"Soraq"
layihəsində:
Rəsmiyyə Sabirlə çoxdan idi ki, görüşmürdüm. Yox, o, heç
də ölkəni tərk etməyib, paytaxtdadır. Elmlər Akademiyasının
İqtisadiyyat İnstitutunun elmi katib vəzifəsində çalışır. Eyni
zamanda da ali məktəb auditoriyalarında görünür, amma çoxdandır ki,
ədəbi mühitdə nəzərə çarpmır desəm, yanılmaram. Bəlkə də, bu, belə
deyil, amma bununla belə Rəsmiyyə Sabir imzasının sorağına düşdüm.
Onunla "Soraq" layihəsində həmsöhbət olmaq üçün Elmlər
Akademiyasındakı iş otağında səxavətlə açdığı çay süfrəsinin qonağı
oldum. Sözarası işlərinin çox olduğunu demişdi, elə buna görə də
ilk sualımı da bu istiqamətdə qurdum:
Heyrətdən məmnun oluram
- Elmi işlərin bədii yaradıcılığına nə qədər mane olur?
Maşallah, gəncsən, amma vaxt tapıb ictimai işlərdə də öndə ola
bilirsən, yorğunluq olmur ki?
- Təbii ki, elmi işlərim ədəbi yaradıcılığıma mane olur.
Yaradıcılığa istədiyim qədər vaxt ayıra bilmirəm. Lakin şikayətçi
deyiləm. Elm də yaradıcılıqdır. O ki qaldı sualın ikinci hissəsinə,
əslində yoruluram, lakin gördüyüm işlərdən zövq aldığım üçün
yorğunluq arxa plana keçir.
- Sən daha çox şairsən, yoxsa iqtisadçı alim? - sualımla
xanım şairənin özünü hansı sferada daha rahat hiss etdiyini
öyrənmək istədim.
- Bu sualı mənə tez-tez verirlər. Rəsmiyyə Sabiri tanıyan
insanlar iqtisadçı, həm də iqtisad üzrə fəlsəfə doktoru, dosent
olduğumu biləndə təəccüblənirlər. Bəzən iqtisadçı Rəsmiyyə
Abdullayevanı (Əşrəfova) tanıyanlar da mənim yazar Rəsmiyyə Sabir
olduğumu biləndə heyrətlənirlər. Düzünü desəm, bu heyrətdən məmnun
oluram. İnsanları yaxşı nəsnələrlə heyrətləndirmək gözəldir. Çünki
artıq "bilik iqtisadiyyatı", "kreativ iqtisadiyyat", "informasiya
iqtisadiyyatı" əsrində yaşayırıq. İnsanları yaxşı nəsnələrlə
təəccübləndirmək çox çətindir. Mən həmişə deyirəm ki, şair
doğulurlar, iqtisadçı olurlar. Hər halda çalışıram yaxşı alim,
yaxşı yazar olum.
- Ümumiyyətlə, hansı işlərlə məşğulsan? Nə qədər ictimai
işlərlə gözə dəysən də, görünmürsən əvvəllərə
baxanda...
- Hazırda Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda
elmi katib vəzifəsində çalışıram. Çox məsuliyyətli və ağır işim
var. Vaxtımın çoxu buna sərf olunur. Ali məktəbdə dosent olaraq
çalışıram. Çoxlu sayda bakalavr, magistr və doktorant hazırlayıram.
Elmlər doktorluğu üzrə dissertasiya işinin üzərində çalışıram.
Üstəgəl yaradıcılıq. Ən əsası ailəm və qızım. İndi sualın cavabı
aydındır, məncə.
Rəsmiyyənin elmi labarotoriyadan yaradıcılıq masasının arxasına
gətirməyin lazım olduğunu düşünürəm. Mənə elə gəlir ki, xanım yazar
elm sahəsindən bəhs edərkən həddindən artıq ciddi görünür:
O insanları görmək çox xoşdur
- Əvvəllər bəstəkarlar şeirlərinə tez-tez müraciət
edərdi, indi necədir, alim olduqdan sonra onlarla az-az təmas
qurursan, deyəsən.
- Yox, niyə ki? Mənim 100-dən çox şeirimə mahnı bəstələnib.
Azərbaycanın ən gözəl ifaçıları da o mahnıları oxuyub. Hətta mənim
şeirlərimə yazılan mahnılardan ibarət disk və kaset də işıq üzü
görüb. Mən bütün mahnı mətnlərimi bir kitabda - "Unutdun məni"də
cəmlədim. İndi də şeirlərimə musiqi bəstələnir, lakin düz deyirsən,
bu, əvvəlki qədər deyil. Çünki əvvəllər "balvanka", yəni musiqiyə
söz yazardım, indi buna vaxtım yoxdur. Həm də indi mahnıların çoxu
peşəkarlar tərəfindən yazılmır. Bu da bayağı mahnıların yaranmasına
səbəb olur. Bir də görürsən, söz, musiqi, ifa – hər üçü eyni adama
aiddir. Nəticə də uğursuz olur. Bir neçə dəfə səsləndikdən sonra
unudulur bu mahnılar. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki,
mənim sözlərimə yazılan elə mahnılar ("Unutdun məni", "Uzaqda",
"Əlvida", "Cəmilə", "Unuda bilməyəcəksən", "Aldatmayaq" və s.) var
ki, onlar illərdir oxunur və oxunacaq da. Məncə, hər bir işi
peşəkar görməlidir.
Bəlkə, xanım yazarı provokasiyaya çəkim, deyə fikirləşirəm:
- AYB-nin divarları arasında görünmürsən, küsməmisən
ki?
- Niyə, bu yaxınlarda iki tədbirdə iştirak etdim. Tanınmış şair,
publisist, tərcüməçi Anna Bartkulaşvilinin kitablarının təqdimatını
keçirtdik. Bundan başqa, Türk Dünyasından gələn qonaqlarımızla
birlikdə bir simpoziumda iştirak etdik. Sadəcə, vaxtın azlığından
tədbirlərin çoxuna qatıla bilmirəm. Mən AYB-nin üzvü olmaqla
yanaşı, həm də "Ulduz"un redaksiya heyətinin üzvüyəm. Ara-sıra
vaxtım olanda çalışıram tədbirlərdə iştirak edim. AYB-də çalışanlar
arasında çox dəyər verdiyim insanlar var. Ən azından ora gedəndə o
insanları görmək çox xoşdur. Həm də hər yaşın özünün
qanunauyğunluqları var. İndi işlərim, qayğılarım daha çoxdur.
Həyat kin saxlayacaq qədər uzun deyil
- Ümumiyyətlə, küsməyi necə, bacarırsan?
- Təbii. Ataların yaxşı sözü var. "Uman yerdən küsərlər". Mən də
bu cür düşünənlərdənəm. Ancaq kinli adam deyiləm. Şair qəlbi kövrək
olur. Bir xoş sözlə də bütün umu-küsünü unuda bilərəm. Ümumiyyətlə,
xaraktercə, məni tanıyanlar bilir, səbirsiz olsam da, kin saxlamaq
mənə görə deyil. Həyat kin saxlayacaq qədər uzun deyil. Qısa ömrü
gözəl olan şeylərlə bəzəmək lazımdır.
- Səncə, ədəbiyyatımızın başına dolananlar çoxdur, yoxsa
başını ədəbiyyatla qatanlar?
- Məncə ikinci. Ədəbiyyatın başına dolanmaq fanatiklərin işidir,
onların da sayı bəllidir ki, çox olmur.
Ədəbiyyatı kütlə deyil, fərdlər yaradır
- Qadın yazarlarımızın çoxunda ədəbiyyat ulduzu olmaq
həvəsi güclənməkdədir. Səncə, onlar ədəbiyyata bir şey verə
bilir?
- Ədəbiyyatda cins bölgüsü aparmağa qarşıyam. Həmişə bu fikirdə
olmuşam və bu fikirdə də qalıram. Ədəbiyyatda zəif, güclü (istedad
anlamında) yazar anlayışı olmalıdır, nəinki kişi və ya qadın yazar.
Yazarın qadın olması onun istedadının azlığına bəraət
qazandırmamalıdır. Azərbaycan ədəbiyyatında kifayət qədər istedadlı
yazarlar, o cümlədən də qadınlar var və onlar ədəbiyyata xidmət
edirlər.
- Kişi yazarları ona görə soruşmadım ki, həmcinslərinin
axınına münasibəti bilmək istədim.
- O ki qaldı kütlə halında ədəbiyyata gəlməyə. Buna yaxşı
baxmıram. Ədəbiyyatı kütlə deyil, fərdlər yaradır. İndi təkcə
ədəbiyyata deyil, musiqiyə də kütləvi axın var. Bu cür kütləvilik
keyfiyyətə xələl gətirir. O şeylər ki, asanlıqla əldə olunur, o
zaman istənilən keyfiyyət olmur. Əvvəllər çox az sayda oxuyan
vardı, ancaq hamısı bir-birindən gözəl səslər idi. Diqqət edin,
Anatolu Qəniyev, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə,
Yalçın Rzazadə və s. Hər birinin səsinin rəngi var. İndiki səslərin
çoxunun rəngi yoxdur. Doğrudur, indi də gözəl səsli müğənnilərimiz
var, ancaq azdır.
O insanlar xoşbəxtdir ki...
- Sən ciddi xanımsan, yerini bilənsən. Bəs oxucuların,
qələm dostların yazar olaraq sənə dəyər və yer ayıra
bilirmi?
- Mənim çox gözəl dost çevrəm var. Siz də onları tanıyırsınız.
Azərbaycanımızın ən istedadlı və vətənpərvər gəncliyidir onlar.
Bir-birimizə dəyər verdiyimiz üçün dost, hətta ondan da ötə,
bacı-qardaş olmuşuq. Ən çətin və xoş anlarımızı, uğurlarımız,
itkilərimizi paylaşa bilirik. Belə bir deyim var: "Həyat
paylaşdıqca gözəldir". O insanlar xoşbəxtdirlər ki, onların yanında
səmimi, təmənnasız dostları var. O ki qaldı oxucularıma, bu haqda
da şikayətim yoxdur. Bəzən deyirlər ki, indiki nəsil kitab oxumur,
ədəbiyyata həvəs göstərmir. Bu fikirdə müəyyən qədər həqiqət var,
lakin zamanı da nəzərə almaq lazımdır. Əvvəldə də dedim,
"informasiya iqtisadiyyatı" əsrində yaşayırıq. Təbii ki, bəzi
şeylər dəyişəcək. Müasir nəsil informasiyanı daha çox internetdən
alır. Şeirləri orada paylaşırlar, münasibət bildirirlər. Dəfələrlə
təsadüfən gənclərin mənim şeirlərimi paylaşaraq münasibət
bildirdiklərini görmüşəm. Bu, məni çox sevindirib.
Rəsmiyyə xanımın bir müddət siyasətlə məşğul olması da yadıma
düşür. Cavablarında da bu hiss olunur, mənim verdiyim suallara
verilən cavablar ciddiliyi ilə yadda qalır. Amma olsun, yenə də
istədiyimi almaq niyyətindəyəm, qarışdırıcı suala üstünlük
verirəm:
- Səncə, ədəbi aləmdə yaşlı nəsil gənclərə yer göstərib,
yaxud onlara öz yerlərini tapmaq üçün şərait
yaradıbmı?
- Yeri heç kəs heç kəsə verməməlidir, o yeri sən özün
istedadınla və zəhmətinlə qazanmalısan. Təbii ki, ədalətli rəqabət
mühitində. Təkcə ədəbiyyatda deyil, həyatda da özün o yeri
qazanmalısan ki, sonradan orada qərar tuta biləsən. Yaşlı nəsil
hamıya deyil, bəzilərinə şərait yarada bilər. Təəssüflər olsun ki,
bəzən istedadlıya yox, istedadsızlara şərait yaradılır. Bu zaman
ədəbiyyat itirir, kimlərsə qazanır.