Ana səhifə Reportaj |
Bu, 44 günlük Vətən savaşı ilə bağlı ilk sənədli romandır. Roman müəllifinin oğlu və qardaşı oğlu ilk günlərdən döyüşlərə qatılıb və Şuşa uğrunda savaşlara qədər iştirak ediblər (Müəllifin qardaşı oğlu şəhid olub).
Roman faktlar, sənədlər, döyüşçülərin xatirələri, real döyüş əməliyyatları əsasında qələmə alınıb.
Beləliklə, Kult.az tanınmış yazıçı Etibar Muradxanlının “Dəmir Yumruq əməliyyatı 44” adlı sənədli romanının kiçik ixtisarla dərcinə başlayır.
Əvvəli BURADA
Şuşa şəhərinə girmək haqqında konkret tapşırıqlar alan xüsusi təyinatlı qruplar müxtəlif istiqamətlərdən fəaliyyətə başladı. Xüsusi təyinatlıların tabor komandiri mayor Zaur Rəhimov öz qrupu ilə Laçın dəhlizini yarıb keçərək, Şuşa şəhərini çöl yolla arxa tərəfdən adlayıb Xankəndi tərəfdən şəhərə yaxınlaşacaqdı. O, Xankəndi tərəfdən Şuşaya yardıma gələn düşmənin yolunu bağlayacaq, Şuşa şəhərinə Şuşa Qalası tərəfindən qalxıb, Şuşa Qalasını tutacaq, digər qrup komandirləri ilə əlaqəli şəkildə sürətli hücumla şəhərə daxil olacaqdı...
Düşmən Şuşa şəhərinə aparan yollara nəzarəti itirmək qorxusu ilə yaşayır, Laçın tərəfdən gəlib Şuşa şəhərindən keçərək Xankəndiyə gedən yolu da, Şuşa şəhərinə girmədən çöl yolla Laçın dəhlizinə paralel keçən yolu da hər iki istiqamətdə - həm Laçın, həm də Xankəndi - çoxlu sayda texnika və canlı qüvvə toplamaqla nəzarətdə saxlamağa çalışırdı. Saysız-hesabsız istehkamlar və müdafiə qurğuları ilə şəhəri işğalda saxlamaqda davam edə biləcəyinə inanırdı.
Qrup komandiri mayor Zaur Rəhimov asfalt yolun yüz əlli-iki yüz metrliyində dayanmaq əmri verdi. Sıx meşələr və keçilməz dağ yolları ilə dayanmadan hərəkət etməkdən əldən düşmüş, nəfəsləri kəsilən əsgərlər yaş torpağın üzərinə uzanıb, alatoranda düşmənin dəhliz boyu hərəkətini izləməyə başladılar. Səhərin erkən, yuxunun şirin vaxtı olsa da, düşmən yatmamış, hərbi texnika dəhliz boyu dayanmadan hərəkət edir, əsgərlər yol kənarlarında ekskavatorlar vasitəsilə bir-birlərindən təxminən iki yüz-üç yüz metr məsafədə qazılmış çuxurlarda növbə çəkirdilər. Düşmən gülləyə qənaət etmədən duyulan hər səsi atəşə tutur, tərpənən hər qaraltıya qurğuşun yağdırır, ərazini silahlarının gözü ilə izləyirdi.
Tabor komandiri mayor Rəhimov briqada komandiri polkovnik Zaur Zeynalovla radio əlaqəsinə girib vəziyyəti məruzə etdi.
Briqada komandiri:
- Nəyin bahasına olursa olsun, yolu açın, mayor. Bu axşam iki briqada Laçın yolunu adlayıb Şuşa ətrafında mövqe tutmalı, şəhəri işğaldan azad etmək üçün fəaliyyətə keçməlidir! Mənimlə tez-tez əlaqə saxlayın. Allah amanında!
- Oldu, cənab polkovnik!
Tabor komandiri əlaqəni bitirib ərazini bir daha diqqətlə müşahidə etdi. Uzandığı yerdəcə sağ əlini döyüş yoldaşlarının görəcəkləri qədər yuxarı qaldırib fəaliyyətə başlamaq işarəsi verdi. Sol cinahdan mayor Azər Məmmədov, sağ cinahdan kapitan Vüqar Qasımov avtomatlarını çiyinlərinə keçirərək irəli süründü. Onlar bir-birindən təxminən beş yüz-beş yüz əlli metr aralıda yerləşən Laçın tərəfdən birinci, Şuşa istiqamətindən sonuncu düşmən istehkamına doğru hərəkətə başladılar.
Bir-birlərindən təxminən yüz otuz beş dərəcə bucaq altında əks istiqamətdə sürünən qrup üzvləri altmış-altmış beş metr irəlilədikdən sonra qrupun digər üzvləri mərkəzdə üzbəüz yerləşən digər səngərlərə doğru hərəkətə keçdi. Xüsusi təyinatlıların sürünmə hərəkətləri səhərin səssizliyində xəfif bir külək əsintisi sədası doğururdu. Son günlər daha səksəkəli olan düşmən qarşı tərəfi hədəfsiz atəşə tutdu. Qrup cavab atəşi açmağa macal tapmadan sağ və sol cinahlardan irəliləyən xüsusi təyinatlılar qəfil əl qumbaralarını hər iki tərəfdən ən sonda olan çuxurlara atdılar. Eyni anda iki səngərdə baş verən partlayış düşməni vahiməyə saldı. Düşmən indi təkcə qarşı tərəfi deyil, çevrilib öz yoldaşlarının havaya sıçradığı səngərləri də atəşə tutdular.
Qarşı tərəfdən əlli metrliklərinə qədər sıza bilmiş xüsusi təyinatlılar da eyni anda düşmən səngərlərinə güllə yağdırdı. Əl qumbarasının havaya qaldırdığı toz-torpaq yerə çökməmiş cinahlardan irəliləyən xüsusi təyinatlılar - mayor Azər Məmmədov və kapitan Vüqar Qasımov özlərini içərisindəki düşməni zərərsizləşdirdikləri səngərlərə atdılar. Cəld də düşmən səngərinin içərisinə çöküb növbəli şəkildə düşmən atəşinə cavab verməyə başladılar. Bu zaman fürsətdən istifadə edərək daha da yaxınlaşan mərkəzi qüvvələr ardıcıl olaraq eyni anda düşmən səngərlərinə bir-neçə əl qumbarası tulladı. Qumbara səngərin içərisinə düşdüyü üçün qəlpələrin kənara sıçramayacağına, səngər divarlarında ilişib qalacağına əmin olan xüsusi təyinatlılar dərhal da ayağa qalxıb sürətli sıçrayışla özlərini düşmən səngərlərinə çatdırdılar. Qumbara qəlpələrindən qurtula bilən bir neçə düşmən əsgəri gözlərini açmağa macal tapmamış başları üzərindən açılan avtomat atəşi ilə zərərsizləşdirildi. Qrup dərhal səngərlərdə yerləşib arama-tarama işlərinə başladı...
- Cənab mayor, düşmən texnikası Laçın tərəfdən bizə yaxınlaşır! - Gizir Vüsal Əhədov kənar çuxurlardan adlayaraq bir-neçə nəfərlə mərkəzdəki səngərə yerləşən tabor komandirinə yaxınlaşıb məlumat verdi.
Mayor Rəhimov üzünü bölük komandirlərinin yerləşdiyi səngərlərə tərəf çevirib:
- Hazır olun! - deyə radionun düyməsini basdı.
Qarşıda bir PDM, arxasınca bir neçə təkərli zirehli maşın sürətlə qrupun yerləşdiyi məsafəli səngərlərə doğru hərəkət edirdi. Bölük komandiri mayor Məmmədov düşmənə daha yaxın səngərlərə atılıb qumbaraatanlarla silahlanmış qrup üzvlərinə düşmən texnikasını nişan almağı tapşırdı. Qarşıda hərəkət edən PDM-in qülləsi ilk qumbaraatan zərbəsindən arxaya çevrilsə də, hərəkətdən qalmadı. Arxasınca sürünən təkərli texnikalardan biri üzərinə quraşdırılmış pulemyotla sürəkli atəşə başladı, digərləri isə dayanıb istiqamətlərini geri çevirməyə cəhd etdilər. Eyni anda açılan qumbaraatan mərmiləri hər üç hədəfi qatı tüstüyə bürüdü. Bir an keçmədi ki, yoldan çıxan PDM maneəyə ilişib dayandı. Ekipaj maşından atılıb PDM-in arxasında mövqelənərək itirdikləri səngərləri atəşə tutdular.
