"Gerçəkləşməyən arzular" layihəsində: Səyyad
Aran
Bu dəfə yazıçı Səyyad Aranla görüşüb onun "Gerçəkləşməyən
arzular"ına işıq tutmaq istədik. Telefon əlaqəsi saxladıq.
Müsahibəyə razılıq versə də, işinin çoxluğundan görüş gününün
dəqiqləşdirilməsi üçün vaxt lazım oldu. Beləliklə, ilk zəngdən bir
həftə sonra Səyyad müəllimin sədrin birinci müavini olduğu Dini
İşlər üzrə Dövlət Komitəsinə yollandım.
Çox səmimi qarşıladı. Çay təklif etdi və razılığımı gözləmədən
hər ikimizə süzdü. Doğrusu, bu qonaqpərvərlik, isti münasibəti
görüb ağlımdan keçirdim ki, gərək Səyyad müəllimlə "Qəfil qonaq"
layihəsində görüşəydim. Simasında olan xoş təbəssümdən
əhval-ruhiyyəsi məlum olsa da, yenə də soruşdum:
- Səyyad bəy, necəsiniz, nə var, nə yox?
Ərkyana sualımın cavabı da ərkyana oldu:
- Normal. Şikayətlənməyə əsas yoxdur. İşimiz qaydasında gedir.
Mübariz Qurbanlı sədr gəldikdən sonra fəaliyyətimiz daha da axara
düşüb. Ciddi şəkildə qarşımızda duran problemlərlə məşğuluq.
- Axırda verəcəyim sualı indi vermək istəyirəm. Əslində,
sizinlə ədəbiyyat söhbəti edəcəkdik. Əlaqə saxlayanda belə
razılaşdıq.
- Ona da toxunarıq. Qalsın yeni kitabım çıxana.
Valideyinlərimizə rəhmət oxuyurlar
- Mübariz Qurbanlı ilə əvvəllər
işləmişdinizmi?
- Mübariz Qurbanlı ilə təxminən yaşıdıq – mən ondan iki yaş
böyüyəm. YAP-da 15 il bir yerdə işləmişik. 15 ilin 10 ilini
parlamentdə, 5 ilini isə YAP-da yoldaş olmuşuq. 1995-ci ildən
ideoloji sahədə çiyin-çiyinəyik. Komitədə də işlərimiz çox yaxşı
gedir. Respublikamızın ayrı-ayrı yerlərində keçirdiyimiz dini,
mənəvi tədbirlər diqqəti çəkir. Hüzr məclislərində ehsan
süfrələrini sadələşdirmişik. İsrafçılığın qarşını almışıq. Və bu
işdə xalq bizi dəstəkləyir, valideyinlərimizə rəhmət oxuyurlar.
- İmişli rayonunda kənd orta məktəbində ədəbiyyat
müəllimi, rayon mərkəzində məktəb direktorunun müavini və partiya
təşkilatının katibi olubsuz. Sonra da rayonun Maarif müdiri
işləmisiniz. İki partiya üzvi olmusunuz, Kommunist Partiyası və
YAP. Kommunist Partiyası ilə YAP-ı qohum partiya elan etmək doğru
olmaz. Siz Kommunist Partiyasının üzvi olaraq ateist
idiniz.
- Bir o qədər də yox.
Anan bazardan qayıdanda arxasınca...
- Demək, partiyanı aldatmaq olurmuş...
- Hə. Mənim dinə inamım rayonumuzun məşhur ruhanisi Məşədi
Bülbülün adı ilə bağlıdır. O Məşədi Bülbül ki, zamanında
Zaqafqaziyanın Şeyxülislamı Əliağa Yasinzadənin müavini olub.
Yeniyetmə və gənclik illərimdə onun keçirdiyi hüzr məclislərində
iştirak edərkən məntiqinə, hazırcavablığına, dərin savadına heyran
qalardım. Nəcəfdə oxumuşdu, köhnə və samballı din xadimi idi. Sonra
Molla Ələkbər var idi, eləcə, o da çox hörmətli bir molla idi.
Onlara qarşı simpatiya vardı. Məşədi Bülbülə bizim zonada "Maşad
Bülbül" deyirdilər. Müsəlman ənənələrinə uyğun olaraq, mənim və
məndən kiçik qardaşımın kəbinini Maşad Bülbül kəsib. Bir dəfə ona
sataşmaq üçün soruşurlar ki, ay Maşad Bülbül, kəbin nəyə lazımdır?
O, sualın hansı məqsədlə verildiyini anlayıb sərt şəkildə cavab
verir: "Kəbin olmasa, anan bazardan qayıdanda arxasınca əlli kələ
düşər". Ona çox böyük ehtiram vardı. Məclisə gələndə hamı ayağa
qalxırdı. Məclisin rəisi kimi onun üçün ayrılmış yerə becid
addımlarla keçirdi ki, camaat ayaq üstə çox qalmasın.
Sənin atan eşşək, anan at, özün də...
Yenə də məclislərin birində mənəviyyat və səviyyəcə ondan aşağı
olan birisinin yersiz atmacasına belə bir məsəl çəkmişdi: "Arazın
qırağında bir qatır, bir dəvə otlayırdı. Dəvə qatıra deyir ki, hava
qaralır, yaxşı olar, məndən aralanıb sahibinin evinə gedəsən. Axşam
düşür, bu vaxtlar canavarlar Cahar meşəsindən ova çıxırlar. Hücum
eləsələr sənə çətin olacaq... Qatır özünü eşitməzliyə vurur. Dəvə
bir də qayıdır ki, canavar üstümə cumsa mən özümü Araza toxuyub o
taya keçəcəm, amma sən Arazı keçə bilməyib boğulacaqsan. Qatır
dəvənin sözünü qəribçiliyə salır. Elə bu vaxt doğrudan da meşədən
iki canavar çıxıb bunlara hücum edir. Dəvə özünü vurur Araza. Çayın
ortasında güclü sel onu büdrədəndə nərə çəkib, sahilə çıxır. Qatır
isə Arazda batır. Son nəfəsdə dəvəyə səslənir ki, sən necə keçdin?
Dəvə cavab verir ki, ay bədbəxt, mən dəvəyəm. Atam da dəvədir, anam
da, babam da, yeddi arxa dönənim də. Mənim kimliyim bəllidir. Sənin
isə atan eşşək, anan at, özün də qatırsan. Sən mənim yolumu gedə
bilməzsən.
Onun bir xüsusiyyəti də vardı: əlini gözünün üstünə qoyub
məclisi başdan ayağa süzürdü, necə deyərlər, kontingenti
müəyyənləşdirirdi. Yəni gələnlərin çoxu kimlərdir – ziyalılar,
fəhlələr, kəndlilər, yoxsa ticarətçilər, idarə işçiləri?.. Və
onlara uyğun söhbətlər edərdi.
Onun saqqalını qırxmağa cürət etmədilər
- Xalqın sevgisi aydındır, amma o dövrün üsul-idarəsi
vardı...
- Düzdür, kommunist partiyası dinə qarşı idi. Xüsusən dini
mərasimlər ərəfəsi raykom katibləri tərəfindən mollalara və din
xadimlərinə qarşı sərt tədbirlər həyata keçirilirdi: saqqallarını
qırxırdılar, müvəqqəti ev dustağı edirdilər... Amma Maşad Bülbülə
qarşı o sərt tədbirlər heç vaxt görülmədi. Gözdən pərdə asmaq üçün
onu da raykoma çağırırdılar. Amma heç vaxt nə onun saqqalını
qırxmağa cürət etdilər, nə də ümumiyyətlə xox gələ bildilər.
Əksinə, onunla dini və dünyəvi söhbətlər edir, müəyyən məsələlər
barədə məsləhətlər alardılar. Görüntü isə bu idi ki, guya rayonun
ən ağır din xadiminə qarşı da profilaktiki tədbir görüldü.
Allah-Allah, unutdum...
- Yaxşı, keçək ədəbiyyata. "Körpü" adlı ilk kitabınız
1983-ci ildə çap olunub. Sonra bu hekayə ilin hekayəsi
seçildi.
- Hə, sonra məşhur tənqidçi Akif Hüseynov Yazıçılar İttifaqının
plenumunda – ili dəqiq yadımda deyil – 3 hekayəni ilin hekayəsi kimi
təqdim etmişdi. Tahir Abbasovun, mənim... – xeyli fikrə
gedir. Yaddaşını vərəqləyir, sifətində günahkar təbəssüm dillənir:
- Allah-Allah, üçüncü müəllifi unutdum... yox, yadıma düşdü, bir də
Məmməd Orucun.
- O hekayəni yazanda siz kənddə yaşayırdız.
- Kənddə yox, rayonda.
- Deyəsən şəhərdə qələminizi dəftərin üstünə qoyub çox
saxladız. Bədii kitabınızın sayı 3-dür.
- Yox, dörddür: "Körpü", "Soyuq Günəş ", "Sandıqda qalan
muştuluq", bir də 2010-cu ildə İstanbulda "Milenium" yayımları
nəşriyyatında çap olunan "Aklanma kağıdı" ("Təmizlik kağızı").
Deputat olarkən kitablarımı dərc etdirməyə
utandım
- Siyasi arenada olmanız, iki çağırış deputat seçilməniz
və İstanbulda Baş konsul işləməyinizmi mane oldu? Baxmayaraq ki,
Səyyad Aran imzası Azərbaycan oxucusu üçün yad deyil, tanınır, amma
yenə də soruşuram: niyə az yazdınız?
- Bilirsiz, ömrümün çox hissəni pedaqoji fəaliyyətə, siyasətə və
diplomatiyaya həsr etdim. Və buna görə də "məhsuldarlıq" baxımından
yaşıdlarımdan irəli çıxa bilmədim. Milli Məclisin deputatı olarkən
isə, dərc etdirməyə utandım. Düşündüm ki, deyərlər, deputat
olmasından istifadə edir, kitablarını çap etdirir. 10 il nə
kitabım, nə də bir yazım çap olundu. Publisistikaya çox yer
ayırdım: "Xaosdan sabitliyə", "Üfüqdə Nobel sülh mükafatı görünür",
"Xeyrə qənşər bulaqlar", "Haydar Aliyev ve Azerbaycan devlet petrol
stratejisi" (2009, İstanbul) və s. Bu kitablar mənim siyasi və
diplomatik fəaliyyətim dövründə yazdığım yazılar və məndən alınan
intervülərdir. Yalnız 2002-ci ildə Rəşad Məcidin təkidi ilə
"Qeybullanın qazancı" adlı hekayəm "525-ci" qəzetdə çap olundu.
Sözün düzü, işlərimə görə bitirə bilmədiyim, yarımçıq qalan xeyli
povest və romanlarım var. Uyğun vaxt gözləyirəm. Hal-hazırda mənim
üçün əsas işimdir, daşıdığım vəzifəmin məsuliyyətidir.
Həftəyə dörd-beş kitab
- Səyyad bəy, yazıçı olmaq həvəsiniz haradan yarandı?
Mütaliələr, yoxsa bu elə bir istək idi ki, qarşısını ala
bilmədiz?
- Kitabların da təsiri oldu. Mən Ədəbiyyat müəlliminin oğluyam.
Atam İmişlinin ilk Ali təhsilli ədəbiyyat müəllimidir. APİ-ni
1949-cu ildə bitirib İmişliyə gedib. Evimizdə gözümü acıb
Tolstoyun, Viktor Hüqonun, Teodor Drayzerin, Dostoyevskinin, Rəşad
Nuri Güntəkinin və o cumlədən Azərbaycan klassiklərinin və müasir
yazıçılarının əsərlərini görmüşəm. Atam məktəbdən gəlib tut
ağacının altında qəzet-kitab oxuyardı. Məndə də uşaq vaxtlarımdan
kitab oxumağa həvəs yarandı. Rayon kitabxanasının ən fəal
üzvlərindən olmuşam. Həftəyə dörd-beş kitab oxuyurdum. "Qılınc və
qələm", "Dumanlı Təbriz", "Gələcək gün" kimi romanları bir həftəyə
bitirirdim.
Atam həmişə deyirdi ki, çalış, savadlı ol, seçdiyin sahəni
mükəmməl bil. Savadsız olsan, səni qarışqa kimi əzəcəklər. Orta
məktəbdə hamı bilirdi ki, ədəbiyyatçı olacam. Ədəbiyyat dərslərini
heç vaxt dərslikdən oxumurdum. Üç cildlik Azərbaycan ədəbiyyatı
kitabından, yazıcılar haqda yazılan monoqrafiyalardan oxuyub
danışırdım. Tarixi də çox yaxşı oxumuşam. Müəllimim Əminə Rüstəmova
idi. Bütün şagirdlər ondan çəkinirdi, elə müəllimlər də. Onun
rəğbətini qazanmışdım. Bir dəfə növbəti dərsdən sonra atama demişdi
ki, oğlunun nə gözəl nitqi var. Bu sözü atama bir dəfə botanika
müəllimim də demişdi.
O oğlanın şeirləri xoşuma gəlmədi...
- Bəs yaradıcılığa hansı janrda başladız?
- Yaradıcılığa şeirlə başlamışam. Bəxtiyar Vahabzadə 1975-ci
ilin mayında İmişliyə gəlmişdi. Rayon Mərkəzi kitabxanasında
rayonun yaradıcı gənclərin birləşdiyi "Ümid" ədəbi birliyinin
üzvləri ilə görüş keçirildi. Necə oldusa, axırda şeir oxumaq
növbəsi mənə düşdü. Oxunan yazılar haqqında yekun sözü söyləyəndə
Bəxtiyar müəllim belə dedi: "Axırıncı şeir oxuyan oğlanın şeirləri
o qədər də xoşuma gəlmədi". Təbii ki, dərnəkdə cürbəcür insanlar
vardı. O cümlədən tənqidlərimdən təngə gələn yazarlar da. Filoloq
olduğumdan şeirin qayda-qanunlarını, vəzn, ahəng, qafiyə və sair
məsələləri digərlərindən babat bildiyimdən və bir az da müəllimlik
damarım tutduğumdan xeyli "düşmən" qazanmışdım. Bir neçə nəfər
istehza ilə güldü. Amma Bəxtiyar müəllimin ağzından çıxan ikinci
cümlə sanki hamının üstünə soyuq su səpdi: "Ancaq ən çox xoşuma
gələn də onun şeirləri oldu. Çünki bu şeirlərdə bir axtarış,
yenilik, heç kimə oxşamamaq cəhdi var". Daha bir neçə çox xoş söz
dedi. O şeirlərdən biri "Dialoq" idi.
− Görəsən bizdən sonra
Nə qalacag
dünyada?
Düşəcəyikmi
heç yada?
Yoxsa bizim də
ömrümüz
Bir toz kimi
qarışacaq
havaya?
− Çətin sualdı,
qardaş,
Ona cavab tapanacan
Kömək
elə,
Bu qarını
Mindirək tramvaya.
Bu şeiri mən haradasa 18-19 yaşımda yazmışdım.
Qizlara hədiyyə verirdik
Rəsul Rzanın pərəstişkarıydım. Onun kitablarını alıb 8 martda
qizlara hədiyyə verirdik. İkinci şeirim "Gül ömrü" adlanırdı. Rəsul
Rzanının "Mən sənə gül demərəm, gülün omrü az olur" şeirindən
təsirlənərək yazmışdım.
Gül ömrü
Mən sənə gül demərəm
Gülün ömrü az olur.
Rəsul Rza
Nə eybi, qoy az olsun,
Ömrüm payız,
yaz olsun
Yaşayım iyirmi
il,
Otuz il
(dilim-dilim olasan dil!)
Adi olum, sadə olum,
Bayağı olum,
Amma şikəst
ömürlərin
dayağı olum.
Kor doğulanların
gözü,
Nuru olum
Yetimlərin arxası,
qüruru olum.
Hiss edim ki,
Kimsə məni
gözləyir,
Kimə isə lazımam.
O zaman bir gül qədər
Yaşamağa
razıyam,
Yaşamağa razıyam.
Sonralar bu və başqa şeirlərimi Rəsul Rza da bəyənmişdi. Xırda
düzəlişlər edib, onları işləyəndən sonra yenidən yanına gəlməyimi
tapşırdı. Sizə söylədiyim bu iki şeirin yanından iki dənə nida
işarəsi qoymuşdu.
On səkkiz-on doqquz yaşımda yazdığım şeirdi. Sonrdan nəsrə
keçdim. Həyatda, cəmiyyətdə baş verən cürbəcür hadisələr,
haqsızlıqlar, vəzifə sahiblərinin balalarının harınlıqları qəlbimə
toxunurdu. Və sonradan görürdüm ki, məni incidən, ürəyimi sıxan,
kövrəldən əhvalatlar haqda yazıram.
Sözü adama bir dəfə deyərlər
- Rəsul Rzanın yanına necə düşmüşdünüz?
- Məni Rəsul Rzaya Xalq yazıçısı Əli Vəliyev "tapşırmışdı". Qızı
mərhum Gültəkin xanımla Şuşadakı sanatoriyada dincəlirdilər. Atam
da həmin sanatoriyada istirahətdə idi. Mən də İmişli həmkarlar
təşkilatının kolxozçu balaları üçün təşkil etdiyi yay pioner
düşərgəsinin pioner baş dəstə rəhbəri kimi Şuşadaydım. Sanatoriyada
Əli Vəliyevin yaradıcılığıyla bağlı bir tədbir oldu. Xalq
yazıçısının yaradıcılığı ilə bağlı Tofiq Əkbərli məruzə elədi. Mən
də çıxış elədim və bəzi fikirlərim Əli Vəliyevin xoşuna gəldi.
Artıq atamla tanış idilər. Soruşdu ki, oğlum, yazıb eləmirsən ki?
Məndən qabaq atam dilləndi: - Hərdən cızma-qarası olur. – Nə
yazırsan, şeir, hekayə? – Şeir, - dedim. – Kimi çox oxuyursan? -
Rəsul Rzanı, - dedim. – Qabiliyətin olsa, deyərəm, sənə uğurlu yol
yazar. Əlbəttə, ürəyimdən idi. O saat razılaşdım, təşəkkür elədim.
Tətildən qayıdanda o zaman Azneft meydanında yerləşən Ensiklopediya
İdarəsində böyük və unudulmaz Xalq şairi ilə görüşdüm. Şeirlərimi
oxuyub bəzi düzəlişlər elədi. Dedi ki, bunları düzəlt, gətir sənə
"uğurlu yol" yazım. Mənə elə gəldi ki, şeirlərim zəif olduğundan
bəyənmədi, ona görə də mədəni şəkildə "xoş gəldin" deyir. Sonralar
atam Əli Vəliyevlə görüşəndə deyib ki, deyəsən alınmadı Səyyadın
şeirləri. Əli Vəliyev Rəsul müəllimdən soruşanda, cavab verib ki, o
imişli balası sonra gəlmədi. Atam mənə yenidən onun yanına get desə
də, getmədim, utandım, ayıb bildim. "Sözü adama bir dəfə deyərlər
də". Bəlkə də o zaman o şeirləri düzəldib aparsaydım, indiyəcən
poeziya aləmindəydim.
Çox təəssüf ki...
- Səyyad müəllim, nələri arzuladınız, bu arzulardan
hansılar gerçəkləşdi?
- Deyim sizə, özüm də hərdən heyrətə düşürəm. Əvvəlcə hüquqşünas
olmaq istəyirdim, sonra jurnalist, axırda qərara gəldim ki, atam
kimi ədəbiyyat müəllimi olum. Əvvəl axırıncı arzuma qovuşdum.
Siyasətə gəlməmişdən qabaq jurnalist kimi tanındım. Sonra da Bakı
Dövlət Universitetinin hüquq fakültəsini 2-ci ali təhsil kimi
bitirdim. Arzularını gerçəkləşdirdim. Amma çox təəssüf ki, o
arzuları mən gənclik illərində yox, 50 yaşımda gerçəkləşdirə
bildim.
- Siz ədəbi taleyinizdən necə, razısız?
- Ədəbi taleyimdən həm razıyam, həm də yox. Yavaş-yavaş yarımçıq
bədii əsərlərimi ortaya çıxaracam. Yarımçıq əsərlərim çoxdur,
sadəcə, oturub bunları davam eləmək lazımdı. Mövzular obrazlar
beynimdədir, di gəl, vaxtım yoxdur. Qışda yaradıcılıq baxımından
"məhsuldar" dövrüm olur, özümə qapanıram. Hiss eləyirəm ki, içim
dolur və başlayıram yazılarımı yazmağa.
Yazıçı Səyyad Aran daha səmimidir
- Səfərlərdə olanda yol yoldaşı olaraq yazıçı Səyyad
Aranı, yoxsa siyasətçi Səyyad Salahlını seçərdiz?
- Yazıçı Səyyad Aranı. O, daha səmimidir. Mən özümlə içimdə
yaman çox danışanam. Normal yuxum yoxdur, yüz dəfələrlə olub ki,
azan verilənə qədər gözümə yuxu getməyir, yata bilmirəm. Elə hey
öz-özümlə danışıram, dağı arana, aranı dağa daşıyıram. Məni bir
otaqda bir ay "ağzımı bağlayıb" saxlasınlar, darıxmaram. İçimdəki
Səyyad Aranla söhbətim bitmir.
- Səmimi Səyyad Aranla dialoqunuzda olurmu kiminsə
qəlbini qırdığınız adamı müzakirə edəsiz?
- Ümumiyyətlə, qəlb qırmaq mənim işim deyil. Kiminsə qəlbini
qırmağım, küsdürməyim yadıma gəlmir. Ola bilər ki, iş zamanı
tabeliyimdə olan kiməsə məsuliyyətsizliyi ilə əlaqədar, vətən
mənafeyinə laqeyd münasibəti ilə bağlı acıqlanaram, deyərəm, nə
edirsən, nə iş görürsən, bu nə ikiüzlülükdür və sair. Acığım gəlir
kiminsə arxasınca danışmaqdan. Özüm elə eləməmişəm. Başqalarına da
rəva görməmişəm. O adamlara, "sözün varsa özü yanımızda olanda
danış. Yoxdursa, niyə danışıb məni pis vəziyyətdə qoyursan?
Deyirlər ki, sən niyə pis olursan? Deyirəm ki, sən indi danışdığını
mən gərək ya təsdiq edəm, ya da sənə acıqlanam, irad bildirəm.
Təsdiq etsəm, sənin haqsızlığına şərik olacağam, mən axı o adam
haqqında sən düşündüyün kimi düşünmürəm. Etiraz edəndə də sənin
xoşuna gəlməyəcək.
- Danışığınızda, hərəkətinizdə kəndin orijinallığı
qalıb. Şəhər sizi dəyişməyib həm də...
-Hə, deyəsən dəyişməmişəm...
- Namaz qılırsız?
- Çox təəssüf ki, səhhətim buna yol vermir. Bir neçə dəfə oruc
tutmuşam. Amma axıra qədər yox...