Yuxarı

Keçmiş müdir: “Katibəmin üzünü it də yalamazdı”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş müdir: “Katibəmin üzünü it də yalamazdı”

- Bilirsən mən kiməm?

Səs elə qəfildən gəldi ki, istər istəməz hər kəsi duyuq saldı. Ahıl adam idi. Qəzəbi baxışlarından, əlinin, çənəsinin titrəməsindən də hiss olunurdu:

- Oturubsan ağzını marçıldadırsan, amma bilmirsən ki, vaxt vardı, sənin kimiləri qoyun sürüsü kimi qabağıma qatıb otarardım, - saçları səliqə ilə arxaya daranmış, nimdaş, lakin təmiz geyimdə olan adamın acıqlı halda dedikləri yaxasıaçıq köynək geymiş gözündən və hərəkətindən dələduzluq yağan, eyni masanın arxasında oturduğu adama ünvanlanırdı. Həmin adam ağsaqqalı cavabsız qoymadı:

- Daha de ki, çobanam da, çobanlıq etmişəm.

Dedi və şit səsinin ardınca axmaq bir gülüş salona yayıldı. Kənar oturacaqda oturanlar bu dəfə gülüşə tərəf baxdılar.

- Tvar, nə olub, nəyə belə gülürsən? – qonşu stoldan səs gəldi.

Adına "tvar" deyilən adam ləzzətli gülüşünü davam etdirdi. Amma bu dəfə gülüşün səsi və ünvanı dəyişdi:

- Ala, sən canın bir buna fikir ver, deyir qoyun otarmışam, camaat yerin altından nöyüt çıxarıb, daş kömür daşıdığı vaxtlar bu qoyun otarırmış.

Aydın idi ki, bu adam qarşısında oturmuş kişini təbdən çıxartmaq istəyir, ona görə də belə danışırdı.

"Tvar" bu dəfə də gülüşünün səsini və səmtini dəyişdi, kafenin salonuna səpələdi bu gülüşü, hər kəsə diqqətlə baxdı, insanların reaksiyasını öyrənmək istədi:

- Nə olsun, qoyun otarıbsan, elə biz də kənd yerində mala-qoyuna getmişik də...

Yaşlı kişi ayağa qalxdı, "tvar" deyilən adama tərəf qəzəblə baxdı. Dodaqları və əlləri əsirdi. Sağ əlinin barmaqları saçlarını daraqladı. Cibindən manatlıq çıxarıb çaydanın qapağının altına qoydu və dodaqaltı mızıldandı:

- Sənin...

Sözünün ardını gətirmədi. Bayıra çıxdı. Ardınca sürünən şit gülüş şappıltı ilə örtülən qapıya çırpıldı sanki, bayıra çıxa bilmədi, iyrənc gülüş çayxananın divarlarına sürtünə-sürtünə qaldı...

...Təxminən yarım saat sonra kişini çayxanaya yaxın parkdakı kölgəlikdə mürgü döydüyünü gördüm.

Ayaq səslərimə sol gözünün bəbəkləri seyrək kirpiklərinin arasından boylandı. Yanaşı oturdum. Ürəyincə olmadığını hiss etmək çətin olmadı. Özümü o yerə qoymadım:

- Gördün də.. Adına "tvar" dedilər. O adamın nəyindən inciyirsən, bu yaşında dilxor olursan.

Elə "tvar" gününə qoyardım ki!

Kişi gözlərini açdı. Mən tərəfə çevrildi. Dodaqları əsdi. Dediyi sözlər sanki müvazinətini itirib çənəsi aşağı yuvarlanacaqdı. Danışa-danışa dərisi qaralmış, damarları sümük kimi görünən əlini ağzının üstünə çəkməsi, dediyi sözlərin yerə yıxılmaması üçün idi sanki.

- Sən orda idin? Gördün də... oturub qarşımda dodaqlarını marçıldadır. Guya mənim təhərimi çıxardır. Bezsovvestnı takoy... - ardınca da rusların məşhur söyüşünü dedi.

Kişi deyəsən içini boşaltmağa fürsət tapmışdı. Xeyli asıb-kəsdi:

- Yaramazın biri, yaramaz. O zamanlar əlimə düşsəydi, bu "tvarı" elə "tvar" gününə qoyardım ki... Yaxşı adam olsa, daha bu adla çağırmazlar ki...

Könlünü aldım:

- Niyə axı o adam sənə qarşı kobudluq etdi? - soruşdum.

Bir az sakitləşdi:

- Bilmirəm, gərək bunu ondan soruşasan.

Bir qədər də söhbətə tutdum. Kim olması ilə maraqlandım, adını soruşdum. Deyəsən özü də danışmağa, ötən günlərinin eyforiyasında "gün keçirməyə" maraqlı idi:

- Mən uzun müddət vəzifədə işləmişəm. Sovetin qılıncının dalı da, qabağı da kəsəndə, böyük bir trestin rəisi olmuşam. Hələ o zaman gənc idim. "Ves Soyuzu" elədən elə, belədən də belə gəzmişəm. Gözüm, könlüm tox olub. Amma belə yaramazlar qoymur ahıl vaxtımızda rahat nəfəs alaq. Özü də tək bu gün deyil, o gədə neçənci dəfədir mənə ilişir.

Çörək verdiyim adamlar

Hələ də ötən günlərinin xumarındadır. Onu keçmişindən - nəhəng Sovetlər İttifaqından bu günə - müstəqil Respublikanın vətəndaşı olduğu vaxta gətirirəm:

- Sovetlərin dağılması ürəyincə olmayıb deyəsən...

- Nəhəng ölkə idi. Hamı mehribandı, dolanışıq gözəl idi.

- Bəs müstəqil dövlətimiz necə, ürəyincə olmadı?

Dərhal dilləndi. Siyasi səhv buraxmaq olmazdı:

- Hər adam, hər ölkə müstəqil ola bilmir. Niyə ürəyimcə olmasın ki?..

Ətrafa nəzər salır, sirr açacaqmış kimi pəsdən davam edir:

- Mənim üçün müstəqil olanda da ilk günlər pis olmadı. Dolanışıq da vardı, vəzifə də. Amma daha yaş keçdi də... dünən işə götürdüyüm, yol göstərdiyim, çörək verdiyim adamlar gəlib müdir oldu, yekəbaşlıq etdilər, üzümə ağ oldular.

- Nə dedilər, ağ oldular?

- Get, dedilər, sənin dövrün qurtardı. Sən rusa xidmət eləmisən, aramızda yerin yoxdur. Başa sala bilmədim ki, mən rusa yox öz ölkəmə xidmət etmişəm.

- Yaşın da çox olub. Axıra qədər bu vəzifələri tutub gedən deyildin ki...

- Düzdü. Amma gərək insanla, rəhbər işdə çalışmış bir adamla belə rəftar etməyəydilər. Nə oldu axırı, bilirsən? Deyim, bil. Heç biri 1-2 ildən artıq işləyə bilmədi. Basdılar içəri. Əliəyrilik etdilər, dövlətin cibinə girdilər. Katibələrinə fikir verirdin, elə bil, ilan boğazından çıxıb. Nazlanırdı adamın qarşısında.

- Bəs sən necə gördün ki, nazlanırlar?

- Vaxtı ilə özüm işlədiyim idarələrdən birinin rəisinin qəbuluna getmişəm. Qapının ağzında oturan qız mənə elə baxırdı, sanki üstümə it oturub. Dedim, ay dünya, gör bir nə günə qaldıq. Katibənin ətri adamı bihuş edirdi. Elə bil, müdirlərin kəbinli-talaqlı arvadlarıdır. Mən oturub gözlədiyim müddətdə düz iki dəfə içəri zəng etdi: "Canım, çay süzüm? Sən allah, pəncərəni açıq qoyma, kondisioneri söndür, özünü yorma, iş qurtaran deyil, əsas canındır". Bunu telefonda deyir e, müdirə. O müdirə ki, işə mən götürmüşdüm, yol-yolaq öyrətmişdim, az qalırdı nəinki mənə, şoferimə də aftafa aparsın. Mən də oturmuşam gözləyirəm. Məni qapının ardında gözlədir, həzz alırdı.

Katibəmin üzünü it də yalamazdı

- Guya siz müdir işləyəndə katibəniz olmayıb, sizə çay süzməyib?

- Niyə olmayıb, olub, çay da süzüb, hələ bir desən, əynimdə pencəyimi tozlu görüb çırpıb da. Amma dodaqlarını, yan-yörəsini büzüb gəzməyib. O, dövlətin işçisi olub, mənim şəxsi əmlakım olmayıb. İşinin öhdəsindən gəlib, qəbula gələnlərə hörmətlə yanaşıb. Mənim ayrı-ayrı vaxtlarda azından beş katibəm olub.

- Niyə dəyişmisiz onları. Qəşəng olmayıblar?

Deyəsən dirənişim kişinin xoşuna heç gəlmədi. Bir az bundan qabaq sifətindən qaçaq düşmüş qəzəbli ifadə yenidən görünməyə başladı:

- Bu nə danışıqdır? Mən adamları bacarığına görə saxlayırdım işdə. O ki qaldı katibələrimə, onların qəşəng xasiyyətliləri də vardı, qəşəng siması olanları da. Eləsi vardı, üzünü heç it də yalamazdı. Amma qadın idi, şərəfi vardı. İndi son vaxtlar hər şey yaxşılığa dəyişib. Bəzi yerlərə gedirəm, oxumuş, savadlı, tərbiyəli qızlarımız, gəlinlərimiz işləyir. Amma sovetlər ki təzə dağılmışdı, 5-10 il, hərc-mərclik oldu. Təsadüfü adamlara birdən-birə elə səlahiyyət verildi ki, daha nə deyəsən...

- Ağsaqqal, bəs əlinizə o fürsət düşsəydi, nə edərdiz? Vəzifəni deyirəm.

- Çox işlər görərdim. İndi təqaüdlə güclə dolanıram. Arvadın sözünə baxardım, bir iki obyekt düzüb-qoşardım. Heç olmasa aptek, çayxana açdırardım.

- Niyə çayxana, aptek?

- Nə bilim, sözdür də dedim. Bəlkə arvadla mənim pensiyamın yarıdan çoxu aptekə və mənim çayxanada keçirdiyim zamana xərclənir, ona görə dilimə bu gəldi... Nə bilim. Rahat dolanmaq olardı...

- Oğuldan, uşaqdan, nəvədən nəticədən nəyiniz var?

- Qızım Kanadadadır. Bir iranlı iş adamına ərə gedib. Oğlum Almaniyaya getdi, orda yaşayır. Skaypla danışırıq. Nəvələrim də ailə qurub. Mən burda qalmışam arvadla baş-başa. Bayaqkı dələduzlar da ki, imkan vermir, rahat oturam. Hər şey adamı çərlədir.

- Bəlkə o adam vaxtı ilə sənin müdir olarkən pislik etdiyin adamlardan biri, yaxud övladıdır, indi səndən qisas alır?

Bu, təmiz adamın oğlu ola bilməz

Sözlərim ağlına batdı, bir qədər fikrə getdi, bozarmış kirpiklərini bir neçə dəfə qırpdı, yaddaşını vərəqlədi, o adamı yenidən görəcəkmiş kimi, arxaya çevrildi, çayxana sarı döndü və yavaş səslə dilləndi:

- Yox axı, o çox cavandır. Mənim işçim ola bilməz. Atası, anası da mənim işçim olmaz... Bəlkə də... amma mən heç kəsə pis olmamışam axı. İşimdə məsuliyyətli olmuşam. Yola vermişəm hər kəsi. Amma fırıldaqçıları yox, qovmuşam... Bu, təmiz adamın oğlu ola bilməz, bunun böyüklərində çat olub, - dedi və dolayısıyla "bəlkə də işdən qovduqlarımdan birinin balası ola bilər", - demək istədi.

- Ağsaqqal, bir saatdır danışırıq, adını demədin axı?

- Adımı neynirsən e... Adım köhnə addır.

- Yenə də olsun.

- Mənim adım Karlendir. Atam Karl Marksın və Leninin şərəfinə bu adı qoyub mənə... Mən bolşevik ailəsində doğulmuşam.

Karlen kişi ilə söhbətim uzun çəkdi. İndi demək olar ki, dost olmuşuq. İstirahət günləri "Nargilə" çay evinin həyətində, sakit bir guşədə oturub dərdləşirik. O, ötənlərdən o qədər maraqlı söhbətlə danışır ki...

Tarix
2015.09.11 / 08:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla