Yuxarı

“Daş evlər”in qonorarına maşın aldım...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Daş evlər”in qonorarına maşın aldım...

Axar.az-ın "Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları yazıçı Seyran Səxavət və gənc şair Fərid Hüseyndir.

Sual: Qonorar sistemi nəyə əsasən tətbiq olunur? Aldığınız qonorarlardan razısınızmı? Ən çox qonorarınızı hansı yazınıza görə almısınız?

Yazıçı Seyran Səxavət Sovet dövründə qonorarın yazıçını yaşatdığını deyir:

"Sovet dövründə qonorar sistemi çox gözəl qurulmuşdu. Kitabımız çıxırdı, pulumuzu alırdıq. İndi tərsinədir, gərək əvvəlcə pulu verəsən, sonra kitabın çıxa. Satış da yoxdur.

O vaxt SSRİ-də on mindən çox yazıçı var idi. SSRİ Yazıçılar İttifaqının nəzdində Ədəbiyyat Fondu fəaliyyət göstərirdi. Qonorarların 10 faizi bu fonda verilirdi. Çox güclü, pullu təşkilat idi. Yazıçıları xaricə, müxtəlif istirahət evlərinə göndərirdi. Demək olar ki, SSRİ-nin hər yerində yaradıcılıq evi var idi. Yəni bunların hamısı qonorarla bağlı idi.

O vaxt qonorar çox bərəkətli idi. Yalnız qonorarla yaşayan yazıçılar var idi. Kələntər Kələntərlinin "Azərbaycan" jurnalında "Dəniz nəğmələri" adlı poeması çap olunmuşdu. Onun qonorarına bir "Moskviç" aldı. O vaxt yazıçılara ev, maşın verirdilər, güzəştlər çox idi. Düzdü, yazıçılar da Sovetin əlində ideoloji silaha çevrilmişdilər.

Moskva ətrafında Peredelkino adlı yer var. Boris Pasternakın qəbri də oradadır. 34 manata orada bir ay həm istirahət edirdik, həm də yazılarımızı yazırdıq. Əgər ikinci ay da qalmaq istəyirdiksə, 5-6 manat əlavə edirdik. Yəhudi yazıçılar var idi ki, 40 manat verib elə orada yaşayırdılar.

Ən çox qonorarı "Daş evlər" romanıma görə almışam. 22 min manat qonorarın 9500 manatına "Qaz 24" aldım. Akademik Milli Dram Teatrında "Qızıl teşt" pyesim tamaşaya qoyulurdu. Hər həftə 1000-1200 manat da oradan verirdilər.

Kitabın qonorarının 40 faizini hətta roman çap olunmamış verirdilər. Bu il "Azərbaycan" jurnalının üç nömrəsində "Qaçaqaç" romanım hissələrlə verildi. O böyüklükdə romana 800 manata yaxın pul aldım. Amma Sovet vaxtı çap olunsaydı, 18-20 min pul, yağın içində bir "Mersedes" alardım. Amma onlar da sətirə görə verirdi qonorarı. Xalq şairi ağzına gələni yazsa da, bir sətirinə 4 manat, bizim kimi cavanlara isə 50-70 qəpik verirdilər.

Qısası, Sovet dövründə belə idi ki, yazıçı başqa yerdə işləməsə də, elə yazıçılıq onun üçün iş sayılırdı.

Fərid Hüseyn:

"Bu gün bədii mətnlərə böyük məbləğdə qonorar verilmir. Köşə yazıları isə jurnalistikaya ayrılan pullar əsasında qiymətləndirilir. Əksinə, yazarlar çap etdirdikləri kitablara pul xərcləyirlər. Onlar imza günlərindən ən çox 500-1000 manat pul qazana bilər. Son vaxtlar çox adam hər nə qədər məmnun görünsə də, təqdimatda bir-birinin kitabını ağız büzərək alır.

Yazıçıların qazancı ya jurnalistikadan, ya da tərcüməçilikdən çıxır, bu sahələr də tam mənada ədəbiyyat deyil. Əgər xüsusi proqram hazırlansa, sırf bədii mətnlərə görə qonorar verilsə və həmin məbləğ insan həyatında nələrisə dəyişməyə qadir olsa, çox yaxşı olar. Əks təqdirdə, əsrdaşlarımızın yaşamı çətin olacaq.

Məndən yüz qat daha çox zəhməti olanları gözümün qarşısına gətirirəm və buna əsasən də aldığım qonorarlardan razılıq edirəm. Bədii mətnlərimə (şeir, esse) görə aşdım-daşdım qonorar almamışam, jurnalist və tərcüməçi kimi isə normal qazancım olub".

Tarix
2015.08.15 / 08:45
Müəllif
Nigar An
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla