"Milis
hekayələri" layihəsində
Doğrudan da, yüz il yaşa, yüz il öyrən. Dostum Tofiq
Mamedov deyir ki, Rusiya paytaxtı Moskva dünyanın ən varlı
meqapolisidir, Tokiodan, Nyu Yorkdan da varlıdır.
Bu gün Rusiyada 120 milyardçı bank varsa, onların yüzü, yəni 80
faizdən çoxu Moskvada yerləşir. Deməli, Rusiyanın ən varlı və
zəngin adamları da Moskvada yaşayır, milyonçuların sayına görə də
Moskva dünya paytaxtlarını qabaqlayır. Bu var-dövlət də nəinki
Rusiyadan, hətta bütün postsovet məkanından kriminal elementləri
Moskvaya çəkir, təxminən milçək şirəyə gələn kimi. Cinayətkar
elementlərin konsentrasiyası artdıqca, cinayətlərin sayı da artır.
Eyni zamanda, kriminalistika da inkişaf edir, texniki təchizat
yüksəlir, modern texnologiyalar, yeni metodologiyalar tətbiq
edilir. Təbii ki, bu inkişafın fonunda hüquq-mühafizə, eyni
zamanda, daxili işlər orqanlarının da peşəkarlıq səviyyəsi artır.
Bəs bu zaman cinayətkar aləm nə etməlidir? Ya məhv olub getməli, ya
da şəraitə uyğun dəyişməlidir. Bədbəxtlikdən onlar ikinci yolu
tuturlar, ehtiyatlanırlar, qanunu pozmurlar, yanından keçməyin və
gizlənməyin yollarını axtarırlar. Məsələn, şəxsiyyətə qarşı
cinayətlərdən çəkinir, mülkiyyətə qarşı cinayətlərə girişirlər. Bu
zaman da qeyri-aşkarlıq şəraitinə üstünlük verirlər. Statistika da
göstərir ki, hətta mülkiyyətə qarşı cinayətlərin quldurluq,
soyğunluq kimi formalarının sayı azalsa da, qeyri-aşkar şəraitdə
törədilən oğurluq, cibgirlik artır…
- Axı, oğurluq, cibgirlik artsa da, oğrular, cibgirlər həmin
adamlardır. Onlar konkret ünvanda qeydiyyatda olur və hardasa
yaşayırlar. Milis sahə müvəkilləri onları tanımalı, ən azı, pulu
necə qazandıqları ilə maraqlanmalıdırlar.
- Həmişə olduğu kimi, nəzəriyyədə asandır, təcrübədə isə çətin.
Axı, Moskvada yaşayan gəlmələrin mütləq əksəriyyətinin heç indi də
qeydiyyatı yoxdur, dost-tanışlarının, nikahsız yaşadıqları
qadınların evində qalırlar. Bir qayda olaraq, özəl sektorda
işləyirlər, səhər gedib axşam gəlirlər. Hamını isə ucdantutma
yoxlamaq olmur, söhbət milyonlardan gedir. Adamın da alnına kim
olduğu yazılmır, oğrunu ilk baxışdan tanımaq, doğrudan ayırmaq,
praktiki olaraq, mümkün deyil. Necə deyərlər, insan insana
bənzər…
Burda dostum bir anlıq dayanır, bir siqaret çıxarıb yandırır.
Hiss edirəm ki, xəyalların qanadlarındadır. Həmişəki kimi, zənnim
məni aldatmır…
- Bir hadisə yadıma düşdü, istəyirəm danışım. Görün adamı
tanımaq, kimin kim olduğunu ayırmaq nə qədər çətindir. Deməli,
90-nın əvvəllərində mən Moskva milisində işləyəndə bizim ərazidə
maraqlı bir hadisə olmuşdu, istəyirəm yadımda qalan kimi sənə
danışım. Həmin dövrdə Rusiyada satılan meşə materialları yaman
bahalaşmışdı. Hətta sovet rubluna almaq olmurdu, almanlar gəlib
doyç-markaya, fransızlar franka alırdılar. Rusiyanın şimal
əyalətlərində - Voloqdadan Arxanqelskə qədər pula pul demirdilər.
Meşə təsərrüfatının rəhbərləri yerlərdə meşə kooperativləri
yaratmışdılar, taxta-şalban tədarük edir, xaricilərə od qiymətinə
verirdilər. Belə bir vaxtda, belə kooperativlərin birinin üzvü
bütün qazancını da götürüb Arxanqelskdən Moskvaya macəra dalınca
gəlir. Kişinin oğlu əyalətdə qazandıqlarını mərkəzdə xərcləmək,
özündən olsa, kef çəkmək istəyir. Amma gör başına nə gəlir…
Bizim macəra axtaran mavi gözlü, samanı saçlı İvan adında cavan
bir oğlan idi. Ayağında kerz materialdan təzə çəkmə, çiynində həmin
materialdan çanta vardı. Səhər "Kazanski" vağzalda qatardan düşəndə
tələsdiyindən şalvarının bir balağını çəkmənin içinə salır, o biri
isə üstünə sallanır. Təzə kerzin iyi hətta küçədə ətrafa yayılır.
