"Qəfil qonaq" olaraq şairə Kəmalə Abıyevanın qonağı
olmaq istədim. Müxtəlif vaxtlarda zəng vurdum. Evdə olduğunu
dəqiqləşdirmək və qapısını döymək istəyirdim. Lakin məqsədimi
gerçəkləşdirə bilmədim. Xanım şairə gah tədbirdə, gah da müəllim
işlədiyi Yasamal 31 nömrəli məktəbində oldu.
Qarşıdan müəllimlər gününün gəldiyini də nəzərə alıb şairənin
dərs dediyi məktəbə getmək qərarına gəldim. Lakin yollardakı
dəhşətli tıxaclar mənzil başına vaxtında çatmama mane oldu.
Müəlliməni dərs sonu "tuta" bildik. Şagirdləri ilə birlikdə
görmək istəyimiz də gerçək olmadı.
Kəmalə xanıma gəlişimizin səbəbini dedim. Onu "Qəfil qonaq"
layihəmizdə qonaq qismində görmək istəyimizdən çaşqınlıq keçirmədi.
Layihəmizdən xəbəri vardı. Lakin burada, məktəbdə qonaq
qarşılamağın bir qədər çətin olduğunu da deməyi unutmadı.
- Qonaq təkcə evdə olmur ki, - deyə xanım şairəni
narahatçılıqdan qurtardıq.
Pis deyiləm
Tanınmış xanım şairə ilə onun dərs keçdiyi fizika kabinetində
üz-üzə oturduq.
- Kəmalə xanım, bir az qayğılı görünürsüz. Bəlkə
gəlişimiz sizi narahat etdi?
- Yox, dərslər bitib, evə gedirdim. Gəlişiniz məni narahat
etmədi, sevindim, təəssüfləndim azacıq, şagirdlərim yoxdur deyə.
Narahatçılığa gəlincə, istənilən insan, məncə, həmişə
narahatdır.
Əlbəttə, qəfil gələn qonağın sualları da gözlənilməz ola
bilərdi. Lakin Kəmalə xanımın həm həyat, həm pedoqoji, həm də
yaradıcılıq fəaliyyəti imkan verirdi ki, qəfil qonağını "öz
kisəsindən" yedirdib yola sala bilsin. Bu baxımdan verəcəyimiz
sualların, edəcəyimiz söhbətin onun üçün çətin olmayacağı hiss
olunmaqda idi. Söhbətə girişi bir az uzaqdan başladıq:
Sevənlərdən deyiləm
- Haralısız?
- Bakı, Ordubad, Qazax, Quba, Astara - hamısı var. Hansın deyim?
Ən çox Bakıya bağlıyam, burda böyümüşəm, oxumuşam, yaşayıram.
Ordubadı da çox sevirəm. 90-cı illərə qədər bütün tətillərimiz orda
keçib. Görürsüz, nə qədər yeri birləşdirirəm. Ona görə Azərbaycanı
bütöv sevirəm. "Haralısan?"sualını sevənlərdən deyiləm.
- Dediniz, hər insan narahat olmalıdır. Sizi ən çox
narahat edən nədir?
- Məncə, hər şey. Şəxsi avtomobillərin pəncərəsindən atılan
zibil, şəhərin təmizliyi, dayanacaqlarda dayanmayan sərnişinlər,
təhsilin səviyyəsi, insanların təbəqələşməsi, müharibələr, dini
fanatizm, yəni ümumilikdə insan - onun düşüncəsi. Bir də bütün
analar kimi qızım, həm də nəvəm bütün nənələr kimi.
Qızımın həyatına müdaxilə etmirəm
- Sonuncudan başlayaq elə. Qızınızla bağlı ən çox sizi
nə narahat edir?
- Mən insanları ruhən, daxilən azad görmək istəyirəm.
Şagirdlərimlə də beləyəm. Onlara da fikirlərini azad ifadə etməyə
imkan verirəm, hər mövzuda rahatca söhbət edirəm. İstəmərəm yalana,
yaltaqlığa bürünsünlər. Şəxsi duyğularına hörmətlə yanaşıram, səhv
hesab edəndə də. Məktəbdə sevgilər çox olur bilirsiz. Eləcə də,
qızımı azad böyütməyə çalışmışam, şəxsi həyatına müdaxilə etməmişəm
və etmirəm. Amma bütün analar kimi onun ağrıları məni məhv edib.
Çətinlikləri çox olub. İncidiblər onu TV-lərdə. Yəni Aysel tək
deyil, çox istedadlı aparıcıları, jurnalistləri incidiblər. Amma o
rəhbərlərin hamısı işdən çıxarılıb. Və etiraf edim ki, insanlara
sevgimə baxmayaraq, onu incidən rəhbərlərin işdən çıxarılmasını
arzuladığım vaxtlar olub. Haqsız olublar çünki. Amma Aysel onsuz da
sözünü dedi aparıcı kimi də, verilişlərilə də. İndi də deyir:
publisist, yazar, şair kimi.
O, efiri sevir
Bütün analar kimi balasını xoşbəxt görmək istəyir. Söhbətimiz
onu kədərləndirir, elə bil.
- Çoxmu çətin oldu onun üçün ədəbiyyata
gəlmək?
- Yazmağını desəm, yox. Amma çətin oldu. O, efiri sevir. Bunu
onunla işləyənlərin, efirdə görənlərin hamısı bilir. Və
haqsızcasına oradan ayrılmaq ağrılıdır. Adamın arzuları, xəyalları,
məqsədi, sevgisi, insanlara münasibət, özünə inamı var ortada.
- Sizə də çətin olub.
- Onun ədəbiyyata gəlişindən çətin olub.
Qadın yanındakı kişini "Sehrli çıraq"
bilməlidir
- Necə kömək edirdiz belə anlarda?
- Əvvəl özümü ələ alırdım, guya elə ciddi hadisə olmayıb. Ən
əsası, onda özünə - istedadina inamını qoruyurdum. Çünki özüm də
inanırdım. O bilirdi ki, mən bunu yalandan demərəm. Artıq Aysel
Əlizadə imzası var ədəbiyyatda. O ki qaldı şəxsi həyat, qarışmasam
da, yəqin bütün analar kimi istəyirəm qızımın yanındakı adam güclü
olsun, lap elə "Sehrli çıraq" kimi onun bütün xəyallarını
gerçəkləşdirsin.
- "Sehrli çıraq" çox olmadı? Axı biz kişilər çox vaxt
belə ola bilmirik...
- Olun. Olmalısız. Məncə, çox deyil. Qadın yanındakı kişini
"Sehrli çıraq" bilməlidir. Bu mənim fikrimdi.
"Göz yaşı ən ucuz sudur"
Nəvəsi İzeldən söz açır:
- 5 yaşı olacaq. Yemək bişirməyi xoşlamıram, amma İzel nə istəsə
hazırlayaram.
İzel şairənin həyatının ən isti məqamıdır, fikirləşirəm.
Nəvəsinin adını çəkdikcə dodaqlarında sevgi dolu təbəssüm çiçək
açır.
- Bir dəfə Aqşinin (Aqşin Yenisey – İzelin atası) bir şeirini
oxudum: "Göz yaşı ən ucuz sudur". Mənsə "Göz yaşı ən bahalı, daha
doğrusu, qiyməti duyğularla, sevgiylə, nifrətlə bağlı sudu" fikrinə
söykənən başqa bir şeir yazdım. Ümumiyyətlə, düşündüm ki, kiminsə,
əgər bu çocuğundusa, ürəyində yara açmaqdan, göz yaşına səbəb
olmaqdan ağır heç nə ola bilməz. Və bunu duymayan kimsə göz
yaşından, ya bir ağacdan belə şeir yaza bilməz.
Susur. Bu haqda heç danışmaq istəmir. Elə mən də söhbəti bu
müstəvidə qurmaqdan uzağam:
Hər ikimiz gözəlik
- Kəmalə xanım, bir evin altında iki qadın yazar olaraq
yaşayırsız. Hər hansı oxşar olmayan, fərqli cəhətləriniz
var?
O, oxşar cəhətlərdən bəhs edir:
- Müəyyən qədər oxşarlıqlarımız var.
Mən də elə onun cavabından tuturam:
- Nədir bu oxşarlıq. Kənardan müşahidə edənlərin gördüyü
bənzərlik başqa. Siz özünüz nəyi hiss edirsiz?
- İkimiz də yaradıcıyıq. Mühitdə fərqli olmağımızla seçilirik.
Xarakterimizdə elə məqamlar var ki, eynidir. Heç birimiz kiminsə
şəxsi həyatına qarışmırıq... - deyir və sifətinə təbəssüm ələnir.
Şirin bir səslə əlavə edir: - Hər ikimiz gözəlik. Təbii, həm də
fərqliyik. Məncə, bunu ikimizi də yaxından tanıyanlar daha yaxşı
bilər.
- Sizin hiss etdiyiniz fərq hansıdır?
- Məncə, mən insanlarla münasibətdə daha dəqiq, daha ehtiyatlı,
səbirli, dözümlüyəm. Gec qərar verənəm əsasən. Məsələn, özümə nə
isə alanda belə, saatlarla, hətta bir-neçə gün düşünə bilərəm.
Aysel belə deyil, həmən ala bilər, hətta sonra bircə dəfə geyinsə
də.
- Amma adam itirir belə halda.
- Əslində, hər iki halda itirirsən. Mən fikirləşənə kimi o
paltarı başqası da ala bilər. Belə olub da. Bəlkə itirməmək üçün o
ortanı tapmaq lazımdı. Tapanlar yəqin daha çox udur. Bilmirəm, bir
az qəliz oldu nə isə.
Kaş siz mənim anam olaydınız
- Kəmalə xanım, təhsilə də toxunduz, amma pedaqoji
təcrübəniz imkan verər ki, gənclərlə ünsiyyət qurmanızda problem
olmasın. Sizi başa düşürlər, yəqin. Gənclərlə, yeniyetmələrlə
işləyirsiz. Həm də şairsiz.
- Məktəbdə də demokratik olmağa üstünlük vermişəm, dediyim kimi.
Şagirdlərimlə dost olmağa üstünlük verirəm. Və mən uşaqları
sevirəm, məktəbi sevirəm. Elə şagirdlərim olur ki, deyir, kaş siz
mənim anam olaydınız. Çox vaxt uşaqlara elə gəlir anaları onları
başa düşmür. Ümumiyyətlə, gənclik özlərindən qabaqkı nəsli qəbul
etməkdə çətinlik çəkir.
- Siz heç də yaşlı nəslə mənsub deyilsiz...
- Hər halda bizdən sonra gələnlər də var. Təkcə ədəbi mühitdə və
başqa sahədə deyil bu. Baxın, təhsilimizdə də bu belədir. Təhsil
Nazirliyində köklü dəyişikliklər gedir. Gənclərə dəyər verilir. Bu
yaxşıdır. Amma yaşlı nəslin üstündən də xətt çəkmək olmaz. Onların
təcrübəsi, savadı həmişə gərək olub. İnanın yaşla bağlı
müəllimlərin getməsi məktəblərə təhsilə müsbət heç nə vermədi.
Əksinə itki oldu.
- Ola bilməz axı şagirdlərinizin hamısı sizi sevsin.
Tələbkar müəllimlərə münasibət bəzi şagirdlər tərəfindən fərqli
olur.
- Bilirsiz, bunu fəxrlə deyirəm, o qədər sevgi dolu şagirdlərim,
məzunlarım var ki, qoy sevməyənlər də olsun, nə olacaq. Hərdən
hirslənəndə uşaqlar deyir: "Ay müəllimə, hirslənməyin, biz sizi çox
istəyirik". Bir az çox hirsliyəmsə "İstəməyin, o qədər şagird
sevgisi varımdı, siz istəməyin, təkcə yaxşı olun", - deyirəm. Artıq
35 ildir burdayam, məzunlarımın övladları var şagirdlərimin
arasında. Ara-sıra görüşürük. Deyirlər ki, uşağımıza tapşırmışıq
ki, elə edin Kəmalə xanımı hirsləndirməyin.
O hissləri ki, yaşayırsan, niyə də
yazmayasan?..
- Kəmalə xanım, sizin şeirlərinizə fikir verirəm. Qələm
dostlarınız olan xanım yazarlardan fərqli olmusuz. Elə şeirləriniz
var ki, hislərinizi çəkinmədən ifadə etmisiz. Siz heç
qınamırdılar?
- Yox, əksinə, eşitmişəm ki, deyiblər: cəsarətli yazıb.
Bilirsən, o hisləri ki yaşayırsan, niyə də yazmayasan axı.
Şairə heç kəsin şəxsi həyatına qarışmıram desə də, mənim
jurnalist marağım onun şəxsi həyatına yönəlir. İnciməz yəqin, axı
qonağa güzəşt var. O da ola qəfil qonaq.
- Sizin həyatınız, həyat yoldaşınız haqda soruşmaq
istəyirəm. Bu şeirlər deyəsən ona yazılmayıb axı...
- O, dünyasını dəyişib, bu haqda danışmaq istəməzdim. Amma ona
yazılan şeirlər də olub.
"Xoşbəxtəm" deyib yaşayan qadınlar
- Sizcə, cütlüklər niyə ayrılır? Bir yerdə yaşaya
bilməyəcəklərsə, niyə evlənirlər? Sevib evlənənlər, ayrılanlar da
çoxdu?
- Birincisi, insanlar ayrılacaqlarını bilmirlər ki. Sonra da
xoşbəxt olmaq üçün, "sevirəm" demək, ya sevgi sandığın hiss kifayət
deyil. Sevgi duyğudur, hisdir, ürəklə bağlıdır. Özü də çox vaxt bu
ağıla qulaq asmayanda olur. Həyat, birlikdə yaşam reallıqdı.
Reallığı isə ağıl daha çox görür. Ona görə birgə həyatda ağıl işə
düşəndə əksəriyyət xoşbəxt ola bilmir. Məsələn, bizdə "xoşbəxtəm"
deyib yaşayan qadınlar, "dözdüm" deyə yaşayanlardan çox azdı.
Qadınlar xəyanəti bağışlamalıdı, ya dözməlidi. Bir vaxtlar "Özün
günahkarsan" yazmışdım:
Bəs bilmirdin dodaqlarda alışanda
mənim üçün ürəyimdə sönəcəksən?
Sonra bu şeirə bəstəkar Kamal bəy gözəl musiqi bəstələdi. Aygün
Bəylər oxudu. Təsəvvür edirsən, neçə nəfər tanımadığım qadın mənə
zəng vurub, "Elə bil, bizim həyatımızı yazmısan", - deyirdilər,
kövrəlirdilər, ağlayırdılar. Mən düşünmürəm ki, qadın
bağışlamalıdı, dözməlidi. Bir-neçə misra da deyim:
Dözmək ölməkdi,
Amma dözməklə ölümün fərqi çox.
Ölümə məhkumsan,
dözməyə yox.
Bir əsas məqam da var, "Yavrum" hekayəm var, orda yazmışam ki,
qadınlar pis həyat yoldaşını bağışlayar bəlkə, amma pis atanı yox.
Düşünürəm ki, qadınlarımız düzgün yaşamır.
Sevgidən yazmaq
- Sevgi şeirlərinizin konkret ünvanı olub?
- Konkret ünvanı olan şeirlər də var. Sevgidən yazmaq o demək
deyil ki, yazdığın, yaşadığın o hisslər həyatda gerçəkləşir. Mənə
öz dərdlərini danışan xanımlar olub ki, onlarla bərabər yaşamışam
bu hissləri və şeir yazmışam.
- Sözlərinizə mahnılar yazılıb.
- Aygün Səmədzadə, Kamal , Oqtay Kazımi, Elçin İmanov, Tahir
Əkbər, Aynur və İlhamə bacıları yaradıcılığıma müraciət edib.
- Daha çox kiminlə iş birliyiniz olub?
- Aygün xanımla. Özü də hansı şeirimə mahnı yazıbsa, hit
olub.
- Yeni mahnılarınızı eşitmirik. Münasibətiniz
necədi?
- Münasibətimiz necə ola bilər - çox yaxşı. Mənim düşüncəmdə
bizim aramızda elə bağ var ki, onu heç nə qıra bilməz. Bu mahnıdan
asılı olmayan bir hisdi. Elə bilirəm, Aygün xanım demək istədiyim,
deyə bilmədiyim sözləri də eşidir. Mahnılar da olacaq. Amma heç
köhnələrdən doyan yoxdu.
- Bəs başqa bəstəkarlarla yeni mahnıların olmasını
istəmirsiz?
- Niyə istəməyim? Hətta arzulayıram. Məsələn, Kamal bəylə iki
mahnımız var. Çox olmasını istərdim. Çox sevdiyim bəstəkarlardan
biri ilə də iki mahnımız var. İş birliyimiz ilk dəfə olduğuna görə
demirəm kimliyini.
Biz Allahın səhvləriyik
Kəmalə xanımla söhbət çox maraqlıdır. Amma elə söhbətlər oldu
ki, onun üstündən sükutla keçməyimi istədi. İstədi və mən də xanım
yazarımızın sözünü qəribçiliyə salmadım. Günahlarımızdan bəhs
etdi:
- Bəlkə də biz Allahın səhvləriyik. Allah ilk dəfə Adəm və
Həvvanı yaratdı. İlk səhvi onlar etdi. İlk peyğəmbərin övladı qatil
oldu. Allah bizi elə yaratdığı gündən cəzalandırıb:
Adəmlə Həvva günah etdi
Tanrı cəza verdi -
Onları yer üzünə göndərdi.
O gündən yer üzü
Həbsxanaları sevmir...
Yer üzü şərik istəmir.
-Sonda nə demək istərdiz?
-Qarşıdan Müəllimlər günü gəlir. Müəllimləri, ömründə müəllim
zəhməti olan, müəllimləri sevən hər kəsi bu özəl, gözəl gündə
təbrik edirəm. Təhsilimizin bir gün bayram etməsini
arzulayıram.