Ana səhifə Yazarlar |
Azərbaycan millisinin baş məqşçisi, portuqaliyalı Fernando Santuşun Bədavi Hüseynovu kapitanlıq sarğısından məhrumetmə səbəbi çox mühümdür.
Santuşun ictimai açıqlaması belədir: “Bədavi Hüseynov Azərbaycan dilində danışa bilmir, ona görə də Abbas Hüseynovu kapitan seçdim. O, Azərbaycan dilini bilir”.
Daxildə hansı proseslər baş verir, əslində Bədavi niyə kapitanlıqdan məhrum edilmişdi – bu, ayrı məsələdir. Fakt odur ki, Santuş bu ictimai açıqlama ilə qərarını əsaslandırdı və hesab etdi ki, burda artıq ikinci sual olmayacaq.
Santuş azərbaycanlı deyil – təbii ki, heç onun Azərbaycan dilini anlayıb-anlamadığını da bilmirəm, ancaq Santuş dünya təcrübəsini bilir; bilir ki, Milli Komandada kapitan yalnız o millinin mənsub olduğu xalqın dilində danışmalıdır.
Yəni Santuş izah etdi ki, milli komandanın kapitanının təmsil etdiyi millinin ana dilində danışması dövlətin ərazi bütövlüyü, suverenliyi kimidir.
Siz alman milli komandasında fransızca danışan kapitan görərsinizmi? Ya Britaniya komandasında almanca, yaxud ispan milli komandasında ingiliscə danışan və milli dili bilməyən birinin kapitan olmasını təsəvvür edirsinizmi?
Yaxud gürcü, erməni milli komandalarında bu hal yaşana bilərmi?
Santuş Azərbaycandakı bəzilərinə sadəcə Azərbaycan dilinin şərəfini, namusunu, ləyaqətini qorumağın vacibliyini göstərdi; Santuş Azərbaycan dilinin namusunu müdafiə etməyin nə demək olduğunu izah etməyə çalışdı!
Santuş ərazisini işğaldan azad edən Azərbaycanın dilini, mədəniyyətini, futbolunu da işğaldan azad etməsindən bəhs etdi!
Anlayan oldumu bu mesajı?
O ayrı məsələ ki, bizim “milli”nin bəzi üzvləri azərbaycanca bilmir; ümumiyyətlə onlar dil bilmirlər və ya “ortaq dildə” danışmağı bacarmırlar. Hərəsinin ağzından “bir dil-avaz” gəldiyi, biri gölə, biri göyə çəkdiyi üçün də milli komandamızın oyunu məsxərədir!
Futbolun dili sərhəd tanımır, futbolçular bir-birini jestlərlə başa düşür – elədirmi?
Bu cür düşündüyümüz üçün bizim “milli” milli ola və illərdir öz oyununu tapa bilmir.
Milli komanda – elə məhz milli dildə danışıb, öz oyununu qurmalıdır.
Futbol – yalnız ayaq əzələləri ilə oynanılmır, həm də başla oynanılır və bu baş topa vurulan yumru “kəllə” deyil, şüurdur, beyindir, düşüncədir. Futbol ayaqla ağılın vəhdətidir.
Ağılın əmrlərini dil sözə, ayaq əmələ çevirir. Bizim millidə isə ağılın əmrlərini dil “rusca” çatdırır, ayaq monqolca başa düşür – nəticə də ortadadır!
Sən yalnız və yalnız öz millətinin dili, mədəniyyəti, ənənəsi, əxlaqı, dəyərləri ilə böyük ola bilərsən. Ana dilini bilməyən Hüseynin nəvəsi Bədavidən heç vaxt Pele olmaz, Maradona olmaz, heç Messi, Ronaldo da olmaz. Çünki materialı azərbaycanca, özü ruscadır.
Ona görə millimizin də vəziyyəti ruscadır...
Öz adını “Badavi Quseynov” kimi ifadə edəcəksənsə, bədəvilikdən o tərəfə keçməyəcəksən...
Tarix
2024.10.14 / 14:42
|
Müəllif
Şeyx Teymur
|