"Şair ailəsi" layihəmizin formatı bu dəfə bir az fərqli
oldu. "Şair ailəsi"nin hər iki tərəfi şair olduğundan
ayrı-ayrılıqda, ayrı-ayrı ünvanlarda həm ər – Zahir Əzəmət, həm də
xanım – Sevinc Çılğınla görüşüb onları bir-biri haqda söhbətə
çəkdik.
Zahirlə ilk tanışlığımız…
Sevinc Çılğın:
- Zahirlə ilk tanışlığımız Qəşəm Nəcəfzadənin "Pərvanə" ədəbi
məclisində olub. Məni ora yazar qızlar aparmışdı. Dedilər ki,
gedirik, orda şeirlər oxuyuruq, fikir bildiririk. Gedək, sən də
şeir oxu. Mən də dedim gedərəm və getdim. Həmən gün orada nə Qəşəm
müəllim var idi, nə də Zahir. Orada bir şeir oxudum. Ona artıq
musiqi də bəstələnmişdi. Amma şeirimə ağız büzdülər. Dedim ki,
xeyir ola bu şeiri bəyənmirsiniz? Buna musiqi də bəstələnib, hətta
filankəslər də bəyənib. Amma Zahiri görmədim orda. Çıxanda Qəşəm
müəllimi gördüm. Məni ona təqdim edib xeyli təriflədilər.
Sonra bildiyimə görə Qəşəm müəllim gedir Zahirlə rastlaşır. Ona
deyir ki, məclisimizə təzə qız gəlib, adı Sevincdi. Gələn dəfə sən
də gəl, ona qulaq as, deyirlər şeirləri maraqlıdı. Zahir də
razılaşır. Gələn dəfə Zahir gəlir, amma mən gedə bilmirəm. Daha
doğrusu, mən onda başqa mühüm bir tədbirə getmişdim. Qayıdanda
saata baxdım. Fikrimi dəyişib məclisə getdim. İçəri girib oturdum.
Sonra mənə dedilər ki, dur bir şeir de. Mən də oxudum.
Və sonra bir ədəbi tarixçəmiz başladı...
Zahir Əzəmət:
- Əsgərlikdən Bakıya gəlib uzun müddət çətin günlər yaşayandan,
təxminən 2 aydan sonra - başladım soraqlaşmağa ki, Bakıda şairlər,
ədəbiyyatçılar hara toplaşır?! O vaxtlar "Pərvanə" ədəbi məclisi
var idi, indiki Sabir adına kitabxanada toplaşardılar. Getdim ora
çıxdım, indiki ədəbiyyat adamlarının bir qismini orda tapdım, sonra
dostlaşdıq, "Nəfəs" adında ədəbiyyat qrupu yaratdıq. Və sonra bir
ədəbi tarixçəmiz başladı. 2002-ci ildə həmin məclislərin birində,
mən getməmişdim dərnəyə - Q.Nəcəfzadə şəhərdə gördü məni, dedi ki,
gənc, istedadlı yeni adamlar gəlib, gəl, sən də münasibət
bildir-filan...
Məni görən kimi ürəyində deyib ki…
Sevinc Çılğın:
- Zahirin dediyinə görə,- həmişə bunu deyir: "Məclisə girən anda
məni görən kimi ürəyində deyib ki, mənim istədiyim, axtardığım adam
bax budur". Sonralar Zahir o günü xatırlayıb mənə dedi ki, mən səni
görən kimi vuruldum, fikirləşdim ki, mən ancaq belə adamı sevə
bilərəm.
İlk şeirimi oxuyub bitirəndən sonra Zahir dedi ki, hələ
"rəndələnməlidir", üstündə işlənilməlidir. Mən də əsəbiləşib ona
dedim ki, Zahir, ümumiyyətlə, sən kimsən ki, mənim şeirim haqqında
fikir bildirirsən?! Nə biləydim ki, bir gün gələcək, bütün
yazdıqlarımı birinci ona oxuyacam ki, baxsın, redaktə eləsin.
Vəssalam, hər şey belə başladı…
Həmin an içimdən bir səs gəldi ki, "Bu
odur!"
Zahir Əzəmət:
- Növbəti tədbirlərin birində bir də gördüm qəşəng bir qız girdi
içəri və həmin an öz-özümə hiss etdim, içimdən bir səs gəldi: "Bu
odur". O-bu, aramızda uzun müddətli çəkişmələr başladı, mən
sevirdim, qoruyurdum onu, o "sevmirəm" deyirdi, uzaqlaşmağa
çalışırdı. Ailəsi də razı deyildi, təqribən, bu səbəbləri
gətirirdilər ki, sən rayonlusan, tək uşaqdı, uzağa vermək
istəmirik, üstəlik evin yox, işin yox, heç nəyin yox.
O bilmir ki, mən bakılıyam?
