Yuxarı

Komandir: “Tanklar döyüşə girməkdən çəkindi...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komandir: “Tanklar döyüşə girməkdən çəkindi...”

Bu dəfə "Cəbhə xətti"mizdə:

Fəxrəddin Surxay oğlu Rəcəbov. 1952-ci ildə indiki Xocavənd rayonunun Kuropatkin qəsəbəsində dünyaya gəlib. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olub. 1975-ci ildə institutu bitirib təyinatla Qazaxıstan Respublikasına yollanıb. 2 il Qazaxıstan Respublikası Mülki müdafiə qərargahında radio rabitəsi üzrə böyük mühəndis işində çalışıb. 2 ildən sonra yenidən Ağdama qayıdıb, orada Rabitə qovşağında əvvəl elektromexanik, sonra mühəndis kimi işləməyə davam edib.

Şirin Mirzəyevlə görüşdüm

Fəxrəddin bəy ötənləri "Cəbhə xətti"nə danışdı:

- Əvvəllər ehtiyatda olan zabitləri xidmətə çağırırdılar. Ancaq bizim dövrümüzdə dedilər ki, ehtiyatda olan zabitlərə ehtiyac yoxdur. Onun üçün də mən hərbi xidmətdə olmadım. İnstitutu isə bitirəndə zabit rütbəm vardı. 1977-ci ildən Ağdam rayon Rabitə qovşağında işlədim.

1988-ci ildə milli münaqişə zəminində başlayan hadisələr bədxah qonşularımızın torpaq iddiası ilə daha da qızışdı. Tay-tuşlarım, həmfikirlərim olan adamlarla söhbət edib götür-qoy edirdik ki, nə isə bir iş görmək lazımdır. O dövrdə sovet milisinin , sovet ordusunun bu işlərə bir az biganəliyi, bir az qərəzli olmağı bizi daha da tədbirli olmağa çağırırdı. Torpaqları qorumaq üçün nə isə etmək lazım idi. Aydın görünürdü ki, Azərbaycana, azərbaycanlılara Sovet İttifaqının rəhbərliyi tərəfindən ögey münasibət var. Ermənilərə havadarlıq edirdilər.

1991-ci ilin sentyabrından könüllü dəstə kimi formalaşmağa başladıq. Ağdam cəbhəçiləri Şirin Mirzəyevi yenicə qurulmaqda olan könüllülər batalyona rəhbərlik etmək üçün dəvət etdilər. Könüllülərə döyüş qaydalarını öyrətmək üçün peşəkar hərbçiyə ehtiyac var idi. O ərəfələrdə rəhmətlik Eldar Bağırovun təklifi ilə Şirin Mirzəyevlə görüşdüm. Görüşdən sonra onunla birgə fəaliyyətimiz başladı, bir yerdə dəstəni formalaşdırıb, rəsmiləşdirdik. Həmin il oktyabr ayının 2-də Müdafiə Nazirliyi bizim batalyonun yaradılması haqda əmr verdi. Batalyon rəsmi olaraq Ərazi Özünümüdafiə Batalyonu kimi qeyd olundu.

Ağdam Xalq İcraiyyə komitəsi könüllüləri rəsmi olaraq orduya çağırmışdı. "Rayispalkom" mənə də çağırış vərəqəsi yollamışdı, əmr eləmişdi: Filan gün filan saatda hazırlıqlı vəziyyətdə burda olmağını əmr edirik. Bu bir tərəfdən də bizim rəsmi orduya çağırılmağımız demək idi.

Ağdam Xalq Cəbhəsi şəxsi təşəbbüsü və imkanları ilə kəndləri, əhalini qorumağa çalışırdı. Buna görə də qərara almışdılar ki, toplanan bu dəstənin başında gerçək, peşəkar bir hərbçi olsun. Şirin Mirzəyev təklif olunub. Onu Ağdama dəvət ediblər. O da bu dəvəti çox böyük məmnuniyyətlə qəbul etmişdi. Rəhmətlik özü deyirdi ki, mən də bir bəhanə, bir yol axtarırdım ki gəlim.

Belə ki, bu təklif onun üçün arzulanan olub. O, Xalq Cəbhəsinin qərargahına gələndə rəhmətlik Eldar Bağırovdan soruşub ki, aranızda hərbidən anlayışı olan kimsə varmı? Məni tanıyan bir neçə nəfər təklif ediblər ki, Fəxrəddin peşəkar hərbçi olmasa da, ehtiyatda olan zabitdir.

Yaddaşım toz basmış kitab kimidir

İndi yaddaşım toz basmış kitab kimidir. Onları vərəqləmək çətindir. Tez-tez xəbərlər gəlirdi, ermənilər filan yerə hücum edib və sair. Biz isə hələ təzə formalaşırdıq. Batalyonu Əlmədədli kəndindəki peşə məktəbində yaratdıq. Amma Şirin Mirzəyevin peşəkarlığı ilə batalyon müxtəlif kəndlərdə, cəbhə xəttində fəaliyyət göstərdi. Ağdamın cəbhə xətti 65-70 km ərazi idi. Ona görə də imkanları nəzərə alaraq batalyonu hissə-hissə bütün sərhəd boyu yerləşdirirdi.

Danışdıqca yadıma düşür. Kiçan kəndini ermənilərdən azad edib orada da yerləşmişdik. Gözləyirdik ki, kəndə girən olmasın. Ermənilər əks-hücuma keçə bilərdi. Günorta üstü idi. Çıldıran tərəfdən erməni tankı çıxdı, bizə tərəf mərmi atdı. Mərmi əsgərlərdən birinin 3-4 metrliyinə düşdü, yıxıldı. Ayağa qalxanda gördük ki, ayağının biri dəridən sallanır. Qəlpə bütövlükdə əsgərin ayağını kəsmişdi. Həkimlərin səyi nəticəsində həmin əsgər sağ qaldı.

Kəndin içindən keçən asfalt yola bizim də basdırdığımız minalar vardı. Sürücümüz Bəhruzun maşını öz minamıza düşdü. Bəhruzun hər iki ayaqlarını apardı. Uşaqlar onu götürdülər, damarlarını sıxdılar. Qan itirməyə qoymadılar. Şükür sağ qaldı. Rövşən adlı qardaşı şəhid oldu.

Bir dəfə döyüşdən əvvəl beş altı nəfər bizim batalyona yazılmaq üçün gəlmişdi. Bunlar gələn anda döyüş başlayıb. Kəndlərimizdən birinə hücum olmuşdu. Təzə gələnlər qoşulublar döyüşə gedənlərə. Dedilər ki, getməyin, adınız siyahıda yoxdur, silahınız, sursatınız yoxdur. Razılşamadılar, "əsgərlərimiz yaralansa, onların silahını götürərik dedilər". Elə oldu ki, həmin oğlanlardan biri döyüşdə həlak oldu. Amma rəhmətlik Şirin Mirzəyev onu həlak olandan sonra qeydiyyata salmışdı. O zaman biz bilmirdik ki, şəhid ailəsinə nə isə bir kömək edilə bilər, imtiyazları olar. Onun ailəsi şəhid ailəsi statusu ala bildi.

Umumiyyətlə, Şirin Mirzəyevin qurduğu bütün əməliyyatlar, uğurla nəticələnirdi.

Tanklar döyüşə girməkdən çəkindi

Bir dəfə böyük bir qüvvə ilə Ağbulaq, Aranzəmin istiqamətində əməliyyata keçdik. Əvvəlcədən demişdilər ki, briqada artilleriya hazırlığı keçirib, kəndlər hamısı raket atəşinə tutulub. Piyadalar arxayın döyüşə girə bilərlər. İki kənd doğrudan artilleriya ilə vurulmuşdu. O kəndləri azad etdik. Üçüncü kəndə girəndə qarşımıza tanklar çıxdı. Bizi sanki tələyə saldılar. İtkimiz az oldu. Şirin Mirzəyev əməliyyata özü rəhbərlik edirdi. Çox güclü sərkərdəlik qabiliyyəti vardı.

Gecə saat üç olardı. Bizə kömək üçün göndərilmiş bir neçə tank var idi. Tanklar piyadanın qarşısında döyüşə girməkdən çəkindi. Komandirimiz özü düşdü qabağa. İmkan tapıb ona yavaşca pıçıldadım ki, siz bir balaca geri çəkilin biz qabaqda gedək. "Əgər əsgər görsə ki, mən ehtiyatlanıram, geri çəkilirəm lap qorxacaq. Görməlidir ki, döyüşə getmək qorxulu deyil və komandir lap qabaqda gedir", - dedi. Kəndi aldıq. 8 nəfər erməni əsir düşdü.

Bəzən mənə də "komandir" deyirlər, yox, komandir Şirin Mirzəyev idi. Bir də nə qədər ki, Şirin Mirzəyev sağ idi, Ağdamın bütün kəndləri özümüzdə idi. Ətrafdakı erməni kəndləri boşaldılmışdı. O özünü əsgərdən bir addım uzaqda görməzdi. Yeməyi də əsgərlərlə bir yeyərdi.

Aslanın erkəyi, dişisi...

Batalyonumuzda qadınlar da vardı. Rabitə işinə baxırdılar. Bir də bizdə Diləfruz adlı şəfqət bacısı var idi. O qədər qoçaq, qorxmaz idi ki! Demək olar, bütün vaxtını döyüşlərdə keçirirdi. Sonra səhv eləmirəmsə, Qazançı əməliyyatında əsgərimizin yarasını sarıyan vaxtı onu da vurdular. Yaraları sağaldıqdan sonra Diləfruz xanım bu dəfə döyüşçü kimi geri qayıtmışdı.

Rəhmətlik Şirin Mirzəyev minaya düşəndə mən də orda idim. Öz maşınımla onun ardınca gəlirdim, dedim ki, qabaqda mən gedim, razı olmadı. Partlayışdan sonra Rafiq adlı döyüşçü ilə dərhal hadisə yerinə gəldik. Sürücü Şirin Mirzəyevi, Mübarizi, Arazı götürdük. Rəhmətlik hələ sağ idi. Maşınıma qoyub hospitala sürdüm, xəstəxanaya az qalmış hiss etdim ki, nəfəs almır. Araz isə ondan qabaq dünyasını dəyişdi. Biz hospitala çatanda bircə Mübariz sağ idi. Təkcə o sağ qaldı. İndi Üçoğlan kəndində yaşayır. Allahdan olan kimi biz ora çatanda dedilər ki, hansısa kənddən vertolyot yaralı gətirir. Mübarizi qoyduq o vertolyota, birbaşa Bakıya göndərdik.

1992-ci il iyulun 13-də ordudan tərxis olundum. Ailə vəziyyətim ağır idi. Öz əvvəlki işimə bərpa olundum. Rabitədə çalışdım. Bizim kənd Ağdamdan tez işğal olundu. İyulun 4-də kəndimiz boşaldı. Bazar günü idi. Ailəmi Ağcabədinin Boyat kəndinə gətirdim. İndi Bakıda oluram. 5 uşaq atasıyam. Bir tikə çörəyə fəhləlik edirəm. 200 manat da təqaüd alıram. Müsahibə götürmək istəyənlər çox olur. Bir dəfə biri məndən müsahibə verməmi xahiş etdi. Doğrusu, heç xoşlamıram. Dedim, bir halda ki mənim müsahibəm sizə lazımdır, verərəm. Onun sualları elə idi, sanki məhkəmə qarşısında idim. Elə bil, istintaqda cavab verirdim. Sonra söhbətimiz alınmadı. Düzdür, mən ona irad tutmadım. Amma dolayısı yolla yaxamı onun əlindən qurtardım...

Tarix
2015.09.05 / 09:09
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla