Telefonuma gələn qəfil zəng
elə qəfil də kəsdi. Tanış olmayan nömrəni ərincək yığdım. Xəttin o
başından gələn qadın səsi yaddaşımı qıdıqlasa da, varmadım.
Qulaqlarıma məhrəm bir istilik verən səs:
- Salam, Faiq, necəsən?
- Salam...
Bu məhrəm müraciət "kimsiz?", - deyə soruşmağa imkan vermədi.
Eləcə gözlədim.
- Tanıdın?
- ...
- Tanımadın? Yaxşı tanıyanda zəng vurarsan...
- Bilirsən, yoldayam, qarşıda polis var, səsi seçə
bilmirəm, bir azdan zəng vuraram, - nə var e, vəziyyətdən çıxmağa.
Balaca yalanıma görə kimdir məni qınayan.
Mesaj yazdı: "Elə bilirdim tanıyacaqsan, mənəm, Aylindir (ad
şərtidir). Zəng vurdum, tez də söndürdüm, istəmədim danışam".
Təxminən 10 dəqiqə sonra zəng edib, səmimi söhbət etdik və
vədələşdik ki, elə bu gün görüşək. Vədəsini də aldım ki, səninlə
görüşümüzdən nə isə yazacam. Adını gizlin saxlamaq şərti ilə.
Razılaşdı.
O mənim dost bildiyim, xətrini istədiyim xanım yazarlardandır.
Eşitmişdim Rusiyaya köçüb. Doğrusu, onu dostlardan bir-neçə dəfə
xəbər almışdım. "Gördüm" deyən yox idi.
Gözümün önündən keçirdim; o, həmişə boynubükük görünərdi. Fağır
görünüşü vardı. AYB-nin və başqa ədəbi cərəyanların tədbirində çox
görmüşdüm, dost da demək olardı bizə. M.Ə. Sabir adına kitabxanada
Qəşəm Nəcəfzadənin rəhbərlik etdiyi "Pərvanə" adlı bir dərnək
vardı. Bazar günləri keçirilən yığıncaqlarda o da olardı. Qorxaq
adam təsiri bağışlayardı. Həyatının uğursuz tərəfləri daha çox idi.
Amma bilirdik ki, zəngin xanımdır. Marketləri, apteki, gözəllik
salonları, internet klubu və sairi var.
5 ildir yoxa çıxmışam
İndi o mənə zəng edib. Və and verir ki, onu tanıyan "dostlara"
bu zəng və görüşümüz haqda heç nə deməyim. Guya yadıma
düşürdü...
Görüşdük. İllər onu heç dəyişdirməyib. Əksinə, elə bil
cavanlaşıb, gözəlləşib. Çay dəmləyib. Yemək təklif edir.
- Bu illəri harada idin?
- Elə burada - Bakıda. Heç yerə getmədim. Hamıdan qaçdım. 5
ildir ki, yoxa çıxmışam. Amma sizi, ən çox da səni həmişə
xatırlamışam. Yazılarını izləyirəm. İnsanlarda riyakarlıq gördüm -
qadınında da, kişisində də. Adamın üzünə güldülər, ardınca
danışdılar. Bu illər ərzində ancaq səni düşündüm.
Talesiz insanlara acıya bilmirəm...
Üz-üzə oturmuşuq. Mənzil çox dəbdəbəlidir. Oturduğumuz qonaq
otağında yerləşdirilən əşyaların qiyməti də kifayət qədər
bahalıdır. Amma bu qadının üzündə hüzn var. Bu dəbdəbəyə yaraşmır
və söhbətimiz zamanı bu hüzn onun çöhrəsində özünü üzüntülü hiss
edib çəkilib gedəcək.
- Mən səninlə şərt kəsdim axı ki, səni "İnsan taleyi"
layihəsində danışdırıb yazım. Bunları da yazaram, elə bilərlər məni
sevibsən.
- Səni çox istəyirəm. Kişi adamsan. Riyakar deyilsən. Elə ona
görə də səni qızlarımız da çox istəyir. Yazmağa isə yaz. Sənin
Axar.azdakı bütün yazılarını oxuyuram. O, talesiz insanlara acıya
bilmirəm. Mənim özümə acımaq lazımdır. Çox düşünürəm, niyə axı mən
beləyəm? Çoxları məni bəxtəvər bilir, amma...
Riyakarlıq toxumu boy verdi
Beləliklə, onu dinləyək, görək nələr yaşayıb, nələr yaşanıb onun
həyatında? Hər kəs içində saxladığı sirrini, həyatının acılı
günlərini kiminləsə bölüşmək istəyir. Paylaşır ki, yüngülləşə
bilsin. Mənim qəhrəmanım da nəhayət bu gücü özündə tapa bilib. Hiss
edirəm ki, hələ də tərəddüd edir. Sözündən tuturam:
- Nə idi səni insanlarda qaçmağa vadar
edən?
- Dedim axı, zaman keçdikcə hər kəsin içindən riyakarlıq toxumu
göründü, boy verdi.
Pencəyini atdı çiyninə, getdi
- Dedilər, təzədən ərə gedibsən.
- Hə getmişdim, daş onun ər başına... O, ər olmadı ki...
torpağımı, evimi satdırdı. İnandım ona. Dedim, uşaqlarıma sahib
çıxar. O isə bir pencəyini, bir qarnını, bir də ... götürüb gəldi
evimə. Evdən çölə çıxmadı. Əvvəlcə torpağımı satdıq, sonra
bağımızı, evimizi satıb onun borcunu ödədik. Axırda isə dedim, çıx
get mənim həyatımdan da, ömrümdən də, elə evimdən də. O da
pencəyini atdı çiyninə, getdi.
- Yəqin, çox istərdin ki, qalsın. Axı əvvəlcədən
getməsini istəsəydin sadaladıqlarını əlindən çıxartmazdın
ki...
- Yox, istəyirdim getsin. Elə ilk gündən. Amma o, xəstə idi. Onu
yarı yolda, borcun içində qoymazdım axı. Həm də onu sevib ərə
getmişdim. Boy-buxununa vurulmuşdum. İçini görə bilməmişdim.
Dedin ki, bu, Aylinin öz ətridir
- Bilirsən, Aylin, sonradan hamı belə danışır. Günahkar
əks tərəfi bilir. Səni mən yaxşı tanıyıram və bilirəm ki, dediyində
həqiqət var. Amma oxucular heç də buna inanmayacaq, sən
kitablardan, kinolardan çıxmış kimi görünəcəksən.
- Kinolardakı qəhrəmanlar həyatda olanlar deyil ki? Mənim bütün
əsərlərimdə özümün və tanıdıqlarımın həyatından nə isə var. Mən
səni niyə axtardım? Axı başqa dostlarımız da vardı. Özün də
bilirdin ki, mənə qarşı acgözlüklə boylanırdılar.
- Bilmirdim...
- Ola bilsin bilməyəsən. Amma bu, belə idi. Maşınım, işim vardı.
Zəngin olsam da, çox sadə idim. Qadınlar məndən vurduğum ətrin
qiymətini soruşanda ən ucuz ətrini qiymətini deyər, adını çəkərdim.
Hətta bir dəfə sənin yanında bu söhbət oldu. Qızlara guya ki,
istifadə etdiyim ətrin adını dedikdə, biri əl çantasından həmin
ətri çıxartdı, mən də ondan istifadə edirəm, amma belə qoxumur,-
dedi. Onda sən dedin ki, bu, Aylinin öz ətridir. Yadındadır?
- Yox...
- Qocalmısan da. Heç mənim səsimi də tanımadın.
- Axı mən sənin səsini heç fikirləşməmişdim ki,
yaddaşımda da qalsın.
- Sənin nə yadında qalırdı ki, hamı ilə zarafat edib gedirdin.
Bax, elə həmin gün qızlar mənə dedilər ki, sən şorgözsən və səndən
uzaq olum.
Deyəsən incidi. Özümü o yerdə qoymadım:
- Sən de görüm kişinlə niyə anlaşmadın axı? Onu
sevibsən, o da sənə biganə qalmayıb.
Bir neçə dəfə döydü də
- Yaxşı adam olmadı onunkular. Əvvəlcə anasını əməliyyat
etdirdim. Sonra bacısını Türkiyəyə göndərtdim. Müalicə aldı. Hər
şey etdim. Birinci ərimdən çox şeylər qalmışdı mənə. Qardaşlarım da
imkanlarıma dəyər verdi, yeni iş yerləri, obyektlər açdım. Ərimdən
qalanları keçirtdim uşaqlarımın adına.
- Nə etdilər sənə?
- Bu insan mənə gün verdi, işıq vermədi. İncitdi məni. Hətta bir
neçə dəfə döydü də. Pulumu aldı, qumara qoydu. Qardaşlarıma
demədim...
- İynə vurdu, nəşə çəkdi?..
- Yox, o heç siqaret də çəkmirdi, araq da içmirdi. Amma yaxşı
adam deyildi. Mənimlə qardaşlarımın, bacılarımın əlaqəsini kəsdi.
Qısqandı məni hər kəsə. Ona maşın da aldım. Qohumları lağ edirdi,
deyirdi ki, evin kişisi Aylindir. Mən mistik bir həyat yaşadım,
bilirsən? Sonra ayrıldım.
Arvadlarını boşayacağını deyirdilər
- Aylin, sən qadınsan, dulsan, anasan, imkanın var,
suallarıma cavab almaq çətin olacaq mənə. Amma bu düzdür ki, sənin
həyatında müxtəlif insanlar oldu?
- Yalandır. Amma mənimlə çox adam maraqlandı. Hamısını da
tanıyırsan. İnanmazsan, elələri vardı ki arvadlarını boşayacağını
deyirdilər. Heç birinə də inanmırdım. Guya dost idilər. Zəng edib o
qədər biri o birinin ardınca danışırdı ki. Elə səndən də
deyirdilər. amma sən adlarını soruşma. Çoxu da tanınan şairlərdi
indi...
- Danış görüm axırı nə oldu?
- Biri var, yoldaşımla görüşüb, deyib ki, bəs sən yaxşı
oğlansan, amma gərək Aylinlə evlənməyəsən, o kişi başı yeyəndir.
Sən allah, mən heç kişi ölüsünə oxşayıram? Ərim mənə dedikdə matım
qurudu. Onun mesajlarını göstərdim. Mənə sevgi dolu yazılar
yazmışdı. Şeirlər göndərmişdi. Sonra gördüm ki, həmin şeirlər onun
birinci kitabında çıxıb. Onda da mən heç Bakıya gəlməmişdim. 14
yaşım olub və orta məktəbdə oxumuşam. Yalançı idilər.
İstifadə etmək istəyirdilər
- Aylin, onlar sənin özünə, yoxsa imkanlarına
vurulmuşdu?
- Bilmirəm ki... yəqin özümə. Bilirdilər imkanımı... bəlkə də
istifadə etməlk istəyirdilər... bilmirəm...
Durub mətbəxə keçir. Yox, yaşından çox gənc görünür. Heç dərd
çəkənə oxşamır. Fürsətdən istifadə edib otaqlarını gəzirəm.
Otaqların birində idman etmək üçün qurğular var. Otaqların ikisi
uşaqlarına məxsusdur. O otaqlara keçmirəm. Səslənir:
- Gəl bura, çayını təzələdim. Yemək yeyək.
- Mətbəxin genişdi. Bunları bura niyə
daşıdın?
Dinmir. Uşaqlarını soruşuram. Burğacla "Ayı qanı" şərabının
ağzını aça-aça deyir:
- Qızım Türkiyədə yaşayır. Kürəkənim orada təhsilini bitirdi.
Adanada həkim işləyir. Bakıya qayıtmaq istəmədi. Qızımı da apardı
özü ilə. Oğlum isə Qazaxıstandadır. Bizim "Akkord"un orada
layihələri var, onlarla işləyir. Az-az gəlir. Deyirəm gəl, bu
işlərə sahib çıx. Eşitmir məni. İnadkardı. Evləndirəcəm onu, amma
əl vermir.
- Aylin, onu da evləndir, sonra özün də təzədən ərə
get.
- Yox, kişilərlə qurtardıq ta. Gəl çörəyini ye. Bilirsən niyə
aldım "Ayı qanı"nı? – bakallara şərab süzür. Çünki sən bir neçə
dəfə bu içkini xoşladığını demisən.
Ərim məndən aylıq haqq tələb etdi
- Sən dedin axı, çox şeylər danışacaqsan. Amma heç
dərdli qadına oxşamırsan.
- Ərim məni pis vəziyyətdə qoydu. Uşaqlarımla üz-göz oldum.
Qızım məni başa düşdü. Oğlum hələ də məndən incikdi. "Neynirdin o
kişini, - deyir. - Dözmürdünsə, bir dost tapaydın özünə. Həm
pulumuz qalardı özümüzdə, həm də belə biabır olmazdıq, indi
də".
Ərim ayrılandan sonra məndən aylıq haqq tələb etdi. Dedim, daha
səninlə bağlılığım yoxdur. Vergiləri, polisi göndərtdi iş
yerlərimə. Cərimə olundum. Dükanlarımdan vaxtı keçmiş ərzaq
malları, aptekimdən qadağan olunmuş dərmanlar "tapıldı". Qardaşım
Ukraynadan gəldi. Gedib işləri yoluna qoydu. Kalan xərcim
çıxdı.
O, demək olar ki, heç nə danışmaq istəmirdi. Yaşantılarından,
naşirlərin onu aldadıb pulunu almasından, kitablarının qadınlar
tərəfindən sevilərək oxunmasından bəhs edirdi. Mən ona iradımı
bildirdim:
- Sən məni elə buna görə çağırmısan? Buna görə zəng
etmisən?
- Danışa bilmirəm, Faiq, qoy qalsın içimdə. Mən çox acılar
çəkmişəm... Gəl otur içək...