Sevinc Çılğın:
- Artıq biz hər həftə o məclisdə üz-üzə gəlməli olurduq.
Dostlaşmışdıq onunla, nömrələrimizi vermişdik bir-birimizə.
Zəngləşib ədəbiyyatdan-filan danışırdıq saatlarla. Sonra onunla bir
yerə getdik, mənə dedilər ki, sən doğrudan hiss eləmirsən ki, o
oğlan səni sevir? Mən də dedim, yox, siz nə danışırsınız? O, bilmir
ki, mən bakılıyam?
Üstündən bir gün keçəndən sonra telefonla danışanda o mənə
"canım" dedi, əslində bu söz Zahirin dilində olan söz idi, hamıya
deyirdi bunu. Mən də elə başa düşdüm ki, o kiminsə yanında özünü
göstərib demək istəyir ki, mən Sevinclə danışıb, ona "canım" dedim.
Mən də əsəbiləşib dedim ki, sən kimsən ki, mənə canım deyirsən?! Və
telefonu qapatdım. Bu hadisədən sonra bir-iki il ümumiyyətlə,
onunla əlaqə saxlamadım. Heç ədəbi muhitdə də çox görünməməyə
başladım. Bundan sonra bir dəfə təsadüfən qarşılaşdıq.
Qalıb mənə key kimi baxırdı
Mənə dedi ki: "Novruz bayramı idi, kənddə idim, sənin səsini
eşitmək istəyirdim. Çox sıxılırdım,- bu dönəm Zahirin atası rəhmətə
getmişdi,- ancaq səni fikirləşirdim, mənim üçün işıqlı bir şey
ancaq sən idin. Telefonu götürüb sənə zəng elədim, bayramını təbrik
eləmək istədim". Mən də yuxulu idim, onun zənginə cavab verib "çox
sağ ol" dedim, sonra özüm-özümə dedim ki, bu, dəli olub, mənə niyə
zəng edir?
Sonra yenə təsadüfən Bəstəkarlar İttifaqında qarşılaşdıq. Qalıb
mənə key kimi baxırdı. Dedi ki, sən burda neynirsən? Dedim, mən
çəkilişə gəlmişəm, bəs sən burda neynirsən? O da dedi ki, mən də
burda qəzet buraxıram. Yanımda adamlar olduğuna görə onunla
uzun-uzadı danışa bilmədik. Gedəndə mənə dedi ki, e-mail ünvanın
həmənkidi? Mən də dedim hə. "Zibilə" o günü düşdüm (gülür).
Deyirdim ki, mənim sevgilim var, əl çək
məndən
Bundan sonra ardarda məktublar başladı aramızda. Mən ona
deyirdim ki, mənim sevgilim var, əl çək məndən. İstəyirdim onu hər
cür yolla özümdən uzaqlaşdırım. Zahir deyir, biz ailə qurana qədər
"sən əlindən gələni edirdin ki, məni sevməyəsən". Mən görürdüm ki,
nəsə güclü bir münasibətin içindəyəm. Bundan çox qorxurdum. Heç biz
şəhərdə görüşmürdük. İndi Zahir hərdən mənə deyir ki, biz sevgili
vaxtı heç filan yerə getmədik. Mən də ona dedim ki, mən gedə
bilməzdim.
Özümə inanırdım...
Zahir Əzəmət:
- Və bu cür proses təxminən getdi illərlə. Mən də xasiyyətini
bilirdim, bilirdim ki, çox vaxt fərqində olmur hisslərin. Özümə
inanırdım, hisslərimizə inanırdıq.
Nəhayət, münasibətlərimiz rəsmiləşdi, evləndik, hal-hazırda həm
ailəsi bizdən çox razıdı, həm özü (hər-halda bu cür ifadə edir) və
çox şükür, xoşbəxt bir ailəmiz var.
Sevincin xarakterini izah edən şeylərdən birini deyim: kiçik bir
hesablama aparmışdım, biz evlənmə qərarını verən il düz "18 dəfə
ayrılmışdıq", Sevinc küsüb yenidən barışmışdı. 19-cu dəfə geriyə
yol olmadı, evlənmək qərarı verdik.
Sevinc indinin özündə də deyir ki, küsəndə heç vaxt gəlmirdin
arxamca, barışmağa məcbur etmirdin. Mən sevmirəm elə şeyləri, həm
də uşaq deyildik - mən Sevincdən, təxminən 8 yaş böyüyəm - onu öz
hisslərilə baş-başa buraxırdım - müdriklərdən birinin sözü var:
"Sevirsə, gələcək..." - və həmişə geri qayıdırdı. Mən hisslərimdə
əmin idim, dağ kimi dayanmışdım yerimdə, o isə tərəddüd edirdi. Bir
dəfə oturmuşdum iş yerimdə, keçmiş "Alma" qəzetinin redaksiyasında,
Sevinc ağlaya-ağlaya gəldi, hisslərini etiraf etdi, dedi ki,
evlənək.
Artıq öz aramızda qərar vermişdik, dedim, nə gətirim sənə. Biz
tərəfdə qəşəng ləvəngi bişirirlər, mən də ləvəngi gətirib verdim
Sevincgilə. O balıqdan sonra sanki bütün fikirləri dəyişdi. Böyük
nənəsi o vaxt demişdi ki, bax gördün, onlar tərəfdə güclü mollalar
olur, balığa nəsə cadu-filan eləyiblər. Belə dilə düşmüşdük.
Qız tərəfi adətən qızı tərifləyər də, Sevincin yaxınlarısa yemək
bişirə bilmir, paltar yuya bilmir, deyib pisləyirmişlər. Amma mən
də qabaqcadan bacımgilə izah eləmişdim ki, belə şeylər ola bilər,
nə desələr, deyin razıyıq, qəbulumuzdur.
Özümü kənd qızları kimi aparırdım
Sevinc Çılğın:
- Zahirgil bizə elçi gəlməmişdən bir həftə qabaq onunla küçəyə
çıxdıq. Bacısı qızı da yanımızda. Lap özümü kənd qızları kimi
aparırdım (gülür).
Hər dəfə qərara gəlirdim ki, artıq Zahirə ərə gedirəm. Hər şey
hazır olurdu, amma mən fikrimi dəyişirdim, nəsə qorxub dala
çəkilirdim. Hətta nişan günü gəlib məni apardılar. Restorandan
içəri keçəndə öz-özümə dedim ki, mən nə edirəm? Mən dala qayıtmaq
istəyirəm (gülür). Çünki fikirləşirdim ki, adam o adama "hə"
deməlidi ki, onunla ömrünün sonuna qədər bir yerdə yaşaya bilsin.
Bizdə belədir ki, qız evdən çıxdı, ancaq meyiti qayıda bilər atası
evinə. Yəni, mən müasir düşünmürdüm, belə düşünürdüm. Qorxurdum ki,
birdən alınmaz, ayrılarıq.
Nişanlanandan sonra sevgi münasibətimizin düz yeddi ili oldu. Bu
müddət ərzində mən Zahiri tanıdım, o da kişi kimi geri çəkilmədi,
hər şeyə dözdü. Bu da mənə ləzzət edirdi. Kimsə sənin dərdindən
ölür, bunu bütün dünya bilir.
Mənim onsuz da sənə ərə getmək fikrim yoxdu
Nişanlandığımız il Zahirin hesablamalarına görə, düz on doqquz
dəfə "getmişəm". Hər dəfəsində özüm qayıtmışam. Darıxmışam onun
üçün, qala bilməmişəm. Sonuncu dəfə düz qırx gün dözdüm. Dedim,
daha səni incidirəm, bəsdi, mənim onsuz da sənə ərə getmək fikrim
yoxdu. Bu haqda heç fikirləşmirəm. Amma ürəyimdə dəhşətli bir şey
var idi. Mümkün qədər ondan qaçmaq istəyirdim. Qırx gün başımı
qatdım, yay idi deyə, yaxşı istirahət elədim.
"Günəşi öldürəcək sevgimiz var"
Sonra bir forumda Zahir mənim haqqımda şeir paylaşmışdı. Şeirin
altından başqa bir qız "Günəş" imzasıyla yazıb eşq elan eləmişdi.
Oxuyub anladım ki, Zahiri itirə bilərəm. O dəqiqə həmən şeirin
altından yazdım ki, "Günəşi öldürəcək sevgimiz var".
Həyəcanlıydım, əsirdim, ayağa durub çıxdım bayıra, qulağımda
qulaqcıq, orda da mahnıda belə sözlər gedirdi: "Səni gözləyirəm nə
qədər sağam". Elə bilirdim bu sözləri mənə Zahir oxuyur, romantik
havadaydım. Allaha and olsun, bir də ayıldım ki, mən artıq Zahirin
redaktor olduğu "Alma" qəzetinin redaksiyasının həyətindəyəm. İçəri
girib Zahiri gördüm. Birdən ayıldım ki, mən bura necə gəlmişəm? O
an anladım ki, məni bura Allah göndərib. Amma özümü sındırmadım.
İkimiz də çaşıb qalmışdıq.
Həyatımın sonuna kimi varsa da, yoxsa da
Zahirdi
Söz tapmadım, ona dedim ki, yayda çəkdirdiyim şəkillərə
baxırsan? O da etiraz etmədi. Amma heç birimizin fikri qəti şəkildə
deyildi, beynimizdə bir-birimizlə söhbət edirdik. Ona qəfildən belə
dedim: əgər evlənəcəyiksə, gəl tez evlənək, nə qədər ki, mən
qaçmamışam (gülür). Zahir də mənə baxıb dedi ki, cibimdə 20 qəpik
pulum var. Dedim, olsun, mən sənə inanıram. Amma elə tez elə ki,
mənim geri dönüşüm olmasın. O da dedi ki, yaxşı. Bir həftənin
içində hər şey baş verdi, elçilər gəldi, şirin çay içdilər. Onda
başa düşdüm ki, həyatımın sonuna kimi varsa da, yoxsa da
Zahirdi.
