"Milis
hekayələri" layihəsində
Kriminal ünsürlərin görüş yeri
Tofiq Mamedovun bu əhvalatı maraqlı olduğu qədər də məzəlidir.
İstər-istəməz adamın dodağı qaçır. Bu hadisə onun cavanlıq dövrünə
təsadüf edir. "Leytenant rütbəsini təzə almışdım və Moskvanın Ximki
qəsəbəsində sahə müvəkkili işləyirdim", - deyir. Başımda hələ bir
ağ tük olmadığı kimi, xidməti siyahımda da açılmış bir ciddi
cinayət işi yox idi. Təbii ki, fərqlənməyə çalışırdım, gecəni
gündüzə qatmışdım. Amma bizlərdə deyildiyi kimi, axtarmaqla deyil,
gərək Allah işini rast gətirsin. Belə də oldu. Bizim İdarənin
Narkotiklərlə Mübarizə Şöbəsinə qəsəbəyə külli miqdarda narkotik
vasitə olan heroinin gətirilməsi barədə əməliyyat məlumatı daxil
oldu. Narkotikin pulla mübadiləsi mənim ərazimdə həyata keçirilməli
və həm də mənim xidməti siyahımı zənginləşdirməli idi. Hər halda
mən belə düşünürdüm.
İşin tərsliyindən əməliyyat məlumatı şöbəyə çox gec
çatdırılmışdı və əməliyyatı hazırlamağa yalnız bir neçə saat vaxt
vardı. Bununla belə, operativ tədbirlər görüldü və əməliyyat qrupu
20 dəqiqə əvvəl hadisə yerində, qəsəbənin kənarında yerləşən
ictimai tualetlərin birinin yaxınlığında idi. Amma burada mətləbdən
bir balaca uzaqlaşmaq və hadisə yeri haqda ətraflı məlumat vermək
lazımdır...
Düşünürəm ki, sovet kriminalistikasında "ictimai tualetlər"in
rolu diqqətlə öyrənilməlidir. Bunlar xarici valyutadan xarici
aparaturaya qədər hər şeyin qadağan olunduğu sovet dövründə tamam
başqa məqsədlər üçün istifadə edilirdi. Ancaq tamamilə məlumatsız
adam hesab edə bilər ki, Moskvada pulsuz ictimai tualetlər yalnız
təbii ehtiyacları ödəmək üçündür. Məlum olduğu kimi, təbii
ehtiyacları ödəmək üçün təbiət var, Moskvada da bu cəhətdən
bolluqdur. İctimai tualetlər isə daha ciddi məqsədlər üçün istifadə
olunurdu. Paytaxtda həyata keçirilən qanunsuz silah, narkotik,
ikona, valyuta alverinin yarıdan çoxu məhz bu ictimai "yerlər"də
həyata keçirilirdi. Hətta bəzən daha ciddi işlər - qətl
sifarişçilərinin killerlərlə görüşləri, xarici ölkə agentlərinin
vətən xainləri ilə alveri məhz burada baş tuturdu. Buralar bütün
qeyri-ciddi işlər - alkoqoliklərin içki məclisi, bomjların
gecələməsi, "sevgililər"in görüşməsi və s. üçün də çox münasib
hesab olunurdu. Sonralar mən Moskvanın özündə işləyəndə bunun bir
daha şahidi oldum. Birini qoyub, birini deyirəm. Əgər istəsən, 7-8
il qabağa qaçıb Moskva dövründən ictimai tualetlə əlaqədar sənə
qəribə bir əhvalat da danışa bilərəm. Amma burda kriminaldan çox
pornoqrafiya var…
Dostum bir anlıq taym-aut götürür, baxışları ilə sualı mənə
ötürür. "Danış, danış", - deyirəm, "18 yaşını çoxdan keçmişik".
- Deməli, Moskvada, o vaxtkı Jdanov rayonunda əməliyyat
müvəkkili işləyirdim, artıq peşəkar əməliyyatçı idim. 80-ci illərin
axırları, İttifaqın laxlamağa başladığı dövrlər idi. Bizim inzibati
ərazi Moskvanın kənarına – o vaxtkı Jdanov metrosu ətrafına
düşürdü. Burda bir neçə meşə park vardı və kriminal ünsürlər,
fahişələr, evsiz-eşiksizlər yazdan payıza kimi buralarda yığışardı.
Qeyd edim ki, Moskvada fahişəlik de-yure qeyri-leqal olsa da,
de-fakto həmişə leqal olub. Yəni burda bu məsələyə şikayət olmasa,
milis də ciddi baxmırdı, işimiz onsuz da, başımızdan aşırdı. Elitar
fahişələr, adətən, axşamüstü kafelərə, restoranlara yığışır, burda
müştəri axtarırdılar. Qiymətdə və sir-sifətdə bir az aşağı olanlar
yol kənarına çıxır, avtomobil gözləyirdilər. Yaşı keçənlər və artıq
işi keçməyənlər isə parklara çıxır, burda var-gəl edirdilər.
Jdanovun adını daşıyan univermaqdan aşağıda, şəhərin lap
qurtaracağında bir meşə-park vardı, qədim peşənin nümayəndələri
bura daha çox yığışardı. Onda mən hələ ev almamışdım, həmin parkın
yaxınlığında, yeni salınmış kvartalda yataqxanada qalırdım. Hər gün
işə gedib gələndə yolumu burdan salırdım. Yaşı qırxı keçmiş
olanlar, "bismillah" deməmiş üzünə baxılmalı olmayanlar adamın
gözünə girirdi. Cüt-cüt gəzişir, müştəri gözləyirdilər.
Parkın ətrafında "taksovatlıq" edən uşaqların çoxu tanış idi.
Lisenziyasız işləyəni, vergidən yayınanları vardı, amma bizimlə
əməkdaşlıq edirdilər. Odur ki, işləməyə imkan yaradırdıq, reketdən
qoruyurduq. Bizə yaxın olanlardan reket uzaq qaçırdı. Belələrindən
biri parkın kənarında "park" edib müştəri gözləyirdi. Məni görən
kimi üstümə gəldi, "naçalnik, kak dela?", - dedi. Dedim "dela kak
saja bela", sizin kefiniz kökdür, parkdan saunaya, saunadan parka
işləyirsiz. Biz isə səhərdən axşama, axşamdan səhərə işdəyik, sizin
təhlükəsizliyinizin keşiyindəyik. "Dostum" daşı hara atdığımı başa
düşdü, "naçalnik, hardadı bizdə o bəxt?", - dedi. Siz bura yığışan
"maçalkalar"a baxmayın, bunlar saunaya, "kvartira"ya gedən, taksiyə
minən deyillər, bunlar "tez-bazar"dırlar. Təzə söz eşidirdim,
soruşdum "tez-bazar" (rusca "v skoruyu ruku") nədir? Dedi, bu
yaxında "mujskoy-jenski" tualetlər var ha, ora baxan erməni
xadimənin ixtirasıdır.
Bir sözlə, gördüm "dostum" sözlü adama oxşayır, keçib oturdum
"Oiquli"yə, dedim, məni apar işə, həm də "tez-bazar" söhbəti
edərik. Yolda sürücü hər şeyi danışdı – açdı sandığı, tökdü
pambığı. Sən demə, tualetlərə baxan qoca erməni arvadı əməlli-başlı
"Mama Roza"lıq edirmiş. Həmin "kişi", "qadın" tualetləri parkın
kənarında, qarşı-qarşıya yerləşmişdi. Daha dəqiqi, onların
girişləri üzbəüz idi. Girişdən 2 metr pilləkənlə düşürdün, sağa
dönürdün. Aşağıda, bu girişlərin qurtardığı yerdə xadimənin kiçik,
ikinin bir yarıma otağı vardı. Bura oturub dincəlmək üçün bir
taburetka qoymuşdu, həm də "şvabra"sını, vedrəsini saxlayırdı. Bu
otağın həm kişi, həm qadın tualetinə çıxışı vardı, xadimə qadın bu
otaqdan hər iki tərəfə çıxıb, tualetləri yığışdırırdı. Erməni
arvadı da təzə idi, bir-iki ay idi ki, xadimə işləyirdi. Amma bura
gələn kimi, otağın iki tualetin arasında, "uğurlu" yerləşməsi "qoca
afiristka"nın (taksi sürücüsünün sözüdür) diqqətini dərhal cəlb
edir. Parkda fırlanan "maçalkalar"la danışır, onlarda 10 rubl
(indiki kursla maksimum 1 dollar) almaqla, otağına buraxır. Deməli,
qadın tualetə bir tərəfdən girir, kişi o biri tərəfdən düşür,
otaqda işlərini "tez-bazar" görüb çıxırlar. Fahişələr "xozyayka"nın
pulunu müştəridən aldıqlarından, müştərilər də taksiyə, mənzilə pul
vermədiklərindən və vaxt itirmədiklərindən razı qalır. Burda ziyana
düşən tərəf "sauna"ya, "kvartira"ya işləyən taksi sürücüləri olur.
Məni işə kimi gətirən taksi sürücüsü də yəqin ki, bu səbəbdən
bunları mənə danışırdı.
Dostum deyir, bu, əməlli-başlı əməliyyat məlumatı idi və
məsələni dərhal şöbə rəisinə məruzə etdim. Təcili sahə müvəkkilini
və şöbənin təzə (tanınmasın deyə) əməkdaşlarından birini götürüb
hadisə yerinə yollandım. Təzə əməkdaş müştəri roluna girdi,
sürücünün dediyi "tez-bazar" əməliyyatını həyata keçirdi. Amma sona
yetirmədi, əvəzində hər ikisini (erməni arvadı və "maçalka"nı)
tutub şöbəyə gətirdik. İkincini ictimai qaydanı pozduğuna görə
cərimələyib buraxdıq, birincini rəisin yanına qaldırdıq. Rəis
erməni arvadı – 70 yaşı olardı – sorğu-suala tutdu. "Mama Roza"
əvvəl hər şeyi dandı, qışqırıb-bağırmağa başladı, sonra boynuna
aldı, ağladı. İş məhkəməyə getsə, günahı sübuta yetsə, bir neçə il
iş alacağını eşidəndə isə rəngi ağardı, stuldan yıxıldı. Deyəsən,
özündən getməyi artistlik deyildi, çünki üzünə su vurub, güclə
ayıltdıq. Bu hadisədən bir neçə gün sonra mən Ramenskə "perevod"
aldım, erməni xadimənin taleyi ilə daha maraqlanmadım...
Dostum bir siqaret çıxarıb yandırır, nəhayət mətləb üstünə
qayıdır:
- Bir sözlə, sovet dövründə ictimai tualetlər kriminal
ünsürlərin görüş yeri idi. Amma əvvəl danışdığım, "narkotik
əməliyyatı"nın keçirilməsi üçün çox namünasib yerdə idi. Yəqin ki,
kriminal ünsürlər də buna görə buranı seçmişdilər.Yaşayış
evlərindən aralı yerləşirdi, küçəyə yaxın olduğundan gizlənməyə yer
yox idi, tez-tez müxtəlif adamlar gəlib keçirdi və s. İçəridən
müşahidə aparmaq üçün əməliyyatçılardan biri birtəhər ventilyasiya
şaxtasına girdi, amma bura çox darısqal idi və o, hətta tərpənə
bilmirdi. Biz ratsiyanı ona verdik, cinayətkarlarla üz-üzə gəlməmək
üçün cəld bayıra çıxdıq. İşin tərsliyindən bu zaman orta yaşlı,
hündür boylu, saqqallı bir kişi içəri keçdi. Onu geri qaytarmaq
imkanımız yox idi, "qonaqlar" hər an gələ bilərdilər.
İçəridə şaxtada gizlənən əməliyyatçı isə bu qara paltarlı,
saçlı-saqqallı kişinin keşiş olduğunu hiss edir və onu geri
qaytarmaq üçün orijinal üsuldan istifadə edir. Zorla tərpətdiyi
əllərini ağzına yaxınlaşdırır, barmaqlarını turba kimi qatlayıb
dəhşətli səslə bağırır: "Ey Allahın günahkar bəndəsi, tez burdan
get və daha bir günaha batmaqdan özünü xilas et!" Ətrafda heç kimi
görməyən keşiş bərk qorxur, xaç çəkir, "Natəmiz yerdə natəmiz
ruhlar olar", - deyib çıxış qapısına doğru cumur. Bu zaman qapıdan
içəri girən əli çantalı cinayətkarla toqquşur. Bu, keşişin əsəbləri
üçün artıq olur və o, daha çox qorxudan narkodilerin başına
yumruqla ağır bir zərbə endirir. Belə bir hücumu gözləməyən
cinayətkar yerə yıxılır, çantasını itirir və ilan vurmuş kimi
bayıra tullanır. Burda onunla görüşə gələn və çantada pul gətirən
həmkarı ilə üz-üzə gəlir. Onlar bir-birilərini sözsüz başa düşürlər
və ayaqlarına güc verirlər. Milis də təbii ki, onları təqib edir və
daha yaxşı idman formasında olduğunu sübut edir. Arada keşişə də
bir-ikisi dəyir və o, hər iki cinayətkarla birlikdə idarəyə
gətirilir.
Mamedov deyir ki, narkodilerlərin məsələsi tez bir zamanda həll
olundu, müvafiq cinayət işi açıldı. Keşişə isə əvvəl fəal vətəndaş
mövqeyinə – milisə kömək etdiyinə görə təşəkkür etdik, sonra isə
üzr istədik. Nə qədər qəribə olsa da, o, bizdən qətiyyən incimədi
və "Allahdan başqa hamı səhv edir", - deyib, xaç çəkə-çəkə
getdi.