– Dərhal onları susdurun! – bölük komandiri mayor Azər Məmmədov baş çavuş Yasin Qasımova əmr verdi.
Yasin Qasımov səngərdən çıxıb yan tərəfdən düşmən mövqeyinə doğru sürünməyə başlayınca döyüş yoldaşları eyni istiqaməti avtomat atəşinə tutdular. Ələ keçirilmiş düşmən radiostansiyasını araşdırmağa çalışan tabor komandiri mayor Rəhimov radioda briqada komandiri polkovnik Zaur Zeynalovun səsini eşidib məruzə etdi:
- Cənab polkovnik, Laçın koridoru üzərindəki düşmən səngərləri itki vermədən ələ keçirildi. Düşmənə köməyə gələn qüvvə dəf edilmək üzrədir.
- İtki vermədən ələ keçirməyiniz əladır, mayor! Amma “düşmənə köməyə gələn qüvvə dəf edilmək üzrədir” nə deməkdir, Zaur?
Briqada komandirinin sualını cavablandırmağa macal tapmadan mayor Məmmədov özünü səngərə atdı:
- Artıq dəf edilmişdir, Zaur! – səsini qısmaqla tabor komandirini məlumatlandırdı.
Başının işarəsi ilə razılığını bildirən tabor komandiri:
- Cənab polkovnik, dəhliz briqadaların keçməsi üçün tam hazırdır! - deyə inamla məruzə etdi.
- Çox yaxşı, briqadalar təhlükəsiz şəkildə ərazini keçənə, təyin olunmuş yerlərdə mövqelənənə və motoatıcı qruplar gəlib yerləşənə qədər dəhlizi nəzarətdə saxlamaq üçün bir qrup saxlayıb, tapşırıq üzrə fəaliyyətinizi davam etdirin!
- Oldu, cənab polkovnik! – deyib, radio əlaqəsini kəsdi.
Amma mayor Rəhimov briqada komandiri ilə danışırmış kimi sözünü bitirmədi:
- Bu şərəfsizlərin ardı-arası kəsilir bəyəm, – Laçın tərəfdən asfalt yol boyu düşmən texnikasının hərəkətini görüb öz-özünə söyləndi.
Üzünü bölük komandiri mayor Azər Məmmədovə tutdu:
- Quru qoşunları gəlib mövqeni səndən təhvil alana qədər öz bölüyünlə Laçın tərəfdən gələn düşmən qüvvələrinin qarşısını almaq səndə! Bu axşam İsa bulağı, sabah erkəndən isə Şuşa Qalası ətrafında olacağıq. Səninlə Şuşa Qalasında görüşürük. Allah amanında!
Səhər alatorandan başlayan döyüş hava qaralanda səngisə də, bitmədi. Xüsusi təyinatlıların gözlənilmədən Laçın dəhlizində peyda olmasından qorxuya düşən düşmən dayanmadan hücum cəhdləri edir, əks-həmlə briqadalarının hərəkət istiqamətlərini müxtəlif tipli silahlardan ardıcıl olaraq atəşə tutur, sistemli şəkildə artilleriya zərbəsi endirirdi. Tabor komandiri mayor Rəhimov hücum cədlərinin qarşısını almaq üçün mayor Məmmədovun rəhbərliyi altında bir qrup saxlayıb, çöl yolla Şuşa Qalası istiqamətdə hərəkətə başladı. İsa bulağı ətrafındakı meşəyə gecənin gec saatlarında çatdılar. Boş mədələrini acgözlüklə buz kimi suyla doldurub əl-üzlərini yaxaladılar. Neçə günlük aclıq və susuzluqdan sonra gözlərinə işıq gəldi. Dincəlmək üçün bir saat vaxt ayırıb, növbətçilər təyin etdikdən sonra:
- Yatıb dincəlməyə çalışın, uşaqlar. Səhər bizi ağır döyüş gözləyir. Çalışın, bu bir saatdan istifadə edib gücünüzü bərpa edəsiniz, - deyə tabor komandiri mayor Rəhimov çiyin çantasını başının altına qoyub gözlərini qapadı.
Amma nə o, nə də digər xüsusi təyinatlılar yuxuya gedə bildi. Müharibənin başladığı ilk gündən dağlarda, daşlarda, meşələrdə hərəkətdə olan əks-həmlə döyüşçüləri yorulub əldən düşmələrinə baxmayaraq, beyinlərini çuğlamış xəyallarının girovuna çevrildilər. Payızın dağ havası iliklərinə işləsə də, neçə günün aclığı taqətlərini kəssə də, xəyal atlarını cilovlaya bilmədilər.
- Bir də onu görsəm yaaa, ayaqlarını dişləyəcəm, - gizir yanında uzanmış döyüş yoldaşına pıçıldasa da, hamı eşitdi: - Vallah, ayaqlarını dişləyəcəm! Dişlərim gicişir onun ayaqlarını dişləmək üçün! - dişlərinin gicişməsini hiss edirmiş kimi yumruğunu duyunləyib əlini dodaqlarının qarşısında yellədi.
- Eh, nə qaldı ki, inşallah, sabah-birigün Şuşanı da götürürük, ondan sonra evdəsən, – əsgər kiçik komandirinə təskinlik verməyə çalışdı.
- İnşallah, qardaş, inşəallah! - gizir dərindən köks ötürdü: - Şuşanı işğaldan azad edəcəyik, əlbəttə, azad edəcəyik, amma qorxuram, uşaqları bir də görə bilməyim.
- Sən bu qorxunu ürəyindən çıxart, komandir, uşaqları da görəcəksən, toylarını da edəcəksən, inşallah. - Kiçik komandirindən yaşca böyük olan əsgər də söhbətə qoşuldu: - Hələ onların toylarına bizi də dəvət edəcəksən.
- Əlbəttə! Amma, uşaqlar, elə bilməyin ki, mən ölümdən qorxuram. Bir tikə də qorxmuram, vallah qorxmuram, - gizir ürəkdən elə and içdi ki, elə bil ürəyindən axan qanın şırıltısı eşidildi: - Əgər şəhid olmaqdısa, onda heç qorxmuram. Əksinə. Amma mənim iki körpə balam var, uşaqlar. İkisi də qız! - susub dərindən köks ötürdü: - Biri isə lap balacadı. Bapbalaca da ayaqları var. İki ayağı ovcumun içinə güclə sığır, təsəvvür edirsiz!?
- Təsəvvür edirəm, ayı, - böyründə uzanıb isinsin deyə kürəyini döyüş yoldaşının kürəyinə söykəyən əsgər boynunu gizirə tərəf fırladı: - Sənin əllərinin içinə elə mən də sığaram! Bilmirəm səni yazıq anan necə doğub.
Hamı gülüşdü. Boyu iki metrə çatan, enlikürək, ağır gövdəli, qartal baxışlı gizir özü də gülümsədi. Amma döyüş yoldaşının sözündən incimədi:
- İndi belə danışırsan, Allah qoysa, evlən, sənin də uşaqların olsun, görüm onda nə deyəcəksən.
- Məndə isə bir oğlan, bir də qızdı, - başını döyüş yoldaşının ayağının üstünə qoymuş taqım komandiri də gözlərini açmadan dilləndi: - Özü də heç yola getmirlər. Yaşca kiçik olmasına baxmayaraq, oğlum həmişə bacısını incidir, əclaf!
- Allah bütün balaları saxlasın, - daha bir əsgər söhbətə qoşuldu: - Mən heç üzünü belə görməmişəm, oğlum döyüş başlayandan sonra dünyaya gəlib. - Qaranlıqda sifəti seçilməyən, pıçıltı ilə danışdığından kimliyini güclə ayırd edə bildikləri əsgər: - Amma deyirlər, həm çox balaca, həm də çox eybəcərdir, - təəssüflə əlavə etdi.
- Hm, yəqin atasına çəkib, – döyüş yoldaşı söz atdı... - Ay dəli, bilmirsən ki, təzə doğulan bütün körpələr əvvəl kifir olurlar, sonradan düzəlib sənin kimi yaraşıqlı oğlana çevrilirlər...
- Düz deyir, düz deyir, təzə doğulanda mən də oğlumu qucağıma götürə bilmədim, - həmişə ciddi görünən çavuş da səsinin tonundan hiss olunan təbəssümlə dilləndi: - Amma xəstəxanadan çıxıb evə gələnə qədər, elə bil, Allah onun sifətinə nur verdi. Sonra anası əlimdən zorla almayınca qucağımdan yerə qoya bilmirdim.
- Hə, uşaqlar, istirahətimiz çox maraqlı keçdi. Xatirələrimiz çox gözəldi. Amma artıq getməliyik.
Tabor komandiri yerindən dikəlib sakit, amma hamının eşidə biləcəyi tərzdə bir daha təkrar etdi:
- Getmək vaxtıdır!
Qrup dərhal ayağa qalxıb, çiyin çantalarını kürəklərinə keçirdi. Taqım komandirləri şəxsi heyəti yoxlayıb məlumat verdi. Mayor Azər Məmmədovun birinci qrupundan başqa şəxsi heyət tam yerində idi. Tabor komandiri mayor Rəhimov qarşıya düşüb hərəkətə başladı. Bütün istiqamətlərdən - qarşıdan və arxadan, sağdan və soldan dayanmadan müxtəlif tipli silahlardan açılan atəş səsləri eşidilir, əks həmlə qruplarının düşməndə yaratdığı qorxunun sədası bütün Qarabağda duyulurdu.
Hava öz şıltaq dəyişkənliyi ilə xüsusi təyinatlıların hərəkətlərini çətinləşdirsə də, düşmənin gözündən yayınmaqda, hədəfə doğru ayaqüstə hərəkət etməkdə işlərini asanlaşdırır, qatı duman qoruyucu mələk kimi daim onları təqib edirdi...
Tabor komandiri qrupa dayanıb mövqelənməyi əmr etdi. Hava işıqlanmağa başlasa da, qarşı tərəf güclə sezilir, düşmən əsarətində olan Şuşa Qalasının solğun divarları duman- çiskinin rəngindən seçilmirdi. Tabor komandiri xəritə ilə qarşı tərəfdə, təxminən bir kilometr yuxarıda Şuşa Qalasının, arxada, aşağıda isə Xankəndinin yerləşdiyini təyin edib, Xankəndi tərəfdən gələn yolun ciddi nəzarətdə saxlanılmasını tapşırdi. Ərazını tam öyrənmək, hücum üçün əlverişli şərait gözləmək məqsədilə görünməzlik yaratmağı əmr etdi. Aşağıdan - Xankəndi tərəfdən gələn yoldan eşidilən texnika səsi artıq özlərinin də hədəfdə olduğundan xəbər verir, hər an pusquya düşə, qəfil hücuma məruz qala biləcəklərini diktə edirdi. Düşmən səssizcə onları izləyib, mühasirəyə ala, gözlənilmədən hücuma keçməklə əməliyyat planlarını al-üst edə bilərdi.
- Komandir, düşmən şilkaları Şuşa istiqamətində hərəkət edir, - kapitan Vüqar Qasımov Xankəndı tərəfdən qarşıda bir “Kamaz”, arxasınca isə üzərində hava qüvvələrini vurmaq üçün zenit-raket kompleksi quraşdırılmış tank tipli iki ağır texnikanın onlara doğru hərəkət etdiyini göstərdi.
Mayor Rəhimov binoklla texnikanın hərəkət etdiyi istiqamətdə baxdıqda “şilkaların” üzərindəki artilleriya qurğularının onların mövqeləndiyi əraziyə doğru çevrildiyini gördü.
– Ətrafa yayılın, teeez! Qumbaraatanlar, hazır oluuun! - deyə binoklu gözündən ayırmadan əmr etdi...
Ardı BURADA
Tarix
2021.11.29 / 08:30
|
Müəllif
Etibar Muradxanlı
|