"Cəbhə xətti"ndə Aydın Oktay oğlu
Şükürovdur.
1959-cu il dekabr 1-də doğulub. 1980-ci ilin əvvəllərindən gizli
siyasi dərnəklərdə fəaliyyətə başlayıb. O zaman daxili işlər
orqanlarında çalışıb.
Azərbaycanda Milli Azadlıq Hərəkatının öncüllərindəndir.
1986-ci ildə, Qorbaçov dönəmində, Qarabağ təhlükəsinin
yaxınlaşdığından məlumatlı olduğuna görə, milis orqanlarından
istefa verib, Qubadlıya, Zəngilana dönüb və gizli siyasi
fəaliyyətini o bölgələrdə davam etdirib.
1988-1991-ci illərdə erməni təcavüzünə qarşı silahlı müdafiə
dəstələrinin yaradıcılarından, AXC-nin Zəngilan-Qubadlı şöbəsinin
təsisçilərindən olub.
1990-ci ilin may ayına qədər həbslərdə və həmən vaxtdan Rus
Hərbi Komendantının qadağası ilə 1991-ci ilin avqust ayına kimi
rayon ərazisinə buraxılmayıb, Bakıda "sürgün"də yaşayıb.
1988 Meydan Hərəkatından başlayaraq Bakı, Qubadlı, Zəngilan,
Ağdam, Xankəndi, Tiflis, Rostov, Novo-Çerkasski həbsxanalarında
həbsdə saxlanılıb. Qubadlı, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl,
Fizuli, Ağdam döyüş bölgələrində iştirak edib.
1991-ci 1993-cü illərdə Qubadlıda 846 saylı hərbi hissənin
komandiri, 706 saylı briqadada komandi müavini olub.
Geri çəkilmək əmri verildi
Qubadlıdakı hərbi birləşmələr Qubadlı işğal olunan günə qədər öz
ərazisini qoruyub müdafiə etməklə yanaşı, Laçın rayonunun bir neçə
kəndini: Aşağı Cicimli, Yuxarı Cicimli, Qazıdərəsi, Quşçular,
Türklər, Güləbird, aşağı Fərəcan, yuxarı Fərəcan kəndini işğaldan
azad edib, sol cinahdan Qızqəbiri, öndən Məzmindağ, sağ cinahdan
Arpakədik adlanan yüksəklikləri nəzarətə götürmüşdü.
1992-ci ilin may ayının 18-də Laçın işğal olundu. 19-u səhər
2-ci batalyonun şəxsi heyəti ilə Laçın istiqamətində hücuma keçdik.
Laçının 2 km-liyinə kimi irəlilədik və Tikanzəmi adlanan əraziyə
çatıb, Tikanzəmidə Laçın alayının qüvvələri ilə birləşdik. Lakin
orada qüvvələrimizin azlığını əsas gətirib geri çəkilmək göstərişi
verdilər.
Biləsuvar uşaqları
1992-ci ilin iyun ayında Laçının Güləbird, iyul ayının 29-da isə
2-ci batalyonun qüvvələri (Biləsuvar uşaqları. Taqım komandirləri:
Qədir və Nadir idi) Laçının işğal altında qalan Aşağı Cicimli,
Yuxarı Cicimli, Qazıdərəsi kəndlərini işğaldan azad etməklə,
Qızqəbiri yüksəkliyini düşməni böyük itkiyə məruz qoyub geriyə
atdılar və heç bir itki vermədən (təkcə komandir Qədir baldırından
yaralanmışdı) azad etdilər və həmən ərazi 2-ci batalyonun
nəzarətinə götürüldü.
1992-ci il avqust ayının 7-də "Qaranquş" kəşfiyyat-diversiya
dəstəsi Laçın rayonunun Səfiyan, Quşçular, Türklər kəndi və
Susuzdağ yüksəkliyi istiqamətində əməliyyat apararkən dəstənin bir
üzvü Milli Qəhrəman Aqil Əliyev şəhid oldu.
İki Milli Qəhrəman...
1992-ci ilin sentyabr ayının 25-də Laçın istiqamətində "2-ci
Laçın əməliyyatı" adı altında genişmiqyaslı hücum başladı.
Qüvvələrimiz düşmənin güclü müqavimətinə baxmayaraq, ikinci dəfə
Laçının 2 kilometrliyinə kimi irəlilədi. 40 km.-lik məsafəni 10
günlük qızğın döyüşlə və kütləvi itki versək də irəliləyə
bilmişdik. Bu əməliyyata ölkənin digər bölgələrindən, o cümlədən,
Bakıdan reaktiv artilleriya, Lənkəran diviziyası, Qusar batalyonu
və s. qüvvələr də cəlb olunmuşdu. Qubadlıda olan hərbi birləşmənin
şəxsi heyəti Ermənistanla olan 125 km.-lik sərhədi qorumaqla
yanaşı, həmən əməliyyatın önündə idi. Rəhmətlik Milli Qəhrəman
Kərəm Mirzəyev Laçının Mazutlu kəndi ərazisində, Milli Qəhrəman
Əliyar Əliyev isə Tikanzəmidə şəhid oldu. Laçının işğalından sonra
ikinci dəfə Laçının 2 km.-liyinə, Tikanzəmi adlanan əraziyə qədər
irəliləsək də, bacarıqsız generallar üzündən bu uğuru əldə saxlaya
bilmədik.
Bir nəfər erməni də xilas ola bilmədi
1992-ci il oktyabrın 14-də əks-hücuma keçən düşmən Qubadlının
Topağac yüksəkliyini ələ keçirdi. 2 həftəlik qızğın döyüşlərdə 35
şəhid verdik, 92 nəfər yaralandı, 5 nəfərimiz itkin düşdü. Bütün
bunlara baxmayaraq, oktyabrin 27-də Topağac yüksəkliyi azad olundu.
Düşmən yerindəcə məhv edildi və bir nəfəri də xilas ola bilmədi.
Qüvvələrimiz düşmənin xeyli sayda silah və sursatını ələ
keçirdi.
1992-ci ilin noyabr ayında Prezident Qvardiyasının komandanı
rəhmətlik Tahir Məmmədovla 3-cü dəfə düşmənin nəzarətinə keçmiş
Məzmindağ yüksəkliyini düşməndən azad etmək üçün əməliyyat
hazırlamaq qərarına gəldik. Qərarlaşdırdıq ki, ilkin kəşfiyyat
bilgilərini ikimiz əldə edək. Meşə ilə bizim nəzarətimizdə olan
Pirdağ istiqamətinə yollandıq. Yenicə qeydiyyatlarımızı aparmağa
başlamışdıq. Gündüz olsa da, meşə sakitlik idi. Meşənin
qalınlığında uzaqdan kiminsə ayaq səslərini eşitdik və
silahlarımızı hazır vəziyyətə gətirib səssizcə gizlinə keçdik.
Hərbi formada olan şəxsə silahı tuşlayıb rusca: "Dayan! Tərpənmə!
Silahını at!" əmrini verdik. Amma yanılmışdıq. Bu, dəyərli
zabitimiz polkovnik Firudin Şabanov idi. O da Məzmindağ yüksəkliyi
ilə eyni paraleldə olan Arpagədik yüksəkliyini azad etmək üçün
kəşfiyyat apardığını dedi. 2 gündən sonra Məzmindağı Qvardiya, 3-cü
gün Arpagədiyi isə 3-cü batalyonun qüvvələri azad elədi.
Dişi ilə qəlpə çıxarmaq
10 dekabr, 1992. Səhər saat 6-30-da Yuxarı Cibiklinin rayon
mərkəzində yerləşən 2-ci batalyonun qərargahı ilə birbaşa xətli
rabitə kəsilir. Saat 6:45-də ratsiya ilə xəbər alırıq ki, ermənilər
hücuma keçib. Saat 7 radələrində Əyindağ adlanan yüksəkliyin düşmən
tərəfindən ələ keçirildiyi, Cibiklidə qızğın döyüşün getdiyi, Həsən
Qorxmazın yaralandığı, Rəfaillə Tərlanın şəhid olduğu, Yuxarı
Cibikli kəndinin işğal olunduğu məlumatı gəlir. Rəfaillə Tərlan
düşmənlə qeyri-bərabər əlbəyaxa süngü döyüşündə şəhid olurlar.
Qubadlı polisi və 2-ci batalyonun qüvvələri kömək üçün döyüşə
atılır. Saat 17:30-a qədər döyüş gedir. Döyüş zamanı erməni
tərəfdən snayperlər durmadan işləyirlər. Polis rəisi E. Paşayevin
və mənim baş nahiyyəmizdən snayper gülləsi sıyırıb keçir. Əsgər
Yaşar Sultanov sayıqlığı və cəldliyi, özünü üstümə ataraq məni
xilas etsə də, ermənilərin AQS silahından açdığı atəşin mərmisindən
qəlpə sağ diz qapağımın yanına sancılır. Yaşar ucu az görsənən
iynəyəbənzər AQS qəlpəsini dişi ilə dizimdən çıxardır və buna
əhəmiyyət verməyib yenə mərkəzdən polislərlə hücumu davam edirik.
Sağ cinahdan bölük komandiri Həsən Qorxmazın müavini Mayılın
qardaşı Mais öz dəstəsi ilə, sol cinahda isə taqım komandiri Yəhya
irəliləyir. Sonra Polis əməliyyatçısı Bəşirin (hazırda Qubadlı
pasport masa rəisi) alnının ortasından güllə dəyir, amma vəziyyəti
ağırlaşsa da, yara öldürücü olmur. Taleyimizdə şəhidlik yoxmuş.
Kənd azad olunandan sonra Bəşiri ziyarət edən döyüş yoldaşları:
"Bəşir bəy, alnındakı çapıq sənə çox yaraşır", - deyə zarafat
edirdilər. Axşama yaxın hər tərəfi qatı duman alır və döyüş
dayanır. Xəbər gəlir ki, Həsən Qorxmazı xilas etmək mümkün olmayıb.
Döyüşçülərlə söz verdik ki, yalnız kəndi azad etdikdən sonra Həsən
Qorxmazın dəfnində iştirak olunsun. Belə də oldu. Kənd işğal
olunandan təxminən 25-30 saat sonra, dekabrın 11-i səhər saat 11
radələrində duman çəkilər-çəkilməz qüvvələrimiz tərəfindən Yuxarı
Cibikli azad olundu və biz dəfnə getdik. Əyindağ yüksəkliyi də
ordumuz tərəfindən geri qaytarıldı. Dekabrın 10-da ermənilər
Zəngilana da hücum edib 12 kəndimizi işğal etmişdilər. Dekabrın
12-i isə Zəngilana kömək üçün yola düşdük.
Xalq ilə Ordu bir idi
Qubadlıda özülü yerli əhalidən formalaşmış 706 saylı briqada tam
komplektləşmiş, ştat strukturu yerli-yerində, döyüş təcrübəsi olan,
nizam-intizamlı nümunəvi bir hərbi hissə idi. Əsgərlərin geyim,
yemək, silah-sursat, texnika problemi yox idi. O zaman MN–dən gələn
yoxlamalar da bunu təsdiq edirdilər. Demək olar ki , bütün postlara
səhra hamamı tikilirdi. Əsgər cəbhə xətindəki yeraltı kazarmalarda
ağ yataqda yatırdı. Mütəmadi olaraq bütün şəxsi heyət tibbi
yoxlamadan keçirdi. Bütün bunlar yeni yaranmış ordumuz üçün çox
böyük göstərici idi. Ən başlıcası isə bütün orduda vətənpərvərlik
ruhu yaradılmışdı. İndi bəlkə də bir çoxlarına təəccüblü gələr,
amma o zaman komandirlər xüsusi əməliyyatlara əsgəri seçib
göndərərkən digər əsgərlər hətta etiraz edirdilər ki, bəs biz nəyə
lazimiq, bizi niyə döyüşə göndərmirsiz?.. Orduda, eyni zamanda,
yerli əhalidə yüksək döyüş ruhu var idi. Ağır döyüşlər olanda arxa
cəbhə yaranırdı, mülki əhali silahlanaraq döyüş hazırlığı
vəziyyətinə gəlirdi. Həm də ordunun arxasında xalqın, yerli
əhalinin durduğunu əsgər hiss edirdi. Mövqedə duran əsgərə müdafiə
olunan kənd könüllü olaraq hər cür yardim edirdi, qayğı göstərirdi,
qeyri-sərhəd kəndlərinin əhalisi daim öndə-sərhəddə olanları öz
qayğısı ilə diqqətdə saxlayırdı. Bu haqda sənədlər-sərəncamlar
var.
Bizimlə ruslar döyüşürdü
Erməni tərəfdə olan və bütün döyüşlərdə bizimlə qarşı-qarşıya
gələn rusun 7-ci nizami ordusu idi. Düzdür, ruslar bizimlə olan
döyüşlərdə çalışırdılar ki, öz iştirakları ilə bağlı iz
buraxmasınlar. Lakin döyüşlərdə düşmən tərəfdə rusların da olması
bizim gözümüzdən yayınmırdı və kəşfiyyat məlumatlarımızda özünü
təsdiq edirdi. Ermənini və onun başıpozuq, əksəriyyətinin xaricdən
muzdla gətirilmiş yarıac-yarıtox formalaşmış silahlı birləşmələrini
heç vaxt ciddi qüvvə saymırdıq. Hətta 1992-ci il oktyabrin 12-də
Qubadlının Çardaqlı kəndində ermənilərlə mənim də iştirak etdiyim
görüş zamanı Ermənistan tərəfin nümayəndə heyətinin rəhbəri
Saakyanın Azərbaycanın nümayəndə heyətinin rəhbəri rəhmətlik
Afiyəddin Cəlilova türkcə: "Ara, biz sizə nə edirik ki? Gorusun,
Qafanın 25-30 faiz əhalisi qalıb, hamısını eləyən bunlardı", -
özlərilə gələn rusa işarə edərək deməsindən də açıq sezmək
oldu.
Əsirə çırtma vurmamışdıq
Çalışırdıq ki, əsirlər incidilməsin. Buna baxmayaraq, nəzarətdən
qaçan hallar olurdu. Hətta bir dəfə Zəngilanın 12 kəndi işğal
olunduğu zaman əsir götürülmüş 75 yaşlı qadınımızı və 4 nəfər
cəsədi, onlarda qalan polisimizi vermədikdə məcbur olduq biz də
onlardan əsir gətirək ki, dəyişək. Bu məqsədlə, 2-ci batalyonun
bölük komandiri Mail bəy Qafandan, Görusun polis rəisinin bacısı
əri Vartanı və sürücü Sasunu "Kamaz" markalı maşını ilə birlikdə
əsir gətirmişdi. Əsirlər təhlükəsizlik baxımından polis idarəsində
saxlanılırdı. Bakıdan döyüş bölgəsinə ezamiyyətə gəlmiş bir polisin
əsirləri vurmaq istədiyinin şahidi oldum və buna imkan vermədim.
Dedim ki, həyatını təhlükəyə atıb o əsirləri gətirən oğul onlara
bir çırtma da vurmayıb, sən niyə vurursan?!. Bir də ki onlar
əsirdilər. Əsir olmaq, insanın ən ümidsiz və çarəsiz
məqamıdır...
Sima xanım maşınıma minib dedi ki...
Hissəmizdə yerli əhalidən olan tibb bacıları var idi. Hələ
1990-cı ildə, sərhəd kəndimiz Yuxarı Cibiklidən olan Gülnarə xanım
döyüş vaxtı ağır yaralanmış, çoxlu qan itirmişdi. Vəziyyəti ağır
olduğuna görə Bakıya gətirilmişdi. Biz də rayondan bir neçə nəfər
ona qan vermək üçün gəldik. Gülnarə xilas olundu. Yuxarı Cibiklidə
Həsən Qorxmazın bölüyündə rəhmətlik Rahilə, 2-ci batalyonda İlhamə,
Dilşad və Sima xanım tibb bacıları olsalar da, döyüş səngərlərində
əsgərlərlə bir yerdə əllərində silah düşmənlə döyüşürdülər. Sima
xanım 3-cü batalyonda xidmət edən xalası oğlu ilə ailə qurdu və özü
də xidmətini 3-cü bataloynda davam elədi. Onunla bağlı bir xatirəm
var...
1993-cü il avqust ayının 18-dən başlayaraq rayonda vəziyyət çox
gərgin idi. Düşmən tərəfin hücumları səngimək bilmirdi. 20-si axşam
Briqada komandiri İlqar Məmmədov 706 saylı briqadanın Balasoltanlı
kəndi ərazisində yerləşən qərargahında, o vaxt hələ müdafiə
nazirini səlahiyyətlərini həyata keçirən Səfər Əbiyevin, mərhum
MN-nin arxa cəbhə üzrə müavini Vahid Musayevin yanında mənə dedi
ki, kəşfiyyat məlumatına görə, boşaldılmış 4 kəndimizin: Milanlı,
Hat, Deşdəhat və Başarat kəndlərinin hərəsində düşmənin 500 canlı
qüvvəsi var və bunu dəqiqləşdirməyimiz vacibdi. Baxmayaraq ki,
mənim bütün səlahiyyətlərim artıq dayandırılmışdı, S.Əbiyev və
V.Musayev məndən kömək etməyimi istədilər. Ayın 21-i səhər İşıq
idarəsinin müdiri Adil Mehdiyevlə onun xidməti UAZ maşınına oturub
Başarat istiqamətinə getdim. Kənddən bir az aralı 3-cü batalyonun
döyüşçülərinə və kəndi tərk etmiş əhaliyə rast gəldim. Sima xanım
və həyat yoldaşı da onların arasıda idilər. Onlar da mənə eyni
məlumatı verdilər ki, kənddə düşmən qüvvələri var. Təkbaşına olsa
da, kəndə girəcəyimi əsəbi şəkildə dedim və Adilin maşınının
sükanına əyləşəndə, maşının arxa qapısından Sima xanımın
əyləşdiyini görərkən: "Sima xanım, siz hara? Mən özüm bilmirəm məni
orada nə gözləyir", - dedim. Sima xanım mənimlə kəndə girəcəyini
çox israr etdi və dedi: "Bəy, mənim kimi minlərlə qadının həyatı
sizin həyatınızdan qiymətli ola bilməz. Əgər görsəniz vəziyyət
kritikdir və mənim əsir düşmək təhlükəm var, məni güllələyin. Mən
sizinlə gedəcəm". Onun bu sözündən sonra həyat yoldaşı və əslən
başaratlı olan Əşir də mənim idarə etdiyim maşına əyləşdi. Maşını
tərpədəndə orda olan 10 nəfərə yaxın əsgər də digər yük maşınına
minib arxamca Başarat kəndinə girdilər. Ehtiyatla kəndi müşahidə
edəndə 3-cü batalyonun kənddə yerləşən kazarmasına gəldik. Kazarma
boş olsa da, rabitə otağında bir işlək vəziyyətdə olan ratsiya ilə
briqada komandiri İlqar Məmmədova kəndin boş olması barədə məlumatı
çatdırdım. Kənd boş idi. Verilən kəşfiyyat məlumatlarının yalan və
bunun bir təxribat əməli olması təsdiq olundu. 21 avqustda
Başaratdan qayıdarkən səhv kəşfiyyat məlumatı gətirən qüvvələr
tərəfindən ağır yaralandım və hospitala düşdüm. Aldıqları tapşırıq
mənim həyatdan götürülməyim olsa da, bunu edə bilmədilər. Hətta
sonradan, avqustun 24-də, kimlikləri məlum olmayan bir silahlı
dəstə yaşadığım kəndə girib məni yaralı vəziyyətdə yatdığım
qohumumun evində öldürməyə cəhd etsə də, etibarlı dostların
müqavimətinə rast gəlib çıxıb getmişdilər. Dostlar, avqustun 25-də
mənim rayondan çıxışıma imkan verilmədiyi bir vaxtda, bütün nəzarət
postlarına tapşırıqlar olduğu halda, məni yaralı vəziyyətdə xərəklə
gizlincə Bakıya gətirdilər. O zamandan da ordudan təcrid olundum…
Avqustun 31-isə rayon işğal olundu.
Ermənilər dərk etsə ki...
2008-2009-cu ildə rəhmətlik dostum Müslüm Əlioğlu ilə birgə
yazdığımız "Fərari" romanı var. Hazır ssenaridir. Çalışmışıq,
əxlaqi dəyərləri önə çıxardaq. Qarabağ savaşının, erməni
düşmənçiliyinin əsil mahiyyətini üzə çıxardaq. Əsərdə çalışılıb ki,
Rusiyanın erməni adı altında işğal etdiyi torpaqlarımızın əsil
işğal səbəblərini xalqımıza və dünyaya çatdıra bilək. Gerçəkləri,
doğruları, baş verən hadisələrin əsil mahiyyətini bilməyən xalq
döyüş meydanında tərəddüdlü olar. Əgər ermənilər Qarabağ
müharibəsinin əsil mahiyyətini tam dərk edə bilsələr, heç vaxt
əllərinə silah alıb döyüşməzlər. Gec-tez onlar bunu dərk
edəcəklər…
Son döyüş
Qubadlının işğalı qarışıq bir dövrə düşmüşdü. Son döyüş,
yuxarıda qeyd elədiyim kimi, Başarat kəndinə girməyim olub. Hələ
1993-cü ilin ilyul ayının 16-da 706 saylı briqadamızın o vaxtkı
komandiri Rasim Muxtarov və rayon İH-nin başçısı Elxan Nuriyev
mənimlə görüşüb, 1 ay, ayyarımlığa rayondan getməyimi məsləhət
görmüşdülər. Onlara cavabım "Qubadlının ağır durumunda buradan
ancaq meyidim çıxa bilər", - olmuşdu. Dostlarla Qubadlının işğal
təhlükəsinə 100 faiz əmin olacağımız halda, geriyə çəkilmək deyil,
müdafiə olunmaq deyil, irəliləmək, Ermənistan sərhədlərini keçib,
bir batalyonun Qafan, bir batalyonun isə Gorus şəhərinə girməsini
gizlicə qərarlaşdırmışdıq. Məqsəd düşmənin planlarını alt-üst etmək
idi. Düşmənin hərbi hücum, işğal etmək taktikası həmişə əsasən
Qarabağ istiqamətindən olduğuna görə Ermənistanla olan sərhədlərdə
düşmən qüvvələri demək olar ki, çox az sayda, döyüş deyil, sadəcə,
sərhədlərə nəzarət səviyyəsində olurdu. Əsas qüvvələrini Qarabağ
istiqamətindən olan tərəfə yönəldirdilər. Hətta işğal zamanı
Qubadlıda güclü müqavimətə rast gələn düşmənlər Gorusda yerləşən
"Davud Sasunski" adına olan alayı da Qarabağa göndərmişdilər. Bu
haqda əlimizdə kəşfiyyat məlumatları da var idi və bu Qubadlının
işğalı ilə bağlı məhkəmə materiallarında da öz təsdiqini tapıb.
Düşünürəm, yəqin ki, qərarımız barədə sızma olmuşdu deyə, ideya
müəllifi olduğuma görə məni zərərsizləşdirmək və ya bir yolluq
sıradan çıxartmaq istəyən qüvvələr əməli fəaliyyətə keçdilər və
məni sıradan çıxarda bildilər. 1993-cü il avqustun 21-də yaralandım
və ordudan təcrid edildim.