"Cəbhə xətti" layihəsinin bugünkü qonağı İsmayılov
Ələmdar İdris oğludur. 1960-cı ildə Ağdam rayonunun Qiyaslı
kəndində anadan olub, burada boya-başa çatıb. Sovet ordusunda
xidmət edib. 1989-cu ildən sərhədyanı kəndlərimizi ermənilərdən
müdafiə edib, könüllülər batalyonunda döyüşüb. Hazırda ailəlidir,
kamaz maşınlarının təmiri ilə məşğuldur.
Dedi ki, bu, vətən qanıdır...
- Ələmdar bəy, istərdik bizə ilk döyüşünüzdən danışasınız...
- Əvvəla, sizə təşəkkür edirəm ki, bizi ziyarətə gəlmisiniz.
Vallah, nə yalan deyim, bu 20 ildə birinci dəfədir bir jurnalistin
bizi yada saldığının şahidi oluram. Bunun üçün də başda sizə, sayt
rəhbərliyinə və bütün kollektivinizə təşəkkür edirəm. Qaldı ki, ilk
döyüşümə... İlk döyüşüm Fərrux dağı uğrunda olub.
İnanın, göydən od yağırdı, göz açmaq mümkün deyildi. O qədər
yaralı, şəhid vardı ki, insan dəhşət içində qalırdı. Biz
texnikasız, silahsız yüksəkliyi tuturduq. Di gəl, kömək gəlmirdi
deyə, yenidən ermənilər hücum edib o mövqeyi bizdən alırdılar. Biz
də məcbur qalıb geri çəkilirdik. Orada bizimlə bərabər cəngəvər
xanımlarımız da vardı. Bir dəfə əsgərlərdən biri yaralanmışdı, qan
içindəydi. Xanım döyüşçülərdən biri gəlib onun yarasını sarıdı,
əlləri qan içindəydi. Hamımız susuzluqdan məhv olurduq. Komandir bu
xanıma dedi ki, burada üzüm var, ondan su əvəzi ağzına at ki,
boğazın yaşlansın. Xanım əlləri qanlı-qanlı üzümü götürüb yedi. Mən
ona əsəbiləşdim ki, niyə əlinin qanıyla yeyirsən! Gözləri dolaraq
dedi ki, bu qan vətən qanıdır, bütün sulardan şirindir, mənim gözüm
yaralı əsgərdən başqa nəsə görmür. Bax bu, məni çox kövrəltmişdi.
Ümumiyyətlə, biz döyüşlərə girib o qədər qan görürdük ki, artıq
bizdə duyğular, acıma hissi itirdi.
Anama öldüyümü deməyin...
- Yanınızda son sözünü deyən olubmu
- Şahbulaqda dəhşətli döyüş oldu. Həmin döyüşdə taborumuzdan bir
qrupu ayırıb tank taboruna köməyə göndərmişdilər. Artıq ermənilər
həmin yüksəkliyi almışdılar deyə, biz Maqsudlu kəndinə qədər geri
çəkilib postlarımızı orada qurduq. Geridə vurularaq qalan
tanklarımızı da birtəhər sürüyüb post qurduğumuz yerə gətirdik.
Ermənilər başladılar Maqsudlu kəndinə hücuma, biz məcburən oradan
da çəkildik. Bax bu əməliyyatımız çox uğursuz olmuşdu. İnanın, bu
döyüşlərdə ac qalmışıq, ayaqlarımız batinkadan həftələrlə çıxmayıb.
Bir dəfə də Təpə döyüşləri oldu. Həmin bu yüksəkliyi aldıq bu
döyüşdə. Xeyli şəhid verdik, amma bir əsgərin dediklərini unuda
bilmirəm. O əsgəri minaatanla vurmuşdular, qarın hissəsini minaatan
aparmışdı, bağırsaqları yerdə idi. Nəysə bağırsaqların yerdən yığıb
xərəyə qoyanda ona iynə vurdular, gözünü açıb dedi ki,
atamın-anamın bir dənəsiyəm, anama öldüyümü deməyin, itkin
düşdüyümü deyin... Sonra gözlərini yumdu.
- Heç erməni əsir tutmusunuzmu
- Döyüşlərin birində komandirimiz Qələndər bəy bir ermənini
"Ural" maşınıyla, qumbaraatanıyla birgə əsir götürmüşdü, həmin
erməni qolundan yaralanmışdı. Biz onu müalicə etdirdik, sonra
əsirlərlə dəyişdik. Sizə Şelli döyüşlərindən bir xatirə danışım,
orada da dəhşətli döyüşlər oldu. Bizi əmin elədilər ki, sağdan və
soldan müdafiə edəcəklər. Birdən gördük mühasirəyə düşmüşük, amma
ətrafımızda kimsə yoxdur. Bu vəziyyətdən bizi komandirimiz Qələndər
bəy çıxardı. Onun doğru taktikası bizim oradan çıxmağımıza şərait
yaratdı.
O şəkildəkilərin çoxu aramızda yoxdur
- Bəs döyüşlə bağlı dodaqqaçıran xatirləriniz
varmı
- Bir Qara Şakir var idi. Bir dəfə toplaşmışdıq şəkil
çəkdirməyə. Birdən Şakir hamımıza dedi ki, hər kəs bir dənə tək
şəklini çəkdirsin. Dedik, niyə axı, tək şəkli nə edəcəyik Dedi,
onsuz da, hamımız ölcəyik, heç olmasa, mağardan asarlar,
başdaşımıza vurarlar. Gülüşdük, Şakir bunu zarafata desə də,
həqiqət idi. Bu gün həmin o şəkil çəkdirənlərdən çoxu aramızda
deyil.
- Ələmdar bəy, sizin xatirinizdə xüsusi şücaəti ilə
kimlər qalıb
- Mənim yadımda qalanlardan birincisi komandirimiz Qələndər
idi... O, həmişə əsgərdən qabaqda gedərdi, kimsəni özündən bir
addım qabağa buraxmazdı. Hətta onu bir ara başqa vəzifəyə
göndərdilər, bizim taboru başqa bir komandir döyüşə apardı. Amma
bütün tabor ayağa qalxıb onu tələb edərək, geri gətirtdi. Məsələn,
bizim çoxumuzun bu gün sağ qalmağımızın səbəbi öncə Allah, sonra
Qələndər bəyin düzgün taktikaları olub. Bizdə xanım döyüşçülər də
var idi. Daşkəsəndən Şəlalə xanım, Zaqataladan Tutu xanım vardı.
Onlar Milli Qəhrəman olacaq qədər cəngavər idilər.
Aclıqdan buğda yeyirdilər...
- Ən çox hansı döyüşdə həyəcanlandınız
- Mənim ən çox həyəcan keçirdiyim vaxt ermənilərin doğulduğum
kəndi işğal etdiyi gün idi. Bizim kəndi başqa taborlar qoruyurdu,
biz isə başqa kəndləri. Xəbər gəldi ki, kəndiniz işğal olundu.
Məsafə uzaq olmasına baxmayaraq, gördük ki, kəndimizdə erməni
tankları var, evlərdən qara tüstü çıxırdı, yandırırdılar. Evləri
qarət edirdilər. İlk dəfə dönüb çarəsizcə kəndimizə baxanda
hönkür-hönkür ağladım. Bir də qardaşım, komandirim Qələndərin
yaralandığı gün həyəcanım olub. Düzü, kövrəlirəm, bunu danışmaq
çətindir. Deməli, Qazançı döyüşü idi. Komandirimizlə birgə kəndin
yaxınlığında post qurduq, amma döyüşün tam ortasında Qələndər öz
bölüyü ilə getdi. Arabir bizə əlaqə ilə deyirdilər ki, minaları
təmizlədik, yaralıları göndərdik. Nəsə, biz kəndin girişində
durmuşduq, gördük ki, bizim "Qaz 66" maşınlardan biri gəlir. Mən nə
baş verdiyini soruşdum, dedilər, iki yaralımız var, onları
hospitala çatdırmalıyıq, məndən maşındakının qardaşım olduğunu
gizlədilər. Bu maşın bizdən 2 km uzaqlaşandan sonra Qələndər ayılıb
deyib ki, qardaşımı – Ələmdarı çağırın, gəlsin. Mənə əlaqədə
dedilər ki, filan yerdə qardaşın yaralanıb, gəl. Tez yanımızdakı su
maşınına minib getdim. Gəlib Qələndəri demək olar parçalanmış
vəziyyətdə gördüm, hər yeri dəlik-deşik idi. Böyük qardaşım Əli
doktoru da çağırıb onu hospitala apardıq. Amma cərrah üzümüzə baxıb
ümidsizcə başını yellədi. Əməliyyat başladı. Mən əməliyyatı izləmək
üçün xəstəxananın pəncərəsindən boylanırdım. Bir də gördüm, cərrah
qardaşımın bütün iç orqanlarını kapron tasın içinə qoydu. Bu,
dəhşətli idi, ilahi, insanın qarın boşluğu necə də bom-boş
görünərmiş. O anda mən özümdən getmişəm, sonradan məni ayıltdılar.
Təbii ki, qardaşım sağaldı, ondan sonra daha uğurlu əməliyyatlara
başçılıq etdi. Biz ailədə 5 qardaş idik, dördümüz orduda
vuruşmuşuq. Dördümüz də ailəli olsaq da, hər şeydən öncə vətəni
düşünmüşük.
- Ələmdar bəy, neçə il döyüşmüsünüz Döyüşdüyünüz vaxt
ərzində yaralanmısınızmı Və sonuncu döyüşünüz...
- Sonuncu döyüşümüz Təpə döyüşləri olub, ermənilər orada çoxlu
itki verdilər. Biz oranı almışdıq, amma kömək gəlmədi deyə, düşmən
həmin əraziləri yenidən işğal etdi. Uşaqlar döyüşdə o qədər ac
qalmışdılar ki, taxıllıqda buğda ovuşduraraq yeyirdilər. Mən
1992-ci ildən 1994-cü ilədək döyüşmüşəm. Heç yaralanmamışam.
1996-cı ildə təxris olmuşam.
- Bugünkü gəncliyə sözünüz nədir
- Gənclərimizə son sözüm budur ki, vətəni şou yaratmadan
sevsinlər. Həqiqi vətənpərvər olsunlar, məsələn, mənə bu gün silah
versələr, hamıdan qabaqda özüm gedəcəm Qarabağa. Bu həyatda tək
arzum var torpaqlar qayıtsın, mən orada ölüm, doğulduğum kənddə
dəfn olunum.