O, elə bu adla tanındı - Masallı Mamed. Hüseynov
Məmməd İsgəndər oğlu. 1961-ci ilin noyabr ayının 4-də Masallıda
doğulmuşdu. 2011-ci ilin mart ayının 21-də növbəti dəfə həbs
olunduğunda, rəsmi məlumatlarda deyilənlərə inansaq, əhvalı
pisləşib və dünyasını dəyişib. Masallıda dəfn
olunub.
"Qrex"ləri varmış, qədeş də "vurdu" onu
Mamed demək olar ki, bütün günü "zon"un həyətində gəzərdi.
Dustaqlarla söhbət edər, onların futbol oyununa baxar,
"promzondakı" "xata"sında olanda isə çox vaxt kitab oxuyardı.
Dustaqların, xüsusi ilə də xəstə, qoca, kimsəsizlərin şəraiti ilə
maraqlanar, onlara maddi yardım edər, səhhətləri ilə ilgili
həkimlərə də "görüm-baxım" edərdi. Daim da yanında "bratvalar"
olardı. Xüsusi ilə də ölümə görə həbs olunan Maştağalı Ataş və
Yasamal əhlindən dəfələrlə həbs olunmuş bir başqası - adını nə
illah etsəm də, yadımda saxlaya bilmədim; onun Mamed gələnə qədər
bir çox dustağa "qanunlar" çərçivəsində "qulaqburması" verməsi də
yaxşı qarşılanmamışdı. Hələ aralıq uşaqları onun türmə rəhbərliyi
ilə də isti münasibətlərindən söz açırdılar.
"Sxodka"ya qədər isə Mamedlə bir neçə dəfə maraqlı və geniş
söhbətimiz olmuşdu. Doğrusu, bu mənim istəyim idi və kənardan onu
müşahidə edirdim. O, bunu hiss etməyə bilməzdi. Bir dəfə
Cəlilabadın Abşabad kəndindən olan, qaçaqmalçılıq və narkotik
maddələrin satışı ilə günahkar bilinən dustaq Araz Həsənov mənə
dedi ki, gedək qədeşin yanına. Etiraz etdim. "Şair, o sənin xətrini
istəyir, səninlə həmişə söhbət edir, gedək", - Araz dedi. Sonra da
əlavə etdi: "Qədeş dünən çox hirsli idi". Araza, "boş-boş danışma,
o ciddi adamdır, amma heç kəsə qəzəblənmir", - dedim. "Ay hay,
şair, sənin xəbərin yoxdu, "strimit" eləyən vardı e, yanında
fırlanırdı, "qrex"ləri varmış, qədeş də "vurdu" onu. Görmürsən,
Ataş təkdi yanında?"
Oğruya nağılmı danışdırmaq
Bu söhbətimizdən sonra doğurdan da həmin adamın "zon"un
həyətində süst və pərt gəzdiyinin fərqinə vardım. Və Mamedin yanına
getdik. Xeyli söhbət elədik. Daha doğrusu, söhbət bizim ikimizin
arasında gedirdi. Araz kənarda sakitcə oturub qulaq asır, Mamedin
"şustryak"ı isə soyumuş çayları təzələyir və əmrə müntəzir
dayanırdı. Mamedə ondan müsahibə götürüb dərc etdirmək istədiyimi
dedim. Razılaşmadı.
- Qədeş, mənə maraqlı hadisələrdən danışın da, – dedim və hiss
etdim ki, xoşuna gəlmədi. Səhv etmişdim, mən oğruya nağılmı
danışdıracaqdım?
Gülümsədi:
- Şair, sənin bir tərəfin Masallıdandı ki!
- Hə, nənəm boradigahlıdır, hardan bildin?
Yenə də gülümsədi və bir söz demədi. Mənə aydın oldu ki, bu adam
istədiyi adam haqda dəqiq məlumat toplaya bilər. Necə ki zona
gəldiyi günün səhəri "sançast"ın həyətində mənə Cinayət
Məcəlləsinin 311.1 ilə tutulduğumu və jurnalist olduğumu
demişdi.
"Məhəmməd Peyğəmbərin həyatı"
"Sançast"ın həyəti yaşıl ada idi; bir də görüş otağının həyəti.
Burda müxtəlif ağaclar, gül kolları insana bir qədər rahatlıq,
toxtaqlıq gətirirdi. Mən guya ki, "burjuy" idim və "sançast"da
qalırdım. Bu haqda ötən yazılarımda yazmışam. Dustaq həyatımın ən
rahat və duyğulu anlarını bu kiçik bağçada yaşamışam. Bir dəfə
Mamed yenə də "sançast"ın həyətində oturub çay içirdi. Yaxınlaşdım,
səmimi görüşdük. Söz-söhbət gəlib dinə çıxdı. Mən Məhəmməd
peyğəmbərin həyatından danışırdım. Diqqətlə qulaq asırdı.
Ətrafdakılar da bizim söhbətə aludə olmuşdu. Çoxunun da gözü
Mamedin ağzında idi. Nə deyəcək - nəyə necə münasibət bildirəcək...
Ani olaraq fikirləşdim, "çox danışmadım ki!"
Mamed stolun üstündəki "Parlament"siqaretindən birini götürdü və
adəti üzrə qarşısındakı alışqanla deyil, qara dəri canlığının
(qolsuz gödəkçə) cibindən kibrit qutusunu çıxararaq yandırdı.
Yadıma düşdü ki, vaxt tapıb ondan siqareti niyə məhz kibritlə
yandırmasını soruşacaqdım. Bu, sonranın söhbəti olardı, indi isə
yox.
- Şair, sən Panovanın "Məhəmməd Peyğəmbərin həyatı"ndan
danışırsan, – dedi.
Hər kəs mənə tərəf döndü. Mən:
- Düz deyirsən, qədeş, o kitabdan danışıram, - dedim.
Bərkgedən dustaqların içindən bir uğultu keçdi. Mamedin alt
qatına, içinə bələd olurduq. Nəsimidən qəzəl dedi, Vaqifdən qoşma.
Şukşindən danışdı. Və söhbətimiz o qədər maraqlı keçdi ki...
Nə qədər çalışsam da, kriminal dünya ilə bağlı xatirələrə,
macəralara çəkə bilmirdim onu. Çox ayıq, hazırlıqlı, az danışan və
yüksək məntiq sahibi idi. Siyasi söhbətlərə meyl etməzdi.
"Ulduz" jurnalını oxuyan zənci Samsun
Gəncəli Şəmi adlı hündürboy bir adam vardı. Onunla həmişə iki
nəfər hərlənərdi. Mənim otaq yoldaşlarımdan olan beyləqanlı Namiq
Namazəliyevlə köhnənin tanışı idilər. Namiq vergidən yayınma ilə
həbs olunmuşdu, - 213-cü maddə ilə. Namiqin "Vəloş" ləqəbli
naxçıvanlı bir köhnə tanışı da vardı ki, o da eyni maddə ilə həbs
olunmuşdu. Şəminin maddəsi isə tamam başqa idi. Günahkar bilindiyi
maddədə qatı cinayət əməli vardı. Qanuni oğru Yunislə əlaqəli iş
idi. Belə başa düşmüşdüm ki, çox iri məbləğdə olan əmlakın
mənimsənilməsi, yaxud oğurlanmasıdır. Hər halda, çox hörmətli
dustaqlardandı, ona və onun yanındakılara hörmət edilir,
sayılıb-seçilirdilər. Dəfələrlə Namiqlə şahmat oynayarkən yanımızda
olar, oyuna diqqətlə baxar, bəzən də uduzan tərəfə gedişləri
deməklə kömək edərdi.
Nigeriyadan olan Samsun adlı dustaqla isə xüsusi zarafatlarımız
vardı. 2 il müddətinə bu zənci balası Azərbaycan dilini təmiz
öyrənmişdi. Hətta dilimizdə mütaliələr də edirdi.
"Ulduz" jurnalında şeirlərim çıxmışdı. Samsun "Kefin necədi"
rədifli gəraylımı əzbərləmişdi, kimə çatırdı, qara sifətində ağ ada
kimi görünən dişlərini göstərərək deyirdi: "Balam, kefin
necədir?"
Mamed onlarla da maraqlanıbmış. Mamedlə yuxarıda etdiyimiz
maraqlı söhbətin şirin yerində Vəloş gəldi, salam verdi. Salamı
alınandan sonra:
- Qədeş, gəncəli uşaqlar sizinlə söhbət etmək istəyir, vaxtınız
olsa... – dedi.
- Bu nə deməkdir, biz hamımız dustağıq, qardaşıq, yaxşı
qardaşların hamısı mənim üçün eynidir, - Mamedin cavabı belə
oldu.
Vəloş:
- Yaxşı qardaşlardı. Yunusun "podelnik"ləridir.
Mamedin sifətinin döndüyünü ilk dəfə onda hiss etdim, özü də
təkcə mən yox, çoxları.
- Nə "podelnik", Oğru ilə nə "podelnik" ola bilər onlar? Arada
salam-əleyk varsa, bu o deməkdir ki, nəsə oğurluq edəndə birgə
giriblər harasa...
Vəloş çöməldiyi yerdən qalxdı. Sifətində qorxu vardı:
- Bağışla, qədeş, - dedi.
Mamed üzünü mənə tərəfə çevirdi, söhbətini davam elədi. Vəloş
rahat nəfəs aldı. Deyəsən, bağışlanmasını hiss etdi və məmnun
qaldı. Bundan bir necə gün sonra Vəloş mənimlə söhbətində qədeşin
ona hörməti olduğunu və özünün səhv etdiyini deyəcəkdi.
Savadlı oğru olar?..
Mamedin söhbətindən: "Bir dəfə Bakıya gəlirdim. Moskva-Bakı
qatarında idim. Uşaqlar da mənimlə idilər. Tək qoymadılar gəlməyə.
Həmişə belə olurdu. Amma onların yeri başqa kupelərdə idi. Mənim
yerləşdiyim kupedən sağ və solda. Təsadüf belə gətirmişdi. Mənimlə
bir kupedə isə iki kişi və bir qadın vardı. Ziyalı idilər. Hər üçü
Rusiyada yaşayan elm adamı idi və bir-birlərini çox gözəl
tanıyırdılar. İki günlük yoldaşlıqdan xeyli rahat oldum. Yol boyu
uşaqlar kupeyə yaxınlaşır və soruşurdular ki, bəlkə nəyəsə ehtiyac
oldu. Yeyib-içmək də ki, öz yerində. Stansiyalarda yerli
"bratvalar", "palojeniya"ya baxanlar vaqona qalxır, mənimlə
görüşür, xidmətlərini təklif edirlər. Eləcə də mənim kupe
yoldaşlarıma diqqət göstərirdilər. Hiss edirdim ki, mənimlə, mənə
olan diqqətlə çox maraqlanırlar. Bakıda keçiriləcək hansısa elmi
konfransa, yaxud başqa bir tədbirə gəlirdilər. Mən də onlarla eyni
mövzuda söhbətlər edir, fikir mübadiləsi aparırdım. Bakıya
yaxınlaşanda artıq mənimlə, yol yoldaşları ilə yaxından tanış
olmağın məqamını da fikirləşdilər. Qadın Piterdə hansısa ali
məktəbin professoru idi. Adlarını unutduğum kişilər isə Moskvada
yaşayan alimlərimizdən idi. Mənə telefon nömrələrini verdilər.
Götürdüm. Mən də özümü təqdim etdim və əlavə etdim ki, əgər
Rusiyada hər hansı dolaşıq işləri olsa, əlbəttə ki, haqlı olub,
haqsızlıqla qarşılaşsalar, incidilsələr, mənə xəbər eləsinlər. İş
yerimi soruşdular. "Fərq etməz, gəlin Moskva bazarlarına,
azərbaycanlılara deyin, mənimlə əlaqə yaradarlar. Adım isə Mameddir
- Masallı Mamed", – dedim. Qadın familiyamı, hansı institutda
işləməyimi, elmi dərəcəmi soruşdu. Güldüm, dedim, "Mən sadəcə
Mamedəm, Masallı Mamed. Desəniz, tanıyacaqlar". Kişilər artıq məni
tanımışdı, təəccüblə bir-birilərinin üzünə baxırdılar. Qadına
konkret: "Mən Oğruyam, Oğru Mamed", - dedim. Artıq özümə də ləzzət
edirdi bunların karıxması. Qadın qorxdu, tələsik yuxarı qatdakı
əşyalarına baxdı. Əmin oldu ki, hər şey yerindədi. "Sadəcə təsəvvür
etməzdim ki, sizin kimi oxumuş, savadlı birisi oğurluq etsin", -
dedi. Xeyli güldük. Amma Bakıya qədər elə bil ki, əvvəlki
səmimiyyətin üstünə su çilənmişdi".
Oğlu əsir götürülmüş atanın xahişi
Mamedlə söhbətlərin birində ondan soruşdum ki, ermənilərlə
müharibə şəraitindəyik. Bütün təbəqələrdə bu iki millət biri
digərini məhv etmək dərəcəsindədir. Bəs kriminal dünyada necə?
Mamed cavabında dedi ki, oğru dünyasında qardaşlıq, dostluq,
bərabərlik önəmli yer tutur. Amma bu ancaq qanunlarımızdadır.
Sözsüz ki, iki millətin arasındakı düşmənçilik burda da özünü
göstərir. Nüfuz söhbəti, harasa nəzarət və sairə. Amma qanuni
oğrular bunun əleyhinə olublar. Münasibətlər normal olub.
Mameddə millətsevərlik müşahidə eləmişdim. Ondan müsahibə almaq
istədiyimi dedim. Qəti etiraz etdi: "Suallara cavab verəndə elə
bilirəm, istintaqdayam". Ona görə də çalışırdım öyrənmək istədiyim
nə varsa, ona sual şəklində ünvanlanmasın. Sonradan mənə
deyəcəkdi:
- Şair, sən elə bilmə ki, danışığımızda mənə vermək istədiyin
sualları tutmurdum. Bu, sadəcə sənin bunları bilməyinin arxasında
səmimiyyətinin olduğu üçün alınan söhbət idi.
Erməni oğrularının müharibə vaxtı erməni ordusuna etdikləri
yardımdan bəhs etdim. Maraqlandım ki, niyə bizim oğrular bu
istiqamətdə heç nə etmir.
- Nə bilirsən etmir? Ola bilsin ki, edirlər, amma bilinmir. Elə
məsələlər var ki, dövlət bacarmır, amma bu təbəqə onları edir.
Söhbətimiz əsnasında bir hadisəni danışdı: "Pervıda (1 saylı
CÇM) olanda yanıma Yardımlıdan bir kişi gəldi. Cavan olsa da, beli
bükülmüş, üzündən–gözündən dərd yağırdı. Bədbəxtin, yazığın biri
idi. Dedi, Mamed, səni deyib gəlmişəm, bəs mənə pul lazımdır, kömək
elə. Dərdini danışdı. Deməli, bu kişinin oğlu erməni əsirliyində
idi. O zamanlar ayrı-ayrı adamlar əsirləri, girovları dəyişirdi.
Qızğın alver gedirdi. Bu adam ev-eşiyini, mal-qarasını satıb, pul
toplayıb ki, oğlunu satın alsın. Amma pulu çatmır. Bizim dəyyuslar
da ayağını dirəyib ki, bəs filan qədər də gətir, verək ermənilərə.
Topladığı pulun da müəyyən hissəsi xərclənmişdi. Mən ona xərclədiyi
pulu verdim, "Get ev-eşiyini, mal-qaranı geri qaytar, - dedim. -
Verməsələr, mənim adımı ver". Aldadıb, ucuz almışdılar həm də. Kişi
çox pərt oldu. O, oğlundan sarı gəlmişdi axı. Nə isə, ona dedim ki,
get, gələn həftə gələrsən. Həm də telefonlarını saxlatdım. Qıraqda
kiminlə görüşməli olduğunu dedim. Kişi naümid getdi. Üç gündən
sonra qıraqdakı adamıma dedim ki, gedib filan vaxtı Qırmızı körpüdə
uşağını ermənilərdən təhvil alsın.
- Kimə dedin, erməni vor zakonuna? - sualıma cavab olaraq,
"Parlament" siqaretindən birini yandırdı və canlığının cibindən
kibrit qutusunu çıxarıb siqaretə od vurdu. Stolun üstündəki alışqan
isə yenə də yararsız əşya idi elə bil. Soruşacam, niyə axı
alışqanla yandırmır?
Mamed pul paylayır...
(Ardı var)