Cibimdə cəmi 20 qəpik pulum vardı
Zahir Əzəmət:
- O vaxt toy qərarı verəndə bir də ayıldım ki, cibimdə cəmi 20
qəpik pulum var. Sevincgil tərəfə getdim, qayıdanda piyada gəldim
evə. Amma mən həmişə inanmışam ki, hansısa gözəgörünməz qüvvə məni
həmişə pis vəziyyətdən çıxarır. Doğru olub, hallalıqla yaşayandan
sonra hər şey düzəlir, həyatda mütləq bir nizam, ədalət var.
Biz evlənəndə nəyi, necə edəcəyimi bilmirdim? Amma söz verdim
ki, hər şeyi edəcəm. O vaxta qədər konkret bir məqsədim yox idi,
ailə olandan sonra kiminçün, niyə yaşadığını, nə etməli olduğunu
konkret bilirsən. Arzuladığımızdan gözəl toyumuz oldu, o vaxt çox
danışıldı,- hətta bir neçə telekanal bizim toyumuzu göstərdi,- hələ
indi də unudulmayıb.
Sən də birincisən, amma onlar başqadı
Sevinc Çılğın:
- Kiminsə arasında fərq qoymur. Amma təbii ki, ailənin içində
ayırdığı fərdlər var. Deyir ki, mənim üçün birinci sənsən. Amma bu
məni əsəbiləşdirir ki, yox birinci uşaqlardı. Onun davasını edirik
həmişə (gülür). Amma mən ona deyirəm ki, mən bunu belə deyə
bilmərəm, mənim üçün birinci uşaqlardı. Sən də birincisən, amma
onlar başqadı.
Bir şeyi də deyim ki, bəlkə bunu çoxları bilmir. Zahir son
dərəcə gülməli, zarafatcıl adamdı. Mən şən olmağıma baxmayaraq, çox
az şeyə gülürəm. Məni ürəkdən güldürən adam Zahirdi. Həmişə deyirəm
ki, bəlkə bir komediya aktyorunun arvadı olsaydım, heç bu qədər
gülməzdim, Zahir məni bu qədər güldürür. Həm də ciddi adamların
zarafatı daha gülməli olur. Onun bəzən gülməyi gəlmir, amma
danışır, mənim ürəyim gedir gülməkdən, o da durub pəncərələri
bağlayır ki, qonşular eşitməsin. Hətta bir dəfə məni elə güldürdü
ki, səsim aləmi götürmüşdü. Həmən vaxt oğlum Sezaya hamiləydim,
qonşu qapını döyüb dedi ki, Sevinc sənin sancıların var?
Övladlarımın yaxşı təhsil alması əsas
məqsədimdir
Zahir Əzəmət:
- Evləndiyimiz gündən bu günə qədər kirayə qalırıq, amma bunu
qətiyyən faciə hesab etmirəm mən. Ev lazımdı əlbəttə, hədəfdə ev
tikmək də var, inşallah. İndi evi özümdən çox övladlarımçün
fikirləşirəm ki, onlar böyüyəndə mən üzləşdiyim sosial problemlərlə
üzləşməsinlər. Həyatda hər şeydən vacib olan sevgi, mehribançılıq,
bir də övladların yaxşı təhsilidir. Onlar yaxşı təhsil alsalar,
lazım olan maddi şeyləri də özləri əldə edəcəklər. Övladlarımın
yaxşı təhsil alması əsas məqsədlərimdəndir.
"Klounluq" edib ikisini də güldürürəm
Uşaqlarla münasibəti yaxşıdır, uşaqları çox sevir, qayğı
göstərir. Uşaq mövzusunda çox həssasıq. Ailədə olur, əsəbiləşir,
Yavruya qışqırır, azca keçməmiş gedib üzr istəyir, qucaqlayıb
ağlayır. Yavru da qoşulur buna "Anne ağlama" deyir. Mən gəlib
"klounluq" edib ikisini də güldürürəm. Yemək, gec yatmaq mövzusunda
bəzən belə şeylər olur. Yaxşı anadır, inşallah, belə də davam
edəcək.
Lap böyük yazıçıların arvadları kimi…
Sevinc Çılğın:
- Ümumiyyətlə, əvvəllər onun yazdığı şeirləri sevmirdim. Zahir
mənim şairim deyildi. Bəlkə tanımırdım, ya anlamırdım deyə, belə
düşünürdüm. Ona deyirdim ki, sən elə də böyük şair deyilsən. Amma
indi elə bir məqam olur ki, hansısa misrası yadıma düşür, sanki
anlayıram. Son vaxtlar onun şeirlərini çox sevirəm. Bəzən hansısa
şeiri özündə olmur, axtaranda deyirəm məndə o şeir var,
təəccüblənir ki, necə olar bilər bu? Lap böyük yazıçıların
arvadları kimi onun arxivini toplayıram sanki.
Bilirəm ki, qələmi itidi, oturub yazsa, çox şey yazar. Amma ailə
qayğıları və başqa məsələlərə görə vicdanı yol vermir ki, oturub
özünə vaxt ayırsın. Fikirləşir ki, xalq üçün daha çox çalışmaq
lazımdır.
Açığı əvvəl o imkanımız da yox idi. Rahat şərait yox idi ki,
otursun nəsə yazsın. Amma yeni evimizə köçəndən sonra hiss edirəm
ki, "dolub daşır". Axşam deyir ki, deyəsən mən bu evdə nəsə
yazacam, buna şərait var. Mən də buna sevinirəm.
Sevinc mənimçün yazar kimi də çox
dəyərlidir
Zahir Əzəmət:
- Şeirlərinin ilk oxucusu mənəm. Bəzən yaradıcılığı yaradıcılıq
kimi qəbul edirik. Bəyənmədiyim şeiri nadir hallarda olur,
bəyənməsəm, bunu mütləq deyirəm, amma nəsrini daha çox sevirəm.
Hekayələri daha yaxşı olur, xeyli müddətdi roman haqqında düşünür,
amma reallaşdırmağa vaxt darlığı, iş, uşaqlar mane olur. Sevinc
mənimçün yazar kimi də çox dəyərlidir.
Özünü lap köhnə kişilər kimi aparırsan…
Sevinc Çılğın:
- Ev işlərində əlbəttə ki, kömək eləyir, o olmasaydı mən nə
edərdim görəsən. Təbii ki, evləri təmizləməkdən söhbət getmir. Olur
ki, mən iş vaxtımdan sonra harasa getmək istəyirəm. Deyir yaxşı,
işdən tez gəlib oturub uşaqlara baxaram. Yarım saat uşaqlarla
oynasa, bu mənə bəs edir, rahat yeməyimi bişirə bilərəm.
Mənim xoşum gəlir ki, evdə nəsə xarab olanda Zahir köhnə kişilər
kimi o şeyi təmir eləsin. O nəyisə təmir edəndə xoşum gəlir ona
baxmaqdan, ona gülməkdən. Ona deyirəm özünü lap köhnə kişilər kimi
aparırsan. Bir də görürsən, qəsdən deyirəm ki, bu saatı bura as,
bunu filan şey elə. Çünki belə olanda mənə xoş gəlir.
Onu mətbəxdə görməkdən xoşum gəlmir
Özüyçün deyəsən bir dəfə yemək bişirib. Onda mən anagildə
qalırdım, hamiləliyin ağır dönəmini yaşayırdım. Səhər evə gəlib
gördüm ki, çaydanın qapağı yoxdur, tava yanıb. Gələn kimi ona dedim
ki, xahiş edirəm, səni bir də mətbəxdə görməyim. Mən yoxamsa, uzaq
başı sosiska qaynada bilər. Amma mən imkan vermirəm ona ki, mətbəxə
girsin. Çünki mətbəx mənim sevimli yerimdi. O da öyrəşib mənim
bişirdiyim yeməklərə. Öz kəndlərinə gedəndə orda yemək yemirdi.
Onun üçün mən yemək bişirirdim. Bir sözlə, onu mətbəxdə görməkdən
xoşum gəlmir.
Dostları ilə hər gün görüşmür, yeyib-içmir
İşi ilə əlaqədar evə gec gəlirdi. Əvvəllər bu problem yaşanırdı.
Gələndə də oturub işi ilə məşğul olurdu. Bu da onun işinə son
dərəcə məsuliyyətli yanaşmasından irəli gəlirdi. Mən də istəyirdim
ki, vaxtını mənə ayırsın. İndi isə öz işçiləri var. İşi əvvəlkinə
baxanda xeyli yüngüldü. İş vaxtı bitdi, dərhal evə gəlir, başqaları
kimi dostları ilə hər gün görüşmür, yeyib-içmir. Ümumiyyətlə, o
adamları həyatımızda dost kimi saxlamışıq ki, onlar bizim ortaq
ailə dostlarımızdır. Qonaq gediriksə, ailəvi gedirik. Artıq bizdə
belə alınıb. Çünki bir-birimizdən nigaran qalırıq.
Deyirlər ki, xoşbəxt o adamdı ki, səhər işə, axşam da evə
tələsir. Zahir bəy bu baxımdan belə adamdı.
Evdə çox istedadlı aşpazımızdır
Zahir Əzəmət:
- Doğrudan da Sevinc evlənənə qədər ev işlərini etmirdi, çox
ərköyün böyüdülmüşdü. Hətta çayı da nənəsi durub süzərdi ona.
Sevincin anası da nənəsi də çox gözəl yeməklər bişirir. Heç kim
inanmırdı ki, Sevinc iş-filan görəcək, amma hal-hazırda Sevinc işi,
ailə-uşağı olmasına baxmayaraq, evdə çox gözəl, avanqard yeməklər
bişirir. Evdə çox istedadlı aşpazımızdır.
Sevinc sulu yeməklər yemir, məsələn, borşu, supu sevmir. Yeməkdə
mütləq ət olmalıdır, ona görə. Toyuq qızartması, çığırtmasını
sevir. Mən aş (plov) yeməyi çox sevirəm, o da demək olar ki, bütün
aş növlərini bişirməyi öyrənib. Hətta keçən dəfə evdə anasıyla xaş
da bişirmişdi. Gözəl şirniyyatlar bişirir, xüsusən altıncı-bazar
günləri bir neçə cür yemək bişirir ki, evdə olanda yeyə bilək.
Bazarlığı mən edəndə adətən bəyənmir, bütün qadınlar kimi,
mütləq "mız" qoyur. Ona görə də adətən bazarlığa bir yerdə gedirik.
Bizim imkanımız olmayanda anası kömək edir.
Bəzən həddindən çox səbirli olması məni
əsəbiləşdirir
Sevinc Çılğın:
- Vallah, mənim üçün Zahir ideal adamdı. O, çox səbirlidi. Mən
isə çox səbirsizəm. Amma Allah səbrli bəndələrini sevir. Səbirsiz
vaxtlarımda mənə ən çox dediyi "səbirli ol" sözü olur. Bu sözü mənə
deyəndə elə bilirəm mənim nəslimi söyürlər (gülür). Deyirəm, mənə
necə deyə bilərsən səbirli ol? Onun bəzən həddən artıq səbirli
olması məni əsəbiləşdirir. Bir də sevmədiyim cəhəti son dərəcə
dürüst və təmiz olmasıdı.
Məndə bəyənmədiyi cəhət yoxdur
Zahirin məndə bəyənmədiyi cəhətləri bilmirəm. Vallah, bu
yaxınlarda ona bu barədə sual verdim, dedi ki, məndə bəyənmədiyi
cəhət yoxdur. Amma bilirəm ki, mənim həddindən artıq səmimi olmağım
onun bəyəndiyi cəhətdi. O mənim içimin təmizliyini xoşlayır. Amma
əvvəl bəyənmədiyi bir cəhətim vardı. Mən əvvəllər hansısa qəşəng
adam görəndə,- fərq etməz kişi, ya da qadın olsun,- baxıb deyirdim
ki, ay da, nə qəşəng oğlandı. Əvvəllər bu surətpərəstliyim Zahirə
çatmırdı. Sonra gördü ki, mən özümü saxlaya bilmirəm belə anlarda
və bunun altında başqa şeylər yatmır. Onu sevdiyimə arxayın idi.
Mən insanlarda yaxşı nəsə görəndə mütləq deməyi xoşlayıram. Fərq
etmir, nə olur olsun.
O hirslənəndə gülümsəyib səbrlə yola
verirəm
Zahir Əzəmət:
- Sevinc çox kaprizlidir, ərköyündür, çox dəyişkəndir xasiyyəti.
Ən pis tərəflərindən biri həddindən artıq tez coşmağıdır. Çox tez
əsəbiləşir, iki dəqiqəyə əsib-coşur, iki dəqiqəyə də soyuyur. Mənsə
elə deyiləm, mənə nəsə təsir eləyir, əsəbiləşirəmsə tez sakitləşə
bilmirəm, buna uzun müddət lazım gəlir. Sevincdə elə deyil, pis
tərəfi odur ki, çox tez əsəbiləşir, yaxşı tərəfi də odur ki, tez də
hirsi soyuyur. Çalışıram ki, o hirslənəndə buna reaksiya verməyim,
o da təkrar əsəbiləşir ki, niyə reaksiya vermirsən. Gülümsəyib,
səbirlə yola verirəm, çünki bilirəm ki, iki dəqiqə sonra heç nə
olmamış kimi davam edəcək.
"Dünyanın ən ideal kürəkəninə..."
Sevinc Çılğın:
- Qohumlarla münasibəti də idealdır. Əvvəllər deyirdi ki,
baxarsan, biz evlənsək, səndən çox istəyəcəklər məni. Bu sözdən çox
əsəbiləşirdim. Deyirdim ki, əvvəla biz evlənməyəcəyik. İkincisi elə
şey ola bilməz ki, məndən çox istəsinlər səni. Amma onun dediyi
kimi oldu. Mənim toyum anamın ad gününə təsadüf edirdi. Zahir ona
çox böyük gül əklili hazırlatdırıb göndərmişdi. Üstündə də yazmışdı
ki, "dünyanın ən gözəl qaynanasına..." Bu il Zahirin doğum günündə
isə mənim anam cavab olaraq ona tort hədiyyə eləyib, üstündə belə
yazdırmışdı: "Dünyanın ən ideal kürəkəninə..." Anam o gün mənə
deyir ki, Allaha and olsun, bəlkə səndən çox istəyirəm Zahiri. Biz
hələ belə kürəkən görməmişik (gülür). Anam Zahir üçün doğrudan da
həqiqi ana kimidi. Elə anam üçün də Zahir elədi. Bəzən anam deyir
Zahirin ayağına dəyən daş ürəyimin başına dəysin. Mən də zarafatca
deyirəm ki, anama, yaxşı, yığışdır özünü, deyəsən sənin uşağın
mənəm e... Bütün qohumlarımız da onun başına and içirlər. Hamısı
Zahirlə məsləhətləşir.
Bizdə qaynana-gəlin, gəlin-baldız problemi
yoxdur
Zahir Əzəmət:
- Hər iki tərəf qohumlarla münasibət yaxşıdı. Sevinc rayona
gedəndə artıq gəlin havasına girir, özünü gəlin kimi aparır.
Rayondakılarla münasibəti çox yaxşıdır. Bir şey deyim ki,
dərslərimi-filan yaxşı oxuyurdum deyə, hələ balaca (13-14 yaşımda)
olanda atamla belə bir razılaşmamız olmuşdu. Atam dedi ki, nə
desən, eləyəcəm. O məndən nəsə hədiyyə-filan istəyəcəyimi
gözləyirdi, mənsə heç vaxt mənim işimə qarşışmayacağına, ailədə də
kiminsə qarışmasına icazə verməyəcəyinə dair söz verməsini istədim.
Tərəddüd etsə də, razı oldu, ondan sonra mənə heç kim qarışmayıb,
bütün qərarlarımı özüm vermişəm. Bu baxımdan da Sevinclə evlənmə
qərarımı da tək vermişəm. Buna baxmayaraq, bütün qərarlarıma da
hörmətlə yanaşıblar. Bizim ailədə ənənəvi qaynana-gəlin,
qaynana-kürəkən, gəlin-baldız problemləri, şükür ki, yoxdur. Belə
şeylər insanın özündən asılıdır, çalışırıq ki, belə şeylər heç vaxt
olmasın.
Telefonumu indiyə qədər açıb-qurdalamayıb
Sevinc Çılğın:
- Məsələn, mənim e-mailim açıq olanda o gözünün ucu ilə də
baxmaz. O hələ mənim telefonumu indiyə qədər açıb qurdalamayıb.
Mənə deməyib ki, kim zəng vurdu, hara getdin. Amma onun e-maili
açıq olanda etiraf edirəm ki, baxmışam. Qəribəsi budur ki, mən
orada heç nə tapmamışam və bu da məni əsəbiləşdirib. Bəlkə nəsə
tapsam, hirsimi töküb sakitləşərəm. Amma belə olmur. Ona deyirəm
ki, bəlkə sənə məktub yazırlar sən silirsən?! Mənə deyir ki, sən
dəlisən... (gülür)
Qısqanclığa səbəb yaranacaqsa hər şey
bitəcək
Zahir Əzəmət:
- Məni hədsiz çox qısqanır, çox qısqancdı. Məsələn, iş vaxtı
7-də bitir. Hər gün 7-yə 5 dəqiqə qalmış zəng vurur ki, saat 7
olub, hardasan? Gülüb deyirəm ki, "budilnik"sən sən? Səndən saat
soruşan oldu? İşlər çox olur, adətən işdən sonra da qalıram.
Qısqanclığa səbəb vermirəm, özü də bilir, amma özündən asılı deyil
bu. Mənsə qəti qısqanc deyiləm, buna səbəb görmürəm. Həmişə deyirəm
ki, sevgi, inam və sayğı - bunlar bütöv vəhdət halındadır mənim
üçün. Qısqanclığa səbəb yaranacaqsa, hər şey bitəcək, bunu bilir.
Mən belə şeylərdə çox sərtəm. Tam azadlıq vermişəm, o özü
düşünməlidir gerisini, qısqanclığa səbəb verməməlidir. Mən
qısqanclıqla yaşamağı təsəvvür edə bilmirəm. Qısqanclıq şübhədir,
tərəddüddür. Tərəddüdlə sevginin bir arada olması mümkün deyil.
Qısqandığım anda sevgi bitəcək. Mənimçün başqa cür mümkün
deyil.
O gün doğrudan mən əzab çəkmişdim
Sevinc Çılğın:
- Ən pis günümüz... Yeni evlənmişdik, beş-altı ay keçmişdi
toyumuzdan. Mən hamiləliyin pis vaxtlarını keçirdirdim və anamgildə
qalırdım. Qış ayları idi. Zahir isə evdə qalırdı. Bir dəfə dəhşətli
soyuq oldu, qar yağmışdı. Yasamalda idi evimiz. Zahir evə gedib
görüb ki, qaz və işıq kəsilib, maddi cəhətdən də çətin günlər idi.
