Yuxarı

“Həmzə şəhid olub, gəlib aparsınlar…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə fərqlənən İmadəddin Səlimov "Cəbhə xətti"ndədir.

1964-cü il iyul ayının 23-də Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya gəlib. Orta təhsilini Dəmirçilər kənd 8 illik Dondarlı kənd orta məktəbində alıb. Uzaq Şərqdə Komsomol şəhərində hərbi xidmətdə olub. 1985-86-ci illərdə yaradıcılıqla məşğul olmağa başlayıb.

İlk post Zor kəndi

- 1988-ci ildə Sovet İttifaqında baş verən hadisələr, o cümlədən, Azərbaycanda gedən proseslər hamı kimi məni də Azadlıq meydanına gətirdi. 1987-ci ildə Rusiyanın Tomsk şəhərində təhsili yarımçıq qoyub, Bakıya qayıtdım. 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Azadlıq meydanındakılar dağıldıqdan sonra Dağlıq Qarabağ və sərhəd rayonlarında baş verən hadisələr vətən fədailərini sərhədə çəkirdi. 1989-ci ilin yanvar ayında Qubadlıya qayıtdım və öz kəndlilərimdən təşkil etdiyim ilk könüllü dəstələrlə birlikdə sərhəd kəndlərinə tərəf yola düşdüm. İlk post Zor kəndi oldu. Çox uzaq olduğuna görə qərara aldıq ki, qədim Azərbaycan torpağında sonradan salınmış, indiki Ermənistanla həmsərhəd olan Qafan rayonunun Novruzlar kəndi istiqamətində olan kəndlərimizə çıxaq. İki gündən sonra başqa bir kənddə posta çıxdıq. Bu yerdə uzaqdan zəif işığı gələn bir kənd diqqətimizi çəkmişdi. Sonradan bildik ki, bu bizim o zamana qədər getmədiyimiz, tanımadığımız Saldaş kəndidir.

1989-cu ildən etibarən müxtəlif kəndlərdən gələn uşaqlarla sərhəd rayonu olan Qubadlının rayon mərkəzində könüllülərdən ibarət dəstələr yaradıldı. Daha sonra ov tüfəngləri ilə sərhədlərimizin müdafiəsinə başladıq. O zamanlar bizdə ov tüfəngləri idi, ermənilərdə isə avtomat silahları. Sərhədləri qorumağımız 1990-ci ilin 20 Yanvar qırğınına qədər davam etdi. O qanlı gündən sonra Rusiya imperiyasının qırmızı ordusu sərhəd rayonu olan Qubadlıya da gəldi. Komendant saatı oldu, qadağalar başladı.

1990-cı il yanvar ayının 22-də Qubadlıda yerləşən Azadlıq meydanında mitinq çağırdıq və bu mitinqi rus ordusunun gözü qarşısında keçirdik. Onlara bir daha göstərdik ki, haqqımız olan vətənimizdən dönmək niyyətində deyilik. 1991-ci ildə Azərbaycan öz Müstəqillik Aktını qəbul etdi. Məhz bundan sonra Azərbyacanda müstəqil nizami ordu yaranmağa başladı.

- Qarabağ uğrunda mübarizədə ilk dəfə nə vaxt əlinizə avtomat götürdünüz?

- Əlimizə silah alanda bir amalımız var idi - ordu yaratmaq. Həqiqi vətənpərvərlər olaraq mülki vətəndaşlardan fərqlənmək üçün Sovet ordusundan qalan geyimləri geyinərək Azadlıq meydanında camaata bildirmək istəyirdik ki, biz ordu yaradırıq. O zamanlar Qubadlıda könüllərdən ibarət çox sayda batalyon yarada bildik. Həmin taborun komandiri Dağbəyi Məhəddinov idi. Əlimə silah alıb döyüş üçün sıralarına daxil olduğum ilk batalyon Qubadlı rayonu Cılfır kəndinə aid idi.

- İlk döyüşünüzü necə xatırlayırsınız? Necə hazırlaşırdız və hansı texnika ilə döyüşə getmişdiniz?

- Bizim texnikamız yox idi. Ancaq avtomat silahlarımız var idi. Ermənilər meşənin içi ilə gecə vaxtı iri çaplı pulemyotlardan atəş açırdılar, biz onlara cavab verirdik. Bizdə itki olmamışdı, amma onlarda olub-olmadığını da dəqiq deyə bilməyəcəm.

Ermənilərlə məzələnirdik

- İlk döyüşə hazırlaşan zaman hansı hissləri keçirirdiniz?

- Onu deyə bilərəm ki, nəinki mən, bizimlə çiyin-çiyinə döyüşən uşaqların heç biri qorxu keçirməyib. Sizə maraqlı bir epizodu danışım. Ağdamda şəhid olan İslah Səmədov var idi. Bizimlə üzbəüz mövqedə yerləşən erməni kəndində iki ermənini öldürüb qayıtmışdı. Bizim də ağır texnikamız yox, ancaq avtomatlarımız var idi. Ermənilərin tankları da vardı. Ağalıq kəndində "vışka" adlanan yüksək yerdən, "Kamaz"ın üstünə quraşdırdıqları "Alazan" raket qurğularından atırdılar. Biz isə ancaq yaxın məsafələri nişan alıb vura bilirdik. Maraqlı döyüş gedirdi. Onlar artıq aşağı da enmişdilər. Aftandil adlı bir əmioğlu var idi. O da döyüşçü idi. Deyirdi ki, bunun ləzzəti yoxdur, "Alazan" gəlmədi. Uşaqlarda yüksək əhval-ruhiyyə var idi. Aftandilin ağzından o söz çıxan kimi "Alazan" üstümüzə gəldi.

- Neçə nəfər idiniz?

- Bir bölük idik. Taqım komandiri olduğuma görə 30-a yaxın əsgər tabeliyimdə idi. Əksəriyyəti də könüllü.

- Belə çıxır ki, siz qorxmaq əvəzinə, düşmənlə məzələnirdiniz?

- Bəli. Sözün əsil mənasında məzələnirdik ki, "Alazan" yoxdursa, bu müharibənin ləzzəti yoxdur. Hətta bizə tərəf atılan minamyotun səsi gələndə bilirdik ki, bu bizi tutan deyil. Səsi gəlməyəndə bilirdik ki, bu, yanımıza düşəndir. Silahın səsindən hər şeyi müəyyən edə bilirdik.

- Həmin gün nə qədər şəhidimiz oldu?

- Qubadlı rayonu Saldaş kəndi uğrunda gedən bu döyüşdə yerli camaatdan bir nəfər kimsəsiz qadın tank mərmisiylə vurulmuşdu.

- Ümumiyyətlə, döyüş uğurlumu keçmişdi?

- Uğurlu deyəndə ki, bayaq dediyim İslah erməni vurub gəlmişdi. Bu döyüşü ermənilər başlamışdı.

Bədəninin hər yerində siqaret söndürmüşdülər

- Başqa hansı xatirələrinizi danışa bilərsiniz?

