"İnsan taleyi"
layihəsində:
Kazım Abdullayev Respublikanın əməkdar artistidir. Uzun
illərdir ki, teatrdadır. Yüzlərlə tamaşada, filmdə müxtəlif
rolların ifaçısı olub. Onunla axşamdan bir az keçmiş "İnsan taleyi"
layihəmizin qonağı olaraq həmsöhbət oldum. Görüşüb, əhvalını
soruşdum: - Necəsiniz?
Azdramada böhran var, rejissor qıtlığıdır
- Sağ olun, buna da şükür, siz necəsiniz?
- Həmişə şükürlü olasınız. Bizdə də yaxşılıqdır. Hazırda
hansı tamaşa üzərində işləyirsiniz?
- Düzü, yeni hazırlanan tamaşalarda mən yoxam. Özümə bir az
istirahət götürmüşəm. Çünki son illər Azdramada çox işlədim. 8 ildə
40-a yaxın tamaşada rol aldım. Dedim, bir az dincəlmək lazımdır ki,
güc yığıb işə girişim.
- Bəs bu istirahət sizi narahat etmirmi? Axı aktyorlar
deyirlər ki, biz səhnədə olanda istirahət edirik.
- Mən onsuz da həftədə ən azı 3 tamaşada oynayıram. Bundan
başqa, çəkilişlər olur, dublyajlara çağırırlar. Boş vaxtım
yoxdur.
- Yenə də Azdramadasınız?
- Bəli.
- Siz filmlərdə, seriallarda oynamısınız, həm də
dublyaj. Bir aktyor kimi özünüzü harada daha rahat hiss
edirsiniz?
- Əlbəttə, səhnədə. Mən səhnəsiz qala bilmərəm.
- Deyəsən teatrlarımız böhrandadır, yoxsa bu, səhv
müşahidədir?
- Böhran var, rejissor qıtlığıdır. Böyük sənətkarlar getdilər,
özlərindən sonra heç kimi qoymadılar. Həm teatrda, həm də kinoda
cavanların püxtələşməsi üçün də vaxt lazımdır. Dəqiq müşahidədir,
böhran var.
- Axı deyirlər, teatrlardan rejissorları didərgin
salıblar. Tamaşa qoyulanda onları müqavilə ilə dəvət edirlər. Bu,
işsizlik deyilmi? İş olmayanda təcrübə də olmur axı.
- Yox, başqa teatrlarda rejissor var. Azdramada yoxdur. Bu
teatra rejissorlar dəvətlə gəlib tamaşa qoyurlar.
Bizim teatr sifətsizdir
- Bəs bu teatrda rejissorsuzluq ağrılı hal
deyilmi?
- Ağrılıdır. Teatrın rejissoru olar da. Bilmirəm nə düşünürlər?
Ona görə də Azdrama günü-gündən sifətini itirir. Rejissor teatrın
sifətidir. Bizim teatr hələ ki, sifətsizdir.
- Bu haqda hər kəs danışır, amma rəhbərliyə müraciət
edilmir. Sifəti olmayan teatırın tamaşaçısı da az olar
yəqin.
- Bu, müdiriyyətdən yox, nazirlikdən asılıdır. Teatrda tamaşalar
oynanılır, tamaşaçı da var.
- Son baxdığım tamaşa Vaqif Səmədoğlunun pyesi əsasında
olub. Deyəsən siz də oynayırdınız orda.
- Yox, o tamaşada mən oynamıram.
- Amma mənə elə gəldi ki, premyerada siz də
oynayırdınız.
- Deyəsən siz məndən müsahibə götürürsünüz.
- Elədir. Bu mənim stilimdir. Xəbərsiz danışdırıram,
çünki belə, səmimi alınır. İncimədiniz ki?
- Yox, o nə sözdür, nə incimək?! Mən onsuz da sözümü deyirəm.
Mənim son oynadığım "Əmir Teymur"da şair Kirmani obrazıdır.
Dediyiniz tamaşada da Cəfər və Füzuli oynayır. Siz yəqin "Xanumani"
tamaşasını deyirsiniz. Orada Makar rolundayam. Mən həm də
Hüseynbala Mirələmovun "Gəncə qapıları"nda Cavad xanı
oynayıram.
- Siz həyatınızı teatra bağlamısınız, ilk rolunuzu necə
xatırlayırsız? Özünüzə kimi kumir saymışdınız?
- İlk dəfə 1968-ci ildə Balaxanı mədəniyyət evində S. Vurgunun
"Komsomol poeması"nda səhnəyə çıxmışam. O vaxtdan da səhnədəyəm.
1970-ci ildə instituta daxil oldum. Kurs rəhbərim Adil İskəndərov,
asistenti isə Elmira Şabanova idi.
- Bu illər ərzində təxminən neçə rol
oynamısınız?
- Doğrusu, saymamışam. Amma 150-dən çox olar. 20 il Sumqayıt
teatrında, 9 il Bələdiyyə teatrında, 2005-ci ildən isə Azdramada
işləyirəm.
- Hansı rolunuz sizə daha doğmadır?
- Rollar çox olub. Əziz olanı H.Cavidin "Afət"indəki
Ərtoğruldur. Yaxşısı budur, hər teatrdan birini deyim.
N.Nərimanovun "Nadir şah" əsərində Şah Təhmaz, Azdramada
"Qarabağnamə"nin İbrahim xanı, "Gəncə qapıları"nda Cavad xan
obrazları mənə daha doğmadır. Azərbaycan xanlarının çoxunu
oynamışam. Naxçıvan xanı Kəlbəli xanı, Quba xanı Fətəli xanı və
s.
Ailəmi dublyajla dolandırmışam
- Nəyi arzulamısınız və o arzu
gerçəkləşməyib?
- Bilirsiniz, aktyor pyesdən, rejissordan asılı olan adamdır.
Mən yaxşı bir tarixi filmə çəkilmək istərdim. Bu arzum hələ ki,
arzu olaraq qalır. 1978-ci ildən bu yana filmlərə çəkilmişəm. Çox
heyif ki, bizim nəslin payına yaxşı illər düşmədi. 90-cı illərdə -
bizim çəkilib, uğurlu obrazlar yaradacaq vaxtlarımızda hər şey
dağıldı. Kino demək olar ki, yox oldu. Təəssüf edirəm, bizim ən
məhsuldar dövrümüz pis vaxta düşdü.
- Bütün xanları oynamısınız. Hər xanın da bir xarakteri.
Necə düşünürsünüz, bu xarakterlərdən sizdə bir şey qaldımı? Və
bütöv Azərbaycanın bir xanı olsaydı, onu necə
oynayardınız?
- O barədə heç düşünməmişəm.
- Neçə illərdir ki, külüng çalırsınız. Hər hansı bir
mükafat, təltif, fəxri ad...
- Respublikanın əməkdar artistiyəm. Bir il də Prezident mükafatı
almışam, vəssəlam.
- Bəs dolanışıq necədir? Qonorar
ürəkaçandırmı?
- 40 ilə yaxındır ki, dublyaj ilə məşgulam. Minlərlə filmin
Azərbaycan dilində səslənməsində iştirak etmişəm. Ailəmi yalnız o
sənətimlə dolandırmışam. Çətin vaxtlarım da olub. Uşaqları oxudub,
böyütmüşəm. Allaha şükür, indi özləri-özlərini dolandırırlar. Mən
heç vaxt şikayət etməmişəm. Hər kəsin öz taleyi var, onu da
yaşayır.
- Bəs bədxahlarınız necə, olubmu?
- Onsuz olmaz ki. Amma mən həmişə calışmışam ki, hamı ilə
münasibət saxlayım. Çünki eyni səhnəni bölüşürük. Kim kimə necə
münasibət bəsləyir, o dəqiqə bilinir. Ona görə aktyor dostlarımla
həmişə yaxşı münasibətdə olmağa çalışıram.
İçməyə vaxtım yoxdur
- Bəzi aktyorlar yeyib-içməyə aludədirlər. Mey ilə
aranız necədir?