Bilirdim ki, indi Zahir soyuq evdə oturub, yemək də yoxdur ki,
yesin. Heç nə ilə də başını qata bilmir. Hündürdə qaldığımıza görə
qar yağdığından maşınlar da bizim qaldığımız evə gəlmirdi. Gecə
saat on bir idi. Anam o gün bozbaş bişirmişdi mənim üçün, məcburən
yeməliydim. Amma yemək qarşımda olsa da, yeyə bilmirdim, gözümün
yaşı sel kimi axırdı. Necə yeyə bilərdim ki, Zahir evdə ac-susuz
oturub. Dözə bilmirdim və yeməyi masada olduğu kimi qoyub qırağa
çəkildim, dedim ki, yeyə bilməyəcəm. Heç cür sakitləşə bilmədim və
dedim ki, onu bu dəqiqə mənim yanıma gətirin. Əmim oğlunun maşını
"cip" olduğundan dedi ki, yaxşı, gedib Zahiri gətirərəm. O getdi
Zahiri gətirməyə. Artıq Zahir gəlirdi. Onlar yolda ikən mən
başladım yeməyimi rahat yeməyə. Zahir nəhayət gəldi. Gördüm ki,
Zahir çox pis haldadı. O yeməyə başladı, mən isə ona baxıb başladım
ağlamağa. Amma bu dəfə sevincimdən ağlayırdım. Anam məni
sakitləşdirib dedi ki, yaxşı da, sakit ol daha, sənə ağlamaq olmaz.
O gün doğrudan mən əzab çəkmişdim və ən pis günümüz oldu.
Birdən ölsəm, məndən sonra evlənmə ha…
Ən sevimli günümüz isə uşaqlarımız doğulanda olub. Düzdü, bunun
əvvəli kədərli olurdu. Mən hər dəfə əməliyyat otağına girəndə çox
pis olurdum. O anda deyirdim ki, birdən ölsəm, məndən sonra evlənmə
ha. Yoxsa sənə haqqımı halal eləmərəm (gülür). Sonra isə hər şey
yaxşı olurdu.
Hər günü özəl yaşamaq vacibdir
Zahir Əzəmət:
- Tarixlərlə bağlı mənim problemim var, evlənən gündən də
demişəm, bax xüsusi günləri-filan unuda bilərəm, belə şeylərdə
ittiham eləmə, çünki doğrudan da mən tarixləri tez unuduram.
Baxmayaraq ki, riyaziyyat üzrə rezpublika səviyyəli olimpiadalarda
yer filan tutmuşam, amma tarixlərlə problemim həmişə olub. Birinci
il nişanımızın ildönümünü unutmuşdum, bir gün sonra gördüm
qaşqabaqlıdı, soruşdum "nolub?" Deyir, "dünən nə günü idi?" O
dəqiqə yadıma düşdü, qabaqdangəlmişlik edib dedim "mən səndən
gözləyirdim". Özəl günlər vacibdi, amma şablon səslənsə də, deyim
ki, hər günü özəl yaşamaq daha vacibdir. İnsan hər gün yenidən
doğulur. Hər günü ilk və son gün kimi yaşamaq lazımdır.
Bəşəri romanlarda olduğu kimi idael adamdı
Sevinc Çılğın:
- Qəribədir ki, o bütün dostları, ailəsi, hamı üçün birsifətli
adamdı. Yəni onun haqqında hamı eyni şeyləri deyər. Çox mehriban,
zəhmətkeş, düz adamdı. Son dərəcə dürüst və həddindən artıq
ədalətlidi. Hətta onun ədalət prinsipinin qarşısında mən belə
dayansam, məni aşar, amma ədaləti aşmaz. Hərdən bu məni təbii ki,
əsəbiləşdirir. İstəyirəm onun üçün birinci növbədə mən olum. Bir
sözlə, bəşəri romanlarda olduğu kimi idael adamdı.
Deyirlər ki, həyatda ideal adam yoxdu. Amma mən onun haqqında
deyirəm ki, vallah o mənim üçün ideal adamdı. Sevdiyim olduğuna
görə demirəm. Son dərəcə səbrli, hövsələli, maraqlı, ağıllı,
savadlı, mədənidi. Nə qədər müsbət sözlər varsa, ona aid etmək olar
hamısını. O, doğrudan elə adamdı, maskalanmış deyil. Onun
"tərəzisinin" gözündə hamı eynidi, hətta mən belə.
Zahiri bir cümlə ilə, daha doğrusu, sadəcə, iki kəlmə ilə ifadə
etmək istəyirəm: Sevincin Zairi...