"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Behbudov Bakir Əmircan oğludur. O, 1965-ci ildə
Ağdam şəhərində anadan olub. Burada boya-başa çatıb, peşə məktəbini
bitirdikdən sonra Sovet ordusunda həqiqi hərbi xidmətdə
olub.
1988-ci ildə Ağdamın sərhəd kəndlərində öncə əliyalın, sonra isə
quş tüfəngi ilə erməni quldurlarına qarşı mübarizə aparıb. Nəhayət
o, Eldar Bağırovun batalyonunda savaşa qoşulub, Milli Qəhrəman
Allahverdi Bağırovun heyətində döyüşlərini davam etdirib.
Ailəlidir, 3 övladı var. Şirkət sürücüsü işləyir.
Erməninin başını kəsdi...
- Bakir bəy, istərdik, bizə ilk döyüşünüz haqda
danışasınız...
- İcazə verin, sizə maraqlı bir xatirə danışım. Deməli, bizdə
Qozbel Valeh adlı biri vardı, ermənilərə əsir düşmüşdü. Bunu
ermənilər Stepanakertdə mitinqlərdə boğazına xalta, zəncir keçirib
gəzdirir, təhqir edirdilər. Bizə tapşırıq gəldi ki, necə
olursa-olsun bir erməni əsir götürüb, Valehlə dəyişdirməlisiniz.
Bizim taborda da Cəfərov Nadir, Füzuli (Azərbaycanın birinci
Qəmlosu ləqəbli) bir də şəhidimiz Namiq adlı biri vardı. Biz
dördümüz erməni əsir tapıb gətirməyə getdik. Meşəyə girəndə gördük
ki, bir erməni odun doğrayır. Yaxınlaşıb onu əsir götürməyə
çalışsaq da, əlindəki dəhrəylə Qəmlonun qoluna möhkəm zərbə vurdu.
Baxdıq ki, bunu heç cürə gətirə bilmirik çarəsiz qalıb hay-küy
düşmədən Nadir bunun başını kəsərək torbaya qoydu, gətirib atdıq
mənim maşnımın baqajına. Başını kəsdiyimiz erməninin 50 yaşı
olardı. Nəysə, gecə düşmüşdü, elə yolla getməli idik ki, ələ
keçməyək. Artıq gecə saat 2 radələri olardı, yolun bir hissəsindən
keçəndə maşının işığında iki hərbi paltarlı adamın qaçdığını görüb,
bunları tutduq. Sən demə, ikisi də sovet ordusunda qulluq
edirmişlər. Onlardan biri pribaltikalı, o biri isə erməni idi.
Öyrəndik ki, bu erməni pribaltikalını Qarabağda döyüşmək üçün
aldadıb gətirib. Qısası, pribaltikalını Bakı qatarına mindirdik.
Bakıdan gedəcəyi adresin bilet pulunu da cibinə qoyub yola saldıq.
Ermənini isə Valehlə dəyişmək üçün əlimizdə saxladıq. Nəhayət, onu
gətirdik Valehlə dəyişməyə... Bu epizodlar çox dəhşətli idi. Kaş
ki, o vaxtlar bunları lentə ala biləydik. Nə isə, erməninin anası
qarşı tərəfdən baxırdı. Biz ermənini bu tərəfdən buraxdıq, onlar da
Qozbel Valehi o tərəfdən. Beləliklə, bu əsir məsələsini həll
etdik.
- Bəs erməninin başını niyə saxlamışdınız?
- Erməninin başını günlərlə maşının baqajında gəzdirdik. Bir gün
də kafelərin birində yemək yeməyə oturmuşduq. Yan masada da Bakıdan
gələn 3 müstəntiq yeyib-içirdi. Bunlar başladı bizə söz atmağa. Çox
təmkinli davransaq da, bizi saqqallı görüb dedilər ki, saqqal
saxlamaqla deyil e, erməni öldürmək lazımdır. Qəmlo əsəbiləşərək
gedib sakitcə maşının baqajından erməni kəlləsini gətirib bunların
masasına qoydu. Bu anda bunlar səslərini kəsib bizimlə dostlaşmağa
başladılar. İndi də həmin erməninin başını kəsdiyimiz bıçaq
məndədir. Bu hadisə 1989-cu ildə baş verib... Bax, bu xatirəni heç
unuda bilmirəm.
- Keçək ilk döyüşünüzə...
- Hə, indi gələk ilk döyüşümə. İlk döyüşümüz uğurlu oldu, şəhid
vermədik. Daha sonra Abdal Gülablı uğrunda döyüşlərimiz olub. Ən
ağır döyüşlərimiz Naxçıvanik uğrunda baş verdi. Orada 8 şəhid
verdik, meyitlərimiz qaldı qarşı tərəfdə. Bu Naxçıvanik dediyimiz
yer çox oğlanları aparıb. Bu hücumlar zamanı Xoramurda da hücum
etmişdik. Uşaqlarımızın çoxu silahsız getmişdilər. Bizim silah,
texnika çatışmazlığımız olduğu üçün aldığımız yüksəklikləri
itirirdik. Sonradan texnikamız gəldi, meyitləri, yaralıları oradan
götürdük. İki ermənini də girov götürdük. Orada 3 meyitimiz vardı,
bax onları da bu iki erməniylə rəhmətlik Allahverdi Bağırov
dəyişib, ailələrinə göndərdi. Bu döyüşlərdə Bayramov Məzahir adlı
döyüşçümüz başından snayperlə vuruldu. Heç kim inanmırdı ki, o,
yaşayacaq, amma yaşadı, sağaldı və yenidən döyüşlərə qoşuldu. Üç ay
sonra yenidən vuruldu və şəhid oldu.
- Başqa hansı xatirələr var?
- Deməli, Mərzili uğrunda döyüşlərə başladıq, orada mən özüm də
kontuziya aldım. Telman adlı döyüşçümüz vardı, Qazaxdan idi. Bu
döyüşdə də çoxlu asma minalar quraşdırmışdı ermənilər. Həmin Telman
bizdən 30 metr qabaqda gedirdi, birdən minaya – "lyaquşkaya" düşdü.
Düşünün, batinkasının içində ayağı üzüldü qaldı. Tez bunu qucağıma
aldım, gördüm ki, gülür. Dedim, ay əclaf, ayağın üzülüb, nəyə
gülürsən. Qayıtdı ki, komandir, narahat olma, əsas məsələ
yerindədir. Bax, belə dəhşətli məqamlarda gülməli şeylər də baş
verir.
Həmin gecə dedilər ki, bir əsgərin ölüb. Gördüm, bunu sürüyüb
gətirirlər. Sən demə, bu əsgər ölməyibmiş, sadəcə, kontuziya alıb,
beyni dayanıb. Başqa bir əsgərimiz qumbaraatanla atəş açanda onun
arxasında dayanıb, dalğa bunu vurub. Dedilər ki, bəs bunu neyniyək?
Dedim, atın maşına, mən aparıb tibb maşınına çatdıraram. Bir də
səhər gördük ki, yenə durub gəlib üstümüzə (gülür). Sən demə, yolda
maşın çalaya düşəndə ayılıb.
- Bəs sizin üçün ən ağır xatirə hansıdır?
- Mənim üçün ən ağır xatirə... Xocalı soyqırımıdır... Mən Xocalı
döyüşlərinin hamısında əvvəldən sona qədər iştirak etmişəm. Ağdam
batalyonu Xocalı hadisələrində çox itki verib. Hamı bilir ki, bizim
orada dağ kimi oğlanlarımız şəhid olub.
- Bəs müharibədə jurnalistlərin fəaliyyəti necə
idi?
- Əsgəranda güclü döyüşlər zamanı İngiltərədən bir jurnalist
gəlmişdi. Nə qədər eləyirdim, onu saxlaya bilmirdim, elə hey qabağa
qaçırdı. Kamera əlində çəkə-çəkə gedirdi döyüş bölgəsinə. Düzdür,
sağ qaldı, ölmədi. Bir də Naxçıvandan Fəridə adlı bir jurnalist var
idi, o da çəkiliş aparırdı. O da çox qorxmaz qadın idi.
- Jurnalistlərdən danışmışkən - Çingiz
Mustafayev...
- Çingiz bizim yanımızda vuruldu. Bircə onu deyim, Çingiz
Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər
vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər
vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib.
12 iyun tarixində Qurban bayramı günü idi, hələ də yadımdan
çıxmaz. Sabirabaddan Mirseymur adlı bir əsgər var idi. Seyid
idilər, atası qoyun kəsib gətirmişdi. Əti doğrayıb vurduq şişə,
ocağı yandırdıq, ocaq hazır olanda komanda verdilər, getdik.
Döyüşdə Allahverdi Bağırov bizi yığıb dedi ki, öndə özüm gedəcəm,
bir addım məndən irəli keçəni güllələyəcəm. Həmin döyüşdən sonra
bir çox kəndi aldıq. Allahverdi Bağırov yeganə komandir idi ki,
qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə az
qalsın, öz oğlunu güllələyəcəkdi. Bir dəfə kəndi alanda dedi ki,
birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa,
güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik. Orda
uşaqlar erməni "uçastkovu"nun evindən nərd götürmüşdülər. Gəlib onu
görəndə elə bildi ki, oğlu götürüb, istədi oğlunu güllələsin. Sonra
bildi ki, onu başqa biri oğurlayıb.
- Ən yaxın əsgər dostunuz kim idi?
- Mən Mirseymurun meyitini aparanda çox əzab çəkmişəm... Heç
onun şəhid olduğunu bilmirdim. Döyüşün səhəri günü hospitala
getdim. Meyitlərə bir-bir baxdım ki, görüm kim şəhid olub. Mənə çox
pis təsir elədi.
Bəzən olurdu, meyitin çox hissəsini tapa bilmirdik. Eləsinin bircə
başını tapırdıq. Mərmi düşüb parçalayırdı, hər parçasını bir yerdən
yığırdıq.
- Sizə son sözünü deyən olubmu?
- Mənim bir dostum var, Qəmlo deyirdik ona. Adı Füzulidir. Bunun
qolundan vurmuşdular, sol qolu sallanmışdı, gəldim xəstəxanaya,
gördüm ki, bunun qolunu kəsmək istəyidirlər. Mən də dedim, onun
qolunu heç kim kəsə bilməz. Mənim qulağıma sakitcə dedi ki,
Məhəmmədi - oğlumu sənə tapşırıram, ondan muğayət ol, ona əmilik
elə. Qoymadım onun qolunu kəssinlər. Zəng elədim, bir təyyarə, iki
vertalyot gəldi. Nəsə, yaralıları helikopterə yerləşdirib qalxdıq.
Yolda yenə mənə dedi ki, Məhəmmədi sənə tapşırıram.
Xocavənddə kəndə hücum elədik. Ermənilər kəndi tamamilə
boşaltmışdılar. Gəlib bir evə girəndə gördük ki, çoxlu əlaqə
aparatları var. Bütün aparatları gülləbaran etdik. Evdən çıxanda
arxadan bir hənirti eşitdim. Əsgər yoldaşlarıma dedim ki, burda
insan var. Gəlib küncdəki şkafın arxasına baxdım. Gördüm bir
qadındır, qucağındakı uşağın ağzını elə sıxıb ki, uşaq göyərib.
Bizi görən kimi uşağın ağzını buraxdı. Uşaq çığırmağa başladı.
Qadın tez diz çöküb yalvarmağa başladı. Onu ayağa qaldırdım.
Əsgərlər onu vurmaq istədilər, dedim dayanın, biz arvada güllə
atmağa gəlməmişik. Qadına rusca dedim ki, get o erməni şərəfsizlərə
de, biz qadına, qocaya güllə atmırıq. Biz uşaqları alnından
vurmuruq. Buraxdıq onu. Küçədə onun arxasınca baxdım. O qadın
bəlkə, 200 dəfə öldü. Elə bilirdi ki, onu vuracağıq. Sonra hamı
bildi ki, mən onu buraxmışam, dedilər, yaxşı eləmisən
buraxmısan.
- Son döyüşünüz nə vaxt olub?
- Son döyüşüm Ağdamda olub. Demək, şiddətli döyüşlər gedərkən
ağır texnikanı aparıb verdilər Gəncədə Surət Hüseynova. Bilmirəm,
nə məsələ idi. Biz texnika ilə Ağdamı qoruya bilərdik. Amma
əlimizdə silah-sursat yox idi. Erməni də üstümüzə zirehli texnika
ilə gəlirdi...