Yuxarı

Xalq artistinin nadir müsahibəsi üzə çıxdı – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçı Aslan Kənan mərhum Xalq artisti Bəhram Mansurovun (12 fevral 1911 – 14 may 1985) doğum günü münasibəti ilə onun şəxsi arxiv sənədlərini araşdırarkən jurnalist M.Səmədovla müsahibəsinə rast gəlib. O, mərhum sənətkarın müsahibədə səsləndirdiyi fikirlərin bu gün də aktual olduğunu bildirib.

Kult.az mövzunun aktuallığını nəzərə alaraq, həmin müsahibədə tarzənin səsləndirdiyi maraqlı fikirləri təqdim edir:

“Bu dünyada dəyişməyən şey yoxdur. İllər ötüb keçdikcə bu dəyişikliklər daha qabarıq gözə çarpır. Lap adi bir misal: bir zaman saz üç telli olub. İndi on iki, on üç tellidir. Bu dəyişiklik tarda da özünü göstərir. O ki qaldı toy adətlərimizə, ötən illər ona da sığal çəkib. Yəqin, eşitmiş olarsınız, lap qədimlərdə – Dədə Qorqud əyyamında toy adəti beləymiş: oğlan qıza, qız oğlana könül verib ilqar bağlamışlar. Oba ağsaqqalları da qız evinə elçi gedib, qızı oğlana nişanlayarmışlar. Sonra toy mərasimi başlarmış. Bu toy bütün oba adamlarının sevincinə, bayramına çevrilərmiş. Obada çal-cağır başlarmış, ərənlər at çapıb qurşaq tutarmışlar, dirədöymə oynayarmışlar. Sevinc rəmzi olaraq toy axşamları məşəllər yandırarmışlar. Qız ər evinə köçəndə Dədəm Qorqud gəlib xeyir-dua dilərmiş: “gəlin, ər evinə xeyir-bərəkət apar. Qoy cehizin xeyir-bərəkət olsun”.

Qohum-qonşu nə deyərmiş: “ər evinə cehizin sevinc olsun gəlin!”

Əsrlər illər ötüb keçdikcə Dədə Qorqud əyyamından qalan bu adət-ənənə müəyyən dəyişiklikə uğrayıb, yeni mahiyyət kəsb etməyə başlayıb. Bayaq yuxarıda qeyd etdiyim kimi adamlar tarın, sazın simlərini dövrün tələblərinə uyğun olaraq artırdıqları kimi, toy mərasimlərinə də yeni əlavələr etməyə başlayıblar. El toylarının yaraşığı olan xanəndə Cabbar Qaryağdıoğlu həmişə deyərdi: “Küllü-aləmi gəzib dolaşmışam. Amma bizim el toylarına bərabər heç nə görməmişəm. Bizim el toyları misilsizdir. Bir yanda iki aşıq qarşı-qarşıya durub deyişir, o biri yanda qara zurna güləş havası çalınır, bu biri tərəfdə qız-gəlinlər qədim bir el havasının sədaları altında oynayıb, adamları feyziyab edirlər”.

Vaxtilə Azərbaycana gəlmiş görkəmli rus müğənnisi Feodor Şalyapin və şair Sergey Yesenin də bizim toy mərasimlərinin mütərəqqi cəhətlərini yüksək qiymətləndirmişlər: burda toy mərasimi təkcə qızla oğlanın yox, bütöv bir kəndin, bir obanın təntənəsinə çevrilir...

Açığını deyim ki, indinin özündə də belədir. Xüsusən kəndlərimizdə birinin toy mərasimi hamının sevincinə, təntənəsinə dönür. Amma son zamanlar nədənsə bu təntənə özündə yeni keyfiyyətlər birləşdirməyə başlayıb. Nədir bu keyfiyyətlər? Toyu gəlir mənbəyinə çevirmək. Bu yolla varlanmaq. Axı, qədim el adətlərimizdə heç vaxt belə şey olmayıb. Bəs birdən-birə bu haradan yarandı? Sualın cavabı aydındır: kimsə üç telli sazı yeni simlərlə zənginləşdirməyə çalışdığı kimi toy adət-ənənələrimizi də öz yeni əlavələri ilə zənginləşdirməyə çalışmışdır. Lakin bu zənginlikdən çox adət-ənənələrimizdə qara ləkəyə çevrilib. Yeri gəlmişkən deyim ki, el adət-ənənələri büllur güzgü kimidir. Onu heç bir ləkə korlaya bilməz. Gec-tez xalq onu bu güzgüdə artıq bir şey kimi görüb, silib atmalıdır.

Mövcud adət-ənənələr xalq fantaziyasının məhsuludur. Yeri gəlmişkən qeyd edim ki, pullu toylar da elə-belə yaranmayıb, onu da kimlərsə fikirləşib yaradıb, tətbiq etməyə başlayıb. Görüblər ki, bu yolla varlanmaq asandır, əməlli-başlı işə girişiblər. Başqaları da onun səsinə səs veriblər. Belə-belə qondarma adət-ənənələr orda-burda özünə “vətəndaşlıq” hüququ qazanmağa başlayıb. Heç kəs onun ziyanlı tərəfini fikirləşməyib. Gəlirli tərəfini düşünüblər. Mənə elə gəlir ki, hər şeydən mənfəət və gəlir güdmək düzgün deyil. Xüsusən həyatında bircə dəfə mövcud olan toy şənliyində belə etmək insafsızlıqdır.

Bayaq yuxarıda qeyd etdim ki, qondarma adət-ənənələr də elə-belə yaranmır. Onun da “müəllifləri” olur. Bəs kimdir bu müəlliflər? Əlbəttə xalqımızın özü.

Sənətimlə əlaqədar olaraq müşahidə etdiyim bəzi faktlara müraciət edirəm. Keçmişdə toy şənlikləri aparan Cabbar Qaryağdıoğlu, Keçəçi Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski və başqaları toyda elə-belə mahnılar oxumazdılar və buna adamlar özləri də imkan verməzdilər. Tamam dəsgah muğam oxuyardılar. Çünki sənətin qədir-qiymətin bilirdilər. Qələt oxuyanda xanəndənin qələtini düzəldərdilər. Amma indiki toylarda qanun-qayda tamamilə bambaşqadır. Bir də görürsən biri xanəndədən “Tormoz Hüseyn”, başqa birisi “Marqo, Marqo”, o birisi isə “Avarayam” mahnılarını oxumağı xahiş edir. Xanəndə də əlacsız qalıb oxuyur. Gələn dəfə məclisdə qızarıb-bozarmamaq üçün xanəndə növbəti “repertuarını” buna bənzər bayağı mahnılarla zənginləşdirir. Beləliklə də toylarda adamların zövqünü korlayan zəif və bayağı mahnıların sayı çoxalır. Sual olunur və bu işdə günahkar kimdir? Yenə də cəsarətlə deyirəm: həm xanəndə, həm də toya gələn adamlar. Gərək onlardan heç biri bu səhvə yol verməyəydilər. Axı, edilmiş bu səhv nə vaxtsa ümumi bəlaya çevrilər, dinləyici zövqünü korlaya bilər.

Ulu baba və nənələrimizdən bizə miras qalan toy mərasimi olduqca gözəl adətdir. Gərək biz bu əziz yadigarı yad notlardan qoruyub hifz edək. Onu mütərəqqi elementlərlə daha da bəzəyib zənginləşdirək. Əvvəlki toy adətlərimizdən çox şey unudulub yaddan çıxıb. Bir vaxt kənd toylarında cavanlar at çapardılar, qurşaq tutardılar, dirədöymə oynayardılar. Sağdişin evindən məşəl qaldırılardı. Elat camaatı məşəl işığında şadyanalıq edib, oynayardı, gülərdi. Bütün kənd bu şadyanalığa qoşulardı. İndi bunlar çox yerdən yığışıb. Çoxları bunu köhnəlik qalığı hesab edirlər. Lakin bu köhnəlik qalığı yox, əsil mərdlik, çeviklik, qəhrəmanlıq vərdişləri aşilayan bir adət idi. Özü də heç bir mənfəət güdmürdü. Əksinə yeniyetmələrə, cavanlara mərdlik və kişilik öyrədirdi.

El adətləri bir-iki nəfərin ağlının məhsulu deyil, özü də bu yaxınlarda yaranmayıb. Bu adətlər qədim tarixə malikdirlər. İndi bir-iki nəfər bunu gəlir mənbəyinə çeviriblər deyə hamı bu gözəl mərasimi necə gəldi tənqid atəşinə tutur. Arzu edirəm ki, qədim tarixli bu el adəti necə gəldi yox, ağlın işığında saf-çürük edilsin. Onun gözəlliyinə xələl gətirən pis cəhətlər tənqid atəşinə tutulsun. Yaxşı cəhətlərini isə daha da zənginləşdirib cilalansın. Bu xalqımızın xeyrinə olar”.

Tarix
2019.02.12 / 07:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla