"İnsan taleyi"
layihəsində
O, keçmiş polis əməkdaşıdır. Dövlət Yol Patrul
Xidmətində olub. Milisliyi polisliyindən çox və bərəkətli olub, -
özü belə deyir. Ötən günə gün çatmaz! Adını şərti olaraq Əhməd
yazaq, özünün istəyidir, "nə qədər də olmasa, dost var, düşmən
var", - deyir.
Deyəsən, sən təzəsən axı
Əhmədlə Qum adasına yaxın bir yerdə tanış olduq. Dənizin
sahilində, balıqçıların sanki boy sırası ilə düzülüb gözlərini
qırpmadan tilova dikildiyi bir vaxtda. Hündür boyu, təmiz qırxılmış
üzü, səliqə-sahmanı, tilovunun özü belə ətrafdakı adamlardan onu
fərqləndirirdi. Söhbətimiz təsadüfən alındı. Bir neçə balıqçı ilə
onun arasında yaranan mübahisəyə son qoymaq istədim. Eləcə sifətimə
baxdı:
- Deyəsən, sən təzəsən axı? - dedi.
O məni buranın daimi sakinləri arasında görmədiyinə işarə
edirdi.
- Yox, arada gəlirəm, imkan düşdükdə, ancaq bazar
günləri.
O, sakitcə danışır, onunla mübahisə edən balıqçılara qıcıq
verirdi. O biri balıqçılar isə möhkəmdən danışır, arada söyüş söyür
və onun bu cür təmkinlə danışmasından daha da qəzəblənirdilər.
- Ayıbdır, yekə kişisiz, bu nə danışıqdır, -
deməyim və söyüş söyən balıqçıları qınamağım xoşuna gəldi.
- Fikir vermə, bunlar krivetka kimi şeydirlər. Yemdirlər bunlar,
- dedi və mübahisənin detallarını xırdalamağa başladı. Məlum oldu
ki, haqlı tərəf hündürdən danışan balıqçılardır.
- Belə çıxır ki, onları sən
qıcıqlandırıbsan.
- Bilirsən, bu mənim üçün bir əyləncədir. Adamlar qışqıranda,
özlərini haqlı olduğunu sübut etməyə çalışdıqda buraxdıqları
səhvdən zövq alıram. Həftədə 1-2 dəfə onları, yaxud başqasını
qışqırdıram, - dedi və xeyli güldü. Gülüşünə acıqlı baxışlarla
reaksiya verənlər də oldu.
O qədər yazar görmüşəm ki...
Beləcə tanış olduq. Təklif etdi ki, sahildəki kafeyə gedək:
- Dostlardır. Araq səndən, balıq məndən.
Razılaşdım. Əhməd maraqlı tipaj olması ilə diqqətimdə daha çox
qaldı. Yazı əhli olduğumu bildikdən sonra isə kefi lap kökəldi:
- O qədər, yazar görmüşəm ki... Bəzilərini bilərəkdən
cırnatmışam.
- Axı sən kimsən? Hansı işin qulpundan
yapışıbsan?
- QAİ-şnik olmuşam. İndi təqaüddəyəm. Gəlirəm bura, havamı
dəyişirəm. Həkimim məsləhət görüb. Yod çatışmazlığı var məndə.
Səhər gün çıxmamış burda oluram. 2-3 saat bəs edir. Balıq tuturam,
olmayanda pulla alıram. Nəvələrim məni ən yaxşı balıqçı bilir.
Əhməd kişiyə söhbətimiz maraqlı alınsa, yazacağımı dedim.
- Nə yazacaqsan?
- Nə bilim, dişə dəyən bir şey olsa.
Razılaşdı və yuxarıda qeyd etdiyim kimi, adının şərti olaraq
Əhməd çağırılmasını istədi.
Artıq kafenin otaqlarında üz-üzə oturmuşuq. Soyuq qəlyanaltı,
isti çörək, göy-göyərti, acika... Ofisanta tapşırıqlarını verir.
Sonra da mənə tərəf dönür:
- Bax, arağımız da var. Balığımız da gələcək. Götür, vuraq, –
stəkanlara araq süzür.
Əmim nəslimizin əlini çörəyə çatdırdı
- Yavaş-yavaş danış görək, polisdə işləyəndə başına
gələn, şahidi olduğun ən maraqlı hadisə hansı olub?
- Maraqlı hadisə, ürəyin istəyən qədərdi. Bir ömür yetməz
danışıb bitirəsən. Nədən başlayım?
- Lap başdan, necə oldu ki, yol polis
işlədin?
- Rəhmətlik əmim milisdə işləyirdi. Qohum-əqrəbanı almışdı
qanadının altına. Mən də Politexnik texnikomunu bitirmişdim.
Əsgərlikdən gəldim. Düzdü-qoşdu. Allah rəhmət eləsin. Nəslin əlini
çörəyə çatdırdı.
- Əvvəlcə çətin oldu, yəqin.
- Çətin olmayan nədir ki? Əlbəttə çətin idi. Amma sonradan ki
zəhmətin bəhrəsini görürsən, çətinliyi unudursan.
Əhməd doğurdan da söhbətcil adamdır. Siqaret yandırır və ilk
qullabdan sonra külü çırpır:
- Bir qutu 3-4 gün bəs edir. Əvvəllər daha az çəkərdim. İş
başımızdan aşardı, siqaret çəkməyə də vaxt olmurdu.
Sonra əlini saçında, sifətində gəzdirir:
- Mənə neçə yaş verərsən?
- 60 ancaq olar.
Cavabımdan xoş hal olur:
- 68-i bu yaz gömdüm getdi. Özümə baxan olmuşam.
Maaşa da adam sevinər?
Danışır və ağzı da işləyir. Çörəyin arasına pendir qoyur, soğanı
bürmələyib ağzına aparır.
- Əhməd, düzünü de, ilk maaşı alanda sevindin, yoxsa
sürücüdən rüşvət götürəndə?
- İndi bunu demək çox çətindi. Amma maaşımı alanda doğurdan da
sevinmişdim. Sonra hər şey axarına düşdü. Maaşa da adam sevinər?
Biz başqa şeylərə sevinərdik.
- Məsələn, nəyə?
- Ailə başçısı, evin kişisi, oğul, ata kimi sevinc hisslərimiz
çox idi, əlbəttə. Amma sən ki mənimlə "QAİ" işçisi kimi danışırsan,
deyim, rəislərin qəzəbinə düçar olmamaq, söyülməmək, təhqir
olunmamaq, yaxud rəisin yaxınlarının toyunun olmaması, yasının
düşməməsinə daha çox sevinirdik.
- Toyu başa düşdüm, nəmər yazdırmaq, əl-ayaqda ora bura
qaçmaq və sair. Yəqin ki adamın dünyasını dəyişməsi sizi üzürmüş.
Ona görə yas olmayanda sevinirmişsiz.
- Yox, adə, - stəkanlara araq süzür, - araqdan vur getsin. Yox,
ona görə yox.
Stolun üstünə qoyulan tərəvəzdən bürmələyib ağzına basır:
- İndi balıq da gələr, - deyib əlavə edir, - yox, ona görə yox,
ölür, ölsün də. Bir günün "vıruçka"sı onun üçün yığılırdı, bax bu
qanımızı qaraldırdı. Toylarında da elə. Tədbir olurdu, jurnalist
gəlirdi, kiminsə uşağının cəriməsini ödəyirdik, it əzabı idi işimiz
həm də.
- Heç olubmu ki, hansısa maşını saxlayasan və o da
and-aman edə ki, pulum yoxdur, protokol yazma, yaxud burax,
gedim.
- O qədər... eləsi də olub ki, heç dalınca da düşməmişəm. Qoy
getsin, qabaqda kiməsə ilişəcək onsuz da... Olub da.
Bu, kişilikdən deyil axı
- Əhməd, deyirlər, yol polisləri bir nəfərdən pul alıb
buraxdıqdan sonra, qarşıdakı həmkarına xəbər edir ki, filan maşını
saxla, bəs filan şeyi çatmır, düzdür?
- Olur, elə hallar da olur. Amma bu, kişilikdən deyil axı. Hər
sürücüyə olunmaz bu, özünü yaxşı aparmayan, demaqoqluq edən,
kiminsə adını çəkənləri, hə.
- Heç olub ki, görübsən sürücü kasıbdır, pulu yoxdur,
ürəyin yanıb, ona çıxarıb pul veribsən?
- Yox, bir o qalmışdı.
- Məsələn, bəzi müğənnilər deyir ki, kasıb toylarını
pulsuz edirik, onlardan nümunə götürmüsüz heç?
- Kasıbdır, kasıb p.. yesin, maşını adam kimi sürsün. Sən
inanmazsan, əgər yol polisi olmasa, yolun içində "oturar" bəzi
sürücülər. Müğənnilər isə, yalan danışır. Qohum toylarını bəlkə
də... amma inanmıram.
Əhməd araqdan içir. Bir dəstə şüyüdlə ağzının suyunu silir.
Sonra da şüyüd dəstəsini ağzına dürtür:
- Bizimki əzab olub, işləmək yox.
- Heç olub ki, adamı şərləyəsən?
Bizdən şahid olmaz
Sualıma udqunur. Deyəsən heç bunu gözləmirdi:
- Nə mənada?
- Məsələn, hansısa sürücü yol polisindən şikayət edə,
sən də polisi müdafiə etmək üçün şahid kimi sürücünün üzünə
durasan.
- Hə, bu, şərləmək deyil ki. Bizdən şahid olmaz. Hadisə yerində
mən də olmuşamsa, demək, biz özümüzü müdafiə etməliyik. Bu
xidmətdir. İndi bu sürücü yekəbaşlıq edib, QAİ-işnik onu söyüb,
təhqir edib, biz iş yoldaşımızı pis vəziyyətə qoymarıq axı. Həm də
harada görübsən ki, sürücünün şikayətinə görə polisə cəza
versinlər? İndi ola bilər. Çünki çəkirlər, səsi yazırlar, yollara
kameralar quraşdırılıb. Bizim vaxtımızda bu yox idi.
Artıq balıq da bişib. Əhmədin iştahası isə heç də pis deyil.
Dənizdən yenicə tutulmuş balığın ləzzəti də başqadır, özü də dəniz
havasında. Üstəlik danışdığına diqqətlə qulaq asan adam ola. Bu
baxımdan nəyi var, açıb-tökür. İmkan yarandıqda sual verirəm:
- Bəs bayaq mübahisə edirdin ha, heç də haqlı
deyildin.
- Bilirəm, - ürəkdən gülür,- onlar alkaşdırlar. Tutduqları
balığı satır, çaxır alıb içirlər. Bir-iki dəfə dedim ki, tutduğunuz
balıqdan evinizə də aparın. Balalarınız da yesin. Dedilər, sənlik
deyil. Düz də deyirlər, mənlik deyil. Amma dözmürəm axı, adam gərək
evinə də nə isə aparsın. Həm də xoşum gəlir adamları – belələrini
cırnatmağa.
Qanacağı olsa, cibinə nə isə salacaq
- Yolda da olanda belə edirdin? Məsələn, sürücünü təbdən
çıxarırdın?
- Elə o vaxtdan qalıb da başımda. Bu bizim əsas işlərimizdən
biridi. Gərək psixoloji cəhətdən hazır olasan. Həm də özünü çox
təmkinli aparmağı bacarasan. Mən sürücüyə işarə verib saxladırdım.
Bilirəm axı, bunun elə bir günahı yoxdur, çalışıb onu günaha
salmalısan. Yaxınlaşıb laqeyd, yorğun görkəmdə özümü təqdim
edirdim: - Vətəndaş sürücü, siz niyə yol hərəkəti qaydalarını
pozursuz? Sürücü "hansı qaydanı pozmuşam", -deyə soruşduqda mənim
cavabım: sənədlərinizi təqdim edin, - olurdu. Sənədlərə baxırsan və
yenə də soruşursan: "Yol hərəkəti qaydalarını niyə pozursan?"
Sürücü danışır. Haradan gəlirdi, niyə gəlirdi, qarşısına kim çıxdı,
ona elə gəlir ki, o, qaydanı pozmayıb və sair. Sən əlini atırsan
akt yazmaq üçün sənəd götürürsən. Bir qədər səsinə mülayimlik
qatır, amma bayaq danışdığını and-amanla yenə də danışır. Xülasə,
bezdirirsən bu yazıq sürücünü, axır ki səsini qaldırır. Bax, burda
keçi qalır çayın o üzündə. Deyirsən ki, sən xidmət zamanı polisi
təhqir edibsən və sair. Qanacağı olacaq, cibinə nə isə salacaq,
olmayacaq, yazacaqsan getdi. Əşşi, çox şeylər var e...
Əhməd balığın başını yeyir:
- Salyanlılar balığın başını nahaq yemir ki, hər şey var e
burda.
- Sən çox baş yemisən?
Sualımı tutur. Gülür:
- Buna baş yemək demək olmaz. Bu, olsa-olsa balalarına güzəran
qurmaqdır.
Əhməd kişi ilə danışığımızın sonu o qədər də maraqlı olmadı.
İçki, yaşı 70 haqlamaqda olan keçmiş polisi başqa mövzularda
danışmağa məcbur edirdi.
Ona görə də düşünürəm ki, söhbətimizin qalan hissəsini
oxucularımız oxumasa da olar...