"Milis hekayələri"
silsiləsindən
Uğursuz məhəbbət hekayəsi
Yaz fəslini çox sevirəm, düşünürəm ki, baharda bizim Bakı daha
gözəl olur. May günəşi adamı qızdırsa da, yandırmır, şəhərimizin
parkları yaşıl don geyinir, insanlarımızın üzü gülümsəyir.
Deyirlər ki, may köhnənin tam qurtardığı, təzənin hələ çıxmadığı
aydır, hətta bu ayda toy da etmirlər. Mən isə bu fikirlə razı
deyiləm, hesab edirəm ki, may yağışın, çiskinin qurtardığı, gözəl
havaların başladığı, insanın yeni arzularla yaşadığı bir dövrdür.
Dostum Tofiq Mamedov da öz növbəsində mənimlə razılaşmır, deyir
payız daha gözəldir. Etirazımı görüb əlavə edir ki, sən Bakının
payızına baxma, Moskvanın payızı ayrı cür olur. Orda külək burdakı
kimi yarpaqları saralmamış, qızarmamış qoparıb qabağına qatmır,
şəhərin küçələrində fırlatmır. Moskvada payız rənglərin fəslidir,
yaşıl, sarı, qırmızı rənglərin… Sentyabrın əvvəlləri xüsusilə
gözəldir, ruslar "babye leto" deyirlər…
Mamedov birdən dayanır, nə isə, düşünüb fikrə dalır.
Qeyri-ixtiyari olaraq bir siqaret çıxarıb yandırır. Mən isə onun
maraqlı bir hadisə danışacağını hiss edirəm, səbrlə gözləyirəm…
- Moskva milisində işləyirdim, cavan vaxtlarım idi. Bir dəfə
axşam üstü bizim ərazidəki parkların birində gəzişirdim. Söz
vaxtına çəkər deyirlər, onda da payız idi. Dediyim kimi, Moskvanın
payızı gözəl olur, yaşıl, qızılı-qırmızılı rəngləri seyr etmək
adama ləzzət verir. Sentyabrın əvvəlləri olsa da, yağışlar hələ
başlamamışdı, amma park artıq boşalmışdı. Skamyaların yalnız
bir-ikisində naməlum subyektlər lövbər atmışdı. Sovet dövrü idi,
Moskvada hələ bomjlar yox idi, amma parklarda, bloklarda yatanlara
rast gəlinirdi və milis onlarla "mübarizə" apaprdı. Mən parkda
təzələrdən birini, mənə tanış gəlməyən subyekti seçdim,
yaxınlaşdım. Cavan, xoş sifətli adam idi, əyin-başı pis olmasa da,
yaxşı da deyildi, iqtisadi tənəzzüldən xəbər verirdi. Görünür, hələ
uçurumun başında idi, dibinə düşməmişdi, hələ hər şeyini
itirməmişdi. Salam verdim, rüşvət olmasa da aldı, yanında oturmağa
icazə istədim. Mülki paltarda idim, yəqin ona görə gülümsədi, mırıq
dişləri aralandı, yastı burnu bir az da yastılandı. Söhbətə mən
başladım:
- Mən qəzet müxbiriyəm, parklarda gecələyən insanlar haqqında
yazı yazmaq niyyətindəyəm. Bilmək istəyirəm ki, sizin
eviniz-eşiyiniz, yaxınlarınız yoxdurmu, bu vəziyyətə necə
düşmüsüz?..
Yüksək, amiranə bir səs sözümü yarımçıq kəsdi, həmsöhbətim lap
"rəis kimi" danışırdı:
- Yox, dostum, sən müxbir deyilsən, müxbirlər söhbətə başqa cür
başlayır. Məsələn, deyirlər ki, bir aydır ki, Oryoldan Moskvaya iş
axtarmağa gəlmişəm. Burda qohumlarım da var idi, amma işin
tərsliyindən onlar başqa ünvana köçüblər. İş də tapa bilmirəm,
pulum da qurtarır, odur ki, parklarda gecələyirəm. Bir yandan da
payız gəlir, havalar soyuyur...
Müsahibim bic-bic qımışır:
- Bəsdir, ya yenə deyim? Son vaxtlar mən bütün günü buralarda
oluram, hamıya göz qoyuram. Çətinlik çəkmədən kimin kim olduğunu
deyə bilərəm...
Hücum növbəsi mənə keçir, fürsəti əldən vermirəm:
- Yaxşı, tapın görək mən kiməm, nə istəyirəm?
Həmsöhbətim gözlərini qıyır, təəccüb, hətta deyərdim ki,
heyrətlə mənə baxır. Onu dərhal başa düşürəm, cibimdən çıxardığım
beşliyi ona uzadıram. Pul köhnə gödəkçənin zəncirbəndli ciblərinin
birində yox olur.
- Sən keçmiş idmançıya da, keçmiş tələbəyə də oxşayırsan. Avara,
ya fəhlə üçün yaxşı geyinmisən, idman hazırlığın da o dəqiqə hiss
olunur. Çətin ki, parkda sənə ilişib-eləyən olsun. Yəqin Qafqazdan
bura oxumağa gəlmisən, amma oxun daşa dəyib, indi işləyirsən, həm
də məşqlərə gedirsən?! Şəxsi cəbhədə isə işlərin pis getmir. Axşam
da qızla görüşəcəksən, axşama isə çox var. Odur ki, parkda bir az
vaxt keçirmək, kiminləsə söhbət etmək, yeni bir şey eşitmək
istəyirsən ki, axşam qıza danışasan?! Görüşə isə tələsirsən, axı,
sizin qaralar sarı qızları çox sevir...
Bu dəfə onun sözünü mən kəsdim, hətta yerimdən sıçradım.
- Yox, sən düz demirsən...
Həmsöhbətim maraqla baxır, yenidən əlində peyda olmuş beşliyi
mənə uzadır:
- Bəli, hamı kimi mən də səhv edə bilərəm, amma kimin kim
olduğunu bilmək istəyirəm. Buyur, pulu götür və mənim səhv etdiyimi
sübut elə...
Boynuma alıram ki, həmsöhbətimin hərəkəti mənə ləzzət elədi, o,
deyəsən, maraqlı adam idi. Mənim deməyə sözüm vardı və yenicə tanış
olduğum bu naməlum avaraya qarşı məndə nə isə bir rəğbət yaranırdı.
Bəlkə doğrudan da hər şeyi ona danışım, o da ürəyini açar, kim
olduğu məlum olar…
"Tolik"-, deyib əlimi uzatdım. Mırıq dişlər yenidən göründü,
həmsöhbətim "Anatoli. Biz ki səninlə adaşıq", - dedi. Məni isə
təəccüblərə qərq edən başqa şey idi, onun mənə uzatdığı əl dəmir
kimi möhkəm idi.
- Bir neçə il əvvəl mən Moskvanın Ximki qəsəbəsində (sahə
müvəkkili olduğumu təbii ki, demədim) işləyirdim. Nikolay Qavrilov
adlı qonşum vardı, imkanlı adamdı. O da mənim kimi idmançı idi,
səhərlər qaçrdı. İdman bizi yaxınlaşdırmışdı, on beş il yaş
fərqimizə baxmayaraq, mən onu Kolya, o məni Tolya çağırırdı. Qızı
Marina onda Universitetdə oxuyurdu, mənim gözüm onu tutmuşdu…
Burda Tofiq həmsöhbətinə böyük bir sirr açır, boynuna alır ki,
qıza ürəyini açmaqda çətinlik çəkir, günü günə satır. Ximkidə
işləyəndə qızın Universiteti qurtaracağı günü gözləyirmiş. Amma bu
arada Tofiqi Ximkidən Moskvanın özünə "perevod" edirlər, Marina da
Universiteti qurtarıb Ximkiyə qayıdır. Beləliklə, qızla görüşmək,
məsələni açmaq imkanları bir az da azalır. Doğrudur, Tofiq onlara
tez-tez zəng edir, bazara-bayrama salıb evlərinə qonaq da gedir,
amma bu barədə bir kəlmə də deyə bilmir...
- Yaxşı sən nəyi gözləyirsən? - deyə Anatoli soruşur və məni
göylərdən yerə endirir.
Mən ona izah etməyə çalışdım ki, evim yoxdur, yataqxanada
qalıram. Qızın atası isə, Moskvada "Jiquli profilaktoriyası"
işlədir, belələri pula pul demir...
Anatoli yenidən hücuma keçir:
- Yaxşı, sən bütün qadınlarla beləsən, ya yalnız bu qızla
danışmaqda çətinlik çəkirsən? Məsələn, qadına söz demək, qızla
tanış olmaq, evə aparmaq və sair və ilaxır...
Boynuma alıram ki, başqa qadınlarla məndə "problem"
yoxdur...
- Bəlkə yüz vurasan, cəsarətə gələsən, sonra sözünü
deyəsən...
- "Prob" eləmişəm, bir şey çıxmır. Əksinə, onda "voobşe" danışa
bilmirəm.
- Mən belə də düşünürdüm, - Anatoli kədərlə dedi. - Sənin işin
düzələn deyil. Lap mənim kimi...
Biruzə verməsəm də, küçədən keçən bir avaranın özünü mənə
oxşatması yaman yer elədi. Mən istəyirdim onun kriminal element
olub-olmadığını müəyyən edim, o isə mənə dərs demək istəyir. Nə
döyüləsi tipdir...
Həmsöhbətim gərginliyi barometr kimi hiss edir:
- Bir mənim əzələmə bax,- deyib qolunu dirsəkdən sıxır.
İdman zallarında belələrinə çox rast gəlmişəm, hesab edirəm ki,
bu, peşəkarlığın yox, həvəskarlığın göstəricisidir. Amma
qeyri-ixtiyari olaraq, onun dediyinə əməl edirəm və heyrətlənirəm.
Əzələsi də əli kimidir, dəmir tək möhkəmdir. Yastı burnu isə
yenidən diqqətimi cəlb edir.
- Bir neçə il bundan əvvəl, sən Ximkidə işlədiyin dövrdə, mən
Moskvada "lyuboy" oğlanı, daha doğrusu, həvəskar boksçunu uzağı
üçüncü raunda yatırda bilərdim. İndi isə... Yenə deyirəm, sənin
problemin mənimkinin eynidir, mandraj məsələsidir. Mən Moskvada
anadan olmuşam, dalaşmağa da 10 yaşımda şəhərin küçələrində
başlamışam. 15 yaşında həvəskar boksda ad qoymuşam. 18 yaşımda
əsgər gedəndə isə, Moskva küçələrində mənim qabağıma çıxan bir
oğlan yox idi. Mandrajın nə olduğunu da birinci dəfə əsgərlikdə
hiss etdim. Mənim yaxşı boksçu olduğumu görüb hərbi hissələr arası
çempionata apardılar. Rinqə girən kimi elə bil əlim-ayağım tutuldu,
məndən qat-qat zəif rəqibim məni1-ci raundaca nakauta saldı. Mən də
səhəri gün əvəzini çıxdım. Xoşuma gəlməyəni, gözümə pis dəyəni
küçədə, tualetdə tutdum, onlarla nəinki divarları, hətta döşəmələri
də sildim...
Əsgərlikdən gəldikdən sonra da yalnız küçə döyüşlərində iştirak
edirdim, amma həmişə qalib gəlirdim. Mənimlə üç, uzağı beş raund
davam gətirənləri barmaqla saymaq olardı. Mən küçədə şirə-pələngə
dönürdüm, amma rinqə girəndə qoyun kimi gözümü döyürdüm. Söhbət
təbii ki, yerdən, rinqdən getmir, mandrajdan gedir, mən sadəcə
olaraq, peşəkarlardan qorxurdum...
