11:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.
Axar.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirib, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğulayıb. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxunub. Dövlət başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirib. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini deyib.
Prezident İlham Əliyev Fələstinin ölkəmizdəki səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxunub.
Dövlət başçısı Azərbaycanın daim İslam həmrəyliyinin gücləndirilməsinə çalışdığını dedi və bunun İslam Əməkdaşlıq Təşkilatı, onun rəhbər orqanları tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğuladı. Bu təşkilatın Zirvə görüşünün gələn il Azərbaycanda təşkil ediləcəyini bildirən dövlətimizin başçısı belə mötəbər tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsini bütün müsəlman aləmində bizə olan xoş münasibət kimi qiymətləndirdi və Fələstinin də bu toplantıda yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib.
Əhməd Metani Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib.
Dövlət başçısı Fələstin Prezidentinin ölkəmizə rəsmi səfərini, həmçinin onunla beynəlxalq tədbirlər zamanı görüşlərini məmnunluqla xatırladıb.
Səfir dövlətimizin başçısının 15 İyun - Milli Qurtuluş Günündə onu qəbul etməsindən böyük şərəf hissi keçirdiyini bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkəmizin çətin vəziyyətdən çıxdığını vurğulayıb. “Biz Azərbaycan üçün hər zaman tərəqqi, həmçinin daha yüksək nailiyyətlər və əmin-amanlıq arzu edirik”, - deyən səfir Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və rəhbərliyi nəticəsində ölkəmizin regionda və dünya səviyyəsində çox mühüm bir dövlətə çevrildiyini qeyd edib.
Söhbət zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstəkdən məmnunluq ifadə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin uğurlu inkişafına toxunaraq, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğulayıb, mütəmadi əsasda siyasi məsləhətləşmələrin və dialoqun aparıldığını qeyd edib. Prezident İlham Əliyev siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu deyib, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.
Kımqu Kanq Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, 15 İyun - Milli Qurtuluş Günündə Prezident İlham Əliyev tərəfindən qəbul edilməsinin onun üçün böyük şərəf olduğunu dedi. Səfir Koreya Respublikasının ozamankı Prezidenti Ro Mu Hyunun ölkəmizə rəsmi səfərini, həmçinin Prezident İlham Əliyevin Koreya Respublikasına dövlət səfərini xatırladı və bu səfərlərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil, o cümlədən peşə təhsili, tibb və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.
Səfir Ələt Azad İqtisadi Zonasının Koreya Respublikasının biznes dairələri üçün maraqlı olduğunu dedi.
Söhbət zamanı Azərbaycanın siyasəti nəticəsində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edildiyi diqqətə çatdırıldı, bu xüsusda Koreya yarımadasında da davamlı sülhün təmin olunacağına ümidvarlıq ifadə edildi.