Türmə əhvalatları
Bu dəfə "Kolxoz sədri" ayamalı dustaq Fazildən bəhs
etmək istəyirəm. Yaşı 50-dən çox olardı. Gümrah adamdı. Fikir
vermişdim, özünəməxsus hərəkətləri vardı. Məsələn, dağınıq saçları
gözlərinin üstünə düşdükcə sol əlinin barmaqları ilə daraqlayıb
alnından yuxarı atır, sonra da üst dodağını qabağa verib burnunun
havasını alnına tərəf qovurdu. Yerliləri onun haqqında xoş
danışmazdı:
- Alnını açıq saxlamaq alnıaçıq olmaq deyil, bu adam o qədər
günah sahibidir ki, - deyirdilər.
Amma necə deyərlər, yamını da verməzdilər, çalışıb ağsaqqal kimi
hörmətini saxlayardılar:
- Öz inəyimizin balasıdır, nə edək? Nə ediriksə, öz adımıza
edirik, çölə atmayacağıq ki?!
Həyatdır da, dönüb arxaya baxırsan...
Doğrusu, o məni əvvəllər heç maraqlandırmazdı. Amma haqqında
danışılanlar və onun hər kəsdən uzaq durması diqqətdən də kənar
qalmırdı. İmkan tapıb söhbət etmək istəyirdim. Mən o imkanı
gəzdiyim zaman, bir dəfə o özü məni söhbətə tutdu. Tibb
məntəqəsinin həyətində tək oturmuşdum. Yaxınlaşdı, qarşı tərəfdə
oturdu, həmsöhbət gəzirmiş kimi dağdan-dərədən bəhs etdi, sonra da
mənim işlərimlə maraqlandı:
- Necədir işlərin?
- İşlərim pis deyil, səhər dururam, gedirəm işə, günorta
çıxıram nahar fasiləsinə, axşam da gəlirəm bura.
Başa düşdü ki, ələ salıram. Sözümün ardını gətirdim, incitmək
istəmədim:
- Burda nə iş, rəhmətliyin oğlu, "zon"da nə
iş?
Doğrusu, heç simpatiyam olmayıb ona. Nə idisə ondan ətrafa mənfi
bir enerjinin yayıldığını hiss edirdim. Yerliləri ona Kolxoz sədri
deyirdi, bilirdim ki, bu da lağdır.
- Şair, bilirəm e, zindandayıq, amma dedim olsun da, burda da
boş dayanmırıq axı, nə iləsə başımızı qatırıq. "Volyada" heç belə
deyildik, gedirdik naxıra, gəlirdik axıra... bu da axırımız...
Həyatdır da, dönüb arxaya baxırsan, çox şeylərə təəssüf edirsən, -
saçlarını alnına tərəf daraqlayır, burnundan çıxan hava yenə də
dağıdır.
- Bu, axır deyil, sədr, bu, hələ başlanğıcdır, biz
təzədən qayıdacağıq evimizə, hər şey təzədən başlanacaq. Özü də çox
üzülmə, zənn elə ki, gedibsən Rusiyada işləməyə, burada səni döyən
yox, söyən yox, - bu da mənim ona verəcəyim təskinlik
idi.
Ara-sıra yaxınlaşan dustaqların salamını növbə ilə alırdıq.
Özünü tanıyan dustaqlar bizə mane olmaq istəmirdi.
Fazil ümumi barakda qalsa da, imkanlı dustaq təsiri
bağışlayırdı. Yerliləri deyirdi ki, onun pulu itətökdür, sadəcə,
özünü qısır, bedalaq kimi qələmə verir. Bicin biridir.
"Sağlam adam olduğuna görə də o, əlavə xərc töküb ayrı yaşamaq
istəməyə də bilər", - deyənlər də vardı.
Birdən ağlımdan keçdi ki, onun həyat hekayətini soruşum: Necə
olub tutulub, günahı nədir və sair...
Qumar oynayırlar, dava-dalaş salırlar
- Sədr, sən axı heç kriminal adama bənzəmirsən, necə
oldu ki, tutuldun?
Fazil, görünür, marağında imiş içinin qat kəsən ötənlərini
danışsın:
- Belə götürəndə heç nəyə görə, hamı kimi mən də səhvim
ucbatından həbs olundum. Ötənləri qaytarmaq olmur, ötənləri unutmaq
olmaz, unutsaq, yenidən günaha batarıq.
Əhllərinin uzaq gəzməyinin səbəbini soruşuram:
- Niyə çox vaxt tək gəzirsən, heç kəsə qarışmırsan, heç
"xlebnik"in də yoxdur?
Fazilin yaralı yerinə toxundum, deyəsən. Sualı gözləyirmiş kimi,
anındaca cavab verdi:
- A kişi, bunlara barmağını göstərirsən, qolundan tuturlar. O
qədər problemləri var ki... Qumar oynayırlar, iynə vururlar,
dava-dalaş salırlar, gündüzlər yatırlar, gecələr oyaq qalırlar,
əliəyrilik edib dolaşırlar. Sonra da gəlirlər ki, əhlin üzvü
dolaşıb, pul yığıb kömək edək. Nə qədər olar? Sən ölməyəsən, bu
gədələrin çoxunun valideynini, qardaşını, əmisini "volya"dan
tanıyıram, hamısı belədir, yaxşı əməlləri ilə yada düşmürlər. Burda
özlərini yaxşı oğlan kimi tanıdırlar, az qala, başa çıxalar. Qoy
rədd olsunlar...
Dərdinin üstünü açdım, deyəsən. İndi başa düşdüm ki, yerliləri
ondan niyə razı deyil.
- Amma onlar sənin haqqında xoş danışır, yerlimizdir,
sadəcə, bu dünyanın adamı deyil, nə edək, qorumalıyıq onu, -
deyirlər.
Fazil, az qala, dəli olsun, əsəbi halda düz gözümün içinə
baxdı:
- Sən də onlara inandın? Nə bu dünya, nə o dünya? Bunların hər
iki dünyası çirkabın içindədir. Ay qardaş, xəstə ola, ac ola adam
kömək edə. Yoxsa, gəlirlər ki, filankəs dolaşıb, rəis pul istəyir,
başını qırxacaqlar və daha nə bilim nə. Deyirəm, adə, sən iynə
vurub dolaşacaqsan, mən balalarımın boğazından kəsib gətirdiklərini
sizə verməliyəm?!
Fazilin dedikləri həqiqət idi. Onun əhlin bəzi işlərində kənarda
qalması heç də simic olmasından xəbər vermirdi.
Qaynı arvadına gözü düşən qurumsaq
- Sənə nə üçün "Kolxoz
sədri" deyirlər? - mövzunu dəyişdim.
- Nə bilim, burda hamıya bir ad qoyurlar. Yəqin ki, heç kəsə
yovuşmuram, yaxud dik-dik gəzirəm ona görə...
- Fazil, bəs səni niyə həbs ediblər?
Artıq ikinci dəfə idi soruşurdum. Doğrusu, onun həbsi haqda da
heç kəs danışmırdı. Amma o da mümkün deyildi ki, həbs olunmasının
səbəbi bilinməsin. Lakin bir dəfə onun həmyerlisi olan mayor
rütbəli bir zabit, mənimlə nərd oynayarkən yaxınlıqdan keçən Fazilə
baxıb:
- Qaynı arvadına gözü düşən qurumsaq, - demişdi. Sonra da
haqqında xoş olmayan söhbətlər etmişdi.
Fazil bu dəfə də cavabdan boyun qaçırdı:
- Şair, hərə bir adla tutulur da, hər kəs öz əməlinin cəzasını
çəkir.
- Axı söz-söhbət gəzir ki, sən qaynına qarşı düz
eləməmisən, onu incidibsən, arvadını döyübsən və başqa
söz-söhbət...
Fazil udqundu. Ətrafa baxdı, qəzəbli halda mənə:
- Kim deyir bunu? Hansı avaranın ağzından çıxıb bu? Məni adam
döydüyümə görə tutublar, nə qayın, nə qayınarvadı?
Məni qayınarvadım tutdurub, amma...
- Nə bilim, ay sədr, uşaq deyilsən ki, burda heç nəyi
gizlətmək olmur. Adamın özündən qabaq sorağı gəlib çatır, yaxud
çölə "malyavka" göndərirlər. Söz varsa, demək, nə isə var da.. Hələ
deyirlər ki, səni qayın arvadı özü tutdurub...
Fazil dilxor oldu. Hiss etdim ki, bu adamın nə isə gizlini var,
lakin istəmir ki, bilinsin. Amma mən də artıq sözümü demişdim, geri
çəkilən deyildim:
- Həm də nə qədər gizlin saxlasan, üstünə əlavələr
olunacaq və elə bir əməli adına yazacaqlar ki, ömrünün axırına
qədər səni incidəcək. Düz de, sən qayının arvadına göz
dikmişdin?
Fazil, doğrudan da, pis vəziyyətə düşmüşdü. Əsəbi idi həm də.
Əlini cibinə apardı, balaca bir bükülü çıxardı:
- Bu Qurana and olsun, elə şey yoxdur. Düzdür, məni qayınarvadım
tutdurub, ancaq ortada namussuzluq olmayıb.
Bükülünü cibinə qoyduqdan sonra yan cibindən siqaret götürüb
yandırdı. Dərin bir qullab vurub əlavə etdi:
- Bilirəm, inanmayacaqsan, amma həqiqət belədir.
Gizir qayınarvadımla yaxınlıq edir...
- Bəs qayın arvadı səni niyə tutdursun ki?
Fazil, doğrudan da, pis yerdə axşamlamışdı. Danışmaq istəmirdi.
Amma danışdıra bildim:
- Bilirsən ki, buradakıların çoxu bilir kim nəyə görə
tutulub. Ən azından, əhldəkilər məlumatlıdır. Yenə də deyirəm,
gizlin qalsa, daha eybəcər söhbətlər ortaya çıxacaq.
Fazil bir qədər də fikrə gedib, həqiqətini danışmağa razı
oldu:
- Bilirsən, qayınım Rusiyada olurdu. Ailəsi, iki körpə uşağı
çətinlik çəkməsin deyə, onlara da əl tuturduq. Bizdən xeyli razı
idi. Bir gün yoldaşım dedi ki, yaxınlıqda, kənddən kənarda bir
hərbi hissə var, orada işləyən bir zabit kirayə ev axtarır. Gəlin
deyib ki, Fazil qardaşa de, danışsın, gəlib bizdə qalsınlar.
Getdim, danışdım. Gizir idi. Ailəsi vardı. Razılaşdıq, həyətdə
tikilən ikiotaqlı atadan qalma evi verdik onlara. Güzəranları
yaxşılaşdı. Sonra kənddə söz-söhbət gəzdi, qulağıma çatdı ki, bu
gizir qayınarvadımla yaxınlıq edir. Bu aralar da dərslər
başladığına görə gizir arvadını və uşaqlarını Bakıya yola salmışdı.
Söz-söhbətə münbit şərait vardı. Getdim onunla danışdım, dedim,
ailən burda yoxdur, daha sənə evə ehtiyac qalmır, get hərbi hissədə
qal. Razılaşmadı:
- Mən ev tutmuşam, ora mənə daha yaxşıdır, - dedi. Mən də ona
qadağa qoydum. Gəldim onlara, gəlinə dedim ki, bu gündən gizir daha
sizə gəlməyəcək. Səbəbini də danışdım. Dedi, nahaq eləmisən, o pul
da verirdi, hələ ərzaq da gətirirdi. İndi insan kimi yaşayırdıq.
Dedim, o zaman yığış, gəl bizdə qal, o həyətdə tək qalsın.
Qayınarvadım buna da razı olmadı.
Gizir isə hər gün axşamdan keçmiş gəlirdi. İşimi-gücümü atıb onu
güdürdüm. Gəlirdi, yuyunurdu, yıxılıb yatırdı, səhər tezdən də
durub maşınına minib gedirdi.
Fazil arada nə haqdasa fikirləşdi. Susmağından istifadə edib
soruşdum:
- Axı o gizir sənin qısqanmana heç bir əsas verməyib,
bəs niyə döydün onu?
- Nə bilim, vallah... Qayın arvadı, doğrudan da, gözəl idi.
Deyib-gülməyi, ünsiyyət qurmağı da bacarırdı. Hər kişinin ona
tamahı düşə bilərdi.
- Bu da əsas vermirdi...
- Bilirəm. Nə isə, bir dəfə soyuq hava idi, gecədən keçmiş
getdim onlara. Gördüm ki, gizir qalan evdə stol açılıb, iki nəfər
yad adam da var, gəlin də onlara qulluq edir. Dözə bilmədim, girdim
içəri, dava saldım, əl-qol atdılar, axır ki, qovdum onları. Gəlin
yenə də onları müdafiə etdi, niyə qoymursan sağırlarımı dolandırım?
- dedi. Hirsləndim. Ona dedim ki, ay qancıq, ərin evdə yoxdur deyə,
kim gəldi yatağına girəcəksən? Üzümə tüpürdü. Saldım təpiyimin
altına, səsi batana qədər döydüm. Sonra gedib həmin giziri də
tapdım, onu da döydüm. Birisi günü məni tutdular, gizir şikayət
etmişdi. Qayın arvadı da gizirin dediklərini təsdiq etdi. Polis
idarəsində onları niyə vurubsan, deyə soruşdular. Dedim,
qısqanırdım, istəmirdim ki, gizir o evdə qalsın, ona əsgərlərin
ərzağını oğurlayıb, gətirib versin. "Qısqanırdım" dediyimə görə,
görünür, adıma bu sözü çıxartdılar.
Sonra bir qədər də susdu. Elə bil, çiynindən ağır bir yükü yerə
atmışdı. Üzümə baxdı, alnına tökülən saçlarını barmaqları ilə geri
daraqladı, burnu ilə alnına tərəf "fınxırdı":
- Şair, qısqanmaq o demək deyil ki, mən qayın arvadına
namussuzluq etmişəm...