Türmə
əhvalatları
Cavad çox istəyirdi ki, ona Pələng desinlər. Amma bütün
cəhdləri boşa çıxırdı. Ona adı ilə müraciət edirdilər. Ara-sıra
"Pələng" deyə üz tutanların isə məqsədi vardı. Bu, əslində, ondan
bəhrələnmək istəyənlərin jesti idi.
Bilirdilər ki, "Pələng" sözünə görə Cavad onlara qulaq asacaq,
istəklərini cavabsız qoymayacaq. Amma bu da özünü çox vaxt
doğrultmurdu, Pələng tülkü kimi hiyləgər idi.
Nadzorların qoşulduğu yarışlar
...10 saylı CÇM-in taxta barakı və klubun arasında idman
meydançası var idi. Burada günün müxtəlif vaxtlarında futbol və
voleybol yarışları keçirilərdi. Əhllər (Əhl - regionlar üzrə
qruplaşan kiçik icmalar) və seçmə komandalar arasında baş tutan bu
oyunların arxasında hansısa maraqların olması heç kəsə sirr
deyildi. Dustaqların, eləcə də həbsxana işçilərinin maraqla
izlədiyi bu oyunlar, əslində, qumar kimi bir şey idi. Sözsüz ki,
oyun bitənə qədər müxtəlif mərclər olurdu. Məsələn, hansı oyunçu
qol vuracaq, hansı komanda udacaq və sair. Mərclər isə bir qutu
siqaretdən tutmuş 1000 manata qədər olurdu. Adlarına "aralıq
uşaqları" deyilənlər bacardıqca kənardan edilən mərcləri
öyrənirdilər. Hər bir mərcin hesabı aparılırdı. Ortadakı pulun 20
faizi "qaraya" gedirdi. "Qara" – mərclərdən "abşak"ın xəzinəsi üçün
nəzərdə tutulan pula deyilirdi. Bu pullar əsasən "krıtıda" olan və
yaxud ömürlük həbs cəzası alan, kimsəsiz, ehtiyacı olan "yaxşı
oğlanlar"a sərf olunurdu. Amma belə söz-söhbət gəzirdi ki, toplanan
pulların, "qrev"lərin yarıdan çoxu içəridə söz sahibi olan,
bərkgedən dustaqlar tərəfindən mənimsənilir. Bu isə söz-söhbətə
səbəb olurdu:
- Necə olur, filankəsin yanına gələn yoxdur, amma bahalı siqaret
çəkir, filan qədər pul xərcləyir, yemək-içməyi boldur?!
Bu söz-söhbət bir-birinə ürək qızdıran adamların arasında
aparılırdı. Çox adam isə risk edib aşkar danışmazdı. Amma "yerin də
qulağı var" deyimi burada özünü doğruldurdu, söz-söhbət ünvana
çatırdı, qulaqları dalayırdı.
"Pələng" ayamasının dillərdə əzbər olmasını istəyən Cavad da
futbol oyununun mərclərində iştirak edər və həmişə də mərci
aparardı. Daim Cavadın ətrafında olan Sarı ləqəbli göygöz Mustafa
deyirdi ki, Cavad gərək özünə Pələng dedirtməsin. Əslində, o, tülkü
kimi hiyləgərdi.
Onun dediklərində həqiqət var idi. Çünki hər bir ad dustağa onun
əməlinə, xarakterinə, işinə, sosial mənşəyinə görə verilirdi. Bir
də görürdün ki, özündən xəbərsiz artıq sənə təxəllüs seçiblər.
Cavadın mərci aparmasının isə səbəbi çox sadə imiş. Bu heç də
onun intellektinə, futbol biliyinə, oyunu, oyunçuları tanımasına
görə deyilmiş. O, hər komandadan bir oyunçu ilə işbirliyi qurubmuş.
Həmin oyunçu qapıya yaxın yerdə rəqib oyunçuya qarşı kobudluq edir,
rəqib komandaya cərimə zərbəsi qazandırırmış. Nəticədə 7 metrlik
cərimə zərbəsi ilə qapılarına qol vurdururmuş (meydan balaca olduğu
üçün mini futbol oynanılırdı). Beləliklə, Cavad mərci udur və bu
uduş "kobud" oyunçu ilə tən yarıya bölünürdü.
Sarı deyirdi ki, onun fırıldağı bilinir, sübut olunsa, onu və
onunla işbirliyi quran oyunçuları vuracaq. Pələng isə vurulmurdu,
əksinə, söhbətlərdə iştirak edir, "razborka"larda söz sahibi olaraq
"ponyatka" verir, yaxşı oğlan kimi yerini möhkəmləndirirdi.
Nəzarətçilər və zabitlərdən də Cavaddan zəhləsi gedənlər çox
idi. Olmuşdu ki, onların da öz aralarında mərc gəldikləri komanda
Cavadın "taktiki" gedişi nəticəsində süni şəkildə uduzmuşdu.
Əslində, onlar Cavadın dustaq qanunları ilə vurulmasında daha çox
maraqlı idilər.
Bir dəfə Kazım adlı bir "aralıq uşağı" Pələngin bir neçə gün
məyus gəzməyinin səbəbini xəlvətcə mənə dedi:
- Şair, bu axşam Pələngin söhbəti olacaq. Bundan qabaqkı
"xodka"larında da fırıldaqları varmış. Burada da oyuna müdaxilə
etməsi üzə çıxıb. Heç kəs bilməsin, bəlkə sabah o, "Qaragündə"
yemək bişirdi (Qaragün – dustaqların özləri üçün yemək
hazırladıqları ümumi mətbəxə deyilirdi. Burada yemək hazırlamaq
əskiklik deyildi. Amma "strimit" edənlər, özlərini həbsxana
həyatının daimi sakini sayanların yeməyi "şustryaklar" tərəfindən
hazırlanardı).
Oyunlar hər gün gedirdi. Cavad isə gözə dəymirdi. Bir dəfə
dostum və "xlebnikim" Aqillə onu cəza evinin məscidinin qarşısında
gördük. Başında ağ əski təsək, kranda dəstəmaz alırdı. Aqil zarafat
etdi:
- Deyəsən, haqqın qapısı üzünə açılıb, namaz qılırsan, başqa
fırıldağın olmasın...
Cavad güldü:
- Ay "zemi", nə fırıldaq, Allah evinin qapısı hamının üzünə
açıqdır. Geci-tezi var, Allah bağışlayan, günahlardan keçəndir,
yetər ki, ibadətindən qalmayasan, tövbə edəsən - mənim kimi. -
Sonra mənə xitabən: - Şair, düz demirəm? – soruşdu.
Onun düz dediyini təsdiqlədim və əlimi zarafatla onun arxasına
vurdum. Məşhur atalar sözünə əlavə və redaktə edib dedim:
- Pələng, məsəl var e, deyir, yel buraxan əzaya tövbə
olmaz...
Gülüşdük. Söz verdi ki, axşam namazından qabaq tibb məntəqəsinə
gələcək, söhbət edərik, indi isə namazın vaxtıdır.
Gəldi. Xeyli söhbət etdik. Birdən əsəbi halda dedi:
- Bu Naftalanın axundu vardı ha, nəşə, tiryək satdığına görə
tutmuşdular e, axı məsciddə mollalıq edir. Ona dedim ki, maştağalı
dindar bir oğlan var, "Yasin" surəsini səndən təmiz, səlis və
düzgün oxuyar. Dedi, ola bilməz. Nə isə, bir blok siqaretdən
mərcləşdik. Oxudular. Mərci mən uddum. İndi bu adam mənim uduşumu
vermir. Deyir, ay Pələng, mərci edəndə gərək yanımızda "göz"
olaydı, "qaranın" payını verəsən, sən tülkülük edirsən! Siz deyin,
mən ona nə deyim?
- Ay Cavad, sənə dedik axı, sən tövbə edə
bilməzsən...