- Bir dəfə nahar fasiləsində oturmuşuq. Saldaş qəbiristanlığının altında, meşəliyin ətəyində "Yuxarı post" deyilən bir postumuz var idi. Gördüm ki, əsgərlərimizdən üçü yoxdur. Soruşdum ki, Abbas, Kəramət, Elxan hardadılar? Uşaqlar dedi ki, gəlirlər. Avqust ayı, otun biçilən ərəfəsi idi. Birdən avtomat şaqqıldadı. Bildim ki, bunlar nəsə hadisə törədiblər. Qaça-qaça posta gedib durbinlə baxıb gördüm ki, ermənilər silahlı vəziyyətdə dayanıblar, otbiçənlə ot yığırlar. Bizim uşaqlar da ermənilərə lap yaxın məsafədədilər. Onların yaxınlaşmaqlarını gözləyirlər ki, vuralar. Bizimkilərin avtomatı şaqqıldayanda ikisi maşının üstündən düşdü, biri də qaçmaq istəyəndə onu da vurdular. Qayıdıb gələndən sonra məndən icazə istədilər ki, gedib erməni meyitlərini gətirsinlər. Fikirləşdim ki, gətirsələr, bəlkə əsirlərlə dəyişə bilərik. Ona görə icazə verdim, getdilər. Ancaq dedim ki, şərtim var, mən güllə atanda qayıdın. 10-15 dəqiqə keçməmişdi ki, pöhrəlikdən ermənilərin axışıb gəldiklərini görüb atəş açdım. Uşaqlar da inanmayıblar, deyiblər ki, yəqin komandir qayıtmağımız üçün yalandan atəş açır. Həmin an atışma başladı. Şükürlər olsun ki, itki vermədik, amma əsgərlərim üç erməni öldürüb gəlmişdilər.

Qubadlının mərkəzi işğal olunmuşdu. 11 kənd bizdə idi. Onu da deyim ki, bizim kənd işğal olunan rayon mərkəzinə yaxın idi. Sentyabrın 15-16-da iki qrup ilə gedib vəziyyəti öyrəndik. Təəssüf ki, o vaxt bizə kömək gəlmədi. Bilmirəm Göyçaydan idi, yoxsa Ağsudan, 15-16 yaşlı bir uşaq Qarabağa gedib əsir düşmüşdü. Adını xatırlamıram, amma "Azadlıq" qəzetində şəklini vermişdilər. Ermənilər onun bədəninin hər yerində siqaret söndürmüşdülər. Qəzetin o hissəsini kəsib, cibimdə gəzdirirdim ki, nə vaxtsa bunun qisasını almalıyam.

Allah elə rast gətirdi ki, biz bir erməni dığasını əsir götürdük. Mən ona işgəncə verəndə əmioğlu gəldi ki, yazıqdır. Dedim yox, müharibədə yazıq olmur. Bizim cavan uşaq da yazıq idi, amma görürsənmi bədənini. Doğrusu, istəyirdim ki, erməni əsiri daha da əzabla öldürüm, bəlkə ürəyim soyuya. Daha sonra eşitdim ki, bizimkilərin əllərində erməni meyitləri var. Fikirləşdim ki, bunu verək, dəyişək. Dəyişdik.

Ulaşdı körpüsündə çox sayda erməni qırmışdıq. Bizim Zəngilan, Qubadlı uşaqları üzüaşağı Akara çayına doğru gələn erməniləri vururdular. Ermənilərə bildirilmişdi ki, bu çay tərəflər boşdur, onlar da gəlirdi. Bu zaman UAZ gəlib keçəndə bizim uşaqlar səbirsizlik edərək onu atəşə tutdular. Bu da döyüş təcrübəsinin olmamasından irəli gəlirdi. İçində nə qədər adam varıydısa, hamısı öldü.

Qızğın döyüşlərimiz Xanlıq istiqamətində də olub. Mənə sual veriləndə ki, Qubadlı necə işğal edildi? Deyirəm ki, Qubadlı işğal edilmədi, etdirildi.

Tank taboru idik, tank yox idi

Bizim ştatımız tank taboru idi. Amma Qubadlıda tank yox idi. Özüm tankçı olmasam da, sonradan tankçı komandiri oldum. Bilmirəm, məcburiyyət qarşısında məni qoydular, yoxsa təşkilatçılıq və döyüşümə görə? Tank və texnika ilə döyüşü Qubadlının işğalından sonra gördük. Bu işğaldan sonra Xudafərin körpüsünün Azərbaycan ərazisində bir aydan çox mühasirədə qalmışıq.

- Mühasirə vaxtlarında nələr baş verirdi?

- Düzü, mühasirə şəraitində ermənilər heç hücum da etmirdilər. Bizimkilər də gəlmirdilər. Zəngilan boşalmışdı, amma İran tərəf bizi çıxmağa qoymurdu. Orada Qumlaq kəndi var idi. Rəhmətlik Balakişi o kənddən un tapıb, xəmir yoğurmuşdu. O vaxtı müdafiə nazirinin müavini, şəxsi heyət üzrə təlimatçı, polkovnik Əliyev də bizimlə o şəraitdə idi. Əslində, baş verən bu hadisələr Gəncədə, cənubda baş verən qiyamların, Azərbaycandakı siyasi proseslərin nəticəsi idi.

- Ordunun ruh yüksəkliyini necə qiymətləndirirsiniz?

- O zaman milli azadlıq hərəkatından qopub gələn bir ordu var idi. Onlar vətənini sevən, toprağına təmənnasız xidmət edən insanlar idi.

- Qucağınızda can verən, ölən əsgər olubmu?

- Xeyr, olmayıb. Amma 1994-cü ilin yanvar ayında bizi Ağdamın bir kəndinə atdılar. Dedilər ki, birinci batalyona kömək lazımdır. 20 nəfərlə köməyə getdim. Gördüm ki, elə bizim uşaqlardan Azad, Azadın rotası, Balakişi Hüseynov da oradadır. Azadı soruşdum dedilər, qohumu şəhid olub, getdi onu arxaya qoyub gələ. Üzümlüyün içindən yaylım atəşi gəlirdi. Aydın görmək olmurdu. Orda bizim qonşu kənddən Səbahəddin var idi, qohum idi. Ona dedim ki, biraz aşağı yat, mərmi gəlir də, tuta bilər. Üzümü çevirən kimi artıq Səbahəddin yıxılmışdı, yəni yaylım atəşi onu tutmuşdu. Qardaşı da bizdə təlim komandiri idi. Səhər qayıdıb gələndə ona bir xeyli qardaşını təriflədim, qəhrəmanlığından danışdım, amma ürək edib deyə bilmədim ki, sənin qardaşın şəhid oldu…

Kostyumu ortaya qoyub ağlayacaqlar

Bir əsgərim də var idi - Abıyev Həmzə Qardaşxan oğlu. Sumqayıtda qiyabi oxuyurdu. Rəhmətlik Əliyarın da tələbəsi idi. İdmançı oğlandı. Həm qabiliyyətli, həm də qorxmazdı. O epizodu xatırlayanda özümdən asılı olmayaraq gözüm dolur. Biz Gəncədən Ağdama çıxanda, o, Sumqayıtdan gəlmişdi. Döyüş zamanı idi. Mənə dedi ki, gəlməmişdən qabaq bir kostyum aldım. Bir dəfə geyinmişəm. Şəhid olsam, onu ortaya qoyub ağlayacaqlar. Komanda gəldi ki, geri çəkilin. Həmin an gördüm ki, Həmzə yoxdur...

Bir əsgərim də Habil Süleymanov idi. Avtomatı dəmir "setka"ya ilişmişdi. Uşaq idi, qorxudan avtomatı qoyub qaçmışdı. Dedim ki, həm avtomatı götürəcəm, həm də Həmzəni tapacam. Amma onu tapa bilmədim. Ağstafadan İlham Məmmədov var idi. Həmzə ilə dost idilər. Səhəri gün Firuz adlı əsgər dedi ki, Həmzənin meyitini tapıblar. Gedib götürdüm. Məscidə göndərdik. Bəlkə də başqası olsa eləməzdim, amma ona görə maşınla Bərdəyə gəldim. Bakıya xalamgilə zəng elədim ki, filan adamı tapın. Deyin, Həmzə şəhid olub, gəlib aparsınlar.

- Füzulidən bir xatirəniz varmı?

- Açığı, Füzuli deyəndə gözümün önündə müharibə canlanır. Füzulidə həqiqi mənada zövq almışam. Ağdam elə idi ki, tanımadığımız ərazi, səhralıq və üzümlük idi. Füzuli tərəf döyüş bölgəsi idi. Bütün ərazini görə bilirdim. O vaxt bölük komandirinin tərbiyə üzrə müavini idim. Elə oldu ki, bizə təzə gələn uşaqlardan ibarət tank bölüyü verdilər. Masallıdan Baxşəli Fətəliyev, Mehdi Hacıyev var idi. Dedim ki, Mehdi, bu uşaqlar üçün kənddə hamam təşkil elə. Bu uşaqlar mənə, mən də onlara alışdım. Onların rota komandiri yaralandı, getdi. Neftçaladan rəhmətlik Rauf var idi. Həyatda o cür adamlar azdır ki, məni özümdən çıxara bilər. Rauf beynimi o qədər yemişdi ki, tanka can atırdım.

Ölənlərin günahı özlərində olurdu

- O vaxtkı erməni əsgəri ilə Azərbaycan əsgəri arasındakı fərq nədə idi?

- Ermənilər heç vaxt bizdən üstün olmayıblar. Biz Füzulidə olanda Transformator yüksəkliyi deyilən bir yer vardı. Bir əsgərimiz çox dedi ki, məni döyüşə aparın. Dedim, yox döyüşü tankçılar aparır. Elə indi də o tankçılarla əlaqəmiz var, zəng edirlər. Mən mərcə gəldim ki, mənim tankçılarım bir mərmiyə hədəfi vuracaq. Ekipajım var idi, onlara "rıjı" deyirdim. Şəkidən, Şəmkirdən və İmişlidən idilər. Komandir Allahyar Allahverdiyev idi. Birinci mərmiyə hədəf vuruldu. Dedim, Bədəlov çıx, bir dənə də vur. Sabah biz həmin əraziyə hücum edib götürdük. Məlum oldu ki, hədəf erməninin UAZ markalı avtomobili olub. Bilirsiniz, orada ölən bəzi uşaqların günahı özlərində də olurdu. "Necə vurdum", "Necə dağıtdım", "Görüm kənardan necə göründü" həvəsi itkilərimizə səbəb olurdu.

- Döyüşdə yaralanıbsınızmı?

- Bəli, yaralanmışam. Beyin travması almışdım. Məni Bakıya Hospitala göndəriblər. Hospitalın həyətində sənədimi cırdım. Bir anlıq düşündüm ki, mən olmasam, əsgərlərim ölər. Geri qayıtdım. Müalicə almadım. Bir xəstəlik tapmışdım. Füzulidə hospital rəisi briqada komandirinə məndən şikayət etmişdi ki, tank bölüyünün komandiri hospitaldan qaçıb. Dalımca gələndə gördülər ki, öz bölüyümün içindəyəm. Dedilər, niyə qaçmısan? Dedim, tankçılarımı sahibsiz qoya bilmərəm. Onlar harada, mən də orada. Nə olacaqsa olsun. Qəlpə yaraları almışam. Fotoqraflar gələndə uşaqlar deyirdi ki, gəlin, xatirə şəkli çəkdirək. Çəkdirmirdim.

- Ən son döyüşünüz nə zaman olub?

- Ən son döyüşüm 1994-cü il mayın 12-də olub. Bizim bütün istiqamətlərdən ermənilər üzərinə hücum olundu. Tank bölük komandiri olduğum üçün ilk tankın içində oturmurdum. Elə bir yüksəklikdə otururdum ki, briqada ilə, tankçılar ilə əlaqə qura biləm.

- Nə vaxt təxris olunmusunuz?

- Səhv etmirəmsə, 1996-cı ilin sonu idi. Atəşkəsdən sonra ordudan getmək istəyirdim. Müdafiə Nazirliyində polkovnik-leytenant Ramiz Nəcəfov var idi. Dedim ki, cənab polkovnik, mənim ali təhsilim yoxdur. Kolxozdan gəlmiş adamam, buraxın çıxım gedim...

Ardı var

Tarix
2015.04.30 / 09:19
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla