"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Məmmədov Elşən Məmməd oğludur. O, 1965-ci ildə Ağdam
rayonunda anadan olub. Burada boya-başa çatıb. 1983-1985-ci illərdə
Sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Daha sonra vətənə
qayıdaraq müxtəlif işlərdə işləyib. Bir müddət diş həkimi
işlədikdən sonra Ağdam rayon polis idarəsində çalışıb.
Ailəlidir.
Bizi bu döyüşdə səhv yönləndirdilər...
- Elşən bəy, siz Qarabağ döyüşlərində polis kimi
vuruşmusunuz. Necə oldu döyüşlərə atıldınız?
- Əvvəla, sizi salamlayıram və demək istəyirəm ki, mən hər gün
Axar.az saytını oxuyuram. Əsas da "Cəbhə xətti" layihəsinin
oxucusuyam.
1990-cı ildə Ağdam rayon polisinə işə girərək sivil polis kimi
fəaliyyətə başlamışam. Müharibə haqda ilk dəfə bizə xəbər edildi.
Dedilər, Ağdərə rayonu ərazisindəki torpaq sahəsində vətəndaşları
öldürüblər. Hamımıza tapşırdılar ki, polis formasında olaq. Mən ilk
polis formasını da onda geyinmişəm. Hamı çaşıb qalmışdı ki, sən
polisdə işləyirmişsən, biz bilmirmişik. Bu, mənim ilk əməliyyatım
olub. Bir dəfə də bizi Gəncəyə apardılar. 150 nəfər olardıq.
Dedilər ki, Xankəndinə hücum olacaq. Guya bizimlə OMON-çular ora
getməlidir. Sonra ora Bakı polisini yolladılar, bizi geri
qaytardılar. Ən ağır günlərimiz Cəbrayıl rayonunda ezamiyyətdəykən
olub. Zamzurq, Balamzurq, Daşbaşı kəndləri olmaqla 11 kəndi
boşaltdıq. Cəbrayılın o vaxtkı rəisi Rəşid Mahmudov idi, çox güclü
adamıydı. Şəxsən özü irəlidə gedirdi. Cəbrayılın bir yüksəkliyində
ermənilərin postu var idi. Heç cürə girə bilmirdik ora. Bir həftə
içində oranı da aldıq.
- Bəs polislə hərbçinin bu döyüşlərdəki fərqi
nədir?
- Polislə hərbçinin fərqi onda idi ki, silah əsas bizdə idi, biz
harasa hücum edib alırdıq, təhvil verirdik əsgərə. Bizim o vaxt
Ağdam polis batalyonu da var idi. Mənim Cinli kəndində çox
həyəcanlı günlərim olub. Bizi bu döyüşdə səhv yönləndirdilər.
Əlimizdə də hər texnikamız var idi. Amma ermənilər yüksəklikdə
dururdular. Döyüş başladı, artilleriya atmağa başlasa da, hava
dəstəyi olmadı. Uğursuzluğa düçar etdilər bizi. Bütün rayonların
polisləri vardı orda. Bizim uşaqları ermənilər yuxarıdan vurur, göz
açmağa imkan vermirdi. Biz tankın içindən polislərin başından,
belindən vurulduğunu görürdük, geri də çəkilə bilmirdilər. Sağ
olsun komandirimiz Faiq Baxşəliyevi, onun sayəsində uşaqların 90
faizi sağ qala bildi.
Şəhid anası erməni əsiri güllələdi
- Başqa hansı çətin döyüşləriniz olub?
- 1992-ci ildə bizə əmr gəldi ki, səhər hücum olacaq. Gecəni
yuyundum ki, səhər ölsəm, tər-təmiz ölüm. Bütün uşaqlar bunu
düşünürdü. Səhər girdik döyüşə. Dəhşətli döyüşlər gedir, amma biz
tanka benzin tapa bilmirik. Kənd camaatı ordan-burdan benzin tapıb
gətirdi. Benzin az idi deyə, şumluqla yox, asfalt yolla getdik.
Ata-ata gedirdik, amma bir az geridə qaldığımız üçün qabaqda nələr
olduğunu bilmirdik. Tək bildiyim buydu ki, erməni kəndini də
almışıq. Ala Yaqubun dəstəsi, Fred Asifin dəstəsi də oradan
keçmişdilər. Bir ferma var idi, fermaya yaxınlaşanda minaya düşdük.
BTR-in içində yeddi nəfər vardı. Sürücümüz rəhmətlik Rövşən
Cavadovun dayısı oğlu Elxan idi. İki nəfər yaralanmışdıq, bir
nəfərimizin dabanını mina aparmışdı, mən də başımdan yaralanmışdım.
Erməniylə məsafəmiz 100-150 metr olardı, artıq ermənilər atmağa
başlamışdılar. Biz həm ayağını itirən yaralını çıxarmaq istəyirdik,
həm də atışırdıq. Həmin yaralı dostumuzu ermənilər vurdu, şəhid
oldu. Biz onu oradan çıxara bilmədik, texnikamız da orada qaldı.
Mənim ayağım da sınmışdı, həm də yaralı idim deyə, hospitala
apardılar. Təzə sağalmışdım ki, Xocalı faciəsi baş verdi. Yaralı
olmağıma baxmayaraq, yenidən işə çıxdım. Xocalıda yaralananları,
şəhid olanları məscidə, hospitallara daşıyırdıq. Çünki həmin
ərazilərdə post vardı, o posta polislər nəzarət edirdi. Hətta iki
xanım döyüşçümüz var idi. İntiqam almaq üçün gəlmişdilər. Ancaq biz
onları qoymurduq irəli. Deyirdilər ki, heç olmasa, izn verin, sizə
yemək bişirək. Sonra dedilər ki, erməni əsiri gətirin, onları biz
öldürək, oğullarımızın intiqamın alaq. Bu xanımlar Əsgəranda ilk
şəhid olan əsgərlərimizin – Bəxtiyarla Əlinin anaları idilər. Bir
dəfə biz Ağbulaq istiqamətində hücuma keçmişdik, oradan erməni
döyüşçünü silahıyla birgə əsir götürdük. Bəxtiyarın anası həmin
əsiri güllələdi. Biz o anaya söz vermişdik ki, sizə əsir
gətirəcəyik. Və gətirdik də!
- Hansı dəhşətli səhnəni unuda bilmirsiniz?
- Bir dəfə Daxili Qoşunlarla birgə hərəkət edirdik. "Qrad"ları
maşınlara yığırdılar. Bu əsnada əsgərlərdən biri həmin maşının
kabinində əyilib nəsə edirdi, anidən maşındakı "snaryad"lardan biri
açıldı. Bu "snaryad"lar açılanda içindəki pər fırlana-fırlana
gedir. Həmin pər gedib o əsgərin belini ülgüc kimi kəsib apardı. O,
yerə uzanıb qışqırırdı, bütün daxili orqanları görünürdü. Bir
insanın ürəyini, ciyərini belindən görmək dəhşət idi. Ancaq "ana,
yanıram, yanıram", - deyirdi. Hospitala çatdırsaq da, heç kim ona
çarə qıla bilmədi. Cərrah da dəhşət içində idi. Həmin əsgər "ana,
ana" deyə-deyə canını tapşırdı.
Ermənilər kompüter sistemi ilə işləyən tanklar
gətirmişdilər
- Elşən bəy, sonuncu döyüşünüz nə vaxt
olub?
- Yadıma gəlir ki, sonlarda mən "Qrad" atmağa başladım.
Bildiyimiz kimi, müharibənin allahı da artilleriyadır. Bizə
koordinatlar verirdilər ki, filan yeri vurmalısınız. Biz də necə
lazımdı, oranı vurub məhv edirdik. Bağbanlar istiqamətində döyüş
gedirdi, ermənilərə təzə, kompüter sistemi ilə işləyən rus tankları
gətirmişdilər. Mən də "Qrad" maşınıyla tək gedirdim. Mənə işarə
elədilər, başladım atmağa. Üç "Qrad" atmışdım ki, ermənilər məni
həmin tanklarla vurmağa başladılar. Hər tərəfdən atırdılar. Oradan
necə çıxdığımı bilmirəm, amma maşınımı vurdular, hətta "Qrad"
borularından birini də zədələmişdilər.
- Nə vaxt cəbhədən qayıtdınız?
- Biz erməniylə atışmanı 1995-ci ildə dayandırdıq. Amma
sərhədyanı yerlərdə yenə postlarda durmuşduq. 2000-ci ildə polisdən
tərxis olundum. Hazırda 130 manat prezident təqaüdü, 370 manat
ikinci qrup əlili kimi pul alıram. Ağrımadığım günlərdə isə
taksiçilik edirəm.