"Cəbhə xətti" layihəsinin budəfəki qonağı İsmayılov
Qələndər İdris oğludur.
1963-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.
Burada boya-başa çatıb. 1981-ci ildə Sovet ordusunda həqiqi hərbi
xidmət keçib, 1983-cü ildə vətənə qayıdaraq müxtəlif yerlərdə
işləyib. 1988-ci ildə ermənilər Qarabağın sərhədyanı kəndlərində
təxribatlar törədərkən onlara qarşı əliyalın mübarizə aparıb.
1991-ci ilin sonlarında mərhum Milli Qəhrəman Şirin Mirzəyevin
"könüllülər batalyonu"na qoşulub və burada tabor komandiri
vəzifəsini icra edib. Ailəlidir, 3 övladı var, kirayə kafe işlədir.
Dövlət tərəfindən əlil maşınıyla təmin edilib, Prezident
təqaüdçüsüdür.
Əliyalın döyüşdə 3 kəndi aldıq, ancaq...
- Qələndər bəy, istərdik ilk dəfə döyüşə atıldığınız
günlərdən danışasınız.
- Əvvəlcə, sizə müsahibə üçün təşəkkür edirəm. Mən Axar.az-ı
böyük zövqlə oxuyuram. Bu sayt biz Qarabağ qazilərinə doğmadır. Mən
ilk dəfə Şirin Mirzəyev kimi bir sərkərdənin batalyonunda
döyüşmüşəm. İlk döyüşüm Naxçivanik, Pircamal istiqamətində olub, 50
nəfərə 10 avtomatla girmişdik döyüşə. Bircə Elbrus Orucovun iki
tankı, bir BMP-si bizə kömək edirdi. İki avtomatımız "uçebni" idi.
Düşündük ki, əgər erməni öldürsək, onun silahıyla döyüşərik. O
qədər yüksək əhvali-ruhiyyəmiz vardı ki, elə bil, dovşan tutmağa
gedirdik. Demək olar ki, əliyalın döyüşə girirdik. Uğurlu əməliyyat
olsa da – 3 kənd alsaq da, sona qədər kömək gəlmədi deyə, oranı
boşaltdıq. Bir maşınımız minaya düşdü, daha sonra bir tankımız və
BMP-miz vuruldu, canlı itkimiz olmadı.
- Ən çox itkini hansı döyüşdə verdiniz?
- Əsas itki verdiyimiz döyüş Ağdərə rayonunun Canyataq, Gülyataq
kəndləri istiqamətində olmuşdu. Meşədə iki dəfə döyüş oldu. O
kəndlərə hücum edib ala bilməmişdik, amma 3-cü dəfə aldıq. Bu
döyüşlərdə güllələr yağış kimi yağırdı, ağacların budaqlarının
ovuntusu toz kimi başımıza ələnirdi. İlk əsgərimi də bu döyüşlərdə
itirdim. Döyüşə gedirdik, minaatanın mərmisi düz onun üstünə düşdü.
Qucağımda can verəndə son sözünü dedi: "Komandir, mən hələ ölmək
istəmirəm! Hələ qalıb döyüşmək istəyirəm". Bunu heç vaxt unuda
bilmirəm! Tərslikdən hava dumalı idi, hücuma keçdik. İki qrupa
ayrıldıq: biz dağın döşüylə getdik, o biri qrup isə aşağı yolla
irəlilədi. Bir kənd aldıqdan sonra dəhşətli dumana düşdük.
Ayağımızın altını da görmürdük. Gənc əsgərlərim qorxurdu, onlara
ürək-dirək verirdim ki, qorxmayın, biz də silahlıyıq, heç kim bizi
tuta bilməz. İrəlilədikcə gördük ki, hələ közü soyumamış ocaqlar
var. Erməni yavaş-yavaş geri çəkilirdi, amma hava dumanlı
olduğundan bilmirdik ki, hara gedirik. Anidən tank səsləri gəldi.
Heç cürə anlaya bilmirdik ki, gələn ermənidir, ya bizimkilər? Zalım
uşaqları bir kəlmə də danışmırdılar. Dəstəmlə yolun kənarında
gizləndik ki, kimsə bir kəlmə danışsın, bilək bunlar kimdir. Anidən
onlardan biri "avtomat, avtomat" - dedi. Yenə anlamadıq: erməni də
avtomat deyir, biz də avtomat deyirik. Yenidən bir əsgər qışqırdı
ki, 7,62-dir. Sən demə, erməni qaçanda yolda düşüb qalan silahmış.
Beləliklə, çıxdım ortaya, "kimsiniz?" - dedim. Onlar da bizim kimi
donub qalmışdılar. Can şirindir axı, hamı qorxur. Bunlar bizim
qrupun bir hissəsiymiş, erməninin basdırdığı minaları
təmizləyə-təmizləyə gəlirmişlər. Həmin gün biz birləşib yenidən
hücuma keçdik, hər iki tərəfin tankları vardı. Döyüş meşədə
olduğundan hər iki tərəfin tankları, DŞK-ları atırdı. Yaşıllıq
olduğu üçün bir-birimizi görə bilmirdik, amma erməni postunu
görürdük.
Sürət Hüseynovun dəstəsi döyüşdən qaçdı
- Döyüş zamanı sizi güldürən məqamlar
olubmu?
- Hə, elə həmin döyüşdə gülməli bir hadisə baş verdi. Ən yaxın
əsgərim anidən məni çağırdı ki, komandir, erməni görürəm, atım? Mən
də gülərək dedim ki, at da, nə gözləyirsən axı? Elə bil, ermənini
vurmaq üçün tətiyi mən sıxmalıyam, zalım uşağı, onsuz da, atışma
gedir, biz gördüyümüz düşməni vurmalıyıq da. Həmin gün 90 yaralımız
olmuşdu! Yaralımız çoxdur deyə, əsgərlər qorxmuşdular. Baxmayaraq
ki, ermənini qovduq, oraları aldıq. Canlı texnikamız onların
basdırdığı minalara düşürdü. Nəhayət, aldığımız yerlərdə
postlarımızı qurduq. 3 gün sonra bizə əmr gəldi ki, buranı
boşaldın, guya Sürət Hüseynovun dəstəsi bura nəzarət edəcək. Elə də
oldu, biz oranı tərk edib onlara təhvil verdik. Heç üstündən 1
həftə keçməmişdi ermənilər bütün aldığımız kəndləri geri qaytardı.
Sürətin dəstəsi oranı qoyub qaçdı.
- Başqa hansı döyüş xatirəniz var?
- Deməli, bir gündə Fərrux dağına çıxırdıq, həddindən artıq
yüksəklikdir deyə, gündüz ora çıxmaq çətin idi. Səhərə yaxın dağın
başına çatdıq. Orada erməni postu vardı. Səhər saat 8 olardı.
Baxdım ki, erməninin biri postda əllərini açıb gərnəşir, tez dedim,
qumbaraatanı verin mənə. Düşündüm ki, bunlar postda 5-6
nəfərdirlər, postu vurum ki, hamısı məhv olsun. Postu yox, düz bu
ermənini ortasından vurdum, tikə-tikə oldu. Sən demə, onlar da bizi
görürmüşlər, tez oradan çəkildik. Bizim çəkildiyimiz yeri necə
vurdularsa, darmadağın oldu oralar. Əgər orda qalsaydıq, hamımız
məhv olacaqdıq. Bir dəfə də Maykl ləqəbli köməkçim dedi ki, qabaqda
bir erməni əsgəri var, yaralıdır, izn ver, gedim onu gətirim.
Əslində, o erməni yaralı deyildi, bizimkilərdən çıxanı vururdu. Mən
buna başa sala bilmədim ki, ay qardaş, yaralı deyil, salamatdır,
kim çıxırsa, onu da vurur. Faktiki iki əsgərimizi vurmuşdu. Yarası
elə dərin idi ki, böyük binti belə salırdın yaraya, amma qan
kəsmirdi. Nəsə, bu Maykl mənim gözümü oğurlayıb yaralı ermənini
gətirməyə gedib. Özü ilə apardığı əsgər gəlib "Mayklı vurdular", -
dedi. Tez qaçıb gördüm ki, erməni BMP-si onu necə vurubsa, başının
yarısı yoxdur. Özümdən asılı olmayaraq, atıldım bunun üstünə və ani
başımı qaldırdım ki, erməni BMP-si məni də nişan alıb. Tez onu
sürüyüb çıxardım. Gətirib meyitini ailəsinə yolladım. Bilirsiniz,
bunlar çox dəhşətli səhnələr idi...
Bizimlə döyüşən qadınlar artıq
kişiləşmişdilər
- Siz komandir idiniz, döyüşçülərinizə, əsas da xanım
döyüşçülərinizə necə davranırdınız?
- Açığı, əsgərlərimi çox sevmişəm, amma tumar çəkməmişəm,
əksinə, kişi döyüşçülərimi döymüşəm. Özlərinə də demişəm ki, sizi
cəzalandırıram ki, buradan ananıza meyitinizi yox, salamat
bədəninizi göndərim. Biz ora ölməyə yox, öldürməyə, torpağımızı
azad etməyə getmişdik. Bəli, xanım döyüşçülərimiz çox olub.
Məsələn, Solmaz, Şəlalə, Sevil və adını unutduğum bir çoxları...
Biz onlarla bacı-qardaş kimi olmuşuq. Onsuz da, onların bütün
duyğuları kişiləşmişdi. Əsgərimə demişdim ki, sizə gələn güllə öncə
mənə dəyməlidir, öncə minaya mən düşməliyəm, siz yox. Qabaqda özüm
olmuşam həmişə, ona görə də indi hansı əsgərim məni görürsə,
boynuma sarılır.
- Bəs necə yaralandınız?
- Deməli, əməliyyatlardan əvvəl gedirdik kəşfiyyata – sirləri
öyrənirdik. Bir dəfə gedəndə erməni tankının səsini eşitdik, amma
atışma yox idi. Üç dəfə getdiyim yolda mina olduğu halda
düşməmişdim, gördüyüm minaları təmizləmişdim. Sonuncu dəfə gedəndə
atışma düşdü, sonrasını xatırlamıram. Güllə sağ yanağımdan girib
soldan çıxmışdı. İkinci güllə qoltuğumdan girib mədə-bağırsağımı,
yəni içalatımı sıyırıb ciyərimdə dayanmışdı və hələ də ciyərimdə
erməni qəlpəsi daşıyıram. Vurulanda ani olaraq düşündüm ki, artıq
ölürəm. Ölümü gözləyə-gözləyə özümdən getdim. Bir il ağzım
açılmadı. Sağalıb qayıtdıqdan sonra uğurlu əməliyyatlarımız olub.
Elə olub ki, döyüşdə ermənini geri oturdub, canlı texnikasını
gətirmişik. Hətta erməni vertolyotunu da vurub çaya salmışıq.
Hücumların birində xəbər gəldi ki, geri dönün, mühasirədəsiniz. Bu
məqamda hamı vahiməyə düşdü. Şirin Mirzəyevə qulaq asmayanlar
minaya düşdülər. Çünki o, xəritəylə hansı yolların təhlükəsiz
olduğunu bilirdi. Biz də bu anda əsgər dolu erməni "Kamaz"ını
vurduq.
Müharibə ani qərar verməyi tələb edir
- Qələndər bəy, xatirələri danışdınız, dinlədik, bəs
sizcə, bu döyüşlərin filmlərdəki döyüşlərlə fərqi nədədir? Məsələn,
siz rejissor olsanız, bu döyüşləri necə çəkərdiniz? Bir də bizim
əsgərlə erməni əsgərinin fərqi nədədir?
- Bizim əsgərlə erməni əsgərinin müqayisə etməyə dəyməz. Çünki
onlar qorxaqdır. Bizim əsgər əliyalın olsa da, qorxmur. Həmin
müharibə ilə bizdə çəkilən filmlər arasında qəti oxşarlıq yoxdur,
onlar nağıl çəkirlər, reallıqdan uzaqdır. Mən film çəksəm, olduğu
kimi çəkərəm. Müharibə ani, ağıllı qərarlar verməyi tələb edir,
vəssalam!
- Tutduğunuz əsirlərlə necə davranırdınız?
- Əsirlərlə davranmağın qaydaları var. Onlar vəhşidirsə, biz də
vəhşi olmamalıyıq. Yenə deyim ki, döyüşdə başımız elə xarab olur
ki, gözümüz heç nə görmürdü, insan döyüşdə vəhşiləşir. Baş kəsmək,
sanki, toyuq başı kəsmək kimidir. Çünki bir saat əvvəl yemək
yediyin dostunun meyitini görəndə artıq sənə heç nə fərq etmir.
İndi ermənilərə heç nəyi keçmərəm.
- Bəs nə vaxt tərxis olmusunuz və son olaraq bugünkü
gənclərə sözünüz nədir?
- 1997-ci ildə tərxis olundum. Son olaraq da gənclərimizə
deyirəm ki, qorxmasınlar, vətən üçün döyüşmək hər birimizin
borcudur. Camaat özünə ev-eşik quranda mən heç nəyə baxmayaraq,
vətənə təmənnasız qulluq etmişəm. Geri dönüb çətin günlər keçirsəm
də, ailəmlə əl-ələ verib ev-eşiyimi qurmuşam. Vətən üçün döyüşən
evsiz qalmaz, Allah buna izn verməz!