Amma əvəzini hamıdan çıxırdım. Şəhərin küçələrini gəzirdim,
qabağıma çıxanları, bir, iki, üç-beş, hamısını əzişdirirdim. Yox,
əzizim mən təbiətcə rasist deyiləm, "Qafqaz milləti"ndən olanlara,
həttə "uzkaqlaz"lara qarşı dözümlüyəm. Düşünürəm ki, hamımız sovet
adamıyıq, bir ölkənin vətəndaşıyıq. Amma Avropadan gələnləri,
əyinlərinə "cırıq cins" geyib bizi bəyənməyələri, özünü "pijon"
hesab edənləri sevmirəm. Bir dəfə də metrodan çıxmışdım, yolun
qırağı ilə "Dinamo"ya tərəf gedirdim. Qarşıma həmin "cırıq
cinsli"lərdən beş-altısı birdən çıxdı. Dalaşmaq fikrim yox idi,
bərk tələsirdim. Odur ki, birini çiynimlə vurub keçdim. Amma hərif
dayandı və nə isə dedi. İngiliscə pis bilsəm də, dediyini anladım,
deyəsən, üzr istəməyimi tələb edirdi. Mən də geri döndüm,
yumruqlarımı düyünləyib "üzr istədim". Hərif qırğı kimi cəld idi,
zərbəyə gəlmirdi. Yanındakılar da müdaxilə etmirdi, sadəcə olaraq,
dövrə vurmuşdular və maraqla bizə baxırdılar. Mən on ildən çox idi
ki, Moskvanın küçələrində adam döyürdüm, amma beləsini görməmişdim,
külək kimi sürətli idi, maşın kimi yorulmaq bilmirdi. Amma buna
baxmayaraq, 7-8 dəqiqəyə mən onun dizini yerə gətirdim. İki dəfə
ayağa qalxmaq istədi, imkan vermədim.
Yanındakılar onu qırağa çəkdilər, mineral su alıb üzünə
səpdilər. Hərif özünə gəlmək istəmirdi, elə bil, bir sutka idi
keçinmişdi. Bu zaman "cırıq cinsli" dəstədən biri ayrıldı, mənə
yaxınlaşdı. Rusca yaxşı bilirdi, hərif deyəsən tərcüməçi idi. Adam
kimi salam verdi, soruşdu, oğlan, sən kimsən, adın, familiyan
nədir? Dedim sənə nə var, yaxşı olar ki, dostunu yığışdırasan,
yoxsa onu Moskvaya gəlməyinə peşiman edərəm. Dedi, onsuz da
etmisən, bilirsən bu, kimdir? Dedim, heç bilmək də istəmirəm, özünü
yaxşı aparsın, döyülməsin. Dedi bu, Ceki Consdur, boks üzrə orta
çəkidə dünya çempionudur. Sidneydə keçirilən dünya çempionatında
qalib gəldikdən sonra dünya turnesinə çıxıb, yolüstü Moskvaya
gəlib...
Mən onu zorla eşidirdim, Sidneyin də nə olduğunu bilmirdim, amma
təəssüf ki, Ceki Consun kim olduğunu bilirdim. Həmin dövrdə onu
tanımayan yox idi, radiolar ondan danışır, qəzetlər ondan yazırdı.
O, az qala Məhəmməd Əli qədər məşhur idi...
Bir də ayıldım ki, "cırıq cinsli"lər mineral suyun qalanını
mənim üzümə səpirlər. Mənim rəqibim də artıq ayaq üstə idi, amma
hələ "yellənir"di. Odur, budur, mən rinqə çıxa bilmədim.
Yavaş-yavaş içkiyə qurşandım. Anam öldü, mənzili də satdım. Bir il,
beş il, bu da axırı... Mandraj məni məhv etdi. Sənə də xəbərdarlıq
edirəm, adaş, sən mandrajı məhv etməsən, o, səni məhv edəcək...
Mən beşliyi Anatoliyə uzatdım, kişi pulu, doğrudan da,
qazanmışdı. Sonra isə qaça-qaça parkdan çıxdım, yaxınlıqdakı
telefon köşklərindən birinə yaxınlaşdım. Moskvadan Ximkiyə 2
qəpiklə zənq etmək olurdu, amma mənim 2 qəpikliyim yoxdu. 10
qəpiklə zəng etdim, işin tərsliyindən telefona Marina özü cavab
verdi. Mənim zəngimə şad olduğunu bildirdi. Mən onun kefini xəbər
aldım, atasının evdə olub-olmadığı ilə maraqlandım. Dedi hələ
işdədir, nə məsələdir? Dedim bu bazar Ximkiyə gəlmək istəyirəm.
Dedi gəl, bu bazar qardaşımın ad günüdür, atam da evdə olacaq.
Sonra isə əlavə etdi ki, mən də gözləyəcəyəm... Mən isə yenə heç nə
deyə bilmədim...
Burda dostumun məhəbbət hekayəsi bitir… Amma mən əlavə edim ki,
o, 30 yaşından sonra, anası Zərifə xanımın qohumu ilə evlənib. Bir
oğlu, iki qızı var…