Dolaşıq samanı saçları başındakı kepkanı çıxarıb atmaqda
israrlıdır, odur ki, tez-tez kepkanı başına basmalı olur. Cins
gödəkçənin qısa qollarından çıxan iri əllərini yellədir, matros
kimi yellənə-yellənə gedir. 3 vağzal meydanından (Moskvada
"Komsomolsk" metrosunun üstündə olan dəmiryol vağzalları nəzərdə
tutulur – red.) keçənlər təəccüb və heyrətlə ona tamaşa edir. Amma
macəra axtaran yolun ortasında ayaq saxlayıb, gözlərini bərəldərək
meydanın ətrafında olan uca binalara, yoldan keçən xarici maşınlara
baxmağa başlayanda bu heyrət rişxəndlə əvəz olunur. Artıq onun
sadəlik iyi verən kerz çəkmələri və çantası hətta metronun
üstündəki meydanda "fala baxıb" qurban axtaran qaraçı qızlarını da
maraqlandırmır. Əllərində qəzet satan uşaqlar da ona ikrahla baxır:
"Bu qədər olmaz da…"
Meydanın başında yekəpər ("zdarovıy"), ayağında isə balaca
("malıy") keşik çəkir. Samanı saçlı qəhrəman peyda olan kimi cütlük
birləşir. Söhbətə balaca başlayır: "Yekəpər, hərif deyəsən, ya
Lubyankadandır, ya da Petrovkadan. Doğrudur, bunlar bizim kimi
"şuşeraya" ilişməzlər, amma ehtiyatlı olmaq lazımdır". Yekəpər
diqqətlə dinləyir, sonda öz ehtimalını söyləyir: "Bilmək olmaz,
şef, bəlkə bizimkilərdəndir? Deyilənə görə, son vaxtlar 3 vağzal
vaxtlı-vaxtında "obşak"ın pulunu ödəmir. Odur ki, "qonaqlar"
gözləniləndir". Balaca mənalı-mənalı başını tərpədir: "Bu versiyanı
mən də istisna etmirəm, yoxlamaq istəyirəm. Amma bizimkilər bu
qədər bəzənmirlər axı…"
İvan yeraltı keçidə düşür, keçib uzaqdan görünən univermağa
doğru addımlayır. Amma hər addımda ayaq saxlayır, bu dəfə ağzını
ayırıb yol boyu düzülmüş mağazaların vitrinlərinə baxır. Balaca
burda onu haqlayır: "Salam, dost! Bilmirəm sən hansı sahəyə
baxırsan, amma lap ağını çıxarmısan. Kerz çəkməni və çantanı indi
hətta orqan işçiləri də özlərinə yaxın buraxmır". Samanı saçlı
oğlan yenidən gözlərini bərəldir: "Yoldaş, bilmirəm siz hansı
orqanlardan danışırsız, amma mənim orqanlarım sağlamdır. Mən
Arxangelskdən, Plesetsk qəsəbəsindən gəlmişəm. Orda meşə
kooperativinin üzvüyəm. Bu il işimiz yaxşı gətirib, hətta mən də 3
min doyç-markaya yaxın qazanmışam. Bütün pulları götürüb Moskvaya
gəlmişəm". İvan kerz çantanı açır, içindən bir dəstə valyuta
çıxarıb həmsöhbətinə göstərir. Balaca hər ehtimala qarşı geri
çəkilir, amma niyyətindən çəkilmir. Deyir yaxınlıqda "padval"da
yaxşı pivə verirlər "raçki" ilə, gedək adama bir-ikisini
gillədək.
Təzə tanışlar dar pilləkəndən düşüb geniş pivə zalına daxil
olurlar. Küncdə, gözdən-qulaqdan uzaq yerdə əyləşirlər. Balacanın
əlinin bir işarəsi ilə stolun üstündə iki bakal qara pivə və bir
dolu qab qırmızı "raçki" peyda olur. İvan pivədən iri qurtum alır,
"raçki"dən dadıb, ləzzətlə dodaqlarını marçıldadır. Cins
kurtkasının cibindən bir dəstə köhnə kart çıxarır, stolun üstünə
atır, "vaxtımız var, bəlkə, manata pokerdən-zaddan sıxaq", - deyir.
Balaca ürəkdən gülür: "Yox dost, məni bu kəndçi vidinlə aldada
bilməzsən, sən heç kart şullerinə də bənzəmirsən. Amma onu deyim
ki, bu vid-fasonla bizim 3 vağzal meydanında bir manat da qazana
bilməyəcəksən". İvan hətta inciyir: "Siz elə bilirsiz ki, mənim
pulum yoxdur?" Stolun üstündəki çantasını açır, bayaqkı pul
dəstəsini stolun üstünə atır: "Buyurun, baxın, 3 min
doyç-markadır". Balaca pulları götürür, ehtiyatla baxır, peşəkar
qiymətini verir: "Yaxşı düzəldilib, adi gözlə seçmək olmur. Amma bu
geyimlə bir şey edə bilməyəcəksən".
İvan təzə tanışından əməlli-başlı inciyir və pullarını çantasına
basıb pivə zalını tərk edir. Balaca yalnız bundan sonra rahat nəfəs
alır, pivədən ləzzətlə bir qurtum alır. Yaxınlıqda oturanların biri
ona yaxınlaşır, "şef, bu, kimdir, nə əcəb buraxdın, bəlkə, işini
görək?" - deyir. Balaca gözlərini qıyır: "Nə danışırsan, ehtiyatlı
olmaq lazımdır, bu, başdan-ayağa xatadır. Bizimkilər belə geyinmir,
bu, deyəsən, orqandandır. Saxta pulla ilişdirmək, kiminsə torbasını
tikmək istəyir".
Samanı saçlı qəhrəman isə univermağa girmək istəyir, amma
ciblərinə baxıb rubl tapmır. Yaxınlıqda qəzet satan uşaqların
birini yanına çağırır: "Ay bala, ala, bu yüz markanı, qaç yeraltı
keçiddə xırdala. Əgər tez gəlsən, bir rubl da sənə verəcəyəm".
Qəzetsatan oğlan rişxəndlə hırıldayır, "sən başdan-ayağa saxtasan,
pulun da paltarın kimi saxtadır", - deyib qaçır. İvanın qanı
qaralır, yeraltı keçidə gedib pulunu özü xırdalamalı olur. Geri
qayıdır, univermağın pilləkənlərini qalxır, içəri daxil olur. Amma
elə birinci mərtəbədə "Kazino" reklamı diqqətini cəlb edir, içəri
keçmək istəyir. İki nəfər boynu yoğun qarşısını kəsir: "Kimsən, nə
istəyirsən?" İvan lap özündən çıxır, əlini çantasına salır,
pullarını çıxarır: "Siz elə bilirsiz, mənim pulum yoxdur?"
Boynuyoğunların biri geri çəkilir, o biri rişxəndlə deyir: "Bura
bax, ağıllı, əgər sizdə orda Lubyankada, ya Petrovkada sənin
kimilərini bizim üstümüzə göndərirlərsə, deməli, ya bizi "lox"
sayırlar, ya da özləri axmaqdırlar".
İvan univermağın piştaxtaları arası ilə irəliləyir, fikirlidir:
"Yəqin, hər şey bu lənətə gəlmiş geyimdəndir. Plesetskdə uşaqlar da
deyirdilər ki, bu geyimlə Moskvaya getmək olmaz. Geyimi dəyişmək
lazımdır". İvan kostyum-köynək satan pavilyona yaxınlaşır,
xırdaladığı yüz markaya saçları rəngində bir kostyum, köynək və
qalstuk alır. Hətta qara rəngdə çəkməyə və çantaya da pul çatır.
Təxminən yarım saatdan sonra Hollivud ulduzuna oxşayan bizim
qəhrəman univermaqdan çıxır və 3 vağzal meydanına doğru
addımlayır…
Meydanın başında balaca ("malıy"), ayağında isə yekəpər
("zdarovıy") var-gəl edir. "Hollivud ulduzu" peyda olan kimi cütlük
birləşir. Söhbətə balaca başlayır: "Əyalətdən gəlib, xamdır,
şübhəsiz pullu adamdır. Dalınca gedirik, mənim işarəmlə
işləyirik"…
Gecə yarıdan xeyli keçmiş yarıçılpaq, ağzı-burnu qanamış samanı
saçlı bir cavan bağıra-bağıra milis bölməsinə gəldi. Dedi onu
restorandan çıxıb mehmanxanaya gedəndə möhkəm döyüblər, 3 min
doyç-marka pulunu, kostyumunu, hətta ayaqqabılarını da
aparıblar…
Mamedov sönmüş siqaretini yandırır, ləzzətlə bir qullab vurur.
Üzünü mənə tutur:
- Görürsən dostum, oğrunu doğrudan seçmək nə qədər çətindir?! Bu
lap qaranlıq otaqda qara pişiyi axtarmaq kimidir…