Davamı
Əvvəli
burada
- Qarabağda döyüşdüyünüzə görə sizə hansı imtiyazlar
verilib?
- Təxris olmamışdan öncə də Sumqayıtda uzun müddət kirayədə
yaşamışam. Çətinlik yaranandan sonra köçkünlərin vaxtilə girib zəbt
etdiyi yeri həmin köçkünün özündən pul ilə satın aldım. Ali Baş
Komandana da müraciət etmişəm.
- Hazırda dövlətdən pensiya, prezident təqaüdü
alırsınız?
- Xidmətdə olduğum zamanlarda məzuniyyət pulu almamışam. İndi
Prezident təqaüdü və pensiya alıram. 2-ci qrup əliləm.
- Uşaqlarınız nə ilə məşğul olur?
- Böyük qızım bu il universiteti bitirir. Ondan kiçik olan qızım
bu il 11-ci sinfi bitirəcək. Oğlumun isə hələ 4 yaşı var.
- Qızınız üniversitetdə ödənişli təhsil
alır?
- Xeyr, məcburi köçkün olduğumuza görə ödənişsizdi. Şükür
Allaha, incitmirlər.
- Savaş bitdikdən sonra hansı kitabları
oxumusuz?
- Əlimə kitab keçdikcə oxuyuram. Latsinin "Qanadsız quşlar"
əsəri var. Gənclərə də həmişə deyirəm ki, onu oxuyun.
Biz, küçədə söyüş söyən gənc görməmişik
- İndi nə ilə məşğulsuz?
- Gözətçi işləyirəm.
- Bugünkü gənclikdən razısınızmı? Onlara nə demək
istəyirsiniz?
- Mən elə gənc tanıyıram ki, ona dövlətin qayğısı lazımdır.
Hətta Sumqayıtda şəxsən tanıdığım bir oğlan var, binanın altında
poliqon və lazer silahlar düzəldib. Ora girəndə insan özünü
müharibədəki kimi hiss edir. Məsələn, orta məktəb şagirdlərini
hərbi hazırlıq fənlərində ora aparsalar, daha gözəl olar. Orada
döyüş hazırlığı keçərlər. İndiki gənclik istər mənəviyyatı, istər
əxlaqı, istər kişiliyi baxımından başqa cürdür. Hamısına pis demək
istəmirəm, yaxşılar da var. Ancaq biz küçədə söyüş söyən, milli
mentaliteti ayaqlar altına alan gənclər görməmişik. Kişinin kişi
adı var. Kişi haqq-salam edər, özünü və ətrafını qoruyar. Mənim
üçün millətimin fahişəsi də, cibgiri də - hamısı əzizdir. Mən
onların hamısını sevirəm. Çünki Allah onları elə yaradıb.
Yaxşıdırsa da mənimdir, pisdirsə də.
- Oğlunuzun sizin yolunuzu davam etdirməyini
istəyərdinizmi?
- Oğlum hərbçi olmasını istəyirəm. Kişi hərbiçi olar. Kişinin
hərbdən başqa sənəti olmaz.
- Sizin briqadada, taqımda qadınlar var idimi? Və onlar
sizin kimi döyüşə bilirdilərmi?
- Bu gün Azərbaycan cəmiyyətində o dövrdə döyüşdə, orduda
olmuş xanımlara bəlkə də pis baxırlar. Şəxsən bizim Qubadlıda
yerləşən bölükdə 3 xanım döyüşçü var idi. Səhv etmirəmsə, adları
Nərminə, Billurə idi. Birini unutmuşam. Hazırda Sumqayıtda
yaşayırlar. Hərdən uzaqdan-uzağa görürəm. Onlar heç də bizim
oğlanlardan geri qalmırdılar.
- Bəs onlarla münasibətiniz necə idi?
- Bilirsiz, insan psixologiyası hərədə bir cürdür. Mən 1988-ci
ildə Azadlıq meydanında Meydan hərəkatında 2 nəfərlik çadırda 8-9
qızla yatırdım, amma xəyalımdan burada qızlarla yatdığımı
keçirmirdim. Çünki onlar mənim mübarizə dostlarım idilər. Şəxsən
bizdə qız-oğlan fərqi olmayıb.
- Onlar da sizin kimi döyüşürdülər?
