"Milis hekayələri" silsiləsindən
Tofiq Mamedovla göruşəndə bu dəfə söhbətimiz SSRİ-dən
düşdü. Bildiyimiz kimi, dostum İttifaqın qızğın tərəfdarlarındandır
və SSRİ-nin dağılmasını indi də XX əsrin faciəsi hesab
edir.
Mən də maraqlı bir əhvalat eşitmək xatirinə İttifaqı təriflədim,
dedim ki, Sovet dövründə dəhşətli cinayət hadisələri olmurdu,
kriminal durum nəzarətdə idi. Müasir Rusiyada isə kriminal durum
ağırlaşıb, cinayətkar aləm az qala leqallaşıb, vergidən kənar, yəni
kölgə iqtisadiyyatını tam nəzarətə alıb. Hətta bəzi bölgələrdə
qanuni oğrular şəhər rəhbərliyinin xeyir-şər məclislərinə dəvətli
olur, onun yanında, başda oturur.
Dostum bir bilici kimi başını tərpədir, müasir Rusiya ilə
əlaqədar dediklərimlə qismən razılaşırdı: "Amma İttifaq barədə
fikirlərin bir az mübahisəlidir. Doğrudur, Sovet dövründə kriminal
durum nəzarətdə idi, amma informasiya yayımı daha sərt nəzarətdə
idi, yəni baş verən hadisələr barədə məlumat verilmirdi. Məqsəd də
aydın idi, guya Sovet ölkəsində seriyalı ölüm, adam oğurluqları,
mütəşəkkil cinayətkarlıq halları olmur, bunlar çürüməkdə olan
imperializmə xasdır və s. Amma olurdu, elə dəhşətli cinayət
hadisələri olurdu ki, bütün İttifaqı, hüquq-mühafizə orqanlarını
titrədirdi. KQB-nin mayoru Afanasyevin qətli kimi..."
Mən sükuta riayət edirəm - dostuma xatirələrini yaddaşının
süzgəcindən keçirməyə və təqdim etməyə imkan verirəm.
- KQB-nin Sovet İttifaqında yeri və rolu hamıya məlumdur. Bu
qurum, Kommunist Partiyasından sonra 2-ci ali təşkilat idi ki,
hamıya və hər şeyə nəzarət edirdi, yalnız onun "vizası"ndan sonra
yüksək namenklaturalı vəzifələrə təyinatlar təsdiq edilirdi.
1980-ci ildə, SSRİ-nin bütün dünyaya meydan oxuduğu bir dövrdə,
onun əsas sütunlarından birinin, KQB-nin Mərkəzi Aparatının
katibliyinin rəis müavini, təhlükəsizlik orqanları mayoru Vyaçeslav
Afanasyevin naməlum şəraitdə qətlə yetirilməsi, sözün əsil
mənasında, günəşli havada göy gurultusu kimi idi, ölkə rəhbərliyi
bir-birinə dəymişdi. Əvvəlcə elə bilirdilər ki, bu, xarici
kəşfiyyat orqanlarının işidir və qətl faktını gizlətməyə
çalışırdılar. Amma cidanı çuvalda gizlətmək olmaz. Moskvada bütün
dünya ölkələrinin səfirlikləri fəaliyyət göstərir və gündəlik
məlumat ötürürdülər. Nəticədə SSRİ təhlükəsizlik orqanları
zabitinin qətli bir neçə gün ərzində Qərbin aparıcı KİV-lərinin
əsas xəbər başlıqlarından birinə çevrildi. O vaxtlar İttifaq
ərazisində, qeyri-leqal olsa da, "Azadlıq", "Amerikanın səsi",
"Alman dalğası" kimi radiolar qısa dalğada yayımlanırdı və bu
dəhşətli hadisəni ictimaiyyətdən də gizlətmək mümkün olmadı.
Qətl hadisəsini Siyasi Büronun üzvləri, ölkənin təhlükəsizlik və
hüquq-mühafizə orqanlarının rəhbərləri Andropov (KQB-nin sədri) və
Şelokov (daxili işlər naziri) öz nəzarətinə götürdü. Məsələ hətta
SSRİ-nin dövlət rəhbəri, Kommunist Partiyasının Baş katibi Brejnevə
də məruzə olundu. Və bu dəhşətli hadisənin üstü sürətlə ört-basdır
edildiyi kimi, sürətlə də açılmağa başladı.
V.Afanasyevin meyiti hadisə yerindən 15-20 kilometr aralı, maşın
yolunun kənarından tapılmışdı. Əvvəlcə elə bu versiyanın üstündə
işləyirdilər, sübut etmək istəyirdilər ki, onu maşın vurub. Amma
istintaq materialları ayrı şeydən xəbər verirdi. Mərhumun aldığı
xəsarətləri avtomobil qəzası ilə izah etmək mümkün deyildi, tibbi
ekspertizanın nəticəsi də onun döyülüb öldürüldüyündən xəbər
verirdi.
Əslində nə baş vermişdi? Dekabrın 14-də Afanasyevin 40 yaşı
tamam olmuşdu. Bu münasibətlə KQB-nin Mərkəzi Aparatının
katibliyində xüsusi toplantı keçirilir, Afanasyevi təbrik edirlər
və Komitə rəhbərliyinin Fəxri Fərmanını ona təqdim edirlər. İşdən
sonra yubilyar həmkarları və "Alfa" qrupundan olan dostları ilə
birlikdə "çek"lə işləyən elit kafelərin birində bu mühüm təqvimi
qeyd edir. Sovet dövründə Moskvada belə kafeləri barmaqla saymaq
olardı, bura hər adam buraxılmırdı və Mərkəzi Aparat şəhərin
mərkəzində yerləşdiyindən, yaxınlıqda vardı. Burda, sözün əsil
mənasında quş südündən can dərmanına kimi hər şey tapmaq olardı.
Yubiley iştirkçıları da elə "quş südü ilə can dərmanın"dan
başladılar, fransız konyakı ilə qara isveçrə şokoladı, qara,
qırmızı kürü sifariş etdilər. Konyakla qara şokolad da məlum olduğu
kimi, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Yubiley məclisi
də bu qoşquda gecənin yarısına kimi davam etdi, neçə "Napoleon",
"Kamuz" qurban kəsildi, gecə saat 12-də, hərbçilər demiş, "adboy"
verildi. Məsələ ondadır ki, Moskva metrosu gecə saat birin yarısına
kimi işləyirdi və bu müddətə kimi məclisi yekunlaşdırmaq, metroya
çatmaq lazım idi.
Dostum təəccüblə baxdığımı görüb izahat verir:
- Bəli, Sovet dövründə KQB-nin Mərkəzi Aparatının katibliyinin
rəis müavini də piyada gəzirdi, fərdi maşın yalnız rəisə təhkim
edilirdi. İndi isə orda adi mühafizəçilər də "Mersedes"lə, "Cip"lə
gəzir, amma hansı pulla, bax bu, bilinmir. Nə isə... Afanasyev və
dostları gecə saat 12-də məclisə son qoyurlar, ayağa dururlar.
Stolun üstündə iki ağzı açılmamış 700 qramlıq "Napoleon", bir
"Kamuz" konyakı, bir qutu "Assorti" şokolad, bir-iki qutu da
qırmızı kürü qalır. Dostlar bunu yubilyarın çantasına hədiyyə kimi
qoyur və metronun yaxınlıqdakı "Lubyanka" stansiyasına yollanırlar.
Burdan "Kuzneskiy most" stansiyasına keçir və "Taqanka"
istiqamətində gedirlər. "Taqanka" stansiyası Moskva metrosunun
mərkəzi dairəsi üzərində yerləşir və əsas keçid məntəqələrindən
biridir. Burda dostlar öz istiqamətlərinə keçmək üçün düşürlər,
Afanasyevi isə həmin istiqamətdə getdiyindən oyatmaq istəmirlər.
Yubilyar bərk vurduğundan qiymətli hədiyyələrlə dolu çantasını da
qucaqlayıb oturan kimi yatıbmış. O, "Taqanka"dan beş dayanacaq
sonra, "Ryazanskiy prospekt" stansiyasında düşməli idi. Metronun
yaxınlığındakı yeni məhəllələrin birində, 12 mərtəbəli evin 7-ci
mərtəbəsində yaşayırdı.
Dekabrın 14-də, yubiley günü yəqin ki, evdə yoldaşı və məktəbli
olan iki qızı onun yolunu səbirsizliklə gözləyirdi. Amma Afanasyev
bərk yatdığından "Ryazanskiy prospekt"i keçir və bir stansiya çox,
"Jdanovsk"a kimi gedir. İndi "Vıxino" adlanan bu stansiya xəttdə
axırıncıdır və burdan qatarlar geri qayıdır. Amma artıq gecə saat
birin yarısından keçdiyindən qatar stansiyanın yaxınlığındakı
depoya verilir. Qəribə bir təsadüfün nəticəsinə vaqonda yatan
Afanasyevi nə vaqonlara baxan maşinist köməkçisi, nə də perronda
növbə çəkən "qırmızı papaq" qadın görür.
Sonradan aydın olub ki, maşinist və köməkçisi həmin zaman, iş
vaxtı olsa da, yaxşı içiblərmiş. Amma buna baxmayaraq, depoda
vaqonlara yenidən baxış keçirəndə çantasını qucaqlayıb yatan orta
yaşlı kişini aşkar edirlər. Əvvəlcə onu oyatmaq istəyirlər, mümkün
olmur. Maşinist köməkçisi milis çağırmağı təklif edir. Amma bu vaxt
çantanı yatanın əlindən alan və ciddi təftişilə məşğul olan
maşinist ona imkan vermir. Çantanın içindəkiləri göstərir ki, sənə
şahid (olsun, şərik) lazımdır?! Köməkçi təbii ki, eyni zamanda həm
rəhbərliyin, həm də nəfsinin tələbinə müqavimət göstərə bilmir.
Deyir, çantanı götürüb gedək, adam da burda yatsın. Bu dəfə
"ayılmaq təhlükəsi" olan maşinist etiraz edir, təhlükəsizlik
qaydalarına ziddir deyir, sabah bizi cəzalandıra bilərlər. Adamı
özümüzlə aparaq, orda yatsın. Sabah oyananda deyərik ki, çantanı
vaqonda oğurlayıblar, səni də biz yazığımız gəlib, bura gətirmişik.
Artıq "ayılmaq təhlükəsi" köməkçiyə də təsir edir və o, adamı
qoltuqlayıb rəhbərliyin dəstəyi ilə vaqondan çıxarır. Bu zaman
fəhlə heyətindən vəziyyəti görən və perspektivi "barometr" kimi
hiss edən dağ cüssəli bir gənc köməyə atılır. Əsərimizin sürücü
qəhrəmanları şərik istəməsələr də, bu boyda köməkdən yaxa qurtara
bilmirlər və Afanasyevi gəncin belinə yükləyib depodakı kiçik yataq
otaqlarının birinə gəlirlər. Burda çanta sahibinin elə quru yerdəcə
yıxılıb yatmağına imkan verir, çantanın içindəkiləri çıxarıb
çarpayının üstünə düzürlər. Ömrü boyu ucuz arağa, çaxıra alışan
adama "Napoleon", ya "Kamuz" nə edə bilər ki?! Hətta yanında
qırmızı kürü ilə qara şokolad olsa da...
Bu zaman ağır yatmış olan Afanasyev oyanmağa başlayır. İlk əvvəl
harada olduğunu, bura necə gəldiyini kəsdirə bilmir. Amma
yavaş-yavaş özünə gəlir və çarpayının üstündə səs-küylə davam edən
ziyafət diqqətini cəlb edir. Məlum olur ki, üçlük üç şüşədən
ikisini məhv edib və artıq üçüycüyə girişib. Onun yubiley günündə,
onun konyakları ilə kef edirlər, ən əsası isə ondan icazəsiz! Bu
vəziyyət, xüsusilə də axırıncı Afanasyevə çox pis təsir edir və o,
məclisə aktiv müdaxilə edir. Adi dildə desək, indicə sadaladığımız
üç sualı elə uzandığı yerdən ziyafət stolunun, üzr istəyirəm,
çarpayısının üstünə, "üç tuz" kimi tullayır. Məclis
iştirakçılarının təbii ki, xalı az olur və onlar "üç tuz"a rusların
üç hərfi ilə cavab verirlər, bir sözlə, onu məlum yerə göndərirlər.
Beləliklə də qəhrəmanımızın seçimini minimuma endirirlər, o, ya
qulaqlarının sallayıb məlum yerə getmək, ya da qollarını çırmayıb
məclisə hücum etmək dilemması qarşısında qalır. Və təhlükəlilik
dərəcəsinə, qeyri-bərabərliyinə baxmayaraq, Afanasyev bir zabit
kimi məhz ikinci yolu seçir. Onu da qeyd edək ki, qəhrəmanımız orta
yaşlı adam olsa da, təhlükəsizlik xidmətinin bir çox zabitləri kimi
keçmiş idmançı idi və əlbəyaxa döyüş qaydalarını yaxşı bilirdi. Və
bu bilgilər işdə də özünü göstərir.
Bir sayında mayor artıq ayağa qalxır, iki sayında maşinist, üç
sayında isə köməkçi yerə sərilir. Təbii ki, Afanasyev bu vəziyyətdə
bu tezlikdə onları nokauta göndərə bilməzdi. Elektrik qatarının
şanlı sürücüləri, sadəcə olaraq, içkili idilər.
Beləliklə, iki nəfər yerdə namunasib, amma sərfəli vəziyyətdə
gözləyir, iki nəfər də ayaq üstə, daha münasib vəziyyətdə onları
izləyir. Birinci Afanasyev idi, onun başı və yumuruqları
gizildəyirdi. İkinci isə bayaq icazəsiz səhnəyə daxil olan, bu
müdaxiləsi konyak və qırmızı kürü ilə mükafatlandırılan
proletariatın həmin gənc və nəhəng nümayəndəsi idi ki, baş
verənləri daha çox təəssüflə seyr edir. Ona təsir edən yeganə şey
belə müftə və belə ləzzətli içki məclisinin yarımçıq kəsilməsi idi.
Və o, bu acı həqiqəti dərk etdiyi anda var gücü ilə bağırdı və
düşməninin üstünə atılır. Orta yaşlı mayor idman hazırlığına
baxmayaraq, gəncliyin hücumuna davam gətirmir, çəki öz sözünü
deyir.
Maşinistlə köməkçisi də gözləmə vəziyyətindən qalxırlar...
Bir azdan adamın tərpənmədiyin hiss edirlər. Maşinistin
köməkçisi cəld onun nəbzini tutur, başını bulayır. Köməkləşib
maşinistlə birlikdə nəhəngi cəsədin üstündən qaldırırlar, sinəsinə
qulaq qoyurlar, elə bil dünən ölmüşdü. Ciblərini axtarırlar,
KQB-nin mayorunun vəsiqəsi çıxır. Proletar üçlük dərhal ayılır,
əsməyə başlayır, nə edəcəyini bilmir. Səhər saat 5-in yarısı olur,
bir saatdan sonra iş başlayacaq. Cəld emalatxanadan qara kağız
gətirirlər, zabitin cəsədini bükürlər. Yenidən gəncliyin belinə
yükləyib maşinistin yaxınlıqda dayanan köhnə "Volqa"sının yanına
gətirirlər. Burada cəsədi birtəhər maşının yük yerinə qoyur və
ikilikdə (maşinist depoda qalır) hadisə yerindən 15-20 kilometr
qırağa aparır, yolun kənarına atırlar.
Meyit həmin gün tapılsa da, hadisənin üstü düz bir ay sonra
açıldı. Nə qədər qəribə olsa da, qatillərə güllələnmə kəsmədilər,
hərəsinə 15 il iş verdilər.