdırmısız? Vaxtınızı öldürürsüz də... Qanunla buna heç icazə də
verməzlər, - dedi.
- İcazə verərlər, verməzlər, bu sənlik deyil. Başqasının
soğanını icazəsiz dərməzlər, için göynəyər...
Samir guya sözümdən incidi:
- Heç gözləməzdim, - deyib Aqilə tərəf döndü, – "Zyoma",
"xlebnikin" deyəsən əsəbidir, "Davıdov"undan da bir gilə ver, -
deyib, siqaret istədi. Aqil cibindən siqareti çıxarıb özü üçün
götürdü və yenidən cibinə qoydu. Samirin əli hava da qaldı. O bu
münasibətdən sonra soğandan qırpa-qırpa tibb məntəqəsindən bayıra
çıxdı.
Bundan sonra onunla ara-sıra görüşərdik. Həmyerlisi Seyidin
yanına gələrdi. Xoş danışardı və özünü elə aparardı ki, guya
aramızda o söhbət heç olmayıb.
Heç kəs ondan inciməzdi
Samir aralıq uşaqlarının əhatəsində olmağa can atardı.
Oğrulardan, onların qanunlarından maraqlı bir filmdən danışırmış
kimi ləzzətlə bəhs edərdi. Amma hamımız əmin idik ki, o özü
danışdıqlarına əməl etmir. Dəfələrlə olmuşdu ki, əhllərindən ilk
dəfə görüşə çıxan dustağın siqaretini alıb, ona gətirilən sovqatdan
nəinki dadıb, hətta özünü bu sovqatın sahibi kimi aparıb. Əhl
üzvlərinin, yaxud yaxşı oğlanların pay bölgüsünü edib. O da düzdür
ki, o bunu hər dustaq üçün edə bilməzdi. Özünü zəif göstərən adamın
qənimi idi. Lakin o, bunları o qədər canyananlıla edərdi ki, heç
kəs ondan inciməzdi.
Ramindən alınan borc pul
İndi Allahın rəhmətinə qovuşmuş yevlaxlı Ramin Məmmədli bir dəfə
mənə Samirin ondan 50 dollar borc alıb qaytarmaq istəmədiyini dedi.
Kömək eləməyimi istəyirdi. Seyidə dedim, ancaq cavabı çox ümidsiz
oldu: "Allah ondan verdiyi canı ala bilmir. Görüm nə edirəm".
Səhəri gün Seyid pulu Raminə qaytardı. Sonradan Ramin iki
oğlundan birinə məni kirvə tutdu, o biri oğlunun kirvəsi isə Aqil
oldu. Kirvə olduğumuza görə Raminlə tez-tez görüşərdik. Bir dəfə o
bu söhbətin üstünə gələndə Ramin dedi:
- Mən o pulu ona bağışlaya da bilərdim. Lakin Yevlax əhlinin
içində bir dəfə deyib ki, Ramini qazlamışam. Ona görə də mən o pulu
ondan almalıydım.
Uşaqlar deyirdi ki, Samir "volya"da canlara dəyən oğlanmış.
Rayonda böyük hörmət sahibi olub. Ancaq narkotikə qurşandıqdan
sonra ətrafındakı dostlar yavaş-yavaş ondan uzaqlaşıb. Axırı da
həbs olunub.
Onun kişilikdə payı yoxdur
Qazaxdan, indi adını unutduğum bir dustaq vardı. Nəhəng
görünüşü, uzun qatlama bığı vardı. Cəza Müəssisəsində üzü meydana
açılan bir hücrədə peraşki bişirib, özü də satırdı. Bir dəfə ondan
günə nə qədər qazandığnı soruşdum. O, bəzən gün ərzində 200 manat
qazancı olduğunu dedi. Açığı, peraşkiləri çox dadlı idi. Sözsüz ki,
pullar ona qalmırdı, türmə rəhbərliyinə çatırdı. Amma özü də
dolanışığını qurmuşdu. Hər gün gəlirindən heç olmasa 15-20 manat
arxaya ata bilirdi. Ancaq bunun da çoxu nisyəydədi. Nisyələrini
toplayar, çölə ailəsinin dolanışığı üçün yollayardı. Samirin ona da
borcu vardı.
- Şair, peraşkiləri ona halal elədim, getdi. - bir gün mənə
dedi. - Görüşə gələndə onun anasını gördüm, o qadına yazıqlığım
gəldi. Yaxınlaşdım, Samirin yanında dedim ki, bacı, buna nə pul
verəcəksənsə, üstündən 15 "şirvanı" geri götür. Mənə borcludur,
halal edirəm sənin ağ birçəyinə, qabarlı əllərinə.
Samir sonralar həmin peraşki bişirən kişidən söz düşəndə deyirdi
ki, onun kişilikdə payı yoxdur. Məni anamın yanında başıaşağı
elədi.
Qiyamın səbəbi
Samiri sonuncu dəfə qiyam qaldırdığı günün axşamı və səhəri
gördüm. O da Vəli müəllimin sözü ilə damdan düşdü. Axşam idi və
türmə rəisinin müavini Samiri karsa salmadı. "Sabah müzakirə
edərik", - dedi. Samir isə Vəli müəllimə etiraf edib ki, bu addımı
borcun əlindən atmışam ki, yerimi dəyişsinlər.
Onu "krıtı"ya yola saldılar. Yola düşməzdən qabaq tibb
məntəqəsinə gəldi. "Gedirəm" - dedi. Boxçasına hər kəs bir şey
qoydu. Aqil qənd-çay, Ramin iki dəst alt paltarı, mən isə bir blok
"Vest" siqareti.
Samir azadlıqda olanda dünyasını dəyişib. Bir dəfə Seyiddən onu
soruşdum.
O, yeməyini iştahla davam etdirə-etdirə:
- Dedilər ki, "peredozirovka"dan ölüb, - dedi.