- İçməyə vaxtım yoxdur. Toydan-toya, bayramdan-bayrama.
- Necə bilirsiz, teatrda öz yerinizdəsiniz, yoxsa
haqqınız verilməyib?
- Bayaq dedim, mən şikayət edən adam deyiləm. Həmişə işimi
görürəm, layiqəmsə versinlər, layiq deyiləmsə... Şikayətə ehtiyac
yoxdur. Tamaşamı oynayıram, filmimə çəkilirəm, dublyjımı
edirəm.
- Amma ola bilməz axı, nəyisə arzulayasan, haqqın
olduğunu biləsən, amma bu alınmaya, sizi də incitməyə.
- Əlbəttə ola bilməz. Amma üzdə bildirmirəm. 40 ildir
professional səhnədəyəm, hələ bir otaq da olsun dövlətdən ev
almamışam, bu məni incidir.
- Növbəyə yazılmadınız, yoxsa adamınız, arxanız
olmadı?
- Növbədə olanda Sumqayıtda, dediyiniz "dostlar" qoymadı ev
alam. Sonra hakimiyyət dəyişdi, müstəqil olduq. Növbə heç kimə
lazım olmadı. Belə ev almaq isə, bilirsiniz də... Bizim maaşla
yaxın getmək olmur. Oğlum böyüyüb, evə görə evləndirə bilmirəm. 2
otaqlı evdə yaşayıram... baxmayaraq ki, mən almanların filmində
çəkilmişəm, rusların 3 serialında rol almışam və s.
- Bəlkə müraciət edəsiniz? Axı, illərdir səhnədəsiniz,
müxtəlif obrazlar yaratmısınız.
- Əvvəla, heç kimə müraciət etməmişəm, etməycəm də. Kiməsə nə
üçünsə ağız açmaq mənim xarakterimə ziddir. Bayaq da soruşmuşdunuz,
obrazlardan xarakterimdə qalanlar var, ya yox. Əlbəttə var. Elə o
xan, şah rollarından yəqin bir az qalıb ki, kiməsə baş əymək, ağız
açmaq istəmirəm.
- Yadlarına düşəcəyinizi düşünürsünüzmü? Bəlkə dostlar
hərəkət eləsin, rəhbərliyin yadına salsın. Umduğunuz dostlar varmı?
Umduğunuz yerdən küsmüsünüzmü?
- Yox, mən heç kimdən heç nə ummuram. Bir ilim qalıb, təqaüdə
çıxıb, evi uşağa verib gedəcəm rayon teatrlarının birinə. Ömrümü
orda başa vuracam.
Heç kimin qarşısında ağlayan deyiləm
- Hansı rolu oynamaq istəyərdiniz? Və güvəndiyiniz
kimdir, nədir?
- Oynamaq istədiyim rollar çox olub, oynamamışam, filmlər olub
çəkilməmişəm. Güvəndiyim isə yalnız ailəmdir, vəssalam.
- Sizcə, teatrımızın bu günü dünənindən nə götürdü,
sabaha nə ötürəcək?
- Bu, çox qəliz sualdır. Bu sualı teatrşünaslara vermək
lazımdır, onlar araşdırma aparmalıdırlar.
- Əvvəllər belə bir görüntü vardı: aktyorlar ən xoşbəxt
adamlardır. Bəs bu gün necə?
- Elə, görüntü olaraq qalıb. Necə xoşbəxt ola bilərlər ki,
150-200 manat məvacib alırlar. Cavanlar evsiz, ailə qurmağa
qorxurlar ki, necə dolanacaqlar. Ən az məvacib aktyorlardadır.
Bütün bu çətinliklərə baxmayaraq işləyirlər, yaradırlar.
- Deyirdilər ki, incəsənət xalqa məxsusdur. Bəs niyə
xalqa məxsus olanı yaşadanların alın yazısı qarmaqarışıq xətlərlə
yazılıb?
- Onu yuxarılar yaxşı bilər.
- Yəni əl çatmır onlara?
- Yordunuz məni, başım ağrıdı…
- Üzrlü sayın, siz Allah…