- Biz necə, onlar da elə idi. Sadəcə, bir fərq var idi, onlar
qadın idilər.
- Bayramlarda xanımları necə təbrik
edirsiniz?
- Düzünü desəm, heç bayram ab-havasını xatırlamıram.
Qarabağ filmləri məni qane etmir
- Heç bir yerdə toplanıb, şirin söhbətlər
edirdinizmi?
- Olub. Bizim rotamız Dondarlı kənd orta məktəbinin binasında
yerləşirdi. Söhbətlərimiz orada olurdu, voleybol oynayırdıq. Əsasən
maraqlı hadisələr Kamran adlı yoldaşımızın başına gəlirdi. Bir
dəfə, səhv etmirəmsə, Novruz bayramı ərəfəsindəydik. Uşaqlar aş
bişirmişdilər, bayram ab-havası var idi. Birdən gördüm ki, uşaqlar
arxa qapıdan bir-bir çölə çıxırlar, qayıdırlar. Mən də ön qapıdan
çıxıb bunları araq içən yerdə yaxaladım. Əvvəlcədən qadağa
qoymuşdum ki, ümumiyyətlə, içki içmək olmaz. Çünki içki içərsən,
ürəklənərsən. Əslində isə hər şeyi ayıq başla etmək lazımdır.
Araqlarını alıb sındırmışdım.
Bir xatirə də danışım. Deməli, Qubadlıda Saldaş qəbristanlığında
postumuz var idi. Gördüm ki, 2000 metrlik məsafədən başlar görünür.
Hiss etdim ki, uşaqlar burada araq içirlər. Könüllü uşaqlar idi.
Gəldiyimi görəndə başları aşağı əyildi. Bu zaman mən dərəyə qaçdım.
Yanlarına çatanda arağın qapağını gördüm. Məndən 3-4 yaş böyük olan
İsmayıla dedim ki, nə edirsiniz burada? Dedi ki, heç, elə-belə.
Maşın-maşın oynayırıq. Atışma-filan yoxdur. Dedim, gedin o
arağınızı gətirin. Təsəvvür edin, mən çatana kimi onlar arağı
dərənin dibində qaratikan kolunun dibinə qoyublar. Gətirdilər
arağı, boşaltdım. Dedim ki, olmaz. Mən heç vaxt olduğum yerdə
içkiyə icazə verməmişəm.
- Bildiyimə görə, ədəbiyyatla məşğul olursunuz. Oradakı
xanımlara şeir yazıbsınızmı?
- Yox, yazmamışam. Ailəli idim. Övladım dünyaya gələndən 40 gün
sonra görə bilmişdim onu. Qızımın 1 yaşına aid şeir yazmışdım:
Nalədi, şivəndi, ahdı, amandı,
Ulu babaların torpağı qandı,
Ruhumda, canımda elim, obamdı,
Əriməz atəşim, ay ceyran balam.
Nərgizlər, lalələr dil-dil ağlayar,
Göydə leysan töküb, sel-sel ağlayar,
İmadəddin ümidin yurda bağlayar,
Zərbi ziban, günəşim, ay ceyran balam.
Qızımın adındakı hərflərə uyğun yazmışdım bu şeiri.
- Siz döyüşəndə ailəniz harada qalırdı?
- Sumqayıtda qohum evində qalırdılar. Məcburi köçkün kimi
buralara heç vaxt məskunlaşa bilməmişəm.
- Əgər bu gün rejissor olsaydınız, Qarabağ savaşını necə
çəkərdiniz? Və Qarabağ savaşı ilə bizim kinolarda izlədiyimiz
savaşın fərqi nədədir?
- Səhv etmirəmsə, 1992-ci ildə dedilər ki, gənc yazarların
kitabı çıxacaq. Mən şeir göndərmişdim. Bir gün mənə bildirdilər ki,
televizyada sənin şeirini dedilər.
Bir yazım var. O yazının adını "Sevgi" qoymuşam. O "Sevgi"də
mənim Azərbaycanda olan müharibəyə, Vətənə münasibətim öz əksini
tapıb.
Yaşadıqlarımızı yaşada bilərəmsə, deyərəm film çəkdim. Onu da
deyim ki, Qarabağ savaşı ilə bağlı çəkilən filmlərimiz məni qane
eləmir...