"Rektorun keçmişi" layihəsində
Axar.az yeni layihəyə start verir. Bu dəfə ölkəmizdə
fəaliyyət göstərən ali məktəblərin rektorları ilə, necə deyərlər,
"sərbəst vəzn"də söhbət edəcəyik.
Layihənin ilk qonağı Avrasiya Universitetinin rektoru,
fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlidir.
Onunla rəhbəri olduğu ali tədris ocağında görüşdük. Müalicədən
yenicə qayıtmışdı. Ona görə də layihəmizin formatında xırda
dəyişiklik oldu.
Kobudluqla incəlik arasında sərhəd yoxdur
- Nazim müəllim, bu gün özünüzü necə hiss edirsiniz?
Deyəsən, şəhərdə yox idiniz.
- Çox yaxşıyam. Rayonda oldum, istirahət etdim. Şəkərimə görə
Yesuntukiyə getmişdim, müalicə olundum.
- Həkimlər şəkərli diabeti "həyat tərzi" kimi
xarakterizə edirlər – yəni qormağa dəyməz. Bir şeirim var: "Dərdimi
əzizlədim, adına şəkər dedim". Şəkər olduğunuzu dediniz, bəs
özünüzü necə xarakterizə etmək olar?
- Desəm ki, xasiyyətimdə hər iki hal var, yanılmaram. Bəzən
kobud da oluram; kobudluqla incəlik arasında elə ciddi sərhəd
yoxdur. Şəkər xəstələrində ən böyük şərtlərdən biri əsəbi şəraitdə
yaşamasıdır. Şəkər həyatın, mühitin bizə verdiyi "bəxşiş"dir. Biz o
mühitdə yaşayırıq. Elə bir sahə var ki, insana da, predmetə və
sosial mühitə də təsir edir. Və bu mühitdə bərabərlik, tarazlıq
pozulur: belə bir mühitdə baş çıxartmaq, o mühitə hazır olmaq, mənə
elə gəlir, ən çətin məsələlərdən biridir.
- Nazim müəllim, sizinlə söhbətimiz düşündüyüm kimi
başlamadı. Biz elə xəstəlikdən danışırıq... Sizi hər hansı bir
xəstəliyə təslim olmuş kimi xarakterizə etmək olarmı?
- Yox, qətiyyən. Mən xəstəliklərin hamısına – istər şəkər, istər
ürək xəstəliyi olsun – qarşı mübariz olmuşam. Özümü xəstəliyə qarşı
mübarizədə müqaviməti sınmış hesab eləməmişəm. Mən şəkəri, təzyiqi
ölçməmişəm, yaxın qoymamışam bu hissi özümə tərəf...
Ayaq barmaqlarımda xatirələr
- Yəqin, boş vaxtlarınız heç olmur.
- Hər bir adamın həyatda əylənə bildiyi sahələr var. Məsələn,
boş vaxtlarımda əsasən Azərbaycan tarixi ilə bağlı araşdırmalar
aparmışam. Şumerlərin kimlik məsələsinə baxmışam, onları
araşdırmışam, kökünü tapmışam. Təbii ki, bu kitablar çıxandan sonra
ictimaiyyət rəy verə bilər. Yəni bu gün bizim Azərbaycan dilimizin,
o cümlədən, digər türk dillərinin etimoloji sözlükləri yoxdur.
Etimoloji sözlük olmayan dildə danışanda, o dildə söhbət eləyəndə
yarımçıqlıqlar yaranır. Bu gün kifayət qədər dilçi alimimiz,
ədəbiyyatşünasımız yetişir. Hamısı da hansısa rus mütəfəkkirinin,
rus aliminin, ya da ingilisin ağzına baxır, onun dediklərindən
sitat gətirir. Sanki kitablarında o adları göstərməklə fəxr edirlər
ki, mən tədqiqat əsərimdə filan müəlliflərə istinad etmişəm. Bir
şey dərk olunmur ki, bununla özünü o adamların adı ilə təqdim
edirsən. Ən böyük bəla budu. Həyatda bir təqdim olunmaq var, bir də
təqdim etmək. Bir də var ki, insan özü özünü təqdim edir. Öz-özünü
təqdim etməkdə parametrlər çoxdur. Aparıcı parametr fikirdir.
Fikrin dil ifadələri ilə yüklənməsi və onu hər hansı bir məclisdə
ictimaiyyətə çatdırılmasıdır.
- Nazim müəllim, sizi ötən anlarınıza qaytarmaqla bağlı
gəlmişdim yanınıza. Yeniyetmə və gənclik illərinizdən yadınızda
nələr qalıb?
- Desəm ki, elə də təmtəraqlı gəncliyim olmayıb, yanlış olmaz.
Çünki atam xəstə olub, erkən yaşlarımdan ailədə çox yükü öz üzərimə
götürmüşdüm. Tələbəlik illərimdə də, sonralar da ağır günlər az
olmayıb. Mebel fabrikində fəhlə işləmişəm. Sonra o dövrdə
Azərbaycan Dövlət Universitetinin hesablanma mərkəzinə gəlmişəm.
Sibirdə əsgərlik çəkmişəm. Bu dəqiqə də ayaq barmaqlarımda həmin
illərin xatirələri qalır. Sibir şaxtasının don vurması... Mühitdən
mühitə keçdikcə insan digər canlılar kimi o mühitə adaptasiya
olmalıdır. Adam var ki, tez adaptasiya olur, adam da var
ümumiyyətlə adaptasiya olmur. Yəni hər bir mühitdə ətraf bərabər
olmur, tarazlıq pozulur, gərək o tarazlığa dözə biləsən. Məqsədinə
nail olmaq üçün həyatın enişli-yoxuşlu pilləkənlərində
çaşmamalısan. Ola bilər, bir dəfə yıxılarsan, bir daha o pillələri
qalxa bilməzsən.
Ailənin təməli necə uğursuz qoyulubsa...
- Amma şükür ki, həyatınızda pillələr üzü yoxuşa olub,
enişə yox...
- Heç nə asan olmur. Universitetin Mexaniki-riyaziyyat
fakültəsinin dekanı var idi – Arif Babayev. Çox güclü riyaziyyatçı
idi. Dediyinə görə, 30 yaşında doktorluğu Gürcüstanda müdafiə
etmişdi. Gürcüstan Elmlər Akademiyasının prezidenti Muskavaşveli
söyləmişdi ki, kaş sən gürcü olaydın. Bax, həmin Arif müəllim bizim
dekan idi. Ancaq elə adlı-sanlı akademiklər, elmlər doktorları,
dosentlər var idi ki, adam onlardan bezirdi. Bu gün təəssüf ki, elə
alimlərimiz çox azdır. Mən də o vaxt Lütfi Zadənin çoxluqlar
nəzəriyyəsindən diplom işi götürmüşdüm. Bu, çox maraqlı sahə idi.
Azərbaycanda təzə açılan sahələrdən biriydi. Dedilər ki, "5" almaq
üçün dekana demək lazımdır. O zaman Arif müəllim dedi ki, qiyabiçi
hara, 5 qiymət hara?! Mən diplom işini müdafiə elədim. Komissiyanın
sədri Samson müəllim yerli yəhudilərdən idi. Sual verdi: "bu işi
neçə ilə müdafiə edə bilərsən?" Elmi rəhbərim dedi ki, iki ilə.
Belə bir vaxtda komissiya qərar verdi ki, diplom işim "5"
qiymətləndirilsin. Universitetin elmi işlər üzrə prorektoru vardı,
Yəhya Məmmədov, Elmlər Akademiyasının müxbir üzvü, prorektor idi.
O, məni kafedrada müəllim kimi saxlamaq istədi, razı olmadım. O
vaxtı universitetdə kafedrada qalmaq, müəllim olmaq əlçatmaz idi.
Sonra getdim Cəmil Əhmədlinin yanına, lakin o, məni o qədər də
yaxşı qarşılamadı. 10 ədəbiyyat siyahısı verdi. Bir dəfə pul verdi,
dedi, get, filan kitabları al, birini özünə, birini də mənə. Aldım
gətirdim. Qalıq qaytarmaq istədim, götürmədi. O vaxtlar çox kasıb
yaşayırdım. Borc alırdım, borcu qaytarmaq üçün də borca
girirdim.Yazdım. Baxdı, redaktə etdik. İkimizin adından
Akademiyanın xəbərlərində dərc olundu.
- Beləliklə, Cəmil müəllim sizin gələcək karyeranızda
önəmli rol oynadı.
– Hə. Mən artıq qəbul olunurdum. Məqalələrim dərc olunurdu,
Cəmil müəllim haqqımda xoş danışırdı. Bir dəfə bir yas məclisi
vardı. Çadırın qırağında durub siqaret çəkirdim. Bir də gördüm
Cəmil Əhmədli gəldi. Siqareti tulladım. Qoluma girdi, "icazə
verirəm, yanımda çək", dedi. Çadıra bir girdik. Mənimlə xeyli
söhbət etdi. Dedi, mövzu seçmək bilirsən nədi? Dedim, nədi? Dedi,
mövzu seçmək gələcək həyat yoldaşını seçmək kimi bir şeydir. Əgər
müəyyən müddətdən sonra həyat yoldaşınla aranda soyuqluq olarsa,
boşanarsan. Ailənin təməli necə uğursuz qoyulubsa, bax, mövzu da
elə olmalıdır ki, o boşluq olmasın.
Firudin Köçərliyə görə mənim...
- Və mövzu təklif etdi...
- Yox, seçməyimi istədi. Bir-birinə uyğun dörd mövzu seçdim.
Birini bəyəndi. Müdafiəmdə çoxlu maneələr oldu. Fəlsəfə
İnstitutunun direktorunun Firudin Köçərli olması və mənim İzzət
Rüstəmovun bacısı oğlu olmağım qarşıma sədd çəkirdi. Axır ki,
müəyyən müddətdən sonra bu səddi də aşa bildim.
- Niyə mane olurdu?
- Yerliçilik qorxusu vardı. Həm də başqa məsələlər. Mən Cəmil
Əhmədlidən fəlsəfəni öyrəndim. Fuad Qasımzadə, Həsən Quliyev,
Nizami Məmmədov – bunlar mənim taleyimdə böyük rol oynayıblar. Amma
dediyim kimi, dissertasiyanı müdafiə edə bilmirdim. Bir dəfə Nizami
Məmmədov işimlə maraqlandı, fəxrlə dedi ki, keçəcəksən. Lakin
Fəlsəfə İnstitutunun Elmi Şurası yenə qəbul eləmədi.
- Niyə?
- Ona görə ki, mən gədəbəyli idim. O vaxt da Fəlsəfə
İnstitutunun rəhbəri gədəbəyli Firudin Köçərliydi. Ehtiyat edirdi
ki, ona yerlibaz deyərlər.
Nazim müəllim xatirə dəftərini vərəqləməkdə davam
edir. Elm ocağında baş verən çəkişmələrdən, bir alimin digərinə
olan münasibətinə görə onun elmi rəhbəri olduğu aspirantların
əziyyət çəkməsindən bəhs edir. Danışır ki, onun müdafiə etməsi üçün
bu çəkişmələr düz 3 il davam edir. Axır ki, dissertasiya
müdafiəsinə nail olur. Bu dəfə elmi rəhbərlərinin sırasına daha bir
alimin adı əlavə edilir...
- Dissertasiya hazır idi, məqalələr yazılmışdı, ancaq yaxına
buraxmırdılar. İnstituta Aslan Aslanov direktor gəldi. Nizami
müəllim dedi, heç kim Cəmil Əhmədlini qəbul eləmir. İkinci rəhbərim
də olmalıdır. Nizami Məmmədovu rəhbər kimi yazdıq. Telman adlı əmim
oğlu vardı. Bir dəfə dedi ki, niyə gedib kənddə müəllim işləmirsən?
Dedim, müdafiə üçün pul lazımdır. Moskvaya gedib-gəlmək, məqalələri
yazdırmaq və sair. Mənə xeyli pul verdi, həm borclarımı qaytardım,
həm yazı makinası aldım, həm də Moskvaya gedib-qayıtmağa, orada
qalmağıma yetdi.
Şumer mənim ən yaxşı övladımdır
- O zamanlar gənc fəhlə Nazim nəyi fikirləşirdi? Kim
olmaq istəyirdi?
- Mən heç fikirləşmirdim ki, bankda, yaxud böyük bir trestdə və
ya bu universitetdə fəaliyyət göstərəm. Ancaq bir fikrim olub ki,
irəliyə gedim. Dayanmaq, yerində saymaq mənim prinsipimə yad olub.
Maneələrdən heç vaxt qorxmadım. Mən Ali Diplomatiya Kollecini
açanda nə diplomatiya sahəsində o qədər biliyim var idi, nə də bir
o qədər dünyagörüşüm. Məni qınayanlar da oldu, ancaq fikrimdən
dönmədim. Ən savadlı kadrları topladım. Mənim dostlarım o vaxt
dəstək oldular, maddi və mənəvi köməklərini əsirgəmədilər. 1993-cü
ildə ilk qəbulu apardıq. Beynəlxalq əlaqələrimiz genişləndi...
Sonradan Bakı Ali Diplomatiya Kolleci və Bakı Avrasiya Universiteti
adını daşıdıq.
- Nazim müəllim, siz danışdıqca belə başa düşürəm ki,
heç boş vaxtınız olmur.
- Olur, niyəı olmur? Boş vaxtlarımda dostlarla görüşürəm,
şumerləri tədqiq edirəm. Bundan ləzzət alıram...
- Dostlarla görüşəndə nədən söhbət eləyirsiniz? Yoxsa
yenə də şumerlər dostlarla söhbətinizin arasına girir?
- Mənim o dostumla söhbətimdə birinci müzakirəmiz yenə də
şumerlərdi. Yəni Şumer mənim ən yaxşı övladımdı. Mənim namizədlik,
doktorluq işlərim idrak nəzəriyyəsində məntiqlə bağlı olub. Rus və
digər mənbələrdə istinad eləyirlər ki, yunanlar klassik elmin
baniləridir. Öz-özümə sual verdim, doğrudanmı onlar klassik elmin
baniləridi? Bu məni apardı çıxardı yunanlara. Yunanlardan getdim
hetlərə, hetlərdən getdim akkadlara, akkadlardan şumerlərə. Əmin
oldum ki, şumerlərdə dayanmaq lazımdır. Hətta Kaliforniya
Universiteti qədim musiqinin kökünü öyrənmək üçün ekspedisiya
təşkil edib. Açıqlama verdilər ki, qədim musiqinin notlardakı
uyğunluğunu yunanlarda görə bilmədik, şumerlərdə gördük. Demək,
bəşəriyyətin ilk elmi yaradıcısı şumerlərdir. Şumerlər kimdir?
Şumerlər özlərini kiengerlər adlandırıblar. Yəni göydən yerə
gələnlər. Naxçıvanda, Urmiya gölü ətrafında Türkmənistanda
kiengerlər var. İkinci bir tərəfdən, şumerlər özlərini "qarabaşlar"
adlandırıblar. "Qara" türkcə-şumercə "böyük" deməkdi. Yəni böyük
başlar – düşünən başlar olublar. Bunu axtardım, onların dilini,
əlifbalarını öyrənməyə başladım. Bütün bunları öyrəndikdən sonra
keçdim Azərbaycana. Nə vaxtlar buzlaşma, nə vaxtlar istiləşmə olub,
öyrəndim. Öyrənə-öyrənə gəldim çıxdım Məmmədəli Hüseynovun Azıxla
bağlı tədqiqatlarına. Gördüm ki, dünyada ən davamlı mədəniyyət
bizim Azərbaycanda olub. Bütün türklərin mərkəzi dünyaya yaymasının
kökü Azərbaycan olub.
Məni qonaq çağırıb, səs verəcəklərini
dedilər
- Nazim müəllim, maraqlıdır ki, sizə ünvanladığım bütün
sualların cavabı yenə də gəlib şumerlərə çıxır. Bu, artıq həyat
tərziniz və düşüncələriniz haqda bizə çox şey deyir... Yeri
gəlmişkən, bayaqdan bir neçə dəfə çay gətizdirmisiniz: Sizin üçün
bu dövrdə çay içmək asan olar, ya çay keçmək?
- Sual çox mürəkkəb oldu... Əgər dağ çayından danışırıqsa, onun
qarşısında tab gətirmək daha çətindir. Mən çətinliyə öyrənmiş
adamam, asan da olmasa, çayı keçərəm, çayı isə içmək nə vaxtsa
çayları keçməyimizə yardımçı olar. Bilirsən, dağ çayında
qeyri-müəyyənliklər var. Belə baxırsan, əslində, rəngarənglik daha
çoxdur dağ çayında. Göz bir şeyə baxanda yorulur, ancaq dağ
çaylarına baxanda yox.
- Sizdəki bu həyat eşqi, araşdırma həmin o
rəngarənglikdən irəli gəlməyib ki?
- Həyatım boyu düşüncələrimə görə standart adam olmamışam. Özümü
heç vaxt, heç bir standarta daxil eləməmişəm. Yəni standartlar özü
bu dəqiqə qeyri-standartlara çevrilir. Bəzən adamlar var ki,
həyatında görkəmli bir yazıçı necə geyinir, onun kimi geyinib; nə
yeyibsə, o cür yeyib, gəzib və sair. Mənə görə, həyatda insanın
özünün izi olmalıdır.
- Bəlkə, parlamentə namizədliyinizi
verəsiniz?
- İki dəfə parlament seçkisində iştirak eləmişəm. Birinci dəfə
mənim namizədliyimi veriblər, ikinci dəfə isə özüm getmişəm. O
zaman namizəd olarkən sadə adamlar məni qonaq çağırdı, səs
verəcəklərini dedilər. Ancaq bəzi səbəblərdən sənədlərimi geri
götürdüm. Bu dəfə isə heç nə deyə bilmərəm, gözlənilmədən qərar
verə bilən adamam.
Adamın üzünə gülürlər, arxasınca danışırlar
- Nazim müəllim, dostunuz çoxdur, ya
düşməniniz?
- Vallah, mən kənarın fikrini necə öyrənim? O üzrə tədqiqat
aparmamışam. Bilirsiniz ki, adamın üzünə gülürlər, arxasınca
danışırlar. Mənə elə gəlir ki, bu dəqiqə insanlar yaxşını görmək
əvəzinə pisi axtarır.
- Şeir yazmısınız?
- Mən şeir yazmamışam. Amma mənə çoxlu şeirlər həsr olunub.
İlyas Tapdığın, Musa Ələkbərlinin mənə həsr etdikləri şeirlərini
daha çox bəyənmişəm. Saz da bağışlayıblar. Onların da hamısını
istifadə eləyən adamlara bağışlamışam. Hətta Sazbənd Xudunun mənə
bağışladığı çox qiymətli sazı Gədəbəydə balaca bir oğlana
bağışladım. Amma saza həmişə qulaq asıram. Maşında yol gedəndə
dastanlarımızı danışan aşıqları dinləyirəm...
- Yəqin ki, nəvələriniz də var. Baba kimi özünüzü necə
görürsünüz? Vaxtınız var onlara dastan, nağıl
danışmağa?
- Yox, mən nəvələrə nə dastan danışıram, nə də nağıl. Çünki
onlar bizə gələndə babadan istəkləri olur, gərək mən onların
istəklərini yerinə yetirməklə məşğul olam. Özüm azad, yaradıcı
olduğuma görə onlara da azadlığı öyrədirəm.
- Uşaqlıq xatirələriniz tez-tezmi yadınıza
düşür?
- Yadıma düşmür. Təmtəraqlı olmayan uşaqlıqdan nə yadımda qala
bilər ki!? Həyat şəraiti məni başqa şeylərə vadar eləyib. Məni nə
atam, nə də anam fikrimdən döndərməyə çalışıb. Tam azad böyümüşəm.
Harada azadlığını tapa bilirsənsə, həyatın mənası da elə
oradadır.