(Una və Selinceri oxuyandan
sonra ağlıma gələnlər)
Beqbederin Una və Selinceri
Kitabı oxuyandan sonra dərhal yazı yazmaq istədim.
Doğrusu, yazının bu qədər uzun vaxt aparacağını, bu qədər araşdırma
tələb edəcəyini heç ağlıma gətirmədim.
"Una və Selincer"in nəşrindən öncə yaxşı ki, Selincerin "9
hekayə" kitabını nəşr etmişdim, İstanbula uçanda təyyarədə oxudum
və mənzil başında növbəmi qızıma verdim. Selincerin "Banan
balığının ən asan ovlanan günü" adlı hekayəsini xeyli əvvəl
oxumuşam, amma təsiri keçib getmişdi, bu dəfə oxuyanda elə bil
kimsə başımı tutub bərk-bərk divara çırpdı. Başımdakı zoqqultunu
uzun müddət dinləməli oldum. Bu hekayə həcmcə kiçik olsa da,
"Balaca şahzadə", "Balaca qara balıq", "Adamlar və siçanlar"la
yarışa girəcək bir əsər idi. Bu kitabdan sonra Fitsceraldı oxumağa
başladım. "Möhtəşəm Getsbi"ni demirəm, onu əvvəllər oxumuşam, digər
əsərlərini isə bundan sonra oxuyacam.
Biz heç vaxt gərəkli kitablar oxumamış, təsirli musiqilər
dinləməmişik, tamaşa, teatr, kino nə olduğunu hələ də bilmirik. Biz
hələ də kimi və nə üçün oxuyuruq suallarına cavab tapmaqda
acizik.
İkinci Dünya müharibəsində Fransa döyüşmədən nasistlərə təslim
oldu. Sonra Amerika və Britaniya birlikdə Nasistləri Fransadan
qovdular. O zamana qədər dünya böyük yazarlarin ilham mənbəyi olan
fransız ədəbiyyatını oxuyurdu. Amma indi fransız ədəbiyyatının
əvvəlki nüfuzu yoxdur. Daha Amerika Fransanı əvvəlki kimi oxumur,
artıq Britaniya özünü və Amerikanı oxuyur.
Müharibədə qalib, yaxud məğlub olmaq ədəbiyyata tam fərqli
formada təsir edir. Bəzən müharibədə uduzanlar ədəbiyyatda qalib
olurlar. Əslində, bunlar hamısı bitməyən söhbətlərə aiddir...
***
Beqbederin yeni əsərini təqdim edəndə onun agenti Halina axmaq
istehzamı dərhal duyub, "bu çox yaxşı əsərdi" dedi. "Məhəbbət 3 il
yaşayır" kimi bayağı bir əsərin müəllifi necə Selincerə müraciət
edə bilər?" sualımı o sanki baxışlarımdan oxumuşdu.
Beqbederin "Una və Selincer" kitabı müəllifin Selincerlə görüş
cəhdi ilə başlayır, o bilir ki, dağlarda kahin həyatı sürən,
dünyaca məşhur yazar heç kəslə görüşmür, amma təsadüflərə çox
inanan müəllif bunun əksinə də ümid edir. "Selincer qapını üzümüzə
açsa da, çırpsa da hadisə olacaq"sözləriylə yol yoldaşlarına
ürək-dirək verir. Beqbederin səfəri uğursuz olur. Selincerlə görüşə
bilmir.
Laura
üçün oxunan nağıl
Onlar ilk dəfə görüşəndə Una 15, Selincer 20 yaşındaydı (1940).
Yaşından tez böyümüşdü Una, artıq dəb diktə edən qızlar
sırasındaydı. Onlara dövrün post-flipperləri deyidilər. Şəkilləri
"Harpers Bazaar", "Vogue" jurnallarını bəzəyirdi.
Belə qızlar görünüşcə cazibəli, ağıllarına görə isə təhlükəli
olurlar. İstədikləri adamı çox tez tələyə salmağı bacarırlar.
Selincer tacir oğluydu, yazar olmaq arzusundaydı, öz ağlına
güvənir, qızların cəzbindən çəkinmirdi. Unanı gördüyü ilk gün,
kəsdiyi ilk kəlmədə muzasını tanıdı. Una O’Nil Yucin O'Nilin
birinci arvadından olan qızıdır. Yucin bu adı qızına soyadı ilə
ahəngdar olduğuna görə seçsə də, əslində irlandcada "yeganə"
mənasını verir. İki yaşı olanda atası onları tərk edib və bütün
həyatları boyu cəmi üç dəfə görüşüblər. Son dəfə 14 yaşında
atasının villasına nahar yeməyinə dəvət alır və orada qusur.
Unanı hər yerdə atasının məşhur soyadına görə tanıyırdılar,
Yucin O'Nil ədəbiyyat üzrə Nobel mükafatı almışdı (1936) və
Amerikanın ən böyük imzası sayılırdı. O hər kəslə ünsiyyətdən
qaçan, qaradinməz və zəhmli idi, fabrik kimi dayanmadan
işləyirdi.
Selincer Unanın nəyinə – soyadına, gözəlliyinə, yaxud ağlına –
vurulduğunu özü də bilmirdi. Hər halda, Unanın görüşünə ikinci dəfə
gedəndə Yucin O'Nil bütün dramlarını oxumuşdu. Əvəzində Una ona
baxıb, "mən Yucin O'Nilin heç nəyini oxumamışam, onunla heç
görüşmürük də!" cavabını vermişdi. Una Fitsceraldı oxuyurdu.
"Möhtəşəm Getsbi"dən sonra dərin böhran keçirən Fitsceraldı,
Selincerin bənzəmək istədiyi qəhrəmanı seçmişdi. Selincer bu
rəğbətini gizlin xəzinə kimi qorusa da, onun açarlarını Unaya
dərhal təslim elədi.
Selincer başa düşdü ki, o artıq böyük bir sevginin əsiridir.
Yazıçıya lazım olan ilk qidanı tapmışdı. O, sadiq it kimi daim
Unanı təqib edir, avara dostlarına qısqanır, bütün vaxtını və
diqqətini ona sərf edirdi. Una isə dostlarının çevrəsindən qopa
bilmirdi, çünki Selincerdə olan cazibə onu dostlarından ayıracaq
həddə deyildi. Selincer qlamur dostlardan bezir, bu dəstədən bir
dəfəlik üz döndərir. Lakin Unanı unuda bilmir, əksinə sevgi onu
sadiq itdən itaətkar qula çevirir. Unaya məktublar yazır – sevgi
etirafı, məzəmmət, ittiham, peşmançılıq. Una bunlara nadir halda
cavab verir.
İngilis-Amerikan ordusu Fransanı Almanlardan azad etmək üçün
müharibəyə başlayır. Selincer Unaya yazır:
"Sənə olan sevgim məni müharibəyə aparır".
Onu müharibəyə bir faşist əsgəri öldürmək ehtirası yox, Unaya
olan sevgisi, Heminqueyə qibtəsi və yazmaq eşqi aparmışdı, amma
əvəzində saman çöpü kimi qırılan insan selinin şahidi oldu.
Heminqueydən fərqli olaraq müharibədən heç zaman yazmadı. Sonradan
Heminquey ondan "müharibədən niyə yazmırsan" soruşanda onu sənin
kimi bacarmaram, deyə etiraf edir.
1944-cü il 25 avqustda Normandiyaya çıxarılan 12-ci alayın (3080
nəfər) sağ qalan üçdə bir hissəsi İtaliya qapısından Parisə girdi.
25 yaşlı Selincer elə növbəti gün Ritz otelində yaşayan Heminqueyin
görüşünə gedir.
- Heç olmasa burda nə axtardığını bilirsən?
- Xeyr! Amma nəyi itirdiyimi bilirəm.
Rizt otelində iki mükəmməl insan şərab içib ağıllarına gələni
danışırlar, amma bu iki cümlə bütün müharibələrə verilən ən böyük
qiymətdir. Müharibələrdə insanlıq üçün qazanc yoxdur, yalnız və
yalnız itki var.
1944-cü il noyabrın 6-da Amerikan ordusu Hürtgen meşəsinə daxil
oldu, 1945-ci il yanvarında ordan çıxdı. 120 min Amerika əsgərindən
33 mini bu meşədə qırıldı. Sağ qalanların arasında əks kəşfiyyatçı
Selincer də var idi. Savaşın sonuna qədər 5 metrdən uzaq silah
tuşlamağı bacarmayan Selincerin bəxti burada da gətirdi.
Normandiyada, Şerburqda, ardınca Paris və Almaniyada olduğu kimi.
Artıq ona ölüm yox idi. "Məni silahım yox, sənə yazdığım məktublar,
sənə olan sevgim qoruyur", – Selincer Unaya yazırdı.
Beqbeder
nədən Selincerə müraciət etdi?
Daim kübar ailələrin, şou aləminin tusovkasında gurultulu bir
həyat keçirən adam nədən 65-ci ildən 2001-ci ilə qədər tənhalığın,
kahinliyinin qapısını cəmiyyətə tam bağlayan bir yazara üz tutdu?
Selincerdə onu cəlb edən, onu səsləyən nə oldu? Amerikada 60 il
ard-arda hər il bir milyon kitab satan "Çovdarlıqda uçurumdan
qoruyan" yeganə romanımı? Ya Fitsceralda, Heminqueyə olan rəğbəti,
bəlkə Selincerin könüllü olaraq Fransa uğrunda döyüşə
qatılması?
Bəlkə, sadəcə Beigbedrin eqosu, çünki bilirdi ki, Selincerlə
görüşmək onu dünyəvi maraq yaradan bir xəbər mənbəyinə çevirəcək.
"Beqbeder Selincerlə görüşdü", - yalnız bu cümlə onu düşük şou
çirkabından əbədi ədəbiyyat müstəvisinə çıxaracaq. Artıq Beqbeder
qlamur jurnalların təqdimatlarında, moda sərgilərində, gözəl
qızların əyləncəli tədbirlərində deyil, dünyanın ən məşhur zahidi
ilə eyni sırada duracaq. Düşünün, bütün xəbər lentlərində Beqbeder
və Selincer olan bir foto keçəcək. İnternet axtarışlarında Selincer
yazılanda dərhal Beqbeder görünəcək.
Əgər o görüş alınsaydı, əgər birlikdə foto imkanı olsaydı, o
necə olardı görən? Təsəvvür edin, ağac qabığı kimi sərt dərili
müdrik qoca və çopur sifətini qısa saqqalı örtmüş uzun saçlı
Beqbeder. Birinin gözləri dərin çökəklərdən səmaya baxan iki göz
bulaq, digərinin isə alma dərən baxışları. Beqbeder xoşbəxtdir,
dünyanın axtardığı, heç kimə nəsib olmayan bir görüşü baş tutub,
digəri isə üzücü görüşdən can qurtarıb taxta qabda yeyəcəyi şorba
barədə düşünür. Onların necə görünməsini təqribən təsəvvür etmək
olur, amma onların nədən danışığını heç cür təsəvvür edə
bilmirəm...
Selincer Yucin O’Nillə görüşəndə Beqbeder yaşındaydı, 1953-cü
il. Şöhrət mehi təzəcə Selincerə tərəf əsməyə başlamışdı. Yucin
Selinceri axtarır, romanını oxuyandan sonra redaksiyaya məktub
yazıb görüşə dəvət edir. O məmnuniyyətlə qəbul edir, amma görüş
haqqında bir daha heç kimlə danışmır.
Yucin O’Nil Şeraton otelində yaşayır. Dünya şöhrətli dramaturqun
ağzının tüpürcəyi dayanmaq bilmir, ondan gələn qoxu Selincerin
burnunu dalayır. Şöhrətin ləzzəti, dadı çox olur, amma şöhrət heç
bir pis qoxunu gizlədə bilmir. Yucin qızından danışır, Selincer
İsveç nömrəsini vermək istəyir, o götürmür "Cerom, bəzi xətalar var
ki, heç vaxt düzəlmir, biz barışmayacağıq... Mən Una üçün kiməm
axı, bu gün, sabah öləcək alçağın biri", - deyə özünü qınayır.
"Sənin əsərini oxudum, - söhbətinə davam edir, - gedin Nyu Yorkdan!
Kübar cəmiyyətin fitnə-fasadından özünüzü qorumaq üçün gedin".
1953-cü il, noyabrın 27-də Yucin O’Nil mehmanxananın 401-ci
otağında ölür. Ölümündən öncə dediyi vida sözü bu olur – "Otel
nömrəsində dünyaya gəldim, lənət şeytana, otel nömrəsində ölürəm".
Yucin O’Nil 1912-ci il, 24 yaşında intihara cəhd edir, alınmır.
1923-cü ildə qardaşı Ceyms intihar edir. Gənc yaşında Selincer də
intihara cəhd etmişdi. Yucin dünyaya gələndə ağrıları azalsın deyə,
həkimlər anasına narkotik maddə vurular. Bundan sonra anasının
sağalmaz narkoman olmasını Yucin özünə heç cür bağışlamır.
Bu görüşdən sonra Selincer Korniş meşəsinə köçür.
Beqbederin isə varlığı-yoxluğu Selincerə maraqlı deyil, o bu
dəvəti min il keçsə belə ağlına gətirə bilməz. Selincerlə uğursuz
görüş cəhdi Beqbederə "Una və Selincer"i yazmağa vadar etdi. Bu
kitabda Selinceri axtarır, amma onu tapmır, kitab bitir amma hiss
edirsən ki, Beqbeder hələ də onu axtarmaqda davam edir. O,
Selinceri bir varlıq olaraq deyil, həm də bir xəyal olaraq axtarır,
öz taleyinin mənası kimi. Kübar həyatdan ayrılmaq, yeni həyata
addım atmaq ümidi ilə. Amma Selincerin cəsarətini özündə tapa
bilmir.

Una və Çaplin
Beqbeder bu əsərdə Amerikan ədəbiyyatını, teatrını, ümumilikdə
mədəniyyətini yaradan ölməz şəxsiyyətlərdən söz açır. Amma bu ölməz
imzaları müxtəlif tellərlə özünə bağlayan ulturagözəl Una var.
Beqbeder etiraf etməsə belə, əsər boyu Unaya olan kurtuaz məhəbbəti
çəmənə düşən şeh kimi parlayır. Unanın yetkin, mükəmməl birisi
olduğunu anlatmağa çalışır. Una bir qızıl mərkəzdir, bu mərkəzdən
Una – Yucin , Una-Selincer, Una-Çaplin münasibətlərini incələməklə
Unanı Yunan muzası kimi ilahiləşdirir.
***
Selincer müharibədə olanda Una anası ilə Hollivuda köçür, onu
gənc aktrisa və məşhur dramaturqun qızı kimi Çaplin ilə tanış
edirlər. İlk görüşdə Çaplin qızın onu tənqid edən cəsarətinə, az
sonra isə özünə vurulur.
O zaman Çaplinin şöhrəti pik nöqtəyə çatmışdı. Una isə aktrisa
olmaq istəyirdi. Çaplinlə görüşəndən sonra fikrini dəyişdi. Başa
düşdü ki, daha necə böyük sənətkar olsa da, Çaplini keçə
bilməyəcək. Elə ilk görüşdə qəlbində artıq Çaplinin 3-cü arvadı
olmağa razılaşmışdı.
Una həyatının mənasını müəyyən edən bir addım atır – Çarli
Çaplinə ərə gedir. Bu hadisə iki adam üçün gözlənilməz və son
dərəcə güclü zərbə oldu: bütün varlığı və yaradıcılığı ilə Caplinə
əks olan Yucin O’Nil və Unaya məktublar yazmaqdan yorulmayan
Selincer.
Una Çaplini tam dəyişdi, sənətkar kimi uğursuzluqları başladı,
amma ər kimi Unanı xoşbəxt etməyi bacardı. Kişi əsl xoşbəxtliyə bir
qadın onu bütün digər qadınlardan uzaqlaşdıranda qovuşur. Çaplin
xoşbəxtliyə qovuşdu.
Una ilk vaxtlar atasına valeh idi, onunla görüşmək xəyalları ilə
yaşayırdı. Bu sevgi qarşılıq görməyəndə atası kimi məşhur yazıçı
olmaq iddiasında olan Selincerə yox, – çünki Selincerin danışıqları
quru vədlər və şirin xəyal idi, – atası kimi məşhur, Amerika
mədəniyyətində ikinci bir zirvə olan Çaplini seçdi. Çaplin "sən
mənə ölməyi, mən sənə yaşamağı öyrədəcəm", - deyəndə, Una əmin idi
ki, ölüm deyil, yaşamaqdan və yalnız xoşbəxt ailə kimi yaşamaqdan
söhbət gedə bilər.
Dünyada, müharibələr, qırğınlar gedir, yeni geosiyasi mərkəzlər,
yeni sərhədlər yaranır, hamı danışırdı, Çaplin isə susurdu, səssiz
filmlər yaradırdı.
Çaplinin filmlərinin uğuru səssizliyində idi, danışmağa
başlayanda bolşevik damğası ilə susduruldu. Amerikadan deport
edildi. O da ilk müsahibəsini Parisdə Ritz otelində verdi, o oteldə
vaxtıykən Selincer və Heminqueylə şərab içib ədəbiyyatdan
danışırdılar. Paris Hötenin dilində danışan faşistlərdən azad
olunan gün.
Beqbeder Çaplini sevmir, onu təlxək adlandırır. Çaplinin
böyüklüyünü Unanın seçimində görür. Miskin insanların faciəvi
həyatını nəql etmək hesabına zənginləşən yaradıcı insanlar
Beqbederi də qəzəbləndirir.
***
"Una və Selincer"i oxuyandan sonra kitabda olan şəkillərdən
savayı Una haqqında canlı görüntülər axtardım. Unadan 38 yaş böyük
Çaplin həyatının sonunda sağ əlində çəlik, sol əli Unada çəməndə
gəzişirlər. Qoca Çaplinin ayaqları sözünə baxmır, Parkın bir
tərəfində stul qoyub oturmağa məcbur olur. Çaplin otursa da, Una
yanından çəkilmir. Stulda oturan Çaplin müvazinətini qorumaq üçün
əlini Oonoya uzadır və onun əlindən yapışır. Bu jestin özündə bir
arxayınçılıq və əminlik var idi, insan daim getdiyi yolda yol
haqqında düşünmədiyi kimi.
Bu səhnəni görən kimi ağlıma gəldi ki, Una Çarli Çaplinın
qoruyucu mələyidir. Beqbeder yazır ki, 1972-ci ildə Çarli Çaplinə
verilən Oskar törənini izləyən dünyada elə bir adam tapılmaz ki,
həyəcanlanmasın, ağlamasın. Beqbeder haqlıdır. Səhnəni
təkrar-təkrar izlədim, çaşqın Çaplin zaldan gələn gur alqışa yalnız
iki kəlmə ilə cavab verir. "Siz mükəmmləsiniz!"
Mən Çaplinın həyatının son günlərindəki çəkilişləri axtardım,
evində, gəzintidə aparılan çəklişlərə, kəkələyərək verdiyi
müsahibələrə baxdım. Çaplin harada vardi, yanında Una. Una Çaplinin
yanında gəzən canıydı.
Beqbeder
və Laura
"Una və Selincer" əsərinin sonuna çatanda, bu kitabın yazılma
səbəbini deyəsən müəyyən etdim. Beqbeder gənc sevgilisi ilə Mediano
(İspaniyada Pireney dağlarının ətəyində su altında qalmış kənd)
kəndinin minillik evlərini, küçələrini akvariuma çevirmiş gölündə
qayıq sürür. Laura üst paltarını çıxarıb suya atılmaq istəyir,
çimərlik paltarının üstündə "O`Nil" yazılıb. Beqbeder yazır ki, bu
bir təsadüf idi, amma məncə musiqi və əyləncəni cavanlaşma mənbəyi
hesab edən bir yazar yəqin ki, "O`Nil" firmasının çimərlik
paltarını sevgilisinə hədiyyə ala bilərdi.
Demək, ilk intuisiyam məni yanıltmamışdı. Beqbeder özündən 18
yaş cavan Laura Smetə aşıq olur. Yaş fərqləri böyük olan çütlükləri
araşdırır və bütün bunlarla tərəddüd edən Lauraya anlatmağa çalışır
ki, tarixdə sənintək yaşayanlar olub. Gələcəkdə də olmağın, Una
kimi daim xatırlanmağın mənimlə bağlı verəcəyin qərardan aslıdır.
Çarli Çaplinin Unası, Xorxe Luis Borxesinn Maria Kodaması, Vitold
Qombroviçin Ritası, Çarlz Bukovskinin Linda Lisi kimi. Kitabın bir
hissəsini ahıl yaşlarını cavan qızlarla bayrama çevirən yazarlara
ayırıb. Orda əslində Lauraya bütün deyə bildiklərini deyib, hətta
Bodlersayağı bir şeir də yazıb. Amma bir şeyi deməyə ürək etməyib –
Dostoyevski öləndə cavan arvadının 33 yaşı var idi və həyatının
sonuna qədər ərə getmədi, sadəcə, ərinin əsərlərini nəşr etdi. Bunu
Lauraya deməyə yəqin cəsarət etmədi Beqbeder.