"Cəbhə xətti" layihəsinin
budəfəki qonağı Azərbaycanın Milli Qəhrəmanı Allahverdi
Bağırovun həyat yoldaşı Validə Bağırovadır.
Allahverdi Bağırov 1946-cı ildə Ağdam rayonunda anadan olub,
burada boya-başa çatıb. 11 illik təhsilini 1966-cı ildə bitirib. O,
bugünkü "Qarabağ" futbol klubunun yaradıcılarındandır və uzun
müddət klubun heyətində çıxış edib. Daha sonra sovet ordusunda
hərbi dəniz donanmasında dəniz piyada alayında hərbi xidmət
keçib.
Ermənilərin torpaq iddialarına qarşı mübarizə aparan Allahverdi
Bağırov Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Milli Qəhrəman Allahverdi Bağırovun həyat yoldaşı Validə
Bağırova bizə həyat yoldaşıyla getdikləri yoldan danışdı:
Qatarda tanışlıq
- İlk tanışlığımız mən qardaşımla qatarda gələndə olmuşdu.
Rəhmətlik məni orada görmüşdü ilk dəfə. Sonra evlərinə gedib, "o
qızı bəyənirəm", deyib. Ailəsi soraqlayıb kim olduğumu. Ata-anamın
tez rəhmətə getdiyini öyrəniblər. 7 uşaq yetim böyümüşük. Mənə elçi
gələndə qardaşım qəti "yox" dedi.
İgid adam
İgid adam idi. Müharibədən əvvəl də onun qorxmazlığını
bilirdik.
Elə cavanlığında da ötkəm, sözü keçən adam idi. İstər ailədə,
istər bacı–qardaş arasında qayğıkeş, diqqətcil insan idi. Hamının
yerin bilən, torpağını, vətənini də canından çox sevən adam idi.
Ailə qədri, qohum qədri bilən elə torpağın da qədrini bilər.
İlk övladımız Aynur 1984-cü ilin yanvarında dünyaya gəldi. Ata
kimi, ailə başçısı kimi çox istəyirdi övladlarını. Onlara qarşı çox
həssas idi. Həddən artıq ailəcanlı idi. Rəhmətə gedəndə uşaqlar
balaca idilər. Zümrüd birinci, Aynur ikinci sinifdə oxuyurdu.
Qızını həkim görmək istəyirdi
Övladlarını oxutmaq istəyirdi. Həmişə Aynuru həkim görmək
istədiyini deyirdi. Aynur da "həkim olacağam", - deyib ona uşaq
ağlı ilə reseptlər yazırdı. Deyirdim, ay qızım nə çox dərman
yazmısan? Bağçada da həkim xələti geyindirib lap həvəsə salırdılar.
Bacısını da yanında tibb bacısı kimi əyləşdirirdi.
Hadisələr başlayan gündən Allahverdinin yuxusu çəkilmişdi.
Qardaşı Eldarın gəlməyini gözləyirdi hər axşam. Eldar darvazadan
girən kimi birinci ev Allahverdigilin idi. Ona səslənərdi.
Gəldiyini deyərdi. O da ərkyana acıqlanardı ki, harda qalmısan.
Məhəbbətini hiss etdirən adam deyildi. Amma narahatlığı çox
istəməyindən irəli gəlirdi. Doğmalarına məhəbbəti çox böyük idi.
Həmişə anasının sağ olmağını arzulayardı ki, kaş sağ olardı, ona
paltar alardım. O məhəbbətlə də ikinci qızına anamızın adını qoydu.
İkinci qızının adı Zümrüddür.
Övladlarının hər ikisi ata arzusunu yerinə yetiriblər. Biri
hüquqşünas, o biri də həkimdir. Həm atalarının arzusu, həm də öz
istəkləri ilə seçdilər sənətlərini. Atalarına layiq bala
oldular.
Qardaş acısı
1991-ci ildə Eldar şəhid olandan sonra döyüşə başladı. O vaxta
kimi kömək edirdi. Amma 1991-ci il oktyabrın 31–dən sonra elə bil
Allahverdi üçün həyat da dayandı. Yeməkdən, içməkdən kəsildi.
Saqqal uzatdı. Çox istəyirdi qardaşını. Eldar rəhmətə gedən gündən
tamam dəyişdi. Evdən də soyudu. Bütün günü döyüşlərdə olurdu. Özünə
qarşı da çox laqeydləşmişdi. "Eldarsız bazara girə bilmərəm", -
deyirdi.
Əl-ayağı tikanla dolu olurdu
Olurdu ki, mühasirəyə düşürdü, əli-ayağı tikanlı gəlirdi.
Balacalar əlinin tikanını çıxardırdı. Döyüşə gedəndə 3 gün
mühasirədə qaldıqları zaman olub. Qarabağ müharibəsi arxivlərində
videoları var. Əsgərləri arasında söz sahibi olub. Yaşı cavan da
olsa, sözü eşidilən ağsaqqal kimiydi.
Ağdam restoranı
Əsgərlərini Ağdam restoranına yığırdı. Yedirdib-içirdirdi orda.
Alınmış əsirləri də orda saxlayırdı. 1300 nəfər əsir almışdı.
Ölənlərin sayı məlum deyildi. Onların hamısını ilk olaraq o Ağdam
restoranında yerləşdirirdi. Sonra ailələrə təhvil verirdi. Ölənləri
də Ağdam məscidində kəfənləyəndə üz-gözlərini tez örtdürürdü ki,
yiyələri ermənilərin meyitləri pis günə qoyduğunu görməsinlər.
Onların dəfnində də böyük köməyi olurdu.
Deyirlər, Allahverdi əsirlərin azad olunmasında başqalarının
eləyə bilmədiyini edirdi, bunun sirri nə idi? Deyirəm: Vətənə xalqa
sədaqət. Qoyub getmirdilər. Ağdamda otururdular. Gələn-gedəni
qarşılayırdılar.
Yeddi güllə yarası ilə ölmüşdü
Əyin-başı olmayana paltar verirdilər. Bəzən gəlib evdən paltar
aparırdı. Uşaqların paltarını aparıb körpələrə geyindirirdi.
Evə iki uşaq gətirmişdi. Biz baxırdıq. Gürcüstandan gəlmişdilər.
İki nəfər ailə idi. Gürcüstan azərbaycanlısı. Onları Xocalıya Eldar
yerləşdirmişdi. Orda işləyirdi. Dükan açmışdı. Sonra da əsir
düşdülər. Gəlin tapılmadı. Allahverdi oğlanın meyitini aldı. Yeddi
güllə yarası ilə ölmüşdü. Oğlu ölən erməni qadın onu güllələmişdi.
Onun iki övladı vardı – biri 3, biri 4 yaşında. Ata-anası uşaqlara
tapşırıb ki, bizə bir şey olsa, deyin, sizi Eldara, ya Allahverdiyə
çatdırsınlar. Bunları da bir ailə özünə götürmək istəyəndə uşaq
deyib ki, Allahverdi əmi mənim qohumumdur. Onda Allahverdi də
onları evə gətirmişdi. Uşaqlar gələndə təsəvvürəgəlməz vəziyyətdə
idilər. Neçə günü pəyədəmi, harda saxlamışdılarsa, dəhşətli iy
gəlirdi. O qədər ac idilər ki. Yuyundurub paltarlarını dəyişdik.
Neçə gün saxladıq. Gürcüstandan uşaqların babaları, bir də əmiləri
gəlib çıxdı. Meyiti Allahverdi ermənilərdən alıb kəfənə
tutdurmuşdu. "Qaz-51" maşını, bir də o vaxtkı təcili yardım maşını
ilə yola saldı. Ərzaq da qoymuşdu, bir neçə əsgər də göndərmişdi
onlarla. Bir neçə gün sonra gəlini axtarmağa qayıtmışdılar. Amma
Allahverdi nə qədər axtarsa da, Vitalik demişdi ki, axtarmayın.
Erməni dostu var idi...
Televiziyaya da çəkmişdilər. Bir qızın atasını və qardaşını geri
qaytarmışdı. Bacılar elə cəbhədə onun ayağına düşmüşdülər.
Qucaqlayanda əyilib qoymamışdı. Ümumiyyətlə, Allahverdi nə qədər
ötkəm idisə, bir o qədər də ürəyiyuxa idi.
Vitaliklə futboldan dostlaşmışdılar. O da ermənilərin milli
qəhrəmanıdır. Onların Müdafiə Nazirliyində işləyir. Başqa bir
futbol yoldaşı var idi. Leonik. Sonradan eşitdik ki, o da bizə
qarşı döyüşür. Onun atası dəllək idi. Şimali Qafqazda görmüşdülər
onu. Dəllək Azadın oğlu idi. Bir gözü də kor olmuşdu. Demişdi hə,
mən də döyüşürəm. Hadisələrdən əvvəl dost idilər.
Çingizi Allahverdi aparmışdı...
Ümumiyyətlə, Allahverdi kimi dosta sədaqətli insan çox azdır.
Buna görə də ona kömək edirdilər. Düzdür, zamanla çox dostlarının
etibarsız çıxdığını gördük. O qədər olmuşdu ki, danışıq uzun
çəkdiyindən elə bilmişdilər, erməni bunu da əsir götürüb. Qayıdanda
məəttəl qalmışdılar. Çingiz Mustafayevə Allah rəhmət eləsin. Bu gün
Allahverdinin kanalı olan varlı qardaşı yoxdur. Çingiz Mustafayev
üçün Allahverdi icazə almışdı. Xocalı qırğınının ilk çəkilişlərini
Seyidağa Mövsümlü aparmışdı. Fikir verin, Çingiz ağlaya-ağlaya
çəkir. Sonra onun özünü də çəkirlər. Həmin əraziyə keçmək üçün
icazəni Allahverdi almışdı. Allahverdi icazə alanda demişdilər,
özün tək gəl. Meyitlərin yığılmasını Seyidağa Mövsümlü çəkmişdi.
Bir də türk jurnalist var idi. İrfan Sapmaz. İlk yaralıları o
çəkmişdi. Səhəri gün icazə alınmışdı, Seyidağa Mövsümlü qalan
çəkilişi aparmışdı.
Hər şey Çingizləşdirilir...
Allahverdini iyunun 14-ü vurdular. Bir gün sonra da Çingizi.
Allahverdidən iki gün sonra isə Şirin Mirzəyevi saldılar minaya.
Xocalı hadisəsi ərəfəsində efirə gedən bütün verilişlərdə hamı
gözləyir ki , Allahverdinin də adı çəkiləcək. Bu gün efirdə hər şey
Çingizləşdirilir. Hamının etdiyi bir nəfərin adına çıxılır. O
çəkilişlərin birində də Allahverdinin adını çəksinlər, onun da
elədiyini göstərsinlər. Desinlər ki, bu çəkiliş üçün icazəni
Allahverdi alıb.
Meyitə benzin töküb yandırıblar
Allahverdi deyirdi ki, Bakının kəndindən bir oğlan gəlmişdi.
Nədənsə ona "Fikser" deyirdilər. Çox igid oğlan olub. Ürəklə
döyüşürmüş. Hər iki ayağından pulemyotla vurmuşdular. Əsir düşməmək
üçün özünü partlatmışdı. Allahverdi onun meyitini ermənilərdən
alanda görmüşdü ki, meyitə benzin töküb yandırıblar. Xəlil Rza
Ulutürkün oğlu Təbriz Xəlilbəylini də Allahverdi gətirmişdi.
Xoranmurdda vurulanda qalmışdı erməni tərəfdə. Meyiti götürə
bilməmişdilər. Xocalıların içindən Əlif Hacıyevin də meyitini
Allahverdi gətirib.
Heydər Əliyev bizi qəbul edəndə...
1993-cü ilin dekabrında mərhum prezident Heydər Əliyev milli
qəhrəmanların ailələrini qəbul edəndə Xəlil Rzaya dedim ki, sizin
oğlunuzun meyitini Allahverdi gətirib. Bu gün niyə başqasını
tərifləyirsiniz? Niyə onun adını çəkmirsiniz? Xəlil Rza Allahverdi
haqqında bir kəlmə də demədi.
Tank keçəndə maraqla baxırdıq
Heç vaxt onu müharibədən çəkindirmədim. Çünki çox zəhmli adam
idi. Mən desəydim elə bilərdi ki vətəni, xalqı sevməyən biriyəm.
Bacıları deyirdi. Amma mən deyə bilmirdim. Qətiyyən döyüşdən
danışmazdı. Həyətdə iş görəndə deyirdilər ki, Allahverdi mühasirəyə
düşüb. Mən onda anlamırdım mühasirə nədir, döyüş necə olur. Tank,
top tanımırdıq. Tank keçəndə maraqla baxırdıq. Əvvəllər ancaq
televizorda görmüşdük belə şeyləri. Həmişə inanırdım ki,
Allahverdiyə heç nə olmaz. Onun igidliyi, qorxmazlığı məni
inandırmışdı.
Dedi üç günə gəlirəm
Sonuncu dəfə gələndə qızım arxasınca qaçdı ki, bizi də apar.
Dedi üç günə gəlirəm. Torpaqları alıb gələcəm. Qardaşımgildə
qoymuşdu bizi. Gecə yuxu görmüşdüm. Qaynım Əmiri axtardım ki,
Allahverdini yuxuda görmüşəm. Qurban bayramı ərəfəsi idi. Əmirə
dedim ki, bir heyvan al qurban kəsək. Bütün mal-qaranı
aparmışdılar. Əmir dedi ki, ratsiya ilə deyiblər hücum olacaq, mən
də gedirəm. Sonra Allahverdini tapdım. Dedim gəl, qurban kəsək.
Dedi ki, yox, bu gecə hücuma keçirik. Mənə də tapşırdı ki, möhkəm
atışma olacaq, evdən çıxıb gedim. Qaranlıq düşəndə xəbər gəldi ki,
Allahverdi minaya düşüb. Onu yaralı vəziyyətdə atamgilin həyətinə
gətirdilər. Sürücünün də bir ayağı parçalanmışdı. Gördük ki,
xərəyin içində yerdə uzanıb. Hərbi geyim toz-torpağın içindədir.
Elə böyük yarası da yox idi. Partlayış nəticəsində maşın üstünə
aşmışdı. Maşını qaldırmağa çalışıb. Üzündə, qaşında qəlpə yaraları
var idi. Biz görəndə artıq rəhmətə getmişdi. Eldarın ölümündən
sonra saqqalını qırxdırmamışdı. Üzünün zəhmindən adam
qorxurdu...
Heç olmasa bir küçəyə...
İstəyimiz odur ki, adı əbədiləşsin. Heç olmasa, bir küçəyə onun
adı verilsin. Milli qəhrəman təqaüdü alırıq. Bu evdə müvəqqəti
qeydiyyatdayıq. Özümüzün deyil, müvəqqəti qalırıq.
Milli qəhrəmanın qızı Zümrüd xanım da söhbətə qoşulur.
Söhbət əsnasında atasına lazımi qiymət verilmədiyindən
gileylənir:
- Atamızın adı bizim üçün fəxrdir. Sadəcə elə bilirəm ki, onun
adından istifadə etsək, adına xələl gələcək. Tanıyanda hörmət
edirlər. Atam nə qədər zəhmli görünsə də, o qədər mehriban,
qayğıkeş bir ata idi. Şəhid olanda mənim altı yaşım var idi.
Xatırlayıram. Ağdamda birinci sinfə gedirdim. Uzun zaman keçdi.
Amma bu gün yetərincə qiymət verilmir. Quzanlıda abidə var. Atamın
şəkilləri, videosu bir yana, o abidəni çəkəndə tən yarıdan
göstərmirlər. Atam olan hissəni vermirlər. Bilmirəm niyə belə
edirlər. Heyf ki, zəhməti yerdə qaldı. Heç vaxt bizə güzəşt
olunmayıb. Təhsil haqqını hamı kimi ödəmişik, əziyyətlə
oxumuşuq.
Sağ olsaydı, daha ürəkli olardıq. Soruşanda, təqdim edəndə
"Zümrüdün atası şəhiddir" deyirdilər. Hamıdan fərqlənirik. Amma
qəhrəmandır, fəxr edirik. Şəhid qızı olmaqla qürur duyuruq. Milli
Qəhrəman Allahverdi bəyin qızı olmaq özü də şərəfdir. Ədalətsizliyə
həmişə etiraz etmişik. Bu gün Allahverdi Bağırov kimi oğlanlar çox
azdır. Əksəriyyəti öz mənfəətini güdür. Ürəyimizdəki ata boşluğu
hər zaman olacaq. Onu heç kim, heç nə ilə